Ora dünyanın ən zəngin şəhəri idi – Ağdam haqda ağdamlılar danışır

Ora dünyanın ən zəngin şəhəri idi – <span style="color:red;">Ağdam haqda ağdamlılar danışır
23 iyul 2018
# 11:44

Bu gün Ağdamın işğalından 25 il ötür. Kulis.az bu münasibətlə Ağdamdan olan məşhurların Ağdam və ağdamlılar haqqında fikirlərini təqdim edir.

Qədir Rüstəmov

Bütün oxuduqlarıma görə ağdamlı dostlara borcluyam. Məni ağdamlılar irəli çəkib. Elə olub paltarım köhnə olub, öz paltarlarını veriblər ki, get Flarmoniyada oxu. Ağdamda yaxşı kişilər, yaxşı qadınlar olub, onların bu gün də yaxşı övladları var. Ağdamın kəndlərində də yaxşı adamlar olub, yenə də var.

Arif Babayev

Dünyamı dəyişməmiş Ağdama getmək istəyirəm. O torpağın həsrətindəyəm.

Aqil Abbas

Ağdam dünyanın ən zəngin şəhəri olub. Mənim fikrimdə Ağdam elə dünyanın ən varlı şəhəri olub. Mən çox ölkələrdə olmuşam. Nyu-Yorkda, Türkiyədə küçələrdə, körpülərin altında, vitrinlərdə dilənçilər yatırdı. Amma mən Ağdamda belə insanlar görməmişdim, orada insanlar zəngin yaşayırdı.

Qulu Ağsəs

Vətən həmişə adamı çəkir. Hələ o torpaqlara getmək qadağandırsa, o zaman insan doğulduğu torpaqlara daha çox can atır. Bəlkə də, Qarabağ bizdə olsaydı, Ağdama getmək əvəzinə Qəbələyə, Şamaxıya getməyi daha üstün tutardım. Amma gedə bilmirəm deyə, təkcə ayaqlarım yox, ürəyim, ruhum, bütün varlığım Ağdama getmək üçün can atır.

Hazırki əsas şəkil

Rəmiş

Heç bir ağdamlını pul “atan” kimi tanımıram. Pul “atan” ağdamlının ata-babası ya erməni olub, ya da başqa yerdən gələnlər. Əsl ağdamlılar igid olurlar.

İradə Musayeva

Ağdam haqqında 25 ildir ki, heç nə yaza bilmirəm... əlacsızlığım davam edir, sözüm yoxdur... Sadəcə yanmış, kül olmuş evlərin qarşısında, uçulub tökülmüş səkilərin birinin üstündə oturub ağlamaq istəyir adam... Ağdamla danışmaq, dərdləşmək, 25 illik əsirlik halı haqqındakı ağrıya sükutlaı qulaq asmaq... Bunun üçünsə ikicə kəlməni demək şansı olmalıdır. Şəhərin ən hündür yerində dayanıb: Salam, Ağdam!-demək...

Vahid Qazı

Mən Ağdamı yenidən tikəcəyimizə çox inanıram. Bitməyən müharibə yoxdu, bu dava da bitəcək. Dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək… Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq. Unudulacaq bütün kədərlər. Şəhər yeni sevgi dastanı yaşayacaq…

Esmira Məhiqızı

Gəl yoluna ağı deyim

Ağdam, beş yolun ağlasın.

Göy üzündə quşu ölən

Ağdam, quş yolun ağlasın.

Biri düzdən dağa çıxan

Biri yerdən göyə qalxan

Biri də üzümdən axan

Ağdam, yaş yolun ağlasın.

Rey Kərimoğlu

Ağdam bizim üçün cənnətdən bir pay idi.

# 4470 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #