Toylara hə deyək-QARŞI MÖVQE

Toylara hə deyək-<span style="color:red;">QARŞI MÖVQE
20 oktyabr 2014
# 12:43

Zəruri qeyd: Bu yazıda adı çəkilənlər, real həyatda yaşayan insanlardı və hamısı ilə mənim gözəl münasibətim var. Və elə bu yazını da, ziyalı insanların sağlam düşüncəsinə söykənib yazıram...

Elmin Həsənliyə özüm demişdim, məni toyuna dəvət etsin. Yox, başıma hava gəlməmişdi, toy da qəhət deyildi. Siz demişkən, 50 manatımın dəlisi də deyildim. Məsələ başqadır. Bilirsiniz, amma dirəşmisiniz ki, başqası desin. Tamam, mən o başqası olmağa hazıram. Bir şərtlə, deməyin ki, bu da saflığından aramızda özümüz yaradıb, özümüz şişirtdiyimiz, yox yerdən böyük bir diskussiya kimi təqdim etdiyimiz oyuna gəldi...

Siz deyən də saf deyiləm, bilirəm, publikayla oynayırsız, amma haradan baxsan bu problem var axı...

Nə isə... Onu deyirdim e... özüm xahiş elədim. Elminlə normal münasibətimiz vardı, amma özü demişkən, toyu atası eləyirdi. Elminin atası yaxşı kişidir, bizim tərəflərdən olan çox adam yaxşı mənada o kişiyə borclu sayır özünü. Mənim borcum olmasa da, belə kişinin oğlunun toyunda iştirak eləməyə dəyərdi. Sonralar, bu toyun olduğunu eşidib, məndən dəqiqləşdirən dost-tanış, yanımdaca zəng edib, toya çağırılmamalarından şikayətlənirdilər. Demək, iştirak eləməyə hazır olanların çoxu dəvət olunmamışdı. Çox gözəl toy oldu. İndi hansı bucaqdan baxıramsa elə toya yox deməyin, niyəsi mənə çatmır. Hə, yadıma düşmüşkən, nə o vaxt, nə də indi, o toyda iştirak eləmişəm deyə, heç kəsi özümə borclu saymıram.

Gün o gün oldu ki, Elminin uşaqları oldu. Maşallah, özü də ekiz. Ay parçaları! Bir dəfə danışanda zarafata salıb dedim ki, ay qağa, uşaqlara sünnət elə. Özü də sənin işin asandı, lap 300 adam çağırsan da, alibin var, deyərsən, elə də çox çağırmamışdım, hər duduşa - 150 adamım var idi.

Özümə qalsa, sünnət toyunda oynadığımız yerdə gəlib üzümüzə dil çıxarıb, tüpürən, öz toyunda 250 qonağın hər yerdə onu axtardığı vaxtda, gedib şadlıq evinin bir qırağında yatan sünnət “bəylərini” gördükdən sonra, sünnət toyları haqda heç yaxşı düşünmürdüm. Nəisə ki, dostum daş atıb başını tutdu. O daşlardan birini götürüb, bu yazıda başqa bir dostumun bostanına atacam. “Yox əşi, nə sünnət. Mən Mirmehdini zülümnən razı salmışam ki, sünnət toyu lazım deyil, indi deyirsən özüm eləyim?”

Hə, demək Mirmehdinin də beynində “sünnət rüzgarları əsirmiş”. Bildiniz də, hansı Mirmehdi? Bu günlərdə, “Toy edən bizdən deyil” tezisini bizim üstümüzdə həyata keçirməyə çalışan, yazıçı Mirmehdi Ağaoğlu. Az qalırmış sünnət eləyə, yığa bizi... Sədd heyf! Əla toy olardı...

Bu hay-küyün birinci seriyasında da ciddi adamlar vardı ortada. Rəsmən bəyanat verəcəkdilər. Verdilər də! O tərəfdən də, dəyərli ziyalımız Qismət bəyin toyu olacaqdı. Bunlar bəyanat verəcəyik deməkdə, Qismət qardaşımız toya hazırlaşmaqda... Arada Qismət bəy vaxt eləyib facebookda yazdığı status çox şeydən xəbər verirdi. “Toyları boykot edən dostlarımız bəyanatlarını versəydi, bilərdik şad günümüzdə kimlər olacaq.” Kişi haqlıydı. Ya qismət, ömründə bir dəfə toy elə, neçə illik qələm, həyat, süfrə dostlarının “inqilabçılığı” tutsun. Harda yazılıb e?

O ərəfədə dəyərli ziyalımız, toylara qarşı savaşın ön cərgəsində olan, Murad Köhnəqalaynan çox dəyərli bir dostumuzun – Həmid Ormanlının toyunda rastlaşmazmayaq? Bir yerdə oturduq. Əyilib qulağıma dedi ki, alınmadı, keçəmmədim... olmur...

Yalan demirdi ha! Həmid Ormanlı keçiləsi oğul deyil...

Elə o vaxtların söhbətidir, “birinici toylara yox de müharibəsi” günləri... Zəng gəlib, əziz dost saydığım bir insandır. İndi də, o vaxt da “toylara yox de” deyən Şərif Ağayar mənə zəng edən dostumuzu qardaşının toyuna çağırıb. Toydan şikayətlənmirdi. Puldan şikayətlənirdi. Pul zəhrimar. Biz tərəfdə nə vaxt olub ki? Keçiləsi adam deyildi, hər şeyə də ağız açmaz. Şərif bilirdi ki, bu dostumuzun heç vaxt pulu olmayıb. Amma çağırmışdı. Səhvmi eləmişdi? Bilmirəm. Özləri bilər...

Uşaqlar, onsuz da imkanlı çevrədəkilər belə şeylərlə məşğul olmur. İmkansızlıqdandı, bəlli... Vicdan haqqı, sizin vəziyyəti başa düşürəm. Hardan başa düşəcəm e... elə özümdən, öz günümdən. Pul yoxdu, şadlıq evləri ağ edib. Əndazələr aşılıb. Kimlə çay içirsən, iki gün sonra dəvətnamə uzadır... Çoxdu. Dərd çoxdu... Dərdlərə qarşı mübarizə aparaq. Toy adət-ənənədi. Olub, olacaq da! Siz də gedəcəksiz. Siz də edəcəksiz. Əndazədən çıxmayaq. Hər şey öz ölçüsündə gözəldi, o cümlədən də toy. Gözələ YOX deməzlər axı...

P.S. Yazını yazıb göndərənə kimi, düz üç toya dəvət aldım. Tale adamla belə zarafat eləyir dəəə...

Çingiz Özgür

# 2699 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #