"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı
25 fevral 2026
# 12:00

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı" yazısını təqdim edir.

Ayrıca elm sahəsi kimi yenicə formalaşmaqda olan tətbiqi ədəbiyyatşünaslığın əsas məqsədi klassik poetikanın dəmir qanunları və qızıl qaydalarını tətbiq etməklə ciddi təhriflərə məruz qalmış klassik bədii mətnlərin əsl variantlarını bərpa etməkdən ibarət olsa da, onun özünəməxsus elmi-tədqiqat metod və üsulları bir sıra başqa mühüm vəzifələri və məsələləri də ehtiva edir. O cümlədən, əgər “Kəsişən əbcədlər” üsulu klassiklərin həyat və yaradıcılığının vacib tarixlərini müəyyənləşdirmək vəzifəsini yerinə yetirirsə (Baxılsın: Akif Azalp. “Kəsişən əbcədlər” üsulu, yaxud Azərbaycan ədəbiyyatı tarixinin yeni səhifələri, birinci hissə, Kulis.az, 7 iyun 2021; ikinci hissə, Kulis.az, 9 iyun 2021; üçüncü hissə, Kulis.az, 10 iyun 2021; Füzulinin doğum tarixi öz dilindən, birinci hissə, “Ədalət” qəzeti, 1 sentyabr 2021; ikinci hissə, “Ədalət” qəzeti, 9 sentyabr 2021; Maddeyi-tarixlər müjdəsi, yaxud Dədə Qorqudun doğum ili öz dilindən, Kulis.az, 7 iyun 2023; Maddeyi-tarixin möhürü, yaxud Dədə Qorqudun inanılmaz yaşı öz dilindən, Kulis.az, 7 noyabr 2023 və s.), “Kəsişən eyhamlar” üsulu keçmiş irsimizdəki mübahisəli məqamlara və sirli mətləblərə aydınlıq gətirməklə onları birdəfəlik həll etmək funksiyasını gerçəkləşdirir.

Klassik mətnlərdəki sözügedən mürəkkəb məqamlar və gizli mətləblər isə öz növbəsində ən müxtəlif səbəb və amillərdən (dövrün senzurasından keçirmək üçün müəlliflərin öz fikirlərini örtülü ifadə etmək məcburiyyətindən, hər cür mürtəce qüvvələrin təqibindən yayınmaq cəhdindən, həyati təhlükə ilə üz-üzə gəlməmək istəyindən və s.) qaynaqlanmış ola bilər. Belə hallara, xüsusən, həyatı və fəaliyyəti öz dövrünün qara qüvvələri ilə ağır və gərgin mübarizə şəraitində keçən klassiklərin yaradıcılığında rast gəlmək mümkündür. Bu baxımdan XX əsr Azərbaycan mədəniyyətinin sütunlarından biri, dahi mütəfəkkir və yorulmaz mücahid Əli bəy Hüseynzadə (1864 – 1940) əsərlərindəki örtülü məqamlar və sirli mətləblər diqqəti daha yaxından cəlb edir. Biz bu məqalədə “Kəsişən eyhamlar” üsulunun köməyi ilə onlardan hələlik yalnız birinin üzərində ətraflı dayanmaq istəyirik.

Əli bəy Hüseynzadə özünün məşhur “Qərbin iki dastanında türk” əsərində böyük portuqal şairi Luis de Kamoensin (1525 – 1580) “Luziada”sının VII fəslindən aşağıdakı parçanı misal gətirir:

“...Göy dənizlərin məhalikinə, gah qəddar Mərrixin məzaliminə məruz qalıyorum, gah fəqr və səfalət, məhrumiyyətlər içində avara və sərgərdan bulunuyorum... ” (Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri, iki cilddə, I cild (Transliterasiya, tərtib, müqəddimə, şərh və izahların müəllifi Ofeliya Bayramlı), Bakı, Çaşıoğlu, s. 358)

Əli bəy Hüseynzadə irsinin ilk görkəmli tədqiqatçısı Ofeliya Bayramlı “Qərbin iki dastanında türk” traktatına yazdığı 41-ci izahda yuxarıdakı sitata özünəməxsus həssaslıqla dərindən diqqət yetirib, dahi mütəfəkkirin hətta Qərb ədəbiyyatından gətirdiyi misallar seçimində belə öz Vətəninin taleyi ilə səsləşən məqamlara xüsusi önəm verdiyini vurğulamaq məqsədi ilə onu aşağıdakı kimi şərh edir:

41....Qəddar Mərrixin məzaliminə...(kursiv Ofeliya Bayramlınındır – A. A.) Mərrix (Mars) – müharibə allahıdır... “Mərrix” ifadəsi Rusiyanın müstəmləkəçilik zülmünə işarədir.” (Göstərilən mənbə, s. 502 – 503)

Əli bəy Hüseynzadənin başqa bir tanınmış tədqiqatçısı Azər Turan bu qəbildəki şərhlərə ilk baxışda tutarlı məntiqlə və kifayət qədər iddialı şəkildə etiraz bildirir:

“Mən onu (“Qərbin iki dastanında türk” traktatını – A. A.) 1918-1920-ci illər arasında Azərbaycanda baş vermiş hadisələrə Hüseynzadənin münasibəti kimi təfsir edən alimlərimizlə mübahisə etmək niyyətində deyiləm. Amma, illah da Əli bəy tərəfindən “Qərbin iki dastanında türk”ün məhz bu kontekstdə düşünüldüyü qənaətinə də etibar edə bilmirəm. Niyə? Məsələn, Əli bəy “Luziada”nın yeddinci nəğməsinin 79-cu bəndindən bir parçanı sitat gətirib. Bu parçada Kamoens taleyindən şikayət edir. Marsın zülmünü xatırladır: “Göy dənizlərin məhalikinə, gah qəddar Mərrixin məzaliminə məruz qalıyorum.” Bu cümlədə “Mərrix”i “Rusiyanın müstəmləkəçilik siyasətinə işarə” kimi yozmağın tərəfdarı deyiləm. Çünki Yunan mifolojisində müharibə ilahı hesab olunan Marsla-Mərrixlə, Əli bəy əgər Rusiyanın müstəmləkəçilik siyasətinə işarə edibsə, o zaman “göy dənizlərin təhlükəsi” ilə də hansısa imperiyanın müstəmləkəçilik siyasətinə işarə etməli deyildimi?” (Azər Turan. Əli bəy Hüseynzadə, Bakı, “Letterpress”, 2014, s. 264).

Hər şeydən öncə, bu mülahizələrin, xüsusən, onların sonuncu sualının Əli bəy Hüseynzadə həyatı və fəaliyyəti üzrə Azər Turan kimi ciddi və iddialı bir tədqiqatçıya mənsubluğu ən azından təəccüb doğurur. Axı, sözügedən illərin tarixinə az-çox bələd olan sıravi oxucu da yaxşı bilir ki, həmin dövrdə Bakıda – Azərbaycanda Rusiya imperiyasından başqa, öz müstəmləkəçilik maraqları yolunda ciddi təhlükə törədən digər mürtəce qüvvə məhz ingilis imperializmi idi! Axı, üzvləri menşevik və daşnaklardan ibarət Sentrokaspi hökumətinin dəvəti ilə İranda yerləşən ingilis qoşunlarının Bakıya girməsi və Böyük Britaniya generalı Vilyam Tomsonun Azərbaycan paytaxtının general-qubernatoru elan edilməsi faktlarını necə unutmaq olar?! Axı, Əli bəy Hüseynzadənin özü də öz əsərlərində dünyanın müxtəlif bölgələrində həmin mürtəce qüvvənin vəhşi əməllərinə diqqəti təkrar-təkrar yönəltməmişdimi?! Axı, Azər Turanın özü də yuxarıda adı çəkilən kitabında Əli bəy Hüseynzadənin “simvolist qələmi” (s. 164) haqqında, “üslubundakı simvolizm məqamları, təsvir etdiyi hadisəyə ezoterik yanaşması” (s. 166) barədə dönə-dönə söz açmamışdımı?...

Bəli, “Qərbin iki dastanında türk” traktatındakı “Göy dənizlər” eyhamı Əli bəy Hüseynzadə yaradıcılığı ilə yaxından tanış olan həssas oxucuya istər-istəməz dahi mütəfəkkirin “Siyasəti-fürusət” əsərindən başqa bir eyhamı, daha doğrusu, kəsişən eyhamı xatırladır:

“Bir xalq ki 300 milyon olduqları halda (hind xalqı nəzərdə tutulur – A. A.) bu gün cəbanətləri, ittihadsızlıqları üzündən taxta-paralar üzərində dənizlə gələn (kursiv bizimdir – A. A.) iki-üç milyon ingilisin əsarətinə təhəmmül ediyor, vətəndaşlarının top ağızlarına bağlanıb parça-parça elədiklərini sükut ilə tamaşa ediyor, səs çıxarmıyor! Belə bir xalq yaşamağa layiqmi idi?...” (Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri, iki cilddə, I cild, s. 280)

Əgər “Siyasəti-fürusət”in əsas qəhrəmanlarından biri olan Əmir Teymurun Kəyumərsə cavabındakı o kəsişən eyham (“dənizlə gələn”) olmasaydı, bəlkə də, bu mübahisəni davam etdirmək olardı. Ancaq eyni müəllifin başqa bir əsərində eyni mövzuya və mətləbə dair kəsişən eyhamın mövcudluğu sözügedən mübahisəyə birdəfəlik nöqtə qoymaqla yanaşı, Əli bəy Hüseynzadənin yuxarıdakı cümlənin ezoterik qatında “Mərrix” adı altında məhz rus imperiyasını, “Göy dənizlər” adı altında isə məhz ingilis imperiyasını nəzərdə tutduğuna da heç bir şübhə yeri saxlamır. Üstəlik, müəllifin dahiyanə məharəti iki məqamda həssas oxucunu heyrətə gətirir. Birincisi, sözügedən mürtəce qüvvələrin həmin illərdə Azərbaycana münasibəti zərgər dəqiqliyi ilə fərqləndirilib, “Göy dənizlərin məhaliki” (diqqət edin: zülmləri yox, məhz “təhlükələri”!), yaxud “qəddar Mərrixin məzalimi” (fikir verin: təhlükələri yox, məhz “zülmləri”!) kimi qiymətləndirilir. İkincisi, mətndə “Göy dənizlilərin...” əvəzinə, bir qədər qəribə səslənsə də, məhz “Göy dənizlərin...” işlədilməsi yalnız və yalnız örtülü mətləbi ayıq oxucuya asanlıqla çatdırmaq üçün onun yaddaşında həm də mətnin alt qatında nəzərdə tutulanla bir qafiyə assosiasiyası (göy dənizlərin – ingilislərin) yaratmağa hesablanmışdır.

Yeri gəlmişkən, ingilis imperializmi o dönəmdə təkcə Azərbaycan üçün yox, bütün türk dünyası, o cümlədən, Türküstan üçün də ciddi təhlükə mənbələrindən biri sayılırdı. Heç də təsadüfi deyil ki, XX əsr özbək cədid ədəbiyyatının görkəmli nümayəndələrindən biri, həmin dövrdə Azərbaycanın və Türkiyənin bir çox məşhur ədəbi simalarının məsləkdaşı və yaxın tanışı, Özbəkistanın ilk Xalq şairi Məhəmmədşərif Sufizadə (1880 – 1937) qələminə mənsub və günümüzə qədər şifahi şəkildə, ağızdan-ağıza gəlib çatmış aşağıdakı acı kinayəli misralar hələ də ədəbi çevrələrdə tez-tez xatırlanır:

Bəradərlər, nə vaxt ölsəm, məni Londonda basdırın,

Barı meydim ingilisin ölüsündən qisas alsın!

Sonda bir daha onu vurğulamaq yerinə düşərdi ki, bundan belə klassik irsimizdəki ən mürəkkəb və mübahisəli məsələlərin həllində “Kəsişən eyhamlar” üsulu ən etibarlı açar rolunu oynaya bilər. Belə ki, yuxarıdakı misallardan da göründüyü kimi, hər hansı klassikin yaradıcılığındakı hər bir gizli mətləblə bağlı hər hansı eyham (işarə, məcaz, simvol) həmin klassikin bu və ya digər əsərindəki eyni mətləbə dair başqa bir bənzər eyhamla kəsişirsə, demək, müəllifin alt qatda nəzərdə tutduğunun yeganə həqiqət olduğuna şəkk-şübhə yeri qalmır.

# 141 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər