“Stalin – İzm” tamaşasına ictimai baxış oldu

“Stalin – İzm”  tamaşasına ictimai baxış oldu
24 iyun 2026
# 11:00

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında görkəmli sənətkar, Xalq yazıçısı Elçinin “Stalin” siyasi farsı əsasında Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin quruluşunda qeyri-səlis məntiq sistemi ilə hazırlanan “Stalin – İzm” iki hissəli qeyri-səlis təzahürlü, paradoksal, siyasi-faciəvi farsının tamaşasına ictimai baxış keçirilib.

Kulis.az xəbər verir ki, ictimai baxışdan sonra tamaşa ətrafında müzakirə keçirilib, müzakirədə mütəxəssislər tamaşanın uğurlu cəhətləri barədə müsbət fikirlər söyləyiblər.

Dünya dramaturgiyasında İosif Stalinin hakimiyyəti, fəaliyyəti və ömrünün son dövrü ilə bağlı çoxsaylı əsərlər yazılmışdır. Elçinin “Stalin” əsəri isə tarixi şəxsiyyətin bioqrafiyasından daha çox onun yaratdığı ideoloji sistemin mahiyyətinə diqqət yönəldir. Tamaşa bir şəxsin taleyi fonunda bütöv bir dövrün düşüncə mexanizmini, qorxu və itaət üzərində qurulan siyasi sistemin insan həyatında yaratdığı mənəvi fəsadları araşdırır.

Rəmzlər, priyomlar, teatr ifadə vasitələrindən gen-bol istifadə metodologiyası, yeni oyun üslubu, təfəkkürü motivasiya edən tər-təzə yaradıcılıq postulatı, fərqli prinsiplərlə yoğrulan duyğuların, hisslərin hərəkət mexanizmi, ənənəvi teatr sisteminə adekvat olmayan konseptual yaradıcılıq dəst-xətti aktyorların zehnini itiləyir, hər kəlmədə yeni müstəviyə istiqamətləndirir.

Səhnə əsərində Stalin repressiyalarının qurbanı olmuş milli ruhun yaşaması uğrunda mübarizə aparan insanların mənəvi müqaviməti və totalitar ideologiyanın doğurduğu faciələr paralel dramaturji xətt kimi inkişaf edir. Hadisələrin inkişaf xətti həm tarixi yaddaşı, həm də insan vicdanının sarsılmazlığını ön plana çıxarır.

Əsərin səhnə həlli müəllif dramaturgiyasının poetik xüsusiyyətləri ilə rejissor təxəyyülünün sintezindən yaranmışdır. Paradoksal siyasi-faciəvi fars üslubunda qurulan tamaşa hakimiyyətlə insan taleyi arasındakı ziddiyyətləri kəskin bədii vasitələrlə təqdim edir. Tamaşada “Qeyri-səlis məntiq”in və “Qeyri-səlis çoxluqlar” nəzəriyyəsinin estetik imkanları teatr dilinə tətbiq edilməklə yeni bədii ifadə vasitələri formalaşdırır.

Tamaşada Xalq artisti Sabir Məmmədov, Əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Səmayə Nəbiyeva, Elnarə Heydərova, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Bəhruz Hikmətli, Sevinc Bəxtiyar, Ramil Məmmədov, Rövşən Cəfərov, Samir Əliyev, Güney Əliyeva, Sevinc Hüseynova, Ruhiyyə Orucova, Pərvin Dadaşova, Naibə Nemətova, Xədicə Məmmədova, Zəki Fətəliyev, Anar Həşimov, Ramin Həsənov iştirak edirlər.

Yaxın günlərdə “Stalin – İzm” tamaşasının premyerasının həyata keçirilməsi nəzərdə tutulur.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər