Kukla Teatrı cari mövsümünü başa vurdu

Kukla Teatrı cari mövsümünü başa vurdu
19 iyul 2024
# 10:18

Azərbaycan Dövlət Kukla Teatrı cari mövsümü uğurla başa vurub.

Kulis.az xəbər verir ki, mövsümün yekunu ilə bağlı keçirilən iclasda çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə sənət ocağının bu mövsümdə fərqli dəst-xətti ilə seçildiyini, bir çox uğurlu layihələrə imza atdığını, sosial-mədəni aksiyalarda fəallıq göstərdiyini bildirib.

O, teatrın bir sıra beynəlxalq müsabiqə və festivallarda layiqincə çıxış etdiyini, qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün müqavilələr imzaladığını diqqətə çatdırıb.

“Bu mövsüm kollektivimiz bir neçə beynəlxalq festivala qatılıb, iki festivala isə ev sahibliyi etmişik. Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirən sənət bayramı olan III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalını buna nümunə kimi göstərmək olar. Qardaş ölkə tamaşaçılarına M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet və xalq nağılı əsasında səhnələşdirilən “Məlikməmməd” kukla tamaşalarını təqdim etdik. Cari mövsümdə Türkiyədə keçirilən XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalına da qatıldıq. Beynəlxalq Kukla Teatrları Assosiasiyası və ona üzv olan ölkələrin nüfuzlu kukla teatrı mütəxəssislərinin də qatıldığı festival çərçivəsində yaradıcılıq istiqaməti üzrə müxtəlif mövzularda müzakirələr aparıldı. Həmçinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında uğurla iştirak etdik”, - deyə o əlavə edib.

Qardaş Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrının ölkəmizdə səfərdə olduğunu qeyd edən R.Əhmədzadə deyib: “Bu müddətdə iki teatr arasında əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi də oldu. Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad-dərsləri, müştərək tamaşaların hazırlanması kimi məqamlar yer alıb. Bununla yanaşı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların xidmət və təcrübə mübadiləsi, yüksək səviyyəli milli və xarici səhnə əsərlərinin birgə yaradılması, habelə beynəlxalq festivallar, qastrol səfərlərinin təşkilində əməkdaşlıq, teatr sahəsində tərəflərin səmərəliliyin artırılması sənədin əsas mövzusudur. Müqavilənin əsas məqsədi tərəflər arasında, xüsusilə teatr sənəti və yaradıcılıq sahələrində müxtəlif mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.

Beynəlxalq səfərlər sırasına Kalininqradda (RF) reallaşan ənənəvi “Rus teatrı – xaricdə rus mədəniyyəti institutu kimi” adlı V Beynəlxalq Konfransda da oldu.

Bu mövsüm beş yeni səhnə əsəri – “Dovşanın ad günü”, “Ələddinin sehrli çırağı”, “İtki”, “Melisa”, “Lokomotiv və vaqonlar” tamaşalarını təhvil verdik. Bundan başqa, teatrımız işğaldan azad olunan Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Hadrutda və Talışda çıxışlar etdi”.

Tədbirdə teatrın baş rejissoru Anar Məmmədov, baş rəssam İqbal Əliyev, rəssam Rəna Abbasova, eləcə də texniki heyətdən Cavid Hüseynov, Dilşad Cəfərli, Tural Həsənov, dram artistləri Səriyyə Mansurova, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov, Elgün Həmidov və Səbinə Məmmədova məhsuldar və səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələrlə təltif olunublar.

# 1173 dəfə oxunub

Müəllifin son yazıları

# # #