25 dəfə aşiq olmaq

25 dəfə aşiq olmaq
18 sentyabr 2014
# 11:16

Rayonumuzda Böyük Vətən Müharibəsi illərində mövcud olan hərbi hospital var imiş. Bu barədə mənə nənəm danışmışdı. Var imiş deyəndə ki, o bina indi də yerindədi. Hətta Topxana meşələri qırılandan sonra düz on il sərasər həmin “hospital”a gedib-gəlmişdim.

...Nizami adına şəhər 1 saylı orta məktəb... Köhnə hospitalın restavrasiyasından sonra qurulan məktəbim haqqında xatirələrdən danışsam əsas mətləbdən uzaqlaşacam. Bu barədə qismət olsa başqa vaxt yazaram.

Sözüm bunda deyil. Məktəbli olanda belə bir kitab oxumuşdum: “İnsan min il yaşar”, yaxud “yaşardı”. İndi dəqiq xatırlamıram. Sonralar başım əsl elmlərə (!) elə qarışdı ki, oxuduqlarımı da unutdum. O vaxtdan huşsuz olmuşam.

***

Elmi və tibbi nəzəriyyələrə görə insan orqanizminin bioloji etibarlılığı 350 ildən çoxdur. Təxminən qara qarğa qədər. Çoxdur! Şəxsim adına belə bir fantastik rəqəmi atamın babası Qüdrət kişidən başlamış, babam, atam, mən və oğlumun yaşadığı, yaxud yaşaya biləcəyi illəri bir yerə toplasam yenə təsəvvür edə bilmirəm. Ardıcıl toplayıram: 97+52+49+45+70=313!

Sonuncu “70” oğluma arzu etdiyim ömürdür. İmkan verin çox yaşasın. Çərlətməyin adamı! Mən niyə 60-70 il yaşamalıyam ki?!

İnsan min il yaşaya bilməsə də, min dəfə aşiq ola bilər. Bu rəqəm kiməsə qəliz və fantastik görünə bilər. Vecimə də deyil! Amma, əziz bacılar və qardaşlar, sizlərin nəzərinə çatdırım ki, bu dünyanın 20-dən çox ölkəsində sosioloq və psixoloqların 2013-cü ildə 1000-dən çox insan arasında apardığı sorğu və təhlildən yaranan nəticədir.

Adam tanıyıram ki, sevməyə ərinir. Özü də kişi xeylağıdı. Yəni fiziologiyası erkəkdi. Baxmayaraq ki, topoqrafiyası yerlə-yeksan olmuş “xala”lardan ciddi fərqlənmir.

Məktəbdən-zaddan danışmışkən, iki-üç dəqiqə də başınızı ağrıdım. Təsəvvür edin ki, riyaziyyat dərsidi...

Məsələnin şərtinə görə 1000 dəfə aşiq olan insan vur-tut 45 il yaşayıb (xoş halına!).

Statistikasına baxaq. İlk 5 ildə aşiq olması qətiyyən mümkün deyil:

45-5=40

Davam edək:

1000:40=25

Başqa sözlə bir ildə orta hesabla 25 dəfə aşiq olmaq mümkündü; ayda təxminən 2 nəfər.

Praktik mümkündür, yoxsa deyil, bunu eyni vaxtda 2-3 xanıma eşq elan edən, bir o qədərini də subay olduğuna inandırıb (əslində yaramaz evlidi ha!) onunla evlənəcəyini, daha bir neçəsinə isə “abla” deyib siyahısında gələcək namizədlər kimi dargünlük saxlayanları nəzərə alsaq elə bilirəm ki, mənim bu barədə şəxsi mülahizələrimə ehtiyac qalmaz.

O gün yaxın dostlardan biri evli kişilərin, yaxud qadınların aşiq olmalarını öz Facebook səhifəsində tənqid eləmişdi. Özünün dediyinə görə xeyli də sərt idi. Sağ olsun, sonradan düzəliş edib demişdi ki, statusu şairlərə, nə bilim qələm adamlarına aid deyil-zad. Amma çox mənasız yanaşma idi. Özünə də dedim. Sizlər də etiraf edərsiz ki, yalnız robotlar və bayaq dediyim ərincək kişilər aşiq ola bilməzlər. Həmin kişilərə biz tərəflərdə pis çıxmasın “məməş” deyirlər. Ənəzik də deyə bilərsiz. Baxın da!

İndi hiss edirəm ki, bu yazı istədiyim kimi alınmadı. Tam 100 gündür ki, (sonuncu romanı bitirəndən sonra) heç nə yazmırdım. Ola bilər ki, xeyli fikir qırıqlıqları var. Sizə nə var, deyəcəksiniz ki, hospital söhbətinin də yazıya dəxli yoxdur. Olsun!

Amma bir az cəsarətli olmaq şərti ilə abrınıza qısılıb xısın-xısın aşiq olmaqdan çəkinməyin!

Məsəlçün, mən mart ayından bəri bir xanıma dəlicəsinə aşiq olmuşam. Hıqqana-hıqqana axır ki, 3-4 gün əvvəl etiraf elədim özünə. Adı Nuraydır. Yazını görsə böyük eşqimə inanacağına əminəm!

P.S. İmkan daxilində gərginlik yaratmayın, sonuncu abzasda bir az zarafat elədim. Çox zarafatcılam əslində. Bu yazını ciddiyə almayın. Eşq-məşq mənasız şeylərdi, qaqa canı. Kişi də eşqə düşər?!

# 1929 dəfə oxunub

Müəllifin son yazıları

# # #