Cavid, təsadüflə roman yazılmaz

Cavid, təsadüflə roman yazılmaz
6 fevral 2014
# 12:57

Cavid Zeynallının “Leyla” romanı haqqında dost qeydləri

Sözümə Cavidin “axıcı dil”i haqqındakı təriflərlə başlamaq istəmirəm. Dilin axıcı olması, koloriti, vitaminlərlə zənginləşdirilməsi çox gözəl və yaxşı haldır, ancaq daha vacib məqamlar da var. Bu cümlə ilə Cavidin günahını almaq istəmirəm. Dil öz yerindədi. Hətta bəzi yerlərdə öz miqyasından çıxıb, yüksəkliyə ucalıb.

Mən tamam başqa şeylərdən danışacam. Uzunçuluq, ədəbi “izm”lərdən yapışıb, gələcək dahiliyindən bəhs etməyəcəm. Sosial durumdan qaynaqlanıb, psixoloji vəziyyətdən dəm vuraraq, yenidən dilin axıcılığına qayıdıb və təzədən əslində ümumi obrazın günümüzün reallığını, pisliyini, həqiqətini, çılpaq dillə üzümüzü sillələdiyindən bəhs etməyəcəm. Ən azı çalışacam ki, romanı oxumağa başlayanda, əlimə aldığım karandaşın haqqını verim.

Pyer Qamarranın “Onezmin ixtirası” adlı bir hekayəsi var. Bu hekayəni çox sevirəm. Həqiqət budur ki, postmodernizmə allergiyam var, ancaq bu hekayə tamam başqa şeydi. Bu abzası ürəyim istədi deyə qeyd etdim. Daha düzü, kitab oxuduğumu göstərməyə çalışıram...

“Leyla”. Düzü ilk əvvəl romanın adını eşidəndə, gözümün önündə Jorj Sandın “İndiana”sı gəldi. Sevindim. Kişi yazarların dilindən qadınlar haqqında yazılmış romanlara diqqətim çoxdur. Çünki kişinin qadını, qadının da kişini yazmaq kimi bir “hissi” çətinliyi var. Bu işi hər oğul bacarmaz. Və ya hər klaviatura döyəcləyən Tolstoy deyil ki, “Anna Karenina” kimi obraz yaratsın.

İlk fiaskom: Romanın adı “Leyla” olsa da və mən düşünsəm də ki, Leylanı bir obraz kimi həzm edəcəm, canlı görəcəm, ağrısını, sevinci yaşayacam... alınmadı. Mənim üçün romanda Humay nədirsə, Leyla da ondan savayı bir obraz deyil və ya Rəcəbin kölgəsində, sorğu masasında hərdən bir üzünə işıq tutulan müqəssir kimidi. Əslində bunu günahı, Cavidin romanı birinci şəxsin dilindən yazması olub. Çünki adətən birinci şəxsin dilindən yazılan romanlarda personajların həyat xarakteristikasını açmaq üçün əhvalata, xatirəyə, dialoq arası xatırlatmalara ehtiyac var. Cavid də belə edib. İstər Vüqar olsun, istər Klara, istər Əsmər, Humay, general, hətta Leylanın kimliyi də bu yolla açılır. Hətta bəzi yerlərdə təkrarçılıq etməsin deyə bütün pisliklərin sahibi, Klaranın güc mənbəyi generalı belə qəzet manşeti fəndi ilə izah edib. Çünki başqa yolu olmayıb.

Cavidin çıxılmazlığı: Əslində roman yazan hər bir yazıçı (əgər müəllif konkret olaraq hadisənin gedişatından xəbərsizdisə) müəyyən hissələrdə dalana, el dili ilə desək “tupik”ə ilişir. Cavidin “tupik”i Leylanın tapançasıdır. Balaca xatırlatma verim ki, Rəcəb Leylanın tapançasının olmasından xəbər tutandan sonra, onu oğurlamaq və bununla Leylanın özünü öldürməsinin qarşısını almaq istəyir. Bu yeri diqqətlə, həvəslə, həyəcanla oxudum. Çünki Cavidin bu düyündən necə çıxacağı mənə maraqlı gəldi.

Cavid uzun fikirlərdən, götür-qoydan, tərəddütdən sonra çıxış yolunu Leylanı ayaqyoluna aparmaqda və ehtiyat açarı açar topasının üstündə təsvir etməkdə görüb. Ancaq mənə görə bu səhnə uğursuz bir səhnədi. Mənim üçün bu səhnənin, hansısa bir romanda ayağa dolaşan obrazı maşın altına atıb öldürmək və bu çıxış yoluna sevincək baş vuran ucuz gedişlərdən heç bir fərqi yoxdur. Və ya tapança olan dolabın qıfılını açmaq üçün xalçanın altını saf-çürük edilməsi, açarın tapılması. Nədənsə Leyla ehtiyat açarı digər açarlarla bir yerdə, özü ilə gəzdirdiyi halda, ən vacib olanı, tapança saxladığı dolabın açarını evdə gizlədib.

Kaş Onezmin ixtirası həmin an Cavidin yanında olardı.

- Nə yazırsan – başımın üstünü kəsdirən xalam oğlu, masanın üstündəki kitaba, bir də noutbukun ekranına boylanır.

- Heç. “Leyla” adında roman var, onun haqqında yazıram – fikrimi qarışdırdığı üçün qaşlarımı çatıram.

- Tərif yazırsan, yoxsa qarğış. – Gülür.

- Qarğış yazıram, onsuz da tərifləyənlər çoxdu.

- Yenə heç kimi bəyənmirsən? – Bu nə istehza!

- Bu “heç kim” deyil ki, bəyənməyim. Xətrini istədiyim adamdı. Çalışıram, düşündüyüm qədərincə səhvlərini göstərim ki, nəticə çıxarsın.

- Harda qalmısan? – gözlərini qıyıb, ekrana doğru yaxınlaşır.

- Romanda bir yer var, bir kişi marşrutda roman qəhrəmanı Rəcəbə yaxınlaşır, onu tanıdığını deyir, sonra rayona qayıtmaq üçün pul istəyir.

- Burda nə var ki? Gündə neçə nəfər məndən rayona getmək üçün pul istəyir.

- İstəyir e istəməyinə, ancaq təsəvvür et ki, kişi sənin jurnalist işlədiyini bilir, hansısa müğənni haqda yazı yazdığından xəbəri var və təsadüfə bax ki, həmin məqaləni də oxuyub. Özü də gör hansı arada - rayondan əsgər olan oğlunun yanına gəlib, indi pulu olmadığı üçün rayona qayıda bilmədiyi ərəfədə. Adama deməzlər, pulu olmayan bir kişi məqalə çıxan qəzeti hansı ara aldı?

- Hmm – Deyəsən xaloğluna yetərli səbəb gətirdiyim üçün məni rahat buraxıb televizora baxır.

Con Apdaykın “İsa peyğəmbərin içindəki qonşular” hekayəsi var. Bu hekayədə vegeterianlarla bağlı maraqlı bir səhnə təsvir edilir. O hissəni çox sevirəm. Elə-belə, ancaq yaxşı əsərləri tapıb oxumağı xoşladığımı demək istədim.

Uğursuz həmlə: Cavidin “Leyla” romanında ən uğursuz hesab etdiyim səhnə, ayağı sınmış İsmayıl dayının Leylanı ağlayan görüb Rəcəbə zəng etməsi və Rəcəbin fahişənin qulağından düşən brilyant sırğanı tapması səhnəsidir. Birincidə, yəni İsmayıl dayının ayağı sınma səhnəsində, Cavid yazır ki, balaca Aysel Rəcəbə xəbər verir ki, İsmayıl dayının vəziyyəti pisdir. Çünki ayağını sındırıb və onların evində, bir küncdə uzanıb zarıyır. Və bir neçə səhifə sonra necə olursa, İsmayıl dayı sınmış ayağının isti ağrısını unudaraq, təsadüfən Leylanı ağlaya-ağlaya evdən çıxıb maşına minməsini görür və Rəcəbə zəng edib bu haqda məlumat verir.

Cavid bununla oxucunu məcbur etməyə çalışır ki, “əşi təsəvvür edin ki, İsmayıl dayı sınmış ayağının ağrısını unutmaq üçün eyvana yaxınlaşıb çölə-çəmənə baxdığı yerdə Leylanı görüb də”

Cavid bu səhnəni yazan an yanında olsaydım, Con Apdaykın adi yumurta içindəki dölün canlı olduğunu və onu yeməyin belə vegetarianlığa zidd olduğunu necə izah etdiyini deyərdim. Nəticə çıxardardı.

İkincidə isə, Cavid yazır ki, Humayın çətin günündə, bahalı dərman reseptlərini almaq üçün yola düzələn Rəcəbin qarşısına brilliant sırğa çıxır. Rəcəb də ustalıqla onu 700 manata satıb bütün problemi, hətta balaca Ayselgilə bazarlıq etməyi belə unutmur.

Roman (özünü təsdiq etmək istəyən roman) təsadüfləri sevməz. Oxuduğunuz böyük əsərlərdə təsadüflərin inkar edildiyinə şahid ola bilərsiniz. Yox, əgər belə olmasaydı, Cavid romanda tez-tez xitab etdiyi Dostoyevski Raskolnikovu qatil etməz, qoca qarını öz əcəli ilə öldürüb, bütün sərvətini də Raskolnikova vəsiyyət etdirərdi.

Stefan Svayqın “Yad qadının məktubu” novellasını heç sevmədim. Uzun və darıxdırıcı idi Üstəlik bir kişinin bir qadının dilindən (özü də sevgi barəsində) yazdığı hekayəyə içim yanmadı, pərişan olmadım. Elə belə, son oxuduğum kitabı bu yazıda xatırlamaq istədim.

Deyə bilərəm ki, Cavidin “Leyla” romanı, mənim üçün dərya ortasında üzən gəmi kimidi. Kompası yoxdur ki, istiqaməti təyin edib yol alsın.

Cavid yaratdığı bu süjetdə nə girişdən istifadə edib, nə problemi həll edib, nə də nəticəyə varıb. Biz necə ki, romanının ortasında Leylanı problemli tapırıqsa, eləcə də problemdən azad olduğuna şahid oluruq – qəfildən. Dövlət generalı tutur, Klara qaçır və s. il axır.

Son olaraq: Bir kişi Cem Yılmazın qarşısını kəsib “Cem bey, filmlerinizde fazla küfür var, çocuklarımız sizden küfür öğreniyor” deyərək etiraz edir. Cem özünü itirmədən “ Amca, çocuğunuz bizi izleyip küfür öğreneceğine, film yapmayı öğrensin” deyir.

Yəni: baxmayaraq ki, Cavid ilk tanışlıqdan Leylayla Rəcəbi yataqda görüşdürür, baxmayaraq ki, eninə-boyuna vulqar ifadələrdən istifadə edir, siz həmin yerlərə ağız büzüb, etiraz etməyin, roman yazmağı öyrənin.

# 1827 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #