Qurut məhbusları necə xilas etdi? – Mehman Cavadoğlu yazır

Qurut məhbusları necə xilas etdi? – <span style="color:red;">Mehman Cavadoğlu yazır
19 dekabr 2017
# 15:11

"Kim günahsızdırsa, birinci daşı o atsın” – deyə İsa Məsih pozğunluqda ittiham edilən qadını azğınlaşmış fariseylərin daşqalağından xilas edir.

"Silərsən gözündən axan yaşları,

Öpüb əzizlərsən sən o daşları.

Deyərsən: "Sağ olun, qan qardaşlarım,

Məni təzə daşa kim qonaq eylər?!”

– deyə Ramiz Rövşən həmvətənlərinin daşqalağına sinəsini açan Əbülfəz Elçibəyin Vətən və Xalq sevgisinə heç vaxt silinməyəcək poetik möhür vurur.

"Aman Allah, bu necə daş?

Bundan ki süd iyi gəlir.

Düyünlənir gözümdə yaş,

İçimdə ümid göyərir.”

– deyə Raisa Qolubeva adlı bir əyalət müəllimi isə əksinə, daşqalaq edənləri və atılan daşları vəsf eləyir.

Çünki bu daş bir başqa daş idi.

Gertruda Platays xatırlayır: "Jalanaş gölünün sahilində barak düzəltmək üçün qamış yığırdıq. Birdən qamışlıqdan bir dəstə qoca kişi və balaca uşaq çıxdı. Qonşuluqdakı Janaş kəndinin sakinləriydilər. Yaşlıların əmriylə uşaqlar bizi daşlamağa başladılar. Bu mənzərə konvoylara çox ləzzət elədi. "Görürsünüz, sizi təkcə Moskvada yox, burdakı aullarda yaşayan uşaqlar da sevmirlər” – deyə bizi ələ salmağa başladılar. Bütün müsibətlərə rəğmən uşaqların bu hərəkətinə heç cür tab gətirə bilmirdik, bu çox ağır zərbəydi – mənəvi zərbə. Çoxdan qurumuş göz yaşlarımız sel kimi axıb tökülürdü. Bolşevik təbliğatı bu insanları bizə – heç bir günahı olmayan zavallı məxluqlara qarşı əsl düşmənə çevirmişdi”.

Bəli, yerli əhalinin belə münasibəti hər gün üzləşdikləri çoxsaylı fiziki, seksual, psixoloji işgəncə və zorakılıqlardan həyat eşqini və enerjisini tamamilə itirmiş məhbusların bəzən insanın özündən də sonra ölən ümidlərini də birdəfəlik məhv eləyir. Onlar az qala özlərinin günahkar olduqlarına inanmağa başlayırlar. Təhqir, mənəvi zərbə məhz buna görə bütün digər işgəncələrdən daha qəddar, daha amansızbir sosial fenomendir...

Qzaxstanın Akmol vilayəti. Yayı 40 dərəcə isti, qışı 40 dərəcə soyuq keçən bu yerlər ilin əksər vaxtlarında küləkli olur, boran, çovğun tüğyan eləyir. Qışda qardan, yayda toz-torpaqdan və sürü kimi ora-bura uçuşan həşəratlardan göz açmaq olmur. 1938-ci ildə burda Qaraqanda İslah Əmək Düşərgəsinin 17 saylı xüsusi qadın düşərgəsi salınır. 1953-cü ilə kimi fəaliyyət göstərən düşərgədə əsasən repressiyaya məruz qalmış ziyalıların, dövlət və hökumət məmurlarının arvadları və digər ailə üzvüləri cəza çəkirdilər. Bu düşərgə el arasında vətən xainlərinin arvadlarının Akmol düşərgəsinin (Акмолинский лагерь жён изменников Родины) rusca abbreviaturası olan ALJİR kimi ekzotik bir adla məşhur idi.

Sovet həbs düşərgələrində məhbusların çəkdikləri məşəqqətlər haqqında çox yazılıb, çox deyilib, müxtəlif filmlər çəkilib, televiziya verilişləri hazırlanıb. Odur ki, ALJİR-in dəhşətləri haqqında uzun-uzadı danışmaqla məlumatlı oxucuları yormaq fikrində deyiləm. Sadəcə olaraq, A. Soljenitsinin "Arxipelaq Qulaq” əsərində sözü gedən üç "ada”dan biri olan Qaraqanda İƏD-in tabeçiliyindəki bu konslagerdə yatanların günahsızlığını və çəkdikləri zülmləri göstərən iki mənasız, mənasız olduğu qədər də tükürpədici epizoddan da yan keçmək olmur.

Adi, savadsız bir kəndli qızı niyə tutulduğunu öz məhbus yoldaşlarına belə nəql edir:

"Müstəntiq üstümə qışqıra-qışqıra dedi ki, sənin ərin traktorçudur. Mən də dedim ki, yox, o, briqadirdir”. Sən demə, müstəntiq "Trotskiçidir” deyib və ömründə belə bir adamın adını eşitməyən zavallı qızcığaz bunu traktorçu kimi başa düşüb.

Başqa bir məhbusun xatirələrindən: "Bir dəfə bizə alma qələmləri əkdirirdilər. 600-dən çox qələm əkmişdik. Balaca qələmlərin qabığı yşumşaq olduğu üçün dovşanlar onları gəmirib yeyirdi. Konslagerin rəhbərliyi dedi ki, əgər bircə dənə qələm zay olub sıradan çıxsa sizi güllələyəcəyik. Məcbur olub öz çörək payımızı tikə-tikə doğrayıb qələmlərin dibinə qoyurduq. Beləcə özümüz ac qala-qala bağı birtəhər yaza kimi qoruyub saxlaya bildik. Çörəyə öyrəşən dovşanlar daha qələmlərə toxunmurdu”

İndi həmin almalıqda "ALJİR” xatirə-muzey kompleksi yerləşir.

Sovet İttifaqının müxtəlif ərazilərinə səpələnmiş yüzllərlə konslagerdən biri olan ALJİR-ə cəhənnəmin yer üzündəki episentri deyirdilər. Burda cəza çəkən səkkiz mindən çox qadının öz ərlərini və yaxın qohumlarını satmamaqdan başqa heç bir günahı yox idi. Qamışdan yapılmış uzun barakların hər birində 400 nəfərə yaxın dustaq qalırdı. İçərinin havası o dəcədə ağır və üfunətli olurdu ki, nəzarətçilər məhbusları saymaq üçün içəri girə bilmir və bu işi dustaqlardan birinə həvalə edirdilər. "Bizi qızıl kimi qoruyur, p.. kimi dəyər verirlər” – deyə məhbuslardan biri xatırlayırdı”.

Hər fəslin özünə uyğun ağır işləri olsa da, müəyyən qrup yay-qış qamış yığmaq üçün Jalanaş gölünün sahillərinə aparılırdı. Qamış yayda yeni baraklar tikmək (dustaq gətirən eşalonların ard-arası kəsilmirdi, axı), qışda isə həmin barakları qızdırmaq üçün lazım idi.

...Qamış yığmaqdan qayıdan məhbusların daşqalağı üç gün idi ki, ara vermirdi. 16-17 saatlıq ağır iş günündən sonra güclə ayaq üstə dayanan ac qadınların yeriməyə taqəti qalmamışdı. Birdən Gertruda Plataysın ayağı elə bu daşlardan birinə ilişir və o, üzü üstə yerə yıxılır. Yerdə isə həmin daşlardan nə qədər istəsən var idi. Axı, ağzında daşqalaq deyirsən. Sifəti təsadüfən budaşlardan birinə toxunan qadın süd qoxusu huss edir və qoxunun təsirindən məst olaraq onu acgözlüklə ciyərlərinə çəkir. Ürəyinə qəribə bir toxtaqlıq gəlir, mədəsi şirə buraxır. Burnunu bir müddət bu sehrli daşa sıxıb qalır, onun cazibəsindən ayrıla bilmir. Çölün düzündə səhərədək bu vəziyyətdə uzanıb qalmaq imkanı olsaydı bəlkə heç ayağa qalxmazdı. Ancaq bir neçə dəqiqədən sonra arxadan gələn nəzarətçilərin şillə-təpiklərinə qonaq olmamaq üçün tez özünü ələ alıb ayağa qalxır, qalxanda da daşlardan bir neçəsinin götürüb qoynuna, cibinə soxaraq özüylə baraka gətirir. Səhərədək iyləmək üçün. Barakda həmin daşları görən qoca bir qazax məhbus onun daş yox, qurt olduğunu bildirir. Bizim dildə desək – qurut.

Qısa arayış:

Lap qədimdən köçəri türklərin mətbəxində mühüm yer tutan qurut qoyun, keçi, inək, bəzi yerlərdə isə at südündən çalınmış qatıqdan hazırlanır. Qatıqdan süzmə alandan sonra onu duzlayıb bərkiyənə kimi yumrulayır, bir neçə gün günün altında qurudub daşa döndərirlər. Bişmiş quruta isə duz vurmurlar. Sadəcə qaynadıb yumrulayır və qurudurlar. Qurut nə qədər bərk olsa, bir o qədər keyfiyyətli sayılır, çünki çox qalır. Bu, köçəri həyat tərzi keçirən insanlar üçün olduqca əlverişli qida məhsuludur. Qurut elə-belə, yəni pendir kimi də yeyilir, ondan şorba da hazırlamaq olur, müxtəlif ət yeməklərinə turşməzə dad vermək üçün ədviyyat kimi də istifadə edilir. Susuzluğu söndürür, ürəkbulanmasının qarşısını alır. Uzaq yola çıxan səyahətçilərin və zəvvarları arasında da çox populyar qida sayılır. Çingizxanın əsgərləri yürüşə çıxarkən özlərilə 2-3 həftəlik qurut ehtiyatı götürürdülər. Ümumiyyətlə, bu cür gec xarab olan ərzaq məhsullarının hazırlanması köçəri məişətinin əsasını təşkil edirdi. At südündən hazırlanan kumısın əsas üstünlüklərindən biri də onun uzun müddət xarab olmamasıdır. Bu gün dünyanın hər yerində geniş yayılan kolbasanı, onun hisə verilmiş, bişmiş və s. müxtəlif növlərini də türklər icad ediblər. Maraqlıdır ki, qurut da, köçəri mətbəxinin bu qəbildən olan digər yeməkləri də bütün türk dillərində cüzi səs fərqilə eyni cür adlanır.

Dustaqların "daşqalağı” bir müddətdən sonra formasını dəyişir. Axı, işin üstü hər an açıla bilər və nəinki həmin uşaqlar və qocalar, onların zənən xeylağından olan bütün əqrəbaları da dərhal dönüb trotskiçi olardılar. Baraklardan çimkişib içəri girməyən nəzarətçilər qamışlıqda işləyən məhbusları da uzaqdan güdürdülər. Odur ki, daha sonrakı günlərdə Janaş sakinləri qurutu və gücləri daxilində dişə dəyən nələri vadısa hamısını gecələr qamışların arasında gizlədirmişlər.

Gertruda PlataysALJİR-i tərk etdiyi illədə yerli sakinlərlə vidalaşmaq belə qoxulu olduğu üçün onun Janaşlılara bir "çox sağ ol” borcu qalmışdı. Ötən əsrin 90-cı illərində o yenidən Akmola gəlir. Təbii ki, cəhənnəmi yenidən görmək üçün yox(xatırladaq ki, Qazaxstanın yeni paytaxtı Astana şəhəri bu vilayətdə yerləşir və deyilənə görə həmin yerlər artıq çox gözəlləşib),borcundan çıxmaq üçün. Minlərlə məhbusun yaşadığı müsibətlərin canlı şahidinin konslagerdə baş verən dəhşətlərhaqqında danışdığı hekayətin içində bir Qurut dastanı da var idi. Bütün dünya bu dastanı eşitdi və öz süfrələrinin əvəzedilməz neməti olan qurutu totalitarizmlə mübarizə silahına çevirən Janaş sakinlərinə heyran oldu. "Mən və bir çox məhbus yoldaşlarım məhz qurutun hesabına sağ qaldıq” – Gertruda elə- beləcə də demişdi.

Əlbəttə, balaca bir kəndin özləri də ehtiyacdan əziyyət çəkən sakinlərinin qurut ehtiyatıyla 8 mindən çox dustağın qarnını doyurmaq mümkün deyildi. Məhbusları saxlayan, ölümün pəncəsindən alan həmin uşaqların, onlara artıq dırnaqda yazası olacağım "daşqalaq” əmrini verən qocaların münasibəti oldu. Ətrafdakıların mərhəmət və qayğısından qəlblərində ümid göyərdi. "Kömək edirlərsə, deməli, günahsız bilirlər” – deyə içlərinə bir hüzr şökdü. Razılaşın ki, ümidin öldüyü yerdə bu o qədər də az şey deyil. Adamı ölüm xofundan da betər sarsıdan mənəvi zərbənin, əslində, mənəvi dəstək olduğunu anlamaqdan yaranan hisslər... Bundan daha yaxşısı olurmu?!

Gertruda Plataysın hekayətindən sonra yerli məktəblərin birində tarix müəllimi işləyən Raisa Qolubeva yuxarıda bir kupletini tərcümə etdiyimiz şeirini yazır. Qazaxstana sürgün edilən inquş ailəsində doğulan Ayşət Malsaqova adlı tanınmış şair ona poema həsr edir. Təəssüf ki, qurutu bütün dünyada məşhurlaşdıran Gertruda Plataysın özü haqqında məlumatlar isə çox azdır. Öyrənə bildiyimiz tək bu oldu ki, alman qızıdır, Almaniyada doğulub, Moskvada yaşayıb və 1938-ci ildə həbs edilib. Niyə, kimin arvadı və ya qohumuymuş, bax, bu sualların cavabını tapa bilmədik.

Nəhayət, son olaraq zarafatyana bir P.S. Keçmiş vaxtlarda Azərbaycanda da çox məşhur olan qurutun mətbəximizdəki rolu zaman keçdikcə azalıb. İndi o daha çox ölkəmizin qərb regionunda, özü də yarpaq xəngəlinə qatılan ədviyyat kimi məşhurdur. Üstəlik, həmin regionda yaşayan soydaşlarımızın hər on nəfərindən onu xəngəl azarkeşi, elə bir o qədəri də şeir aşiqidir. Ancaq başqaları qurutun şəninə uzun-uzun şeirlər, poemalar yazdıqları halda bizdə allahdansa qoşmadan, gəraylıdan da olsa bir şey yazılmayıb. Qurut haqqında "qurutsuz xəngəl olmaz” deyimindən başqa heç bir poetik kəlməyə rast gəlməmişəm. Bəlkə də yazılıb, mən bilmirəm. Əgər yazılıbsa, qüsura baxmayın./adalet.az/

# 2183 dəfə oxunub

Müəllifin son yazıları

# # #