Bu azərbaycanlının ifası yadplanetlilərə göndərilibARAŞDIRMA

<b>Bu azərbaycanlının ifası yadplanetlilərə göndərilib</b> – <span style="color:red;">ARAŞDIRMA
15 noyabr 2017
# 14:10

90-cı illərdə tez-tez belə bir fikir eşidirdik: bizim muğamımız kosmosa göndərilib. Bir çox “şəhər əfsanələri” kimi bu fikrə də qeyri-ciddi yanaşır, gülümsəyib keçirdik. Biz hara, kosmos hara? Belə şey olar?

Sən demə olub. Özü də uzaq 1977-ci ildə.

Amerika astronomu Karl Saqanın rəhbərlik etdiyi komissiya kosmosa Yer kürəsi haqqında məlumat göndərməyi öhdəsinə götürür. Məqsəd kainatda olan başqa varlıqlara - yadplanetlilərə - planetimiz və burdakı həyat haqqında məlumat vermək idi.

Beləliklə kosmosa göndəriləcək məlumat daşıyıcısı və ona daxil edilən materiallar diqqətlə seçilir. Həmin daşıyıcıdakı məlumatlar elə olmalı idi ki, Yer kürəsi haqqında müfəssəl məlumat versin. Bunun üçün qızılla örtülmüş mis plastinka düzəldilir.

Plastinkanın qutusu alüminiumdur və tam saflaşdırılmış uran - 238 izotopu ilə örtülüb. Uran-238-in yarım parçalanma periodu 4.51 milyard ildir. Plastinkanı ələ keçirən mümkün varlıqlar uranın radioaktiv parçalanmasından yaranan elementlərə olan nisbətinə baxaraq onun yaşını təyin edə bilər. Plastinkanın üzərində istifadə qaydası verilib, yerləşdirildiyi futlyara valçaldıranla yanaşı iynə qoyulub.

Plastinkaların göndərildiyi “Voyacer 1” kosmik aparatı 1977-ci ildə kosmosa buraxılır. 2014-cü ilin məlumatına görə “Voyacer 1” Günəşdən 19.1 milyard kilometr məsafədə uzaqlaşıb. “Voyacer 1”in 40 min il sonra 17.6 işıq ili uzaqlıqda olan AC+79 3888 ulduzuna çatması gözlənilir.

Layihənin məqsədi kosmosdakı naməlum varlıqlara planetimiz haqqında məlumat vermək olduğu üçün plastinkada 55 dildə salamlama və diləklər yerləşdirilib. Onlardan yeddisi şumer, akkad, latın kimi qədim dillərdədir.

Bundan başqa plastinkada 116 şəkil və 27 melodiya var. Həmçinin BMT başçısı Kurt Valdhaym və ABŞ prezidenti Cimmi Karterin səsli mesajları əlavə olunub. Voyacer qızıl plastinkasının içinə 27 melodiya daxil olub. Bu melodiyaların arasında Bax, Bethoven, Motsart, Stravinski, Çak Beri, Lui Armstoronq kimi musiqiçilərin əsərləri ilə yanaşı Xalq artisti Kamil Cəlilovun ifası da daxildir.

Qocaman qoboy ifaçısı o günləri belə xatırlayır.

- Mənim “Çahargah ahəngi”m 1976-cı ildə Filippində birinci yerə layiq görüldü. Bundan sonra həmin ifam plastinkaya salındı. Onsuz mənim Moskvanın ümumittifaq radiosunda mahnılarım yazılmışdı. Buna görə də təzədən ifamı yazmağa ehtiyac qalmadı. UNESCO da mənim ifamı bəyənmişdi. “Çahargah ahəngi” əsərimi onlar özü seçdilər, mən heç bir təklif vermədim.

Voyacer qızıl plastinkası haqqında məlumatlarda Kamil Cəlilovun o melodiyanı balabanda ifa etməsi qeyd olunsa da, musiqiçi bunu inkar edir: “Mən o mahnını balabanda yox, qoboyda ifa etmişdim. Kimlərsə bilərəkdən, ya bilməyərəkdən yazırlar ki, guya orda balaban səslənir.”

Voyacer qızıl plastinkasının kontenti haqqında məlumatın yerləşdirildiyi Vikipediya səhifəsində isə Kamil Cəlilovun onu balabanda ifa etdiyi və melodiyanın Moskva Radiosunda yazıldığı qeyd olunub.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə isə Voyacer qızıl plastinkasında Kamil Cəlilovun ifasının yer alması haqda məlumatı olmadığını bildirdi:

- Bizim bildiyimizə görə orada Bəhram Mansurovun “Bayatı-Şiraz” ifasından bir parça yerləşdirilib. O ifa vaxtı ilə Fransada yazıya alınmışdı. 2009-cu ildə I Beynəlxalq Muğam Festivalı keçiriləndə bu məlumatla biz açılış etmişdik. Hətta plastinkanın rəsmini nümayiş etdirdik. Müxtəlif insanlar bu məlumatı götürüb dəyişirlər, doğru sözü demirlər.

Firəngiz Əlizadə həmin plastinkada Kamil Cəlilovun ifasının yer alması faktına belə münasibət bildirdi:

- Mənim Kamil Cəlilova da, onun sənətinə də böyük hörmətim var, ancaq həmin plastinkada onun ifasının olması faktını eşitməmişəm.

Musiqişünas Cahangir Səlimxanovun fikrincə melodiyanı NASA özü seçib:

- Həmin plastinkada Azərbaycan muğamı ilə yanaşı gürcü xoru da seçilib. Yəqin bu plastinkanı hazırlayan heyət haqlı olaraq hesab edib ki, muğam bəşəriyyətin ən yüksək nailiyyətləridir və bu irsi biz insanlıq adına başqa sivilizasiyalar ilə də bölüşə bilərik.

Firəngiz Əlizadənin fikirlərinə də aydınlıq gətirən musiqişünas əlavə edib ki, melodiyada nəfəsli alətdən istifadə olunduğu üçün Bəhram Mansurovun onu ifa etməsi fikri yanlışdır:

- Bəhram Mansurov Andrey Tarkovskinin “Stalker” filmində “Bayatı-Şiraz” ifa edib. Yəqin Firəngiz xanım onunla dəyişik salır.

Görəsən Karl Saqanın rəhbərlik etdiyi astronavt heyəti kainatın ehtimal olunan başqa sakinlərinin dinləməsi və bəşəriyyəti tanıması üçün niyə məhz Azərbaycan musiqisini, niyə başqa muğamı yox, məhz “Çahargah ahəngi”ni seçib, niyə simli alətin deyil, nəfəsli alətin ifasına üstünlük verib? Və ümumiyyətlə uzaq 1977-ci ildə Azərbaycan melodiyasının seçilməsi necə baş vermiş və ictimaiyyət arasında necə reaksiya yaratmışdı? Təəssüf ki, müraciət etdiyimiz mütəxəssislərin heç birindən bu suallara cavab ala bilmədik.

Bizə isə bircə şey qalır, sevinmək. Sevinək ki, doğma musiqimiz kosmosda sonu bilinməyən böyük bir səyahətə çıxıb və Yer kürəsindən seçilmiş 27 musiqi parçası içində yer alan “Çahargah ahəngi”miz təkcə bəşəriyyəti-insanlığı deyil, dünyanın azərbaycanlı adlı bir xalqının hisslərini, düşüncələrini də özü ilə daşıyır, təmsil edir.

# 1674 dəfə oxunub

Müəllifin son yazıları

# # #