“Qatil” yeni quruluşda...

“Qatil” yeni quruluşda...
15 aprel 2014
# 10:45

Azərbaycan Milli Dram Teatrının bu ilki repertuarına Elçinin “Qatil” pyesi də daxildir. Əsər Milli Teatrın repertuarına rejissor Mehriban Ələkbərzadənin quruluşunda daxil olub. Onu da qeyd edək ki, bu rejissorun “Qatil” pyesinə növbəti müraciəti idi. Mehriban Ələkbərzadə illər öncə verdiyi quruluşa yenidən nəzər salmış, bu dəfə əsəri daha fərqli formatda səhnəyə gətirmişdir. Ancaq çox təəssüf ki, çəkilən zəhmətə baxmayaraq bu iki quruluş arasındakı fərqi əsərin səhnə həyatında irəliyə atılmış bir addım kimi qiymətləndirmək olmur.

Elçin qələmində çox böyük bir ustalıqla tənhalığın faciəsini motivləşdirən “Qatil” pyesi öz növbəti quruluşunda bunu səhnədə canlandıra bilmədi. Bu pyes 41 illik həyat yolunda öz saədətini tapa bilməyən bir qadının kədəri, aldadılmış hislərinin iztirabları və intiqamı, gücünə, potensialına rəğmən uğursuzluğa düçar olan, bunun acısını dünyanın ən bədbəxt qadınından çıxan kişinin yalanları və bəraətləri ilə oxucunu maraqlandırır, onun düşüncəsinə hakim kəsilir. Mehriban Ələkbərzadənin quruluşunda “Qatil” tamaşasında isə əsərin bu əsas nüansları yer almayib. Bu əsər hər şeydən əvvəl xarakterlər dramıdır ki, oxucu hadisələrdən daha çox, xarakterləri izləyir. “Qatil” tamaşasına isə əsərdən hadisələr daxil olsa da, xarakterlər daxil ola bilməyib. Ona görə də tamaşaçı səhnədə baş verənlərin psixoloji əsaslarını görə, duya bilmir. O, səhnədə nələrinsə baş verdiyini görür, niyə baş verdiyini isə sonadək anlaya bilmir.

Dramaturq pyesdə hadisələrin çox kədərli, eyni zamanda da ciddi, təmkinli, dalğın və sadədil bir müəllimənin başına gəlməsini vurğulamışdır. Tamaşanın quruluşunda isə qadının xarakterinin bu cəhətləri xüsusi bir detal kimi səhnədə yer almır və aktrisanın ifasında canlandırılmır. Dramaturq qadının sükut dolu bir həyatını vermək üçün onun həyatının yeganə sevinci və əyləncəsi olan şagird dəftərləri ilə söhbəti kimi bir bədii müqəddimə ilə sonrakı hadisələrə giriş almış, rejissorun quruluşunda isə bu müqəddimə telefon zəngi kimi uğursuz bir girişlə əvəzlənib.

Qəlbindəki sükutu susdurmaq üçün şagird dəftərləri ilə danışmaq məcburiyyətində qalan bir müəllimənin həyatındakı səssizlik tamaşada elə bu telefon zəngi və aktrisanın ifasındakı həvəsli və az qala coşqun bir tərzlə görünməz və bilinməz olur. Düzdür, rejissor sonradan müəllimənin şagird dəftərləri ilə söhbətinə müraciət etmiş, ancaq bu səhnə gecikmiş bir müqəddimə kimi təəssüratı yeniləyə, qadın həyatındakı qulaqbatırıcı sükutu və tənhalığı canlandıra bilmir.

Pyesdə bütün hadisələr öz tənha həyatından yorulmuş, dörd divarın qulaqbatırıcı sükutuna məhkum olmuş qırx bir yaşlı qadının taleyi fonunda işıqlandırılır. 41 yaşlı deyil, daha gənc bir qadının ədaları ilə səhnəyə çıxan aktrisanın ifasında isə o, elə ilk səhnədəcə dinamik, qayğısız, əhvali-ruhiyyəli bir təsir bağışlayır. Hətta aktrisanın-Münəvvər Əliyevanın səsinin tonu belə bu səhnələrdə qadının xarakterinin əksinə işləyir. Yalnız səhnənin çox düzgün seçilmiş ağ-qara rəngi onun həyatının cansıxıcılığından və yeknəsəqliyindən xəbər verir. Nədənsə rejissor nəzərə almamışdır ki, qəfil və şübhəli bir gəlişə fikirləşmədən öz ağuşunu açan qadın öz tənhalığını bitirmək, öz kədərini aşmaq arzusundadır. Kişinin qəfil gəlişinə qədər tamaşaçı nə bu tənhalığı duya, nə də bu kədəri görə bilir. Düzdür, tamaşaçının bunlardan xəbərsiz qaldığını da demək olmaz. Ancaq bu xəbərdarlıq canlı səhnə lövhələri ilə deyil, sözlə, informativ şəkildə ötürüldüyündən təəssürata çevrilmir.

Tamaşaçıda isə təəssürat o zaman yaranır ki, o, eşitdiklərini də görsün. Ancaq bu tamaşada onun gördükləri ilə eşitdikləri nəinki bir-birini tamamlamır, hətta bəzən əksini deyir. Qadının dilindən eşitdikləri tamaşaçıya onun dalğın, ciddi biri olduğunu, gördükləri isə daha həyatsevər, çılğın biri olduğunu deyir, eyni zamanda kişinin dilindən eşitdiyi fəlsəfi mühakimələr, Dostoyevskidən sitatlar, gətirdiyi məntiqi dəlillər onun çevik bir düşüncə və zəka sahibi kimi təqdim edirsə, səhnədən gördükləri isə tamaşaçını onun avara, kobud, axmaq biri olduğuna inandırır.

Qadının həyatının kədəri səhnədə öz ifadəsini tapa bilmədiyindən, onun həyatının sonrakı sevinci də aktrisanın bütün cəhdlərinə baxmayaraq öz effektini verə bilmir. Qəfil gəlişi ilə onun həyatını təravətləndirən məhəbbətin gətirdiyi sevinc yalnız kədərin fonunda görünə, duyula bilərdi ki, rejissor ilk səhnələrdə bu kədəri ifadə etmək effektini əldən verdiyindən sevinc də boyasızlaşır. Kişinin gəlişinə qədərki qadınla sonrakı qadın arasındakı fərq, demək olar ki, nəzərə çarpmır. Halbuki bu əsərdə çox vacib nüans idi. Bu fərq yalnız qadının geyimlərində görünür, dediklərində eşidilir.

Ümumiyyətlə, əsərdəki qadın və kişi xarakterlərinin aktyorlar tərəfindən mənimsənildiyini demək olmur. Aktrisanın ifasında ulduzu sönmüş, ümidləri qırılmış bir qadının kədəri və qəfil parlayan ulduzun, gözlənilmədən dirçələn ümidlərin sevinci canlanmadığı kimi, aktyorun ifasında da kişi kimi ziddiyyətli bir xarakterin təbəddülatları, yaşantıları çatdırıla bilmir. Elçin qələmində öz çəkisi, xüsusi psixoloji yükü olan bu obraz səhnədə adi avaradan, kobud bir dələduzdan başqa biri deyil. Onun dilindən eşitdiyi intellektual söhbətlər, mənalı sözlər belə tamaşaçı yaddaşında bu təsəvvürü dəyişdirə bilmir. Əksinə bu danışıqlar öz ölçüsünə uyğun paltar geyməyən biri kimi obraza yapışmır, ümumi ahəngdən kənar bir not kimi səslənir.

Rejissor kişinin ilk gəlişində onu bütün ciddi-cəhdlə müəllim qarşısında dayanan bir şagird kimi verməyə səy etmişdir. Pyesdəki uzun illərin məhəbbət qəhrəmanının cəsarətsizliyini səhnədə tapşırığı yerinə yetirməyən, qorxaq, utancaq bir şagird ədası əvəzləyir. Ümumiyyətlə, tamaşanın ən zəif məqamı personajların danışıq tərzi idi. Nə aktrisanın-Münəvvər Əliyevanın danışığında qadının həyatının tragikliyi, nə aktyorun-Hikmət Rəhimovun danışığında kişinin taleyinin uğursuzluğu biçilə, yaradıla bilmir. Halbuki qadının özü qədər də kişi tragik, düşündürücü obrazdır.

Amma tamaşada o, daha çox komik elementlərlə boyanır. Kişi rolunun ifasında xüsusi seçilmiş danışıq tərzi göz qabağında idi. Qorxaq bir uşağı və yaxud dərsini yaxşı bilməyən bir şagirdi xatırladan bu tərzdə bir qadın dünyasına yaxşı bələd olan, onu bütün dərinlikləri və incəlikləri ilə duya bilən, buna görə də bu qəlbi əsir etməkdə heç bir çətinlik çəkməyən, bacarıqlı psixoloji manevrlər etməyi bacara bilən biri görünmür. Və kişinin xarakterinin bu tərəfləri görünmədiyi üçün də tamaşaçı 41 illik həyatına heç kimi yaxın buraxmayan, ciddi və tələbkar bir müəllimənin birdən-birə səfil və kobud birisinə niyə təslim olmasını başa düşə bilmir.

Ümumiyyətlə, bu tamaşanın effektini azaldan səbəblərdən biri də tamaşaçı diqqətinin danışığa deyil, görüntüyə diqqət kəsilməsi olur. Qadının dilindən səslənən çox tutumlu və mənalı sözlər bəzən kişinin çox yöndəmsiz hərəkətlərilə müşayiət olunduğundan tamaşaçı diqqətindən kənarda qalır. Kişi bu sözləri dinləmək və dərk etməkdən uzaq bir yaramaz kimi canlandırıldığından bu söhbətlər baş tutmayan dialoqlar kimi heç bir effekt vermir. Tamaşada hadisələrin dramatizmi, müəyyən mənəvi-psixoloji aşırımlar daha çox çığırtılarla ifadə olunur. Hisləri yaşamaq yox, bəyan etmək kimi bir asan yol seçmiş aktyorların çığır-bağırtısı, tez-tez əşyaların çırpılıb-dağıdılması, kağızların cırılıb atılması, zibil qalağına çevrilmiş səhnə, qadının kişi tərəfindən döyülüb təhqir olunması səhnəni döyüş meydanına, iki bədbəxt, uğursuz insanın dramını isə iki döyüşən insanın yarışına çevirmişdi.

Ümumiyyətlə, rejissorun quruluşunda situasiyanın tragikliyi zəifləmiş, əsərin bədii siqləti təhrif olunmuşdur. Tamaşa isə daha çox ideya-məzmunun çatdırılmasında heç bir effektiv rol oynamayan, bəlkə də onu zəiflədən çılpaq səhnələri ilə tamaşaçı yaddaşına köçür.

# 3523 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #