Milli teatrda il sonuna qədər dörd tamaşa hazırlanacaq

Milli teatrda il sonuna qədər dörd tamaşa hazırlanacaq
24 iyul 2024
# 15:20

2024-cü ilin sonuna qədər Akademik Milli Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.

Kulis.az xəbər verir ki, artıq yaradıcılıq işlərinə başlanılan və Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanacaq “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibəti ilə benefist tamaşa olacaq.

Yeni səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.

Yeni mövsümdə premyerası keçiriləcək daha bir səhnə əsəri “Müharibə” olacaq. Mehriban Ələkbərzadə və Nihad Qulamzadənin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, quruluşçu rəssamı Eldar Nağıyev, bəstəkarı Nigar Süleymanova, rejissor assistenti Könül Kərimovadır.

Akademik Milli Dram Teatrı uzun illərdən sonra yenidən Cəfər Cabbarlının “Aydın” əsərinə müraciət edib. Ərşad Ələkbərovun quruluşunda təqdim olunacaq yeni tamaşanın rəssamı Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Azər Hacıəsgərli, rejissor assistenti Vüqar Məmmədovdur.

Milli Teatrın növbəti yaradıcılıq işi məşhur fransız yazıçı-dramaturqu Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşadır.

Tamaşanın quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, rəqslərin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Nərmin Həsənovadır.

# 2215 dəfə oxunub

Müəllifin son yazıları

# # #