Sevgi

Sevgi
6 dekabr 2013
# 15:30

Bəşəriyyət ən ünlü isimləri – alimləri, ədibləri, filosofları timsalında “sevgi nədir, anlamı nə?" sualına izahlar verib, verir və verəcək. Ancaq məndən olsa, nə Məhəmməd Füzuliyə, nə Nizami Gəncəviyə, nə Şekspirə, nə də o səviyyədə olan digər nəhənglərin heç birinə istinad edərdim. Yalnız və yalnız “iki dünyanın müqəddəs xanımı” Həzrəti Fatimeyi-Zəhranın dediyini cavab yerinə səsləndirərdim: “Ya Əli, mən hətta xəyalımda belə Sənə müxalif olmadım”.


Bəs, bu tip sevgiyə layiq olmaq nədən?

Sualın cavabını elə həmin Qadının hətta xəyalında belə müxalif olmadığı Ər Kişidən alardım: “Fahişə o qadın deyil ki, min kişi ilə görüşür, fahişə o qadındır ki, öz ərindən başqa bir kimsə ilə görüşməsə də, xəyalında mini ilə görüşür”.

Bəli, xəyalında belə nəinki xəyanət, hətta müxalif olmayan qadındır sevginin adı...

Biz ona görə uduzuruq ki, sevgidə təkcə bu dünya qadınını sevirik. Ona məhz bu dünya qadını olduğunu anladırıq. Halbuki sevilən qadın bilməlidi ki, O, "iki dünya qadını qədər sevimlidi” və özünə də məhz iki dünya qadınına layiq münasibəti tələb etməlidi.

Görməlidi o münasibəti, həm də göstərilməlidi.

Hələ bu dünyada - heç bir ərin öz xanımına “canım” demədiyi dünyada “xanım” evin süpürgəçisidirsə, “canım” da “xanım” olmağı - XANımLIĞI VƏ XANIMlığı aşağılanmaq bilirsə, “sevgi” cavabsız sualdı...

Nizaminin, Füzulinin, Şekspirin “qəliz” anlatmaları qarşılığında bu qədər sadə yozumun kar edəcəyinə inanıram. Çünki Yunus İmrə deyib: “Yaxşılıqdan artmayan, pislikdən azalmayan sevgidir əsl sevgi”.

Məhz Yunus İmrə ona görə dada çatır ki, O bilib, Yerdəkilərə Yer Sevgisini necə və hansı dildə başa salmaq, anlatmaq olar.

Sevəndə gərək təsnifatlandırasan bu sevgi hansına aiddir:

- İlahi sevgidirmi?

- Yer sevgisidirmi?

- Ər sevgisidirmi?

- Yar(ı) sevgi(si)dirmi?

Daha bundan sonranı da açmağa izah varmı?

***

Məncə, hərəsi özü üçün ayırd etməlidi, hansı sevgi bölümündədi.

Mən bilirəm: mən sevəndə “iki dünya qadınına layiq sevgiylə” sevirəm!

Mən bilirəm ki, “iki dünya sevgisinə layiq bildiyim” xanımdan mənə yaxşılıq da gəlsə, pislik də gəlsə, sevgim artan-azalan deyil. Çünki “yaxşılıqlar və pisliklər” həyati zərurətlərdən ola bilər, ruhi anlamda yox!

Mən sabit dalğalar adamıyam!

Mən sabit sevgilər adamıyam...

Və mən cavabsız qalan suala cavabı elə bununla da verirəm: elə sevmək lazımdır ki, sevgi heç vaxt suala çevrilməsin!

... Zaman sevgi sifarişləri vermir!

Hər zamanın adamları zamana öz sevgilərini təqdim edir. Bütün zamanların sevgisi üçün bir doğru yol var – “iki dünya”ya layiq səviyyədə sevgi. Belə olanda, bu sevgidən YARADAN da, YAR da YARIYIR! Yaradanın və yarın razı qaldığı sevginin təfərrüatlarını geniş şəkildə incələməyi məsləhət bilmədim – sevənlərin ehtiyacı söz olmur!

Yar sözüylə vuruldum,
Yar ki sındı... üzüldüm!
Aləm səbəb istədi...
Baxışından süzüldü!

***

Hə, sevginin güzgüsü baxışlardı – bunu da elə belə dedim, biləsiniz. Baxışda görmədinsə, deməli, sevgi də yoxdur!

***

Hamını - səni, məni, bizi birləşdirən dəyərdi sevgi. Hamıdan da dedim. Bizdən də. Özümdən də.

Sevginin bir üzü də budu!

Mən hamını da, bizi də, özümü də sevirəm. Bu, həm də sevginin sifətidi.

İsmini dedim, sifətini də, zənnindəyəm. Felini, zərfini və qalanını - ömrü sevgiylə yaşadıqca bölüşəcəm – mənə nəsib olan qədər...

# 4964 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #