İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri davam edir

İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri davam edir
27 fevral 2026
# 17:00

İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri davam edir.

Kulis.az xəbər verir ki, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir.

Rejissor bu səhnə əsərində hakimiyyət və ailə, ağıl və ruh, mənəviyyat və sistemli düşüncənin qarşıdurmasını təqdim edir. Yeni quruluşda tamaşanın baş qəhrəmanı olan Vəzir heç də axmaq, aciz və yalançı deyil, əksinə, hadisələri öncədən anlayan, uzaqgörən, vəziyyəti əlində saxlamağı bacaran siyasət adamıdır. O, xanlığın həqiqi varisini layiq olduğu məqama gətirmək üçün kimsənin ağlına gəlməyən oyun qurur.

Rolları Natiq Həziyev, Oktay Mehtiyev, Niyaməddin Səfərəliyev, Rövşən Cəfərov, Bəhruz Hikmətli, Elnarə Heydərova və başqaları ifa edirlər.

Dövlət sifarişi ilə hazırlanan tamaşanın bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Ülvi Məmmədlidir. Səhnə əsərinin plastik həlli Anar Mikayılova məxsusdur.

Tamaşanın yaxın günlərdə tamaşaçılara təqdim olunacağı gözlənilir.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər