Anar: "XII qurultayımız" - MƏQALƏ

Anar: "XII qurultayımız"  - MƏQALƏ
13 iyun 2014
# 13:40

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “XII qurultayımız” adlı məqalə yazıb. Kulis.Az həmin məqaləni təqdim edir.

2014-cü il iyunun 17-də Azərbaycan Yazıçılarının XII Qurultayı başlanır. Son Qurultayımızdan on il ötüb. Nizamnaməmizə görə qurultaylarımız hər beş ildən bir keçirilməlidir. Amma təəssüf ki, obyektiv səbəblərdən Nizamnamənin bu bəndinə bəzən riayət edilməyib. Üçüncü Qurultayla Dördüncü Qurultaylar arasından yeddi il, Doqquzuncu Qurultayla Onuncu Qurultay arasından altı il keçib. 1934-cü ildə çağırılmış Birinci Qurultayımızla 1954-cü ildəki İkinci Qurultayımız arasında isə tam iyirmi il ara var.

On ikinci Qurultayımızın beş il yubanmasının da obyektiv səbəbləri var. Bu arada Birliyimizin binası uzun müddət ərzində əsaslı təmirə dayandı.

2009-cu ildə təşkilatımızın 75 illiyi çoxlu xarici qonaqların iştirakıyla qeyd edildi. Həmin günlərdə Bakıda "Sərhədsiz söz" Beynəlxalq Yazıçılar Təşkilatının da toplantısını keçirdik və bu təşkilata sədarət növbəylə Azərbaycana həvalə olundu. Bu illər ərzində Birliyimizin fəal iştirakıyla bir sıra Beynəlxalq səviyyəli tədbirlər, o cümlədən geniş miqyaslı ədəbi tədbirlər keçirildi, klassiklərimizin yubileyləri təntənəli şəkildə qeyd olundu. Birliyimizin təmsilçiləri müxtəlif ölkələrdə ədəbi-ictimai toplantılarda, kitab sərgilərində iştirak etdilər. Bu il Türkdilli ölkələrin yeni yaranmış Yazarlar Birliyinin sədri də Azərbaycandan seçildi.

Məlum olduğu kimi, Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də yaranıb. Yubiley tədbirlərimizdə xeyli sayda qonaqların iştirakını nəzərə alaraq XII qurultayımızı da həmin tarixə - yəni təşkilatımızın 80 illiyinə - uyğunlaşdırdıq və iyunun 18-də bu yubiley də təntənəli şəkildə qeyd ediləcək. Bu tədbirlərin yüksək səviyyədə, müstəqil ölkəmizin adına layiq şəkildə keçirilməsi üçün hörmətli Prezidentimiz İlham Əliyevə hərtərəfli dəstəyinə görə dərin minnətdarlığımızı bildiririk.

Bir çox cəhətləriylə əvvəlki Qurultaylardan fərqlənən bu Qurultaya təbii ki, daha uzun müddətdə hazırlaşmalı olduq. Əvvəlki qurultaylarda təşkilatımızın bütün üzvləri iştirak edirdisə, üzvlərimizin xeyli artmasıyla bağlı bu Qurultaya nümayəndələr seçməli olduq.

XI Qurultayımızda qəbul olunmuş Nizamnaməmizə uyğun olaraq nümayəndələrin sırasına Birliyin rəhbərliyi, Ağsaqqallar Şurasının, İdarə Heyətinin, Gənclər Şurasının, Təftiş Komissiyasının üzvləriylə bir sırada bölmələrimizdən və janrlar üzrə seksiyalarımızdan - on nəfərdən biri nümayəndə seçildi. Qurultay nümayəndələrinin ümumi sayı 439 nəfərdir. Bu isə Birlik üzvlərimizin təxminən üçdə birini təşkil edir. Tam demokratik şəraitdə keçirilmiş bu seçkilərə hazırlıq işləri də müəyyən vaxt apardı.

XI və XII qurultaylar arasında keçən bu illərin bir böyük əhəmiyyəti də var. Bu on il ərzində ədəbiyyatımıza yeni yazıçılar nəsli gəldi və bir qədər əvvəl gələn gənclər nəslinin təmsilçiləri püxtələşdi. Birliyin strukturlarında və mətbuat orqanlarında aparıcı vəzifələr gənclərə tapşırıldı.

Əvvəlki qurultaylardan fərqli olaraq, məruzələrin vaxt aparmaması, Qurultay nümayəndələrinin və xeyli sayda xarici qonaqların çıxışlarına daha artıq müddət verilməsi üçün son bir il ərzində müxtəlif janrlar üzrə məruzələr sifariş edildi, bu məruzələr Natəvan klubunda səsləndi və toplanaraq Qurultay nümayəndələrinə müzakirə üçün kitab şəklində təqdim olunur. Göründüyü kimi, məruzəçilərin hamısı gənclərdir - bu son on ildə ədəbiyyatda imzasını təsdiq etmiş və ad qazanmış istedadlı gənclər...

Bu iki cəhətdən vacib idi. Gənclərə məsuliyyətli bir iş - keçən dövrün ədəbi məhsulu haqqında məruzə tapşırmaqla onları bu cəhətdən də yetişdirməyə çalışdıq. Həm də cari ədəbi prosesə məhz yeni nəslin gözləriylə baxmaq, bu prosesi onların nəzəriylə qiymətləndirmək xüsusi önəm daşıyırdı. Məlum həqiqətdir ki, ədəbiyyatımızın gələcəyi gəncliklə bağlıdır, amma bu gəncliyi qayğı və tələbkarlıqla yetişdirmək, qarşıdakı daha məsul işlərə hazırlamaq da bizim - yaşlı nəslin borcu və vəzifəsidir. "Halva-halva deməklə ağız şirin olmur", gənclərə "can-can" deyən, "quru-quru qurban olanlar" az deyil, ara-sıra onları yaşlı nəslə qarşı qoymağa, ya qaldırmağa cəhdlər də edilir. Amma bu heç kəsin xeyrinə deyil - nə gənclərin, nə yaşlıların. Gəncliyin yaradıcı enerjisi, yazıb yaratmaq həvəsi ədəbiyyatımıza nə qədər lazımdırsa, yaşlıların da halal nüfuzu, illərlə qazanılmış təcrübəsi o qədər lazımdır. Yalnız bütün nəsillərin bir-birinə qarşılıqlı hörməti, səmimi, etibarlı münasibəti sağlam ədəbi mühit təmin edə bilər.

İnanıram ki, növbəti qurultayımız da məhz belə bir işgüzarlıq şəraitində, qarayaxalıqdan, ədəbiyyata dəxli olmayan dedi-qodulardan uzaq şəraitdə, bütün nəsillərə mənsub olan yazıçılarımızın birgə əməkdaşlığı, qarşılıqlı hörməti şəraitində keçəcək. Qonaqlarımız bir daha Birliyimizin bütövlüyünə və bölünməzliyinə şahid olacaq. Azərbaycan Yazıçılar Birliyi həmişəki kimi milli maraqlarımıza, müstəqil dövlətimizin mənafeyinə xidmət edəcək, xalqımızın mənəvi dəyərlərinin keşiyində duracaq, ədəbiyyatımızın keçmişinə və gələcəyinə daima sadiq qalacaq. Qurultayda işimizin yeniləşməsi və daha da səmərəli aparılması istiqamətində irəli sürülən konkret təkliflər, alınan qərarlar Birliyin bundan sonrakı fəaliyyəti üçün zəmin yaradacaq.

Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaqçün qərarımı Qurultay ərəfəsində verəcəm - deyirdim. İndi Qurultay ərəfəsində bildirirəm ki, Qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram.

# 1512 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #