Mircavad: “Qardaşımın rəsmini görəndə anladım ki, bizim ailəni bədbəxtlik gözləyir”

Mircavad: “Qardaşımın rəsmini görəndə anladım ki, bizim ailəni bədbəxtlik gözləyir”
8 iyun 2015
# 12:09

Kulis mərhum rəssam Mircavadın yeganə məqaləsi olan “Dialoq”u yazıçı Səfər Alışarlının tərcüməsində təqdim edir

Rəssam Mircavadın oxuculara təqdim edilən bu məqaləsi yuxarıda adını çəkdiyimiz yaradıcı insanlarımızın əsərləri qədər yaşlı olmasa da, onların əsərləri qədər gəncdir.

Mircavad - sovet dövründə Azərbaycan avanqardının əsas nümayəndəsi idi. Özünün də dediyi kimi, Mircavad bu yazısında “ilk dəfə ədəbiyyata əl atıb”.

Ancaq bizcə, bu yazı ədəbiyyatdan çox fəlsəfi bir “müqavimət manifesti”dir. Mircavadın bu yazısı həm “sənət yaratma mexanizmi”ni bizə göstərir - öyrənirik ki, o, əlinə fırça aldığı gündən axtarışda olub. “İlk dəfə ədəbiyyata əl atdığı” bu yazı göstərir ki, Mircavaddan sonra dünya sənətini bu qədər geniş perspektivdə araşdıran bir sənətkarın həsrətini hələ uzun müddət çəkəcəyik.

Niyə?

Çünki məmləkətimizin “qabaqda gedən sənətkarları”nın əksəriyyətini indi sənət axtarışları maraqlandırmır. İndi onlar tablolarının 250-500 min dollar arasında qiymətə satıldığını iddia edirlər. Soruşanda ki, harda, hansı qalereyada, hansı auksionda satılıb?Hansı kataloqlarda səndən bəhs edilir - təəssüf ki, cavab almaq mümkün olmur.

Elə isə dünyanın önəmli rəsm kataloqlarını açın, orada Mircavadı, Rasim Babayevi görəcəksiniz.

Biləcəriyə qədər sinəyə döymək məmləkətin xəstəliyi halına gəlib. Bəs ordan sonra?

Ordan sonra Mircavad var, Rasim var.

2007-ci ilin aprelində Rasim Babayev vəfat edəndə Qərbdən gələn linklər məni heyrətə salmışdı:ABŞ və Avropa onu necə sərrast qiymətləndirmişdi.

Elə o vaxt da məmləkətin Biləcəriyə qədər sinəsinə vuran sənətçisi “zaslujennıy, narodnıy xudojnik” titulu üçün özünü öldürürdü. Mircavad kimi axtarış aparan kim idi, Rasimin “divləri” kimin vecinə idi?

Ancaq gözümüzü açıb dünyaya baxanda həmişə və hər yerdə gördük ki, dünyanı Mircavad maraqlandırır, Rasim maraqlandırır.

Bu baxımdan Fərhad Xəlilovun dünya ilə yaratdığı sənət rabitələrini də təqdir etməliyik. Qərbi bir tərəfə qoyaq, sənətə baxışımız qulağımızın dibindəki Rusiyadan o qədər fərqlidir ki?

İnanmayanlar Mark Şaqalın 1988-ci ildə çıxan kitabına Andrey Voznesenskinin yazdığı ön sözü də oxusun; Sakit Məmmədovun 7-8 il əvvəl çıxan kitabına Elçinin yazdığı ön sözü də. Söz sənəti ilə iç-içə olmayan rəng sənətinin təsir qabiliyyəti nə dərəcədə güclüdür?

Səttar Bəhlulzadənin zirvəyə yüksəlməsində onun Füzulini əzbər bilməsinin rolu, sizcə, nə qədərdir?

“İlk dəfə ədəbiyyata əl atan” Mircavadın (deyəsən, bu, onun həm də “ədəbiyyata son dəfə əl atması”dır) bu məqaləsi 25 il əvvəl yazılsa da, bu gün də, 25, 50, 100 il sonra da öz qiymətini qoruyacaq.

Çünki bu məqalənin hər sətirinin arasından yaradıcı bir adam bizə baxır.

O adam həm yazar, həm rəssam, həm də musiqiçidir.

O adam bir şəxsiyyətdir.

Siz məmlkətin muzeylərində onun cəmi bir neçə tablosunun yer almasına fikir verməyin. Dünya sənətkar kimi onu tanıyır.

Mircavadın bu yazısını hörmətli Məmməd İsmayıl “Gənclik” jurnalı çapa başlar-başlamaz 1988-ci il 2-ci nömrəsində çap etmişdi. Yazını rus dilindən mükəmməl şəkildə tərcümə edən Səfər Alışarlıya təşəkkür borcumuz var.

Beləliklə...

Biləcəriyə qədər...

Biləcəridən sonra...

Mayis Əlizadə

DİALOQ

İnfarkt.

Yanvar.

Palatadan Abşeronun bütün küləkləri keçir.

Divarlarda gəzən tarakanların bığları titrəşir.

Qulyabanı kimi soyuqdan üşüyən külək gecələr pəncərə arxasında ulum-ulum ulayır. Və o küləyin ah-naləsi altında həmin gecələrin birində mən ad günümü qarşılayıram.

Altmış.

Yuxum ərşə çəkilib Beynimə min cür fikir dolur. Yanıma gələn yoxdur. Hamı məni unudub, heç kimə lazım deyiləm. Yalnız arvadım - Allahın fağır və ən yazıq bəndəsi - gecə-gündüz başımın üstünü kəsdirib məni ölümün cəngindən qoruyur. Bir gün palatada Şeytan peyda olur və elə astanadanca onun dediyi ilk sözlər belə səslənir:

- Maşallah! Heç ölən adama oxşamırsan!

Tablolarımda mən dəfələrlə ölmüşəm, bircə dəfə ölməyə nə var? İndi uzanıb qalmışam bu sarsaq xəstəxananın çirkabı içində. Heç kimə lazım deyiləm.

Gileylənmirəm.

Mən xoşbəxt adam olmuşam. Bu gərdişə də bir gün gəlib çıxmalı idim. Taleyin işidir. Başlıcası odur ki, heç zaman vicdanıma xəyanət etməmişəm. Etmərəm də! Necə istəmişəmsə, elə də yaşamışam.

Allahın yaratdığı nə varsa-hamısını sevə-sevə mən, demək olar ki, bütün ömrümü təbiətin qoynunda keçirmişəm. Günəşin alovunu içə-içə rənglərin alovunu kətənə köçürmüşəm. Ürəyimin, ruhumun enerjisini rənglərə qatıb neçə-neçə tablolar yaratmışam; o enerji indi də tamaşaçı əzmini üstələyə bilir.

Ancaq kimə lazımdır onlar?

Qədim əcdadlarımız bizə iki, bəzən yeddi, doqquzdan da çox dünyadan xəbər verib gediblər. Bu haqda bütün xalqların dastanlarında deyilir; bunu Şərqin şairləri də deyirdi.

Bunu Rable də, Svift də deyirdi, müasir rəssamların əsərləri də bunu etiraf edir; fiziki və metafiziki dünya.

Ancaq mənim rəsmlərimi başa düşmək istəmirlər. Ən dəhşətlisi də budur ki, istəmirlər!

İnsanlar xəstədir, onlara pəhriz yeməyi, incəsənət horrası lazımdır ki, boğazdan rahat keçsin.

Onlar özləri-özlərini başa düşmürlər, dünyanı necə başa düşsünlər?

Gövhəri-laməkan mənəm, kövni-məkana sığmazam.

Bu səviyyəyə qalxan adam üçün qorxulu heç nə yoxdur. Onun qətli də necə qarşılamasını sizə danışmaq artıqdır.

Şeytan dedi:

- Sən ona inandın?

Mən dedim:

- Yox, əfsanə deyil. Həqiqətdir. Bəs Cordano Bruno? Bəs bizə daha yaxın olan Van Qoq? Onlar öz odlarına yanıb kül olublar. Veatman yazırdı: “Qəddar günəş, içimdə hər gün sənin kimi bir günəş doğmasaydı, sən məni məhv edərdin!”.

“Minilliklər keçəcək, haqqımızda yaranan əfsanələrdən başqa bizdən heç nə qalmayacaq” - Leonardo da Vinci demişdi. Qoy ruhunu şeytana satmış Faust haqqında yox, Prometey haqqında əfsanələr yaşasın!

İndi orada heç bir ada yoxdur

İnfarktdan sonra zəif və yorğunam, özümə gələ bilmirəm. Ölüm duyğusu məni tələsdirir: qorxuram ürəyimdəki ideyaları həyata keçirməyə vaxtım çatmaya. Mənə elə gəlir ki, o ideyaları bütün ömrüm boyu axtarmışam və nəhayət, indi onlar bütün çılpaqlığı, incəlikləri ilə mənə aydındır. İndi boş keçən, sənətə həsr olunmayan hər dəqiqə mənim üçün işgəncədir. Axır ki, bu ideyalar məni tərk edə-edə bütün şübhələrimə son qoyacaq, vulkan kimi qaynar və narahat ruhumu sakitləşdirəcəkdir.

Bu duyğular məndə yəqin ki, uşaqlıq vaxtlarından yaşayır. Babamın Fatmayı kəndindəki bağında ayaqyalın gəzəndə, onlar torpağın canından, günəşin qaynar şüaları ilə mənim qanıma keçərək ruhumu oyadıblar. Bu duyğular mənimlə birlikdə ərsəyə yetib kişiləşiblər; mən onları bütün gəncliyimdən keçirrib bu günə çatdırmışam.

Bu hissləri heç nə boğa bilməzdi; onlar beynimi deşə-deşə mənə güc verirdilər. Başa düşürəm: rəssamlıq mənim taleyimdir. Gecə-gündüz bilmədən, dəli kimi işləyirdim.

İndi isə güclə ayaq üstdə dururam; Allaha yalvarıram ki, axırıncı rəsmlərimi qurtarmağa mənə möhlət versin.

Bu həyatdan kənarda həyat varmı?

Ağılla idarə olunan, yaxud hər hansı bir başqa formada təzahür tapmış dünya da varmı? Ümumiyyətlə, başqa dünyalar da mövcuddurmu?

Həyatda hər şey nisbidir. Görə bildiyimiz və görə bilmədiyimiz dünya.

Bəlkə də biz ölümümüzdən sonra bu dünyaya qayıdırıq və hərdən bizə elə gəlir ki, biz öz iradəmizin əksinə hərəkət edirik, amma yaddaşımız bizi idarə edir, istiqamətləndirir. Vaxtilə əcdadlarımız bunu çox gözəl izah ediblər.

Uzun müddət mən eyni yuxunu təkrar-təkrar görürdüm: sahilində böyüdüyüm dənizin ortası ilə dağ silsiləsi uzanırdı. Halbuki indi orada kiçik bir ada da yoxdur. Bu yaxınlarda bir mənbədə təsadüfən oxudum ki, həmin yerlərdə vaxtilə Xəzərin iki sahili birləşirmiş.

Bəlkə mən bunu indi yox, əvvəlki həyatımda görmüşəm? Bəlkə bunu mənim əcdadlarım görüb ki, o da yaddaş vasitəsi ilə gəlib mənə çatıb?

İlk dəfə rəssam qardaşım Tofiq Cavadovun rəsmlərindən bunu görəndə məni dəhşət bürüdü, qorxdum və başa düşdüm ki, bizim ailəni bədbəxtlik gözləyir (o tabloya “Matəm havası” adını mən sonralar verdim). On gün keçməmiş Tofiq Moskvada faciəli şəkildə həlak oldu.

Dünyanın sirləri çoxdur, biz də Pasxa adasında gözlərini göyə dikmiş heykəllər kimi o sirlərin açarını öz “mən”imizin, kainatın dərinliklərində axtarırıq. Biz təbiətdən tamam uzaqlaşmışıq, onun dilini unutmuşuq, həyatda da elə-belə, kor-koranə girələnirik; mənasız qaçaqaçdayıq. Bunu Bosx kətən üzərində yaxşı göstərib, Ekliziast da bu haqda yazıb.

Bir dəfə bütün gecəni çimir vurmadım, səhərə qədər yataqda vurnuxdum. Elə bil mənə nəsə əyan olmuşdu, ürəyim qəribə narahatlıqla döyünürdü, sanki “Ölüm, ölüm!”- deyirdi.

Sanki ətrafda hər şey bu bircə kəlməni pıçıldayırdı.

Həmin gecə üç min kilometr uzaqda qanına qəltan olmuş qardaşım ölürmüş.

Sibir şamanlarının ayinləri həyat və ölüm haqqında səyyar sərgiçilərinin bir mənalı, realist tablolarından çox və geniş məlumat verir. Rəsm, ikon, miniatür, Şərq naxışlarındakı məzmunun qavrayışı insan xəyalını pərvazlandırır, onun qeyri-reallıq duyumunu gücləndirir və bu təsirin çoxplanlılığı insanın yalnız bir dünya haqqında təsəvvürünə sığışmır. Beləliklə, insan duyumu qarşısında açılan sonsuzluq bilavasitə kosmik fəzadan keçərək onun kainat haqqındakı təxəyyülünü daha da zənginləşdirir. Rəssamlıqdakı və dastanlardakı çoxyozumluluq həyatın nisbiliyi haqqında yaranmış təsəvvürdür. Bəzi memarlıq və heykəltəraşlıq abidələrinin məzmunu, Asiya qitəsinə xas olan bəzi metalların xassələri, Qədim Misirdə insanların, müxtəlif heyvanların necə mumlanması indiyə qədər də sirr olaraq qalır. Bir vaxt bizim əcdadlarımız Alyaska yarımadasını keçib o yanda böyük mədəniyyətin təməlini qoyublar. Asiyalı insan həyatın mənasını, sirrini axtarırdı, tapdı! Tapdıqlarını bircə şeyə yerləşdirə bildi ki, sonradan ona “incəsənət” dedilər: musiqi, memarlıq, rəqs, poeziya! Onlardan bizə əbədiyyət və fanilik haqqında, dünyanın gərdişini hərləyən çərxi-fələk haqqında müdrik sözlər qaldı. Onlar müxtəlif Allahlar yaradaraq özlərini o Allahlara tay tuturdular. Türk-monqol dastanında deyilir:

Qoy bizim dediyimiz sözlər

Gördüyümüz işlərlə düz gəlsin.

Qoy yaratdığımız Allahlar

Həmişə bunun şahidi olsun.

Rəssam bəsirətli, yəni gələcəyi görə bilən adam deməkdir. O, yaradıcılığı həyatın özündən də üstün tutur. İncəsənət haqqında həmişə elmi qabaqlayır, təfəkkür üçün geniş üfüqlər açır, insanın özünü, ətraf mühiti dərk etməsinə kömək edir, adi baxışdan yayınan reallıqları görməyə imkan yaradır.

Rəssam - məsihadır.

Rəssamlıq - peşə deyil, Allah vergisidir.

Və mən insanın həyatda baş verən hər şeyə cavabdeh olması fikri ilə tam razıyam.

İnsan həyatın sonsuz irəliləyişində öz ölümü ilə günah yuyan bir qurbandır.

Yenə də Geser xan haqqında türk-monqol dastanına müraciət edək:

Əzalarımız

həyatın nəşəsindən uzaqda

Ölümün ləzzətindən yaxındadır.

Biz iməkləməyi xalçanın üstündə öyrənirik. Xalçanın rəng və ornament əlvanlığı elə o vaxtlardan bizim körpə yaddaşımıza hoparaq orada iz qoyur.

Kim bilir, qalan hər şey bir yana - bəlkə bizim rəssam düşüncəmiz elə o vaxtlardan formalaşmağa başlayıb?

Rəssamlıq mənə həyatın mənasını dərk etməyi öyrədir.

Rəssamlıq - dəlilik və iradə deməkdir. Bu iki məfhum, əlbəttə, yalnız ilk baxışdan bir-birinə zidd olan şeylərdir.

Sonra da rəssama uzun ömür lazımdır - bu isə absurddur, çünki rəssam hər əsəri ilə öz ömrünü xırıd edir.

Rəssam öz ömrünü xərcləyə-xərcləyə nələri isə dərk edir və beləcə, ömrünü xərcləyə-xərcləyə rəssam öz rəsmlərində yaşamağa başlayır. Özü yana-yana ətrafa işıq saçır.

Cavanlıqda mən Sezannın pərəstişkarı idim

Sezann mənim əlimdən tutub böyük sənətə doğru aparırdı. Onun sistemində mən yaxşı təşkil olunmuş rəng, forma və məkan münasibətləri tapmışdım. Analitik üslubla o, dünyanın rəsm mühitini reallaşdırırdı; yox, o, materiyanı əşyalaşdırmırdı. O, materiyaya nəfəs verirdi, onu canlandırırdı, onun quruluşunu açaraq bayağı əşyaçılıq anlayışından yuxarıda saxlaya bilirdi. O, tabloya köçürdüyü hər bir varlığın məğzinə daxil olurdu, onun həyatla əlaqəsini açmağı bacarırdı. Sezannın konstruktivizmi Renessans sənətkarlarının çoxplanlı perspektivindən irəli gəlirdi. Onun rəng modulyasiyası, Van Qoqun sözləri ilə desək, Vaqnerin zəngin səs palitrasına oxşayırdı. Stoiklərin inamından və idealizmin pərəstişindən ruhlanan Sezann yaradıcılığı, hər şeydən əvvəl, müəllifinin təmiz və daim yüksəlişə meyl edən mənəvi aləmini göstərir.

O illər impressionistlərin əsərlərini muzeylərdə də heç kimə göstərmirdilər. Mən Ermitajın direktorunun yanına gedib dedim ki, Sezannın əsərlərinə baxmağa mənə icazə verməsə, onu öldürəcəm!

Göstərdilər.

Bu hadisədən 36 il keçəndən sonra mən B.Piotrovski ilə Bakıda görüşdüm (arxeoloqların simpoziumu keçirilirdi). B.Piotrovski yol üstündə idi, vaxt azlığından mənim emalatxanama dəyə bilmədi. Mən öz rəsmlərimin lentə köçürülmüş şəkillərini ona göstərdim. O, vəcdə gəldi: “Babil, Babil!” - dedi. Bu, böyük sənətdir. Misir ehramları kimi nəhəng bir şeydir. O vaxt siz Ermitajı nahaq yerə lərzəyə gətirməmisiniz!” (Direktor Artamonovun başına gətirdiyim həngamədən onun xəbəri vardı). Bu da ömrümüzün lətifəyə bənzər bir səhifəsi idi; xatırlayıb xeyli güldük.

1955-ci ildə mən ilk dəfə Afrika heykəltəraşlığının reproduksiyalarını gördüm. O vaxta qədər heç yerdə görmədiyim plastika, bir-birinə zidd olan ölçü sistemləri, hiss partlayışı, müxtəlif materialların - ağacın, ot çəngələrinin, təbii tükün, şüşənin, sümüyün, parçanın vəhdəti! Məsələn, adicə ağacdan yonulmuş insan fiqurundakı şüşə gözlər, təbii dişlər, müxtəlif rəngli cır-cındır özünün qeyri-adi, sufi təsiri ilə bir sənət əsəri kimi bu dünyada heç kimdən, heç nədən asılı olmadan mövcud idi və yaşayırdı. Bu qeyri-adi sənət forması məni sarsıtdı, mədəni ənənə mənbəyini yunan və yaxud Aralıq dənizi ətrafı mədəniyyət estetikasının müxtəlif nümunələrindən götrülmüş klassik Avropa incəsənətindən öyrəndiklərimin hamısını cılızlaşdırdı. Bu incəsənətlə dərindən tanış olmaq üçün Moskvaya - Mərkəzi kitabxanaya gedib Afrika mədənəyyiətinə aid çoxlu kitab oxuyuram. Amma bu da məni qane etmir; Leninqrada yola düşürəm - Dünya Etnoqrafiya muzeyinə. Orada zəncilərin ağacdan yonulmuş fiqurlarını, Beninin bürünc “başlarını”, sadədən də sadə qadın üzlərini, heyrətdənmi, dəhşətdənmi bərəlmiş qadın gözlərini görürəm (əl vurmaya bilmirəm).

Gözlərin bu qabarıqlığı arxasında mən insanın öz cismani qılafından çıxmaq, azad olmaq, kosmosla birləşmək ehtirasını görürəm. Oradaca mən Okeaniya ölkələrinin daş heykəllərini, Sibir maskalarını, şaman ayinlərini, Birmanın üç metr hündürlüyndə rəngli, müxtəlif Allahların rəmzi olan müqəvvalarını, İran, Hindistan, İndoneziya rəssamlıq məktəblərinin nümunələrini görürəm.

Həmin vaxt da Leninqradda Tibetin ikon sərgisi açılır. Bütün bunlar məni heyrətə gətirir; sanki, nəhayət, min illər intizarını çəkdiyim sehrli bir rəng aləmindəyəm.

Akvarel və kağız alıb bütün günləri işləyirəm, surət köçürürəm-yüz vərəqə qədər bütöv vatman kağızı keçir əlimin altından.

Oradan Moskvaya qayıdıram - yenə də Mərkəzi kitabxanaya. Acantanın divar rəsmlərinin reproduksiyalarına, Mərkəzi və Cənubi-Şərqi Asiya incəsənətinə baxıram.

Yenə də surətlər, surətlər, surətlər...

Təxminən həmin illərdə də Meksika incəsənəti sərgisi açıldı. Məni onların qədim daş heykəltəraşlığı möhkəm maraqlandırmağa başlayır. Müasir rəssamlardan isə Tamayo və Siqueirosun güclü formaları xoşuma gəlir. Qayıdıram Bakıya.

Yenə də Buzovna.

Tək-tənha.

On il.

Avropa mədəniyyəti ilə hesabımı tamam çürüdürəm; o, özünün quru cılızlığı ilə daha məni təmin edə bilmir. Yavaş-yavaş öz rəsmlərimi məhv edirəm; nəhayət bu işi də başa vururam, biri də qalmır.

Otuz beş yaşım var.

Yaxşı yadımdadır, fikirləşirdim ki, Van Qoq mənim bu yaşımda artıq bütün işlərini qurtarıb ölmüşdü, mən isə hələ heç nə etməmişəm. Bu məni dəhşətə gətirirdi. Ancaq mən haqlı deyildim.

Rəssamlığa mən də çoxları kimi cavan yaşlarımdan başlamışam. Həmin vaxtlar isə artıq mənim xeyli babat əsərim vardı ki, onlar da alovdan can qurtara bilmədi. Səbəbi özümə aydın idi: fəth olunmuş zirvə ilə kifayətlənməmək, tam mükəmməllik qətiyyəti, bir sözlə, maksimalizm. Hər halda, onları məhv etdiyimə görə mən təəssüflənmirəm. Məni təəssüfləndirən onlar yox, bir az başqa üslubda yaratdığım əsərlərin məhvidir ki, o haqda söhbət irəlidədir. Mənim içimi böyük yaradıcılıq ehtirasları didirdi və bütün bu proses dəhşətli dərəcədə mənim psixologiyama təsir edirdi. O vaxtlar çox yaxşı yadımdadır. Mən dəli kimi idim, mənimlə birgə yaşamaq mümkün deyildi: sözümə, iradəmə qarşı hər cür etiraz məni hiddətləndirirdi. Özümü sakitləşdirmək üçün tez-tez Van Qoqun sözlərini xatırlayırdım: “Sənətkar müqəddəs, eyni zamanda qudurmuş it kimi bir şeydir”. Bu proses – metamorfoza, çevrilmə, yəqin ki, hər bir sənətkara tanışdır.

Mən də incəsənətdə öz yoluma bütün bəşəriyyət kimi, sıfırdan - paleolitdən, mezolitdən, neolitdən başladım. Yolumun başlanğıcını ibtidai insanın yaşayış, ov yeri - Qobustan, oradakı qaya təsvriləri oldu (1956-1957-ci illər idi). Təsvirlər bir o qədər də xoşuma gəlmədi. Reproduksiyalarda onlar daha yaxşı görünürdülər. İbtidai insanın çəkdiyi vəhşi heyvanların zəhmi dəhşətli dərəcədə fiziki güc təzahürü kimi diqqəti cəlb edirdi. Lakin YER!

Tarixdən əvvəlki vaxtların keşməkeşində alt-üst olmuş müxtəlif formalı dağlar, qayalar... Mən öz rəsmlərimdə o qayaların ruhunu, vulkanların, dağların çizgilərini, onların nəhəng formasındakı dinamizmi və təbiiliyi göstərməyə çalışmışam. Mənim üçün həmişə təbiət varlığın ilkin forması olub. Mənim hətta ibtidai rəssama acığım tuturdu ki, o, bütün bu təbii imkanlardan istifadə etməyib, təsvirlərə qarşı laqeyd olub. Sonralar başa düşdüm ki, “ibtidai” rəssamın axtarışları mənim axtarışlarımdan özünün istiqaməti ilə fərqlənib. Qobustanın ibtidai rəssamı orta əsrlər miniatür plastikasının, ümumiyyətlə, sənətdə obraz, kompozisiya ahənginin əsasını qoyub. Neolit dövrünün, bizə daha yaxın başqa dövrlərin incəsənəti mənə xüsusi təsir etdi. Bu dövrlərin mədəniyyəti Azərbaycan ərazisində çox yaxşı təmsil olunub. Sufi və mücərrəd düşüncə tərzindən məhrum olmayan ibtidai rəssam daşdan məharətlə istifadə edərək dahiyanə obrazlar yarada bilib. Maraqlıdır ki, güclü ümumiləşdirmə prosesində də o rəssam obrazın fərd, ilk baxışdan çox kiçik görünən çizgilərini də unutmurdu. Məsələn, qadın obrazında bər-bəzək əşyalarından tutmuş, ta qadının istifadə etdiyi kosmetikaya qədər hər şey ibtidai rəssam üçün vacib idi. Belə təfsilat monumental forma bütövlüyünə dekorativlik elementləri ornament kimi yerləşdirilərək, müxtəlif sehrli qüvvələrin rəmz işarəsinə də çevrilə bilərdi.

Gauguin Şərq incəsənətinə yaxşı bələd idi. Heykəltəraşlığa təzə başlayan gənclərə nümunə kimi o, yolundan sapmış yunan heykəltəraşlığından yox, İran heykəltəraşlığından istifadə etməyi məsləhət görürdü (İran imperiyasına daxil olan Azərbaycan mədəniyyəti də bu ümumi regional mədəniyyətin bir hissəsi sayılırdı).

Buzovnada mən böyük taxta lövhələr üzərində qırdan, nitroemaldan istifadə edərək qadın surətləri yaradırdım. Bəzən qumdan düzəltdiyim müxtəlif şəkilli səthləri qırla örtüb, üstündən çınqıl, ağac, metal düzürdüm, sementdən müxtəlif fiqurlar tökürdüm. Bu, mücərrəd sənət idi. Lakin Avropanın mücərrəd sənətinə onun zərrə qədər də bənzəri yox idi. Mən onları təbiətin qoynunda, açıq havada, güclü bir hissiyyat fırtınasında işləmişdim. O işlərin hamısı monumental forma və zəngin rəng aləmindən ibarət idi. Təəssüf ki, o tablolar da məhv oldu, üç dənəsi salamat qaldı. Bir yerdən başqa yerə köçürəndə taxta lövhələr ağırlığa dözməyib sındı, bəzilərinin boyası quruyub töküldü, bəzilərində boyanı qır məhv etdi, bəzilərində qır özü çatlayıb parçalandı. Bəzilərini isə biz özümz torpağa quyuladıq; həddindən artıq ağır idilər, yerdən qaldırmaq mümkün deyildi. O işlərin də məhvinə mənim həmişəki pulsuzluğum səbəb oldu. Özüm çəkdiyim bir xəritədə o tabloları quyuladığımız yerləri qeyd etmişdim, ancaq sonralar xəritəni də itirdim.

Gəncliyin maksimalizmi hər şeyi qavramaq, hər şeyi əhatə etmək, necə deyərlər, hər şeydən dadmaq arzusunun çılğınlığından irəli gəlir. Bəzən həyatın ədalətsizlik kimi görünən bir çox sahələrini olduğu kimi qəbul etməməyimiz və onlara qarşı üsyanımız da gəncliyimizin təcrübəsizliyindəndir. Lakin zaman keçdikcə, həyat bizi yüz cür əzab-əziyyətlə müdrikləşdirdikcə gənclik maksimalizmi bizi tərk edir və biz yavaş-yavaş anlamağa başlayırıq ki, elə indinin özündə də, əvvəllər də kainatın izaholunmaz sirləri qarşısında dünya yox, hələ bizim öz idrakımız mükəmməlləşməyib.

Mənim üçün Abşeron və onun bir hissəsi olan Qobustan müqəddəs yerlərdir. Ona görə yox ki, burada mən ilk dəfə gözümü açıb səmanı görmüşəm; ona görə yox ki, burada-ərazicə kiçik bir torpaqda dəniz, dağlar, səhralar, vulkanlar, əsrlərin dərinliklərindən qalxan məbədlər, Qızıl Nohur və qədim Meksika incəsənəti ilə səsləşən qədim qəbristanlıqlar var. Vaxtilə bu mövzuda meksikalı alim-arxeoloq məruzə etmişdi: “Ölümündən sonra da o qəbirlərdə həyat ümidi duyulur”. Bu sözlər mənim Abşeron haqqında xatiratımın ruhuna çox yaxındır.

Burada ibtidai insan yaşayıb, çəkdiyi şəkilləri bizə yadigar qoyub gedib. Amma bütün bunlardan savayı mənim üçün ən başlıcası, bu torpağın mübariz şövqi-nəfəsidir. Mən bu torpağı qarış-qarış gəzmişəm. Məni sənətkar edən də, mənə dözüm və mətanət verən də bu torpaqdır.

Burada Zərdüşt yaşayıb, özünün müdrikliyini nəğmələrə, nağıllara, dastanlara hopdurub bizə saxlayıb; o irslə xalqımız nəslbənəsil tərbiyə olunub.Və bu xalqa dünyada hər şeyin dəxli olub; bu xalq heç bir zaman və heç bir işdən kənarda qalmayıb.

Bir dəfə uşaq vaxtı biz - qardaşım və mən babamla piyada kəndə gedirdik. Hava, həmişə ilin bu vaxtında olduğu kimi, çox isti idi. Ətrafdakı bomboz çöllərin ucu-bucağı görünmürdü. Uzaqda gözümüzə araba dəydi və tezliklə də təpələrin arxasında itdi. Qızmar günün altında xeyli yol getmişdik ki, birdən yolun üstündəcə bir neçə qarpız-yemiş gördük. Biz çox təəccübləndik: torpağı günəşdən qovrulan bu yarımsəhrada bunlar hardandır? Babam dedi ki, bu, arabaçının işidir; uzaqdan bizi görüb və uşaqları sevindirmək üçün bunları yolun üstündə pay qoyub.

Babamın kəsdiyi o qarpız dilimlərinin istisini, rəngini, dadını mən heç vaxt unutmaram.Və bir də heç zaman üzünü görmədiyim o arabaçı kişi mənim xəyalımdan çıxmaz.

Mən ömrümdə birinci və yəqin ki, axırıncı dəfə, necə deyərlər “ədəbiyyata” əl atıram - bu, doğrudan da mənim işim deyil. “Ramayana”da başaq yığanlar haqqında belə rəvayət var ki, onlar sünbül yığa-yığa günəşlə birləşirlər; özləri günəşə çevrilirlər. Bu, əlbəttə, rəmzi məna daşıyır. Mənim yaradıcılığım polifonik-çoxmənalı və çoxrənglidir ki, bunlar da mənim sağlam düşüncə tərzimdən, bəlkə də dünyanı həqiqətdə olduğundan gözəl qavrayışımdan irəli gəlir. Mənim yaradıcılığım incəsənətdə, xüsusən indi, az-az təsadüf edilən atəşin gücdən, həyatın bütövlük duyumundan, sağlam biopsixologiyadan ibarətdir.

Amma mən heç zaman bununla kifayətlənməmişəm - əksinə bunların köməyi ilə daim idrakın ənginliklərinə doğru can atmışam ki, kainatın hələ açılmamış sirlərindən nəyisə anlaya bilim.

1985

# 1447 dəfə oxunub

Müəllifin son yazıları

# # #