Gülsüm HEKAYƏ

Gülsüm <span style="color:red;">HEKAYƏ
10 oktyabr 2014
# 13:38

Kulis.az Narıngülün “Gülsüm” hekayəsini təqdim edir

Əynində beli toqqalı enli paltar, ayağında dabanları əzilmiş ayaqqabı birdən-birə uzaqdan burulan kənd yolunda peyda olur. Arıq, uzunsov sifətində gülüş dolanır. Üzü həmişəki kimi işıqlı görünür. Başına atdığı örpəyin altından alnına tökülərək uzun qaşlarını örtən ipək saçlarının naşıcasına kəsilməsi dərhal hiss olunur.

- Bu kəndi allah dağıtsın! – deyir.

- Kənd dağılsa hara gedəcəksən? – Məsim soruşur.

Dodaqlarını sıxaraq çiyinlərini çəkir. Gözlərini az qala yerlə birləşməkdə olan göyün ortasındakı ağ buludlara dikir, sanki gedəcəyi yeri axtarır, amma gedib çata bilməyəcəyini anlayır. Köksünü ötürür.

“İtoynadan” Məsim ilişir ona:

- Gülsüm, xəbərin var? Dünən Dilbər sizin tərəfə gəlmişdi, çəpərinizdən boylanırdı.

O, üzünə yayılmış gülüşü boğur, əlindəki vedrə ilə inəyin yanından ilişdirir, hirsini səhər-səhər örüşə apardığı mal-qaradan çıxmağa çalışır.

- Bilirəm, gələr, xəbər tutub ki, evdə yoxam. Bizim kişiylə araları yaxşıdır.

- Kişini çox qısqanırsan? - Məsim soruşur.

- Kişini qısqanmaq gərəkdir yoxsa əldən gedər...

Əyilmiş ayaqqabılarının ucu ilə yeri eşə-eşə Məsimə baxır. Öyrənmək istəyir görək, bu dəfə fikri nədir, ələ salmır ki?

Məsim özünü yığışdırıb, ciddiləşməyə, gözlərində oynaşan cinləri gizlətməyə çalışır. O da həvəslə danışmağa başlayır - gördüklərindən, bildiklərindən, ağlına gələnlərdən. Danışdıqca gülür, güldükcə hər iki yanağı çökür. Birdən səsini kəsib gülməkdən uğunan Məsimə baxır, istəyir hirslənsin. Amma alınmır. Başqalarından fərqli olaraq, əməlli-başlı hirslənməyi bacarmır. Hirslənəndə adam sevinə bilmir, qanı qaralır. O isə elə hey sevinmək istəyir. İmkanı olsa kəndin bütün toylarında saatlarla əyləşər. Toylar elə maraqlı, elə rəngarəngdir ki... O, həm də, başqa qadınlar kimi ərinə sahib olmaq, əzizlənmək istəyir.

Ərini kəndin ən gözəl gəlini, son dəblə geyinməyi sevən, gənc vaxtından dul qalmış gözəl Dilbərə qısqanır. Odur ki, Dilbərdən zəni-zəhləsi gedir.

Bəzənməyi çox sevir, ancaq özü bildiyi şəkildə bəzənir. Paltarları daha çox qırmızı rəngdə olur.

- Mənə qırmızı lak, kəpənəkli sancaq, boyunbağı al - deyə israr edir hər dəfə.

- Qırmızı lakı neynirsən?

- Qırmızı olsun, qırmızını xoşlayıram.

Mən də şəhərə gedəndə gülə-gülə söz verirəm ki, mütləq alacağam, sevinir. Deyir gətirib verəndə xəlvət ver, heç kim görməsin. Başımla razılığımı bildirirəm. Xəbərdarlığı bir daha möhkəmləndirir:

- Suğra arvad bilməsin! Bir daha söz verirəm. Sonra yalandan əsnəyir - dünya boşdur e... boş. Heç nəyin mənası yoxdu. Cəmi beş gündü, beş...

Hiss olunur ki, özünü ciddi göstərmək istəyir.

Onu uşaqların əhatəsində görən Suğra arvad: - Dəli köpəyin qızı, balaca deyilsən, - deyr, - uşaqları özünə güldürmə! Ardınca ultimatum gəlir: “Gəl arvadlara qoşul! Dünyagörmüş, ağsaqqal bir kişinin arvadısan, o kişinin yaşından-başından utan barı!”

Gülsüm də özü bildiyi şəkildə “utanır”. Qəfildən özünü yığışdırır “gedirəm” deyərək cəld aradan çıxır.

Suğra arvad deyingəndir, qeybət eləməsə ölər. Amma qeybəti də elə maraqla edir ki, elə bil aşıqlar toyda dastan söyləyir. Gülsüm gedəndən sonra ürəyini boşaldır, onun qarasınca deyinir:

- General kimi arvadın yerinə gətirmişik bunu. Gətirdik ki, yetimdir, bir tikə çörəyini yesin, həm də kişi qocadır ona baxsın. Bu da ki, belə...

Gülsümün ögey qızının uşaqları ekizdir. Bir-birindən seçmək olmur. Kürən, gonbul uşaqlardır, üzlərindən harınlıq yağır. Kəndə gələn kimi yola çıxırlar. Onu bizim yanımızda görüb irəli gəlirlər. Biri ona yaxınlaşır ki, gəl ayaqqabılarımı bağla! Gülsüm də bildiyi şəkildə uşağa nəvaziş göstərir. Əyilərək ayaqqabılarının bağını bağlayır. Ekizlərin o biri tayı da irəli gəlir, onun qarşısında dayanır: “Mənim ayaqqabılarımı da təzədən aç-bağla!” Əyilib onu da bağlayır.

Kənarda dayanmış ögey qız qonşu arvada danışır ki, atama yaxşı qulluq etmir, bu. Səliqəsi də bir şey deyil. Atam öləndən sonra çətin ki burda qala.

Biz bunları eşidirik, Gülsüm də eşidir. Üzündəki gülüşün üstünə qatı kölgə qonur, sanki qıpqırmızı günəşin üzərini bulud alır. Sevinməyindən fərqli olaraq o, qəmlənməyinin səbəbini yaxşı dərk edir. Cəld vedrələrini götürüb gözdən itir.

Bir neçə gün gözə dəymir.

Məni görən kimi kənara çəkib pıçıldayır:

- Sabah kənddə toy var. Hamıdan tez gedərik, bütün günü oturarıq.

Elə sevinir ki, sanki ən yaxın adamının toyudur. Mən də ona qoşuluram.

- Çoxdandır görünmürsən, adam darıxır səninçün.

Gülsümün üzündəki gülüş yenidən peyda olur, arıq-arğaz sifəti işıqlanır.

- Qız getdi, şükür allaha, - deyir – daha arxayınam.

Ona qoşulub mən də sevinirəm.

- Kişinin uşaqları burda olanda günüm olmur, - deyə şikayətlənir. Kişini də razı sala bilmirəm. Hamısı məni danlayır...

Aramızdakı yaş fərqinin Gülsümçün əhəmiyyəti yoxdur, kimə istəsə şikayət edə bilər. Əsas odur ki, onu dinləyən olsun.

Suğra arvad həm də, kəndi idarəedəndir, dünyanın altını da bilir, üstünü də. Qonşu qadınları ətrafına yığıb hər şeydən danışır. Kəndə təzə köçüb gəlmiş gənc ailədən, məktəbdəki hərc-mərclikdən, direktoru yerində yaxşıca oturtmağından. Qadınlar bir nəfər kimi susur, sonra xorla onun sözünü təsdiqləyir, heyrətlənir, müdaxilələr edirlər. Suğra arvad həm də dirijordur.

Gülsüm də həvəslə qadınlara qoşulur, amma hiss olunur ki, qadınların söhbəti onunçün maraqlı deyil. Qadınlar ağla gəlməyən şeylərdən bəhs edirlər. Belə dərinliklərə onun üçün deyil. Amma ağlını işə salaraq dərk edir ki, qadınların yanında dayanmaq lazımdır.

Əlini çənəsinə söykəyərək, qadınlara qulaq asır. Üzündəki ciddilik, gözlərində qaynaşan gülüşü güclə ört-basdır edə bilir.

Qadınlardan kimsə pıçıldayır ki, bizim kişi deyirdi Dilbər dünən yenə aptekçinin oğlunun maşınında, kəndin kənarındaymış. Dilbərin əynində bir paltar varmış ki...

Dilbər sözünü eşidən kimi sanki ilan çalır Gülsümü. Üzündəki gülüşü donduraraq, söhbətə diqqət kəsilir. Birdən gözləri parlayır, ağzı köpüklənir, Suğra arvadın burda olduğunu unudur:

- Bizim kişi də Dilbərlə gəzir, - deyir. Qadınlar bu xəbərdən əvvəl diksinirlər, sonra gülüşürlər.

Bu xəbər artıq kənd üçün təzə söhbətdir və qonşu arvadlar əlbəttə ki, ölsələr də, inanmazlar onun dediklərinə. Amma hər halda maraqlı mövzudur.

O, gülüşənlərə fikir vermir, öz dediyini sübuta yetirməyə çalışır:

- Gəzir, hiss etmişəm. gecənin yarısı həyətdə görüşür Dilbərlə. İtlərin hürməsindən duyuq düşmüşəm.

Suğra arvad qeyzlə ona baxır, imkanı olsa yerdən bir ağac götürüb çırpar onun başına, amma sonda o da gülməkdən özünü saxlayammır.

- O, cavan gəlindir, özü də gözəl-göyçək. Yaraşıqlı, imkanlı oğlanla fırlanır. Sənin ərin onun atasından da böyükdür.

- Nə olsun q....ə üçün nə fərqi var, kimdi, neçə yaşı var, təki kişi olsun.

Suğra arvad yenə gözünü ağardır:

- Bu uşaqların ağzına söz atma, günün qara gəlsin.

Gülsüm duruxub gözlərini döyür, amma təslim olmur.

Ağlına gələnləri israrla sübut etməyə çalışır:

- Puluna görə gəlir. Pensiya pulunu alıb verir buna. Sonra təntənəylə qeyd edir:

- Kişilərin hamısı belədir!

Arvadlar bir müddət dinmirlər. Bəlkə də, bu an hamısı eyni cür düşünürlər. Yəqin ki, gözlərinin qarşısına gətirdikləri mənzərə də fərqli deyil. Bahalı maşına söykənərək dayanmış aptekçinin idmançı bədənli oğlu, yanında da geyimli-kecimli gözəl Dilbər. Sonra birdən, xorla gülüşürlər.

Səhər yola düşməzdən əvvəl, Gülsüm özünü mənə yetirir.

- Gedirsən?

Başımla təsdiqləyirəm.

- Görəsən, Bakı çox böyükdür?

Cavab gözləmədən əlavə edir: böyük olar hər halda... Amma bura da yaman böyükdür. Gözlərini bic-bic qıyır - orada yəqin özünə ər də tapacaqsan, ona görə şəhərə getməyə həvəslisən.

Sonra birdən-birə sevinir, gözləri parlayır:

- Kənddə üç yerdə toy var. Heyf, burda olsan gedərdik.

- Üzünə baxıb gülümsünürəm.

Hiss edirəm ki, toydan danışan kimi əhvalı yüksəlir. Bir az da mənə “yanıq” verir. İndidən bir necə gün sonra gedəcəyi toya doğru uçur.

İri vedrələrin qulpundan yapışır.

- Mən gedim, kişi xəstədir, evdə tapmayıb hirslənər.

Dediklərimi yadından çıxartma, yaxşı yol!

Şəhərdən qayıdarkən əlimdəki şeyləri Gülsümə verməyə tələsirəm. Tam o istədiklərini almışam. Qoy sevinsin. Kəndə çatan kimi onu axtarıram. Bir az dincələndən sonra Suğra arvaddan xəbər alıram. Suğra arvad qaşlarını çatır:

- Eşitmədin, kişi ölüb?!

- Eşitmişəm. Bəs, o nə oldu?.

Suğra arvad köksünü ötürür.

- Onu başqa kəndə, yaşlı bir kişiyə ərə veriblər.

Neyləsinlər, qızı yola vermədi. Uşaqlar burda qalmağını istəmədilər. Qardaşı arvadı da yiyə durmadı. Birtəhər düzüb qoşduq. Gedib bir tikə çörəyini yesin. Hiss edirəm ki, gözlərində heç vaxt nəm görünməyən Suğra arvad qəhərlənib.

Kəndin içi ilə burulan tozlu yol birdən-birə kimsəsiz görünür mənə. Hər tərəfdə bir boşluq uzanır sanki. Kədərlənirəm.

Amma kim nə deyir-desin mənə elə gəlir ki, Gülsüm bu dünyanı qırmızı rəngdə görürürdü. Qırmızı...

# 1630 dəfə oxunub

Müəllifin son yazıları

# # #