Ateistlərin ziyarət etdiyi din adamı

Ateistlərin ziyarət etdiyi din adamı
27 noyabr 2013
# 12:14

Saysız insanların tapındığı bir övliya övladı-bir şair haqqındadır bu yazı… Əslində onu anlatmağa uğursuz cəhddi bəlkə.

Elə insanlar var ki, harada, nə zaman, doğulduğunu, hətta nə işlər gördüyünü deməklə onu anlatmağa çalışmaq onun haqqında heç nə deməmək kimi bir şeydir. Bu yazının qəhrəmanını mənsub olduğu nəsildən, babalarının tarixi xidmətlərindən ayrı təqdim etmək qeyri-mümkündür.

Atası Mir Məhəmməd Ağa, babası Mir Sədi ağa həzrətləri, atasının əmisi Mir Paşa ağa həzrətləri, ulu babası, təsəvvüf ədəbiyyatının ən böyük nümayəndələrindən olan Seyid Mir Həmzə Nigari həzrətləri haqqında bəhs etmədən onu anlatmaq imkansızdır-inancındayam…

Onun mənim gözümdə canlanan portretinə həmişə bu böyük portretlərin də müqəddəs kölgəsi düşür və mən onu heç zaman tək təsəvvür edə bilməmişəm. Onu heç zaman tək təsəvvür edə bilmədiyim üçün oxucuya da tək təqdim edə bilmədim bu yazıda...

Təkcə daşıdığı ad-“Mirsədizadə Mirsədi Mirməhəmməd oğlu” kəlməsi o qədər çox söz deyir ki…Bu addan böyük epitet, daha böyük təqdimat yoxdu-bunu da bilirəm.

Doğulduğum, boya-başa çatdığım Qarabağda gözümü açandan onun mənsub olduğu övliya ailəsinin şöhrətini, atası Mir Məhəmməd Ağanın, babası Mir Sədi ağanın kəramətlərini saysız insanlardan eşitmişəm. Sovet dövründə nənəmin xüsusi qayğı ilə qoruduğu “Quran”ının arasında Mir Sədi Ağanın Mir Məhəmməd ağa ilə qoşa şəkli də vardı… O Allahsız ortamda tanıdığım ailələrin, eləcə də qohumlarımın içində yeganə həqiqi dindar olan, gündə beş dəfə namaz qılan, oruc tutan, geyimi, zahiri görünüşü –sinəsini döyən səliqəli saqqalı, Buxara papağı ilə də başqalarından fərqlənən, daim “Quran” oxuyan, hədislər söyləyən, dini gözəl bilən anamın dayısı o qoşa şəkli gözəl bir xalça üzərində toxutdurub divardan asmışdı.. Uşaqlıq, gənclik xatirələrim onlarsız təsəvvür olunmazdı. Qarabağın saysız ailələri kimi onlar mənim mənsub olduğum nəslin, şəcərənin də mənəvi cəhətdən tabe olduğu, son ümid yeri, son güman yeri olmuşdular... Onlar adi insanların malik olmadığı ilahi gücə, ilahi eşqə, mistik bir enerjiyə malik idilər və öz saysız kəramətləri ilə həyatın ən çətin anlarında insanların dayağına çevrilmişdilər...

Xüsusən, Mir Sədi ağanın Mir Məhəmməd Ağa ilə birgə şəklini evlərdə, maşınlarda o qədər görmüşəm ki onlarsız ən azı Qarabağ, onun tarixinin, keçmişinin böyük bir dövrü təsəvvür olunmazdır-deyə bilərəm. Tanrının sevib-seçdiyi bu müqəddəslər insanların ümidsiz anlarının ümidi, qaranlıqların günəşi, İlahinin insanlar arasında vasitəçisi idilər mənə görə... Onlarsız Qarabağ insanı o qədər köməksiz, o qədər yazıq, o qədər ümidsiz görünərdi ki...

Bu gün Qarabağ dərdi bir də ona görə böyükdü ki, Qarabağ yarası ona görə sağalmazdı ki, o müqəddəslərimizin məzarlarına qovuşa bilmirik-yağı tapdağında qalan adi torpaq deyil-insanların ümidləri, duyğuları, tapınacaq yerləridir.

Mənə görə Mir Sədi ağanın, Mir Paşa ağanın, Mir Məhəmməd ağanın məzarları sevənlərinin könlüdür-sevənləri yaşadıqca, saysız insanlar onlara tapındıqca ölüm yoxdu o övliyalarımıza… Saysız insanların könüllərində qurduqları taxta, sevənlərinin ürəyinin ən saf guşəsində bərqərar olan yerlərinə kimsənin əli çatmaz.

Allahsız Sovet hökuməti, saysız təqiblər, “dinlə mübarizə” kompaniyaları, “Allahsızlar” təşkilatları belə insanların bu böyük övliya nəslinə olan sonsuz sevgisini, ehtiramını zərrə qədər azalda bilməmişdi. Bu övliya ocağı saysız insanların ümid yeri, and yeri, ən çətin anda nicat gözlədiyi bir ünvan idi.

Onlar Ulu tanrının sevib-seçdiyi bir nəslin, söy-kökü həzrəti peyğəmbərə dayanan, el arasında “ağır seyid” nəsli kimi səciyyələndirilən bir nəslin davamçıları, nümayəndələri idilər…Bu nəsil yaxın əsrlərdə türk islam tarixinə Seyid Mir Həmzə Nigari həzrətləri kimi nəhəng təsəvvüf şairini-sufi mütəfəkkirini bəxş edib. O Seyid Mir Həmzə Nigari ki, 70 illik sovet dönəmində ya onun haqqında heç nə bilməmişik, ya da ondan daim o zaman dəbdə olan “mürtəce” yarlığı ilə bəhs olunub.

Ey felek ben tek giriftâr-ı belâ gördünmü heç?
Derdkeşü möhnetzede bir mübtelâ gördünmü heç?

Varmı gəmhâneyi âlemde âyâ ben gibi
Mübtelâyi gayr ez Hüseyn-i Kerbelâ gördünmü heç?

O Seyid Mir Həmzə Nigari ki Qarabağın müdafiəsi uğrunda ruslara qarşı əldə silah döyüşmüş, Qarabağı itirəcəyimizi sövq-təbii hiss edərək yazmışdı:


Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər, odlar tökər Miri-Nigari məgər,
Yad alıbdır yenə Qarabağ torpağını.

Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Əvvəl başdan Qaraqaşdır bostanım,
İndi gülüstanım Qarapirimdir.

Bir qönçə gülünün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl ceyranın giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı....

Seyid Nigaridən sonra Mir Sədi ağa bir təsəvvüf böyüyü, nəqşbəndi təriqətinin təmsilçilərindən biri kimi sovet dövründə olmazın əzablara məruz qalır.

Cismi əfkarında fikrin gər dolanmaz can ilə,

Çıxsa can çıxsın tənimdən, mehrin ey can çıxmasın!

Az qala 20 ilə yaxın heç bir günahı olmadan həbsdə qalır…“Məni məhbus edəni görüm aləmdə xar olsun!“ -deyən Mir Sədi ağa Həzrətləri…

Həkəri sərin deyil,

Suyu çox dərin deyil,

Darıxma ay Mir Sədi,

Buralar yerin deyil!

Amma sovet hökumətinin dözülməz işgəncələri, hədə-qorxusu bu böyük övliyanın nə daxili düşüncəsində, nə də zahiri görünüşündə bir zərrə də dəyişiklik edə bilmədi.. Çekist rejimi Ağanı ziyarət etməyi yasaqladığı zamanda belə ona pənah gətirən insanlar gecə yarısı onun ziyarətinə gəlirdilər...

Lap uşaqlıq çağlarımda uzaq-uzaq yollardan o müqəddəs ocağın ziyarətinə gedən saysız-hesabsız insanlar görmüşəm, onların kəramətləri, qeyri-adi mənəvi gücü haqqında əfsanəyə, rəvayətə bənzəyən, amma gerçək olan söhbətlər eşitmişəm...

Özəlliklə həkim psixoloq Mir Məhəmməd ağanın böyük xeyriyyəçilik xidmətlərini-Sarı Aşığın sevgilisi Yaxşının qəbrini təmir etdirməsi, Bərgüşad çayı üzərindən insanların gediş-gəlişini asanlaşdırmaq üçün şəxsi vəsaiti ilə körpü saldırmasını Qarabağda duymayan, eşitməyən bilməyən yoxdu…

Mir Məhəmməd ağa da ulu babaları kimi gözəl şerlər müəllifidir:

Həyatım romandı, taleyim dastan,
Hər əlinə alan varaqlar məni.
Eşqimə güləndə yaxın dostlarım,
Söz yox ki, qınayar qıraqlar məni.

Acıyar halıma hər dağ, hər qaya,
Bir bax, həyatımdır o gedən zaya,
Sığışa bilməyir bu gen dünyaya,
Sıxır qəbir kimi otaqlar məni.

Bu böyük övliyamızın da bədii irsi ətraflı araşdırılmaya möhtacdır.

Həzrəti Peyğəmbər söyləyirdi: "Allah qatında ən məqbul sədəqələrdən biri də haqqı deməkdir. Çünki onunla aləmin nizami mühafizə olunur".

Mir Sədi Ağa Həzrətlərinin: “Haqqı söyləmək üçün mən doğma övladımın deyil, yadın tərəfini tutaram! “ sözləri bu böyük övliyanın məqamını, məramını, mövqeyini anlamağa gözəl yol göstərir.


“Qocaya, xəstəyə və dərdi olana tez-tez baş çəkmək, işinə yaramaq nəciblik əlamətidir, övladına elə tərbiyə ver ki, sağ ikən özün, vəfat edəndən sonra isə ruhun şad olsun. Çünki düzgün tərbiyə almamış övlad üçün hər iki dünyada əziyyət çəkəcəksən!

“Nə qədər işin çətin olsa da, kasıblığa düşsən də ləyaqətini itirib nalayiq adamlara əyilmə, ağız açma. Çünki bir dəfə əyilməyə öyrəşən bir daha dikələ bilməz!”

“Bir kəsə kömək edirsənsə, onun kiçilməyinə yol vermə. Çünki o, ürəyində sənə nifrət edəcək və etdiyin yaxşılığın dəyəri qalmayacaq!“ -kimi kəlamlar da bu böyük övliyamizin humanizminin kiçik bir örnəyidir.

Mir Sədi Mirlər məhz belə ali dəyərlər sistemini mənimsəmiş, belə qutsal ənənələr ortamında dünyaya göz açmış, şəxsiyyət kimi formalaşmışdır.

O şairlik istedadını da övliya babalarından irs almışdı…

Mir Sədi Ağa həzrətlərinin zəngin ədəbi irsi təsəvvüf ədəbiyyatının son dərəcə maraqlı örnəkləri kimi maraq çəkməkdədir. Klassik Şərq ədəbiyyatını, xüsusən təsəvvüfü dərindən öyrənən bu nəqşbəndi şeyxinin bədii yaradıcılığı demək olar ki araşdırılmamışdır.


Mir Sədi Ağanın həm xalq şeri üslubunda həm də klassik üslubda yazdığı şerləri bu gün təsəvvüf ədəbiyyatımızın dəyərli nümunələri kimi ətraflı tədqiqini gözləyir…

Kitablarının üzərində Mir Sədi Mirlər yazısı da çox şey deyir oxucuya-“Mirlər” onun və babalarının doğulduğu, yaşadığı kəndin adıdır-bəlkə onun seyid babalarının şərəfinə belə adlandırılıb-Mirilər-yəni seyidlər..

Mirilərdi obamız,
yaşıl olub əbamiz,
hamıya kömək olub,
yeddi cəddi-babamiz.

Mir Sədi Ağa həzrətləri yazmışdı bu misraları, böyük bir həqiqəti dilə gətirmişdi bu misralarda…

Bu yazının qəhrəmanının da taleyinə Qarabağ dərdi, yurd həsrəti yazılıb-“Mənim bu şəhərdə nə işim vardı?” deyən, yurd həsrətini, torpaq yanğısını bir an unutmayan şairindi bu içdən gələn bayatılar:

Mən aşiq qara baxtım,

Dağlarda qara baxtım,

Qürbət eldə yurd saldım

Açılmaz qara baxtım.

Əzizim qara bağrım,

Yandı odlara bağrım,

Eldən ayrı düşmüşəm

Düşüb azara bağrım.

Sinəsi bağlı dağlar

Yolların mardı dağlar

Sənə həsrət yollarım

Dərdilə bağlı dağlar.

Əzizim dağ üstünə

Dağ vurdun dağ üstünə

Qoymayın vətən dərdin

Yığıla dağ üstünə…

Əzizim vardı dağlar

Namusdu ardı dağlar

Bizə dönük çıxandan

Yağıya yardı dağlar.

Bir tanış nəql edirdi ki, əslən Qarabağdan olan, Bakıda qaçqın taleyi yaşayan bir nəfər çox içirdi son vaxtlar. Ailəsi Mir Sədi Əfəndinin yanına aparıb xahiş edir ki, ona desin daha içmə. Mir Sədi Əfəndi düşünüb susur sonra deyir: o içir, pis iş görür, günah iş görür, amma o torpaq dərdindən içir, onun içi dərddən düyün-düyündü, mən ona nə deyim??

…Bir gün sükan arxasında idi, telefonu susmurdu həmişəki kimi. Kimsə anasının xəstə olduğunu, onun duasına möhtac olduğunu deyirdi, israrla anasına dua etməyi, anasının nicatının onun əlində olduğunu söyləyirdi... Çox nəzakətlə o adama anasının mütləq həkimə getməli olduğunu söylədi, bir neçə dəfə sonsuz səbirlə, o adamı qırmadan inandırmağa çalışdı onu... “Mən görürəm onun xəstəliyi həkimlikdi“ –deyib anasının xəstəliyini belə söylədi, mütləq həkimə müraciət etməsinin vacibliyinə inandırdı onu...

Mən heyrət edirdim, insanlara nəyin daha yaxşı, nəyin daha faydalı, daha düzgün olduğunu onların özlərindən belə gözəl bildiyi üçünmü insanlar ona bu qədər inanır, güvənir, bu qədər sevir insanlar onu? Bu gənc yaşda “Mir Sədi Əfəndi”, “Mir Sədi Baba” məqamına yüksəlmək, insanların bu qədər güvənini qazanmaq kimsəyə adi gəlməsin…Övliya babalarının nüfuzunu, sevgisini, adlarının ağırlığını qaldırmaq böyük Tanrının ona verdiyi ilahi güc, gözəl xasiyyət, insanlara sonsuz sevgi sayəsindədi şübhəsiz...

Varlığımdan

gəldi keçdi

Nəzərgahi ilahi

Vücudumdan dəldi keçdi

Nəzərgahi ilahi!

O müxtəlif təbəqədən olan, çeşidli dərdi, qayğıları olan insanları anlayacaq dərəcədə müdrikdi, insanların faciələrini, başlarına gələnləri sövq-təbii ilə dərk edəcək qədər kamildi… İnsanların pulunun, vəzifəsinin, cəmiyyətdəki yerinin onun üçün heç bir fərqi yoxdu-onun üçün önəmli olan insandı, bəlkə buna görə hər təbəqədən olan insanlar arasında sonsuz sevgi qazanıb, insanların ona sayğısı, sevgisi sonsuzdu.

Mənəvi cəhətdən ona, babalarına bağlanan insanlar arasında nüfuzu, sözünün gücü kimsəylə müqayisə olunmaz dərəcədə güclüdür.

Onun bir sözünün qan davası üzündən qətlinə fərman verilmiş bir gənci xilas etdiyini dostlarımdan eşitmişəm. Anlaşılmazlıq üzündən verilən neçə ölüm fərmanlarının qarşısını alması, bir sözü ilə qan yatırması, insanların həyatını xilas etməsi haqqında çox eşitmişəm-xüsusən qarabağlılar dövlət qanunlarından çox tayfa-ənənə qanunları ilə yaşadıqları üçün onun bir sözünün edə biləcəyini heç bir dövlət məqamı edə bilməz-bu təbiidir əslində..

İntihar etmək istəyən insanlar görmüşəm, onunla bir saatlıq söhbətdən sonra həyata bağlanıblar, Böyük Tanrı onu ona görə insanlara bəxş edib ki, insanlar dünyada gözəlliyin, xeyirxahlığın hər zaman, hər şeydən yüksəkdə olduğuna bir də inansın. Onun missiyası dünyanın, həyatın çox gözəl olduğuna, hər zaman yaşanmalı olduğuna insanları bir daha inandırmaqdı. “Yandıraq qəlblərdə sevgi közləri“-deyən Mir Sədi Baba bir şair, övliya övladı olaraq dünyanın işıq qütbünün daşıyıcısıdır və buna görə hər zaman insanların içindəki işığın artmasına, insanların daha saf, daha kamil olmalarına xidmət edir. Ulu babalarından görüb-götürdükləri, qanla-sümüklə təhvil aldıqları onun portretinin əsas cizgilərini müəyyənləşdirir.

Sevimli Peygəmbərimiz(s):" Allah yanında ən sevimli insan Onun bəndələrinə daha faydalı olan kəsdir..."-deməkdədir.

Aydınlıq üçün qeyd edim ki, bu yazının qəhrəmanını bir övliya övladı olaraq “Mir Sədi Baba”, “Mir Sədi Əfəndi” kimi tanıyanların bəziləri onun “Mir Sədi Mirlər” imzası ilə şerlər yazdığını da bəlkə bilmirlər. Müqəddəsliyi kimi şairliyi də genetik mirasdı ona….

Qanını, ruhunu daşıdığı övliya babaları kimi o da şerlər yazır “Sərçə nəfəsi”, “Sevgi şəbnəmi” adlı iki kitabını dönə-dönə, söz-söz, sətir-sətir oxudum… Bu kitablar onu , babalarını tanıyan, ona, babalarına inanan insanlar tərəfindən “oğurlanır”, evlərinin ən saf, əldəyməz guşəsində, vitrinlərində qorunur daha çox… Eyni babaları kimi onun da söhbəti insanı sehrləyir, bu dünyadan alır sanki. Söhbət əsnasında bədahətən gözəl şerlər deməsi də övliya ata-babalarından mirasdı... Onun ifasında adi sözlər belə ilk dəfə eşidirmişsən kimi yeni səslənir, insanı diksindirir... “Dinlər dünyanı xilas edə bilmədi-dünyanı insanın kamilliyi xilas edəcək!“ –deyə biləcək dərəcədə cəsarətlidi O!

Əslində Mir Sədi Mirlərin bütün şerlərini, bütün yazılarını da böyük bir sevgi nağılı, sevgi dastanı da saymaq olar-insana, yurda, vətənə, millətə sevgi dastanı… Qeyri-adi alın yazısı ilə böyük Tanrının sevib-seçdiklərindən olan bu adam babalarının, özünün missiyasını belə ifadə edir: “Dünya çaşqınlıqlara düşdüyü zamanlarda Allah peyğəmbərlər, övliyalar, adil şahlar göndərərək onu öz nizamına düzüb, bəzən də elə olub ki, maddi maraqlardan dəhşətli fəlakətlər yaşanıb, amma sonunda yenə Allah onu öz nizamına salıb…”

Onun şerlərinin mövzu dairəsi həyatımızın özü qədər rəngarəngdir.

Araz dərdi, Qarabağ ağrısı, şəhidlərimizin acısı da onun şerlərində aparıcı mövzulardandır.

Bir nağıl başlayır burdan oyana,

Bir sevgi nağılı Vətən balası!

Ölçüsü, çəkisi yurdun boyuna

Dərdilə yığılı Vətən balası!

….Zülmət dünyasının dalanlarında

Minlərlə şəhidlər verdi Vətənim!

Bakıda, Təbrizdə haqq yollarında,

Övladın divara hördü Vətənim!

Mən aşiqəm dağlı yurd

Dağlı oba, dağlı yurd,

Həsrət çəkib lalə tək,

Olub sinə dağlı yurd!

Onun şerləri bütöv Azərbaycan, ümumtürk birliyi, turançılıq düşüncəsi ilə yaşayan, dinini bütün varlığı ilə sevən, təsəvvüfü dərindən mənimsəmiş bir qələm sahibinin düşüncələridir:

Oğuz eli yaşar olsun,

Ərənləri coşar olsun

Sərhədləri, zirvələri aşar olsun,

Çaylar, sular çağlar olsun

Yağı düşmən ağlar olsun!...

…Dost eliniz özbək, türkmən, tatar olsun

Müxənnətlər hər bir zaman batar olsun!

…Yurd yerində səslənənlər

Quran olsun, Azan olsun!

Biz dünyadan gəldi gedər

Hökmüdar, Haqq Yazan olsun!

Yazdığı kiçik esselər də birnəfəsə oxunur, elə şerləri qədər içdən və axıcıdır. “Üşüyürəm”, “Borc”, “Yovşan çölün uşaqları”, “Artıq gecdi”, “Ucadan”, “Ucalığı bağlayan minbər”, “İki qüllə arasında”, “Xatirə” adlı yazıları oxuyanlar fikrimizə şərikdirlər yəqin.

Yenə də Mir Sədi Əfəndi…

Avropada yaşayan, tanınmış siyasətçi, bilim adamı, eyni zamanda, ömrü boyu ateist olan bir dostumuz haqqında çox eşitdiyi üçün bir gün onun ziyarətinə getmişdi. Mir Sədi Əfəndi ilə bir saatlıq söhbətdən sonra dünyası dəyişmişdi, təsəvvüfü, Qarabağ müqəddəslərinin tarixini, kəramətlərini yenidən öyrənməyə başlamışdı. Azərbaycandakı haqsızlıqlardan, mənfiliklərdən yana-yana bəhs edən o dostumuz: “Qaranlığa qərq olmuş ölkəmizdə mən bir Günəş gördüm!” demişdi o söhbətdən sonra…

Bu yazıda onun övliya tərəfi, mistik gücü şairliyini üstələdi elə bil. Allahın sevib-seçdiyi babaları da həzrəti peyğəmbərdən bu yana həm də şairlikləri ilə məşhur olublar... Bu gün onun taleyi babalarının taleyinin təbii davamıdır elə…

…Uzun müddətdən bəri Almaniyada yaşadığım üçün illərdir Azərbaycana getməmişdim. Bu ilin yayında ailəmlə Bakıda olduğum zaman o müqəddəs ocağın daimi ziyarətçisi, həm də təsəvvüfün gözəl biliciləri olan dostlarımız Ayişə xanım və Xanəmir bəyin yardımları ilə onu yaxından tanıyıb ziyarət edə bildik. (Könül dostlarıma şükranlarım sonsuzdu bu yardımları üçün!-A.K.) Bir gün öncə kiçik bir əməliyyat keçirməsinə baxmayaraq bizi evində qəbul etdi-(əlbəttə biz onun əməliyyat keçirdiyini bilmədən bizimlə görüşməsini rica etmişdik-). O qədər xarizmatik, o qədər təmənnasız, o qədər sevgi dolu idi ki….Təpədən dırnağa səmimi, içdən, ilahi nur üzündə əks edirdi. Onu bir dəfə görmək, onunla ünsiyyətdə olmaq, söhbətini dinləməkdən sonra unutmaq imkansız…

(Bu görüşə qədər bir şəklini belə görməmişdim. Çünki o qədər təbliğatdan, mətbuatda, televiziyada göz qabağında olmaqdan qaçır ki, internetdə, bir yerdə rəsmini belə tapmaq bu gün də çətin məsələdi. Son günlərdə əziz Xanəmir onunla birgə çəkilmiş şəklini özünün Facebook səhifəsində yerləşdirmişdi və bu şəkil böyük coşğu ilə qarşılanmışdı-A.K.).

Bu yazı o ilk görüşün təsiri altında yazıldı…

Bizdən öncə Çindən ziyarətinə gəlmişdilər. Dinindən, milli mənsubiyyətindən, düşüncəsindən asılı olmayaraq dünyanın bütün guşələrindən olan insanların bu dərgaha üz tutduqlarını çox eşitmişdim öncələr də…

Azərbaycan gerçəkdən təbii gözəllikləri ilə dünyanın ən gözəl ölkələrindən biri, bir cənnət guşəsidir. Bunu iftixarla, hər zaman söyləmək olar. Böyük Nazim Hikmət: “Vətəni gözəl olduğu üçün sevmirlər, Vətəni VƏTƏN olduğu üçün sevirlər” deyirdi amma.

Mənim üçün VƏTƏN anlayışı İNSAN anlayışı ilə ayrılmaz surətdə bağlıdır və Azərbaycan mənim üçün ona görə qutsaldı ki, orda mənim ailəm, könül dostlarım, ziyarətinə hər zaman ehtiyac duyduğum Mir Sədi Əfəndi dərgahı var…

Aybəniz Kəngərli

Almaniya, Köln , 02.11.2013.

# 8752 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #