İşğaldan sonra gözlərini itirən şair: “Kəndimizi əlimlə, ayağımla taparam” - Müsahibə

<span style="color:red;">İşğaldan sonra gözlərini itirən şair:  “Kəndimizi əlimlə, ayağımla taparam” - <span style="color:red;">Müsahibə
18 may 2019
# 11:10

Laçının işğalından 27 il ötür. Kulis.az bu münsibətlə Ağcabədinin Taxtakörpü ərazisində - Qarakeçdi obasında məcburi köçkün kimi məskunlaşan görmə əngəlli şair Haqverdi Şərəfoğlu ilə gənc şair Saqif Zeynalın yığcam söhbətini təqdim edir.

- Sənətkar salam, necəsiniz, səhətiniz necədir?


- Şükür yaxşıyam, səhətim də xırda nasazlıqları nəzərə almasaq yaxşıdı.

Havalar istiləşməyə doğru gedir, yay gələndə buralar çox isti olur, dözülməz olur, istilərlə necə mübarizə aparırsınız?

- Buranın yayı cəhənnəm olur. Xaotik istilərin əlindən adam başın götürüb getmək istəyir, amma hara gedəsən?!

Əvəllər çox çətin idi. Sonra sərinkeş aldıq, bir neçə yayı onunla keçindik, qismən də olsa istini dağıdırdı. Daha sonra kondisionerlər çıxdı - yəni bizə də gəlib çıxdı - indi bir neçə il olar ki, ondan istifadə edirik, süni sərinlədici olsa da yaxşdı. Nə edək, dağların sərin havasının təsəllisini kondisionerdən almaq məcburiyyətindəyik. Buna da şükür!

- Laçının işqalından 27 il ötür, işğal illərini necə xatırlayırsınız?

- Mənim üçün Laçının işqalından 27 il yox, 27 əsr ötür. Laçının işğalı ömrümün ən ağrılı-acılı illərinin başlanğıcı oldu. Və xeyli uzun çəkdi...

- Laçının işğal ildönümlərində nə hislər keçirirsiniz?

- Yadımdadı, biz Laçından may ayının on yeddisi şər qovuşanda çıxdıq, hələ də yaddaşımda şərqovuşandı. İndi də oraları o cür alatopran xatırlayıram. Xəyalımdan silinməsə də, yaddaşımda canlanan mənzərələrin üstünü boz-bulanıq bir örtük bürüyür. Boş qalan kəndlərimizi düşünəndə özümü boşluğa atılmış daş kimi hiss edirəm.

- Oralar yadınızda necə qalıb? Vaxt keçdikcə unudulur yoxsa yox?

- Görəsən, oralar görənlərin yadından heç çıxarmı?! Heç unudularmı?! Necə var idisə elə də xatırlayıram. Hər gün xəyalımda oralarda dolaşır, əllərimlə torpağına-daşına toxunuram, oraların qoxusunu duyuram.

- Bir daha oralara qayıdacağınıza inanırsınızmı?

- O illərin müsibəti uzun illər bir daha oralara qayıda bilməyəcəyik kimi bir ümidsizlik yaratmışdı məndə. Ancaq Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət məndə inam hissi yaratdı ki, öz yurdumuza, yuvamıza qayıdacağıq.


- Laçınsız keçirdiyiniz ağır illərdə çox şey itirdiniz. Sizin üçün doğma olmayan bu kimsəsizliklərdə üstəlik gözlərinizin nurunu da itirdiniz. İnanırsınız ki, bir gün Laçına qayıtsanız gözlərinizin nuru özünə qayıdar?

- Həkimlərin deməsinə görə gözlərimin nurunun geri qayıtması qeyri-mümkündü. Artıq bunu qəbul eləmişəm. Ancaq inanıram ki, bir gün Laçına qayıtsam ruhən orda olduğum vəziyyətə qayıdacam. Əgər kəndimiz əvvəlki nizamındadırsa, düzəni pozulmayıbsa, gözlərim görməsə belə qapımızdan kəndimizin istənilən yerinə rahatca gedə bilərəm. Mən kəndimizi təkcə gözlərimlə yox, əllərimlə, ayaqlarımla da tanıyıram.

- Aşıq Veysələ deyirlər, tibb inkişaf edib, gözlərinizi aça bilərik, istəyirsinizmi?! Razı olmayıb, “İllərlə özümə bir dünya yaratmışam, dağılmasını istəmirəm” - deyir. Elə bir imkan olsa, siz necə gözlərinizin açılmasına razı olarsınızmı?!

- Nəinki ahıl yaşımda, hətta ömrümə bircə gün qalsa da razı olardım. Gözün nurundan qiymətli nə ola bilər?

- Şeirlərinizdən birində deyirsiniz:


"Düzəndə ləliyəm, təngənəfəsəm
Dincliyim dağların yoxuşundadı..."

Adətən adam enişli-yoxuşlu yerlərdə yorulur, siz əksini düşünürsünüz.


- Qartal üçün ən rahat yer sərt qayalıqlar, uca zirvələrdir. Qartal heç zaman qanadlarını sərib düzəndə rahat ola bilməz. Bir gün dünyaya göz açdığın yerdə sənin yolların enişdən-yoxuşdan ibarət olursa deməli sənin üçün ordan rahat yer yoxdur. Başqa yerdə nizamın pozular, rahatlıq narahatlığa çevrilər. Üstəlik qəriblik...

- Yaxşı riyazi bilikləriniz var, hərdən maraqlı suallar da verirsiniz. Riyaziyyat şeirlərinizdə də hiss olunur. Maraqlıdır, sizi daha çox riyaziyyat, yoxsa ədəbiyyat heyrətləndirir?

- İkisindən də əvəzsiz zövq alıram. Özümü onlarsız təsəvvür edə bilmirəm. Daha çox bu iki şeydən ibarət olduğumu anlayıram... Gözlərimin işqsızlığına dözüb dayanıram, amma onlarsız dayana bilmərəm. O ki qaldı hansının daha çox heyrətləndirməyinə, ikisi də heyrətləndirir, ancaq daha çox riyaziyyat!

- Sonda bir sual da verim, xəyalınızda ən çox haralara gedirsiniz?

- Fikrim yenə yəhərlədi köhləni
Məni məndən uzaqlara apardı.
Bir sevimli kür uşağa döndərib
Əzizləyən qucaqlara apardı.

Ər qeyrətli, cəsarətli anamın,
Qız-gəlindən ləyaqətli anamın
Qabar əlli, səxavətli anamın
Gur çatdığı ocaqlara apardı.

Yaz olanda qar yığnağı talanan
Həkərisi çalxalanan, bulanan
Güneyləri, qüzeyləri dolanan
Dar cığırlı yolaqlara apardı.

Ərənləri at üstündə keçdiyi
Bardaş qurub şadlıq yeri seçdiyi
Gözəllərin ovuc-ovuc içdiyi
Abu-kövsər bulaqlara apardı.

Ay Haxverdi, hey boğuldum qəhərə
Zülmət gecəm düçar oldu səhərə
Ağır elli, doğma kəndə, şəhərə
Boz sürülü yaylaqlara apardı...

Saqif Zeynal

# 3133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #