Kulis.Az gənc şair Ömər Xəyyamın ilk şeirlərini təqdim edir.
Gəl işıq yandır
bu qaranlığa.
İçimi ovundurub get.
Oturaq üz-üzə bircə anlığa,
sonra durub get.
Tək doğularsan,
Təkcə ölərsən,
Yaşamaq olmur tək başına.
Bəlkə gülərsən
bilsən nələr gəlib sən gedəli başıma.
Sevirəm demirəm ki ağız dolu.
Mən tənbələm bilirsən -
bütün otaq kağız dolu.
Nə vaxtdı çay dəmləmirəm-
toz basıb
gətirdiyin fincanı.
Qayıt sən canın.
Hörümçək torudu qab rəfi.
Donur yatağımın bir tərəfi.
Nimdaş paltarımda
o qədər axtarmışam qoxunu.
Xəyallarda istəmişəm toxunum...
Tozlu-kirli yataqda
xəyal etmək də alınmır.
Xəyal etməklə alınmır.
Üfunət dolu otaq...
Soyuducu çoxdan ölüb
dərdimə ortaq
siqaret, tüstü
bu mənə bəsdi.
Demirəm ki, sev məni.
Demirəm ki, əzizlə.
sevgi qurtarıb məndə.
Gəl otağı təmizlə..
Gələndə
tünd şərab al.
Hə unutma,
bir də bir cüt corab al!
***
Hәrdәn olur
Çağırıram
Xəyalını
Siqaret, tüstü
Ehtiras, inilti
isti...
Unudulur varım-yoxum.
Haşiyә çıxım-
- Hәr sәhәr
Qalxıb birtәhәr
İşә qaçdım.
Qәpik-qәpik bölünürdüm
Daşbazarda
daş atırdım.
Xәyalımı yaşadırdım.
Bir fahişәyә bağlanmışdım.
Hәtta gecәlәri
ağlamışdım.
Hәrdәn mәni
Havayı "qonaq" elәyәndә,
Sevinirdim, elә bilirdim sәn dә
Bağlanmısan, anlamısan!
Әllәrimin qabarında
Yanaqların itirdi.
O bir saat - bir an kimi bitirdi.
Zülüm-zülüm daş at,
qazan,
Uzan, yaşat
Xəyalını..
Ay ağlını ...!
Bu evdə
Hər yerdә
Sәn varsan.
Pәncәrәdә
qapıda izin var.
Bakıda sevgi yoxdu
- kapitalizm var!
Sən dünyanın harasında,
Mən dünyanın harasında.
Neçә "körpә öldürmüşәm"-
Xəyalınla
yorğanımın arasında.
***
Beynindən sil məni,
azad ol.
Gəl danışım əsl məni,
mənə yad ol.
İcazə ver xəyalından daşınım
Götür o vərdişini.
yoxdu maşınım.
Mən metro sərnişini
Sevmə məni
sevmə!
Mən kirayə qalıram
litr-litr su alıram
bilmirsən sevmək nədir
səndəki bir bəhanədir.
Sənin "sevgi" dediyin -
- mənim cırıq corabımda
yarımçıq şərabımda
bitəcək...
İtəcək
məhəbbətin.
Siqaretin üfunəti
ən doğma ətrimdi
Bu halımla sənə necə
xoşbəxtlik gətirim, DE !
Novruza bax, yaza bax
O əriyən buza bax.
Sənə sevinc səadətdi
Mən bədbəxtin
buz ərisə, otağının
tavanından su damır.
Deyiləm eşq adamı...
Sevmə məni,
sevmə!
Mənim kimi səfillərin
saqqalından
his iyi gəlir.
Öpüşəndə ağzından
pis iy gəlir.
Sevmə məni,
sevmə!
***
Keçmişimdə qurdalandım.
İlk dəfə bilirsən,
Harda utandım?
Kəndimizin ortasında
balaca bir dükan var.
Borcluların arasında
adı var hər kəndlinin.
Yağını, qəndini
ordan alır camaat.
axtarsan adbaad
hər kəsin var adı.
Ümidləri tək oradı.
Qoymazdıq kitaba
adımız yazıla.
Qış ola, yaz ola.
Bol olurdu ərzağımız
qəndimiz, yağımız.
Dünyada ən güclü
mən atamı bilirdim.
Tanrının ən yaxın
bir adamı bilirdim.
Son zamanlar kişi yaman düşmüşdü.
Özü demiş
kimsə lənət etmişdi.
Bacarmırdı arsızlığı
pulsuzluğu
özünə dərd edirdi.
Geri-geri gedirdi.
Kişi bir az fağırdı
Hirslənəndə dönür gözü.
Hirslə məni çağırdı,
bağırdı:
- Ayə, dur qaç Qulama!
Dədəm deyir araq versin.
ULAMA! QANDIN?!
İçim yandı!
Mən Qulamın
qızını sevirdim.
İtirdim özümü,
dədəmin sözünü
bıçaq kimi hiss etdim
sızlatdı...
...getdim.
- Qulam kişi dədəm deyir...
- Dәftәrә yazım?
- Özü bilir, ən azı
iki günə verərəm.
- Gözləyərəm..
İki gün həftə oldu
adımızla dəftər doldu.
Ara-sıra yazışardıq
İmkan olsa baxışardıq.
Gözdən itib görüşərdik
öpüşərdik.
- Sözüm var sənə.
Məktub yazmışdı yenə.
- Bəs deyirdin pulumuz var,
fərqiniz var camaatdan?
Düşdüz atdan?
Dədəm deyir, pulumuzu versinlər
Bu sifətlə necə elçi gəlsinlər?
Səndən mənə ər olar?
Yandım...
Utandım...
Saflığımı edam etdim
adam etdi
O gündәn ki, atam məni...
***
Yaşayıram..
Baş qatıram,
Özümә ümid satıram-
- DÜZӘLӘR!
Uşaq vaxtı gecәlәr
İsladardım yerimi.
Bu sirrimi
Heç anam da bilmirdi.
Bәlkә dә bildirmirdi.
Sağa baxıb, sola baxıb
Gecә qalxıb,
Döşәyi tәrs çevirәrdim.
Bu deyildi tәkcә dәrdim.
Bir dә yaş paltarlar
Әynimdәki...
Çiynimdәki bu "yükü"
Tülkü-tülkü "götürәrdim".
Balışımın altındaca
itirәrdim.
Bu sirri daşıyanlar bilir,
yaşayanlar bilir.
Lüt bәdәn donur,
Döşәyin tәrs üzü
Soyuq olur.
Gecәnin sonu.
Hәr kәsdәn tez qalxıb sәhәr,
İslanmış paltarlarla
Birtəhər
tez hamama qaçırdım.
İsti suyu açırdım
Yaxalayıb atırdım.
Belәcә sona çatırdı.
İlk anamı aldatdım,
İlk atamı aldatdım.
mәn hәr gecә,
yalançı oldum belәcә
...sen necә?