YUĞ Teatrı Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında

YUĞ Teatrı Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında
18 oktyabr 2025
# 16:11

Azərbaycan Dövlət YUĞ Teatrı 10 – 19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edib.

Kulis.az xəbər verir ki, “Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında YUĞ Teatrının səhnələşdirdiyi “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının 16 oktyabr tarixində Kimera teatrında nümayişi baş tutub.

Seyrçilər tərəfindən uğurla qarşılanan tamaşada Əməkdar artist Qasım Nağı və aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov çıxış edib. İlahi oyun janrlı səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı isə İffət Əsgərovdur.

Qeyd edək ki, Azərbaycanı ilk dəfə Meksika Birləşmiş Ştatlarında keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında YUĞ Teatrı təmsil edib.

1991-ci ildən etibarən hər il keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində konsert proqramları, teatr tamaşaları, rəsm, foto, kitab sərgiləri və milli mətbəx nümunələrinin təqdimatı təşkil edilir. Təxminən 400 min ziyarətçinin iştirak etdiyi 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab olunur.

# 282 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər