Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular - YENİ SİYAHI

Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular - <span style="color:red;">YENİ SİYAHI
16 oktyabr 2015
# 10:40

Kulis filologiya elmləri doktoru Abid Tahirlinin “Repressiya qurbanları” məqaləsini təqdim edir

«...əfv olmaz, güllələnsin!»

1920-ci ildən başlayan və 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün respublikanı bürüyən repressiya qurbanlarının sayı dəqiq məlum deyil. Lakin o aydındır ki, bəzi istisnalar nəzərə alınmasa, güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin böyük əksəriyyəti sovet rejimi, kommunist ideologiyası və mövcud quruluşa qarşı real və ciddi təhlükə yarada biləcək güc və zəka sahibləri idi. Bu qəbildən olan bir çox ziyalının, şair, yazıçı, publisistin həyat və yaradıcılıq yolu tədqiq edilsə də, bu problemlə bağlı kitab və məqalələr yazılsa da, fikrimizcə, hələ görüləcək işlər çoxdur. Nə qədər ağır və acı olsa da, bizdə olan məlumata görə, vaxtı ilə müvafiq instansiyalara müraciət edilmədiyindən Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində misilsiz xidmətlər göstərmiş bir çox repressiya qurbanı üzərindən hələ də qərəzli məhkəmə qərarı götürülməmiş və onlar bu gün də rəsmən bəraət almamışlar. Ölkə arxivlərində müxtəlif illərdə ayrı- ayrı mövzular üzrə araşdırmalar apararkən eyni zamanda 1937-ci ildə repressiya olunan qələm əhlinin qısa tərcümeyi-halı, əsərləri barədə də məlumatları toplayırdım. Xalq yazıçısı Elçinin tövsiyəsi və təşəbbüsü ilə gördüyüm bu işin nəticəsində 57 nəfərdən ibarət yazıçı, şair, publisist, naşir, mühərrirdən ibarət siyahı alındı. Fikrimcə, bu material oxucular üçün maraqlı, tədqiqatçılar üçün faydalı ola bilər.

1. Axundzadə Əhməd Cavad Məmməd oğlu – şair.

1892-ci ildə (bəzi sənədlərdə 1893-cü ildə göstərilmişdir) Şamxor rayonunun Seyfəlli kəndində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin səyyar Hərbi Kollegiyasının Bakı şəhərində keçirilmiş qapalı məhkəmə iclasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. 17 dekabr 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə Ə.Cavada bəraət verilmişdir.

2. İsmayılzadə Mikayıl Müşfiq Mirzə Əbdülqədir oğlu – şair.

1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin səyyar Hərbi Kollegiyasının 4 yanvar 1938-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. 23 may 1956-cı il tarixində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə M.İsmayılova bəraət verilmişdir.

3. Hacı Kərim Sanıyev ( Sanılı) – şair.

1878-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.

Dəfələrlə həbs edilmiş və günahı sübuta yetirilmədiyinə görə istintaq zamanı buraxılmışdır. 4 iyun 1937-ci ildə növbəti dəfə həbs olunmuş, istintaq zamanı işgəncə verilərək öldürülmüşdür. Azərbaycan SSR Prokurorluğunun 12 iyun 1957-ci il tarixli qərarı ilə H.Sanılıya bəraət verilmişdir.

4. Əsgərov (Əsgərzadə) Salman Mümtaz Məmməd Əmin oğlu – ədəbiyyatşünas, şair, mətnşünas.

1884-cü ildə Nuxa şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin 9 yanvar 1938-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 17 noyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə S.M.Əsgərova bəraət verilmişdir.

5. Xuluflu Vəli Məmmədhüseyn oğlu – ədəbiyyatşünas, publisist.

1894-cü ildə Şamxor rayonunun Dəllər kəndində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 17 noyabr 1956-cı il tarixli qərarı ilə V.M.Xulufluya bəraət verilmişdir.

6. Əfəndiyev Qafur (Qantəmir) Sədrəddin oğlu – yazıçı.

1888-ci ildə Göyçay mahalı Potu kəndində anadan olmuşdur. SSRİ DİXK-in 21 iyun 1939-cu il tarixli Xüsusi iclasının qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının 30 iyul 1956-cı il tarixli qərarı ilə Q.S.Əfəndiyevə bəraət verilmişdir.

7. Rasizadə Hüseyn Cavid Abdulla oğlu – şair.

1882-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı ilə islah-əmək düşərgəsində saxlanılmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndi yaxınlığında vəfat etmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsi 6 mart 1956-cı il tarixli qərarı ilə H.Rasizadəyə bəraət verilmişdir.

8. Əhmədov Əliabbas (Müznib) Mütəllib oğlu – şair, publisist.

1883-cü ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 27 avqust 1937-ci il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 28 avqust 1938-ci ildə Vladivostokdakı xüsusi məntəqədə vəfat etmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 10 fevral 1959-cu il tarixli qərarı ilə Ə. Əhmədova bəraət verilmişdir.

9. Mahmudzadə Əli Nazim Mahmud oğlu – tənqidçi.

1906-cı ildə İranın Təbriz şəhərində anadan olmuşdur. SSRİ Ali Soveti Hərbi Kollegiyasının səyyar sessiyasının 13 oktyabr 1937-ci il tarixli qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 23 avqust 1941-ci ildə həbsxanada vəfat etmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 19 sentyabr 1957-ci il tarixli qərarı ilə Ə.Mahmudova bəraət verilmişdir.

10. Sadıxzadə (Sadıxov) Seyid Hüseyn Mir Kazım oğlu – yazıçı, tənqidçi.

1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci il iyul ayının 11-də 709 saylı orderə əsasən həbs edilmişdir. SSRİ Ali Məhkəməsinin 5 yanvar 1938-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının qərarı ilə güllələnməyə məhkum edilmişdir. Hökm 5 yanvar 1938-ci ildə Bakı şəhərində icra olunmuşdur. 6 oktyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə S.Sadıxzadəyə bəraət verilmişdir.

11. Zeynallı Hənəfi Baba oğlu – folklorçu, mətnşünas, ədəbiyyatşünas.

1896-cı ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin 12 oktyabr 1937-ci ildə keçirilən hökmü ilə güllələnməyə məhkum edilmişdir. 30 mart 1957-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə H.Zeynallıya bəraət verilmişdir.

12. Ələkbərli Məmməd Kazım Ələkbər oğlu – tənqidçi.

1905-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin səyyar sessiyasının Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 7 aprel 1956-cı il tarixli qərarı ilə M.Ələkbərliyə bəraət verilmişdir.

13. Vəzirov (Çəmənzəminli) Yusif Baba oğlu – yazıçı.

1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. SSRİ DİXK-in nəzdində olan Xüsusi Müşavirənin 11 iyun 1940-cı il tarixli qərarına əsasən cəzasını islah-əmək düşərgəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin 28 fevral 1956-cı il tarixli qərarı ilə Y.Vəzirova bəraət verilmişdir.

14. Nəzərli Hacıbaba Ələsgər oğlu – nasir.

1895-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin 8 yanvar 1938-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 6 oktyabr 1956-cı il tarixli qərarı ilə H.Nəzərliyə bəraət verilmişdir.

15. Şahbazov Şahbazi Tağı (Simurq) Abbas oğlu – yazıçı, publisist.

1892-ci (bəzi sənədlərdə 1889-cu il yazılmışdır) ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının 2 yanvar 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə Ş.T.Şahbazova bəraət verilmişdir.

16. Əfəndiyev Sultan Məcid – maarifçi, publisist.

1886-cı ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin keçirilən Hərbi Kollegiyasının 21 aprel 1938-ci il tarixli hökmü ilə güllələnmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 10 dekabr 1955-ci il tarixli qərarı ilə S.Əfəndiyevə bəraət verilmişdir.

17. Talıblı Böyükağa Mirqasım oğlu – yazıçı, publisist.

1897-ci ildə Salyan şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 25 iyun 1957-ci il tarixli qərarı ilə B.Talıblıya bəraət verilmişdir.

18. Həbib Cəbiyev – siyasi dövlət xadimi, publisist.

1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1922-1923-cü illərdə Moskvada «Qızıl Şərq» jurnalının, 1923-1930-cu illərdə “Kommunist” qəzetinin baş redaktoru olmuşdur. Repressiyaya məruz qalaraq 21 aprel 1938-ci il tarixində güllələnmişdir. Stalinin ölümündən sonra bəraət almışdır.

19. Əhmədov Əmin Abid Mütəllib oğlu – tənqidçi, şair.

1898-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan SSRİ DİXK üçlüyünün 19 oktyabr 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Zaqafqaziya Hərbi Tribunalı hərbi dairəsinin 21 dekabr 1962-ci il tarixli qərarı ilə Ə.Əhmədova bəraət verilmişdir.

20. Qənizadə Sultan Məcid – nasir, tərcüməçi.

1868-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Azərbaycan SSRİ DİXK üçlüyünün 14 mart 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 oktyabr 1956-cı il tarixli qərarı ilə S.Qənizadəyə bəraət verilmişdir.

21. Çobanzadə Bəkir Vahab oğlu – dilçi, şair.

1893-cü ildə Krım quberniyasının Simferopol qəzasının Qarasubazar kəndində anadan olmuşdur. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 6 iyun 1957-ci il tarixli qərarı ilə B.Çobanzadəyə bəraət verilmişdir.

22. Qubaydullin Qazis (Əziz) Salihoviç – tarixçi.

1887-ci ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 12 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə Kollegiyasının 16 mart 1957-ci il tarixli qərarı ilə Q.Qubaydullinə bəraət verilmişdir.

23. Axundov Ruhulla Əli oğlu – ədəbiyyatşünas .

1 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının RSFSR CM-nin 58-5, 58-7, 58-8 və 58-11-ci maddələrinə əsasən güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 10 dekabr 1955-ci il tarixli qərarı ilə R.Axundova bəraət verilmişdir.

24. Qasımov Pənah Ələkbər oğlu – maarifçi, publisist.

1881-ci ildə anadan olmuşdur. 29 aprel 1939-cu ildə Bakı DİXK-in 1 saylı həbsxanasında vəfat etmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 9 noyabr 1955-ci il tarixli qərarı ilə P.Qasımova bəraət verilmişdir.

25. Mustafa Quliyev – ədəbiyyatşünas, tənqidçi və publisist.

1893-cü il mayın 24-də Şəki şəhərində anadan olmuşdur. “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət” jurnallarının məsul redaktoru vəzifəsində işləmişdir. 1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.

26. Rəsulzadə Ağahüseyn – Yazıçılar İttifaqının məsul katibi.

1884-cü ildə Bakının Balaxanı kəndində anadan olub. SSRİ XDİK yanında Xüsusi Müşavirənin 5 iyun 1939-cu il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 15 fevral 1956-cı il tarixli qərarı ilə A.Rəsulzadəyə bəraət verilmişdir.

27. Musaxanlı Atababa Daşdəmir oğlu – tənqidçi, ədəbiyyatşünas.

1905-ci ilin mart ayının 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan SSRİ DİXK üçlüyünün 31 dekabr 1937-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Hökm 8 fevral 1938-ci ildə icra edilmişdir. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə Kollegiyasının 4 iyul 1956-cı il tarixli qərarı ilə A.D.Musaxanlıya bəraət verilmişdir.

28. İsmayıl Katib – şair.

1898-ci ildə Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. Ağdaş Qəza partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində çalışmışdır. 1938-ci ildə güllələnmişdir.

29. Eminbəyli İbrahim – tənqidçi.

1894-cü ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsi 12 oktyabr 1937-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 10 dekabr 1955-ci il tarixli qərarı ilə İ.Eminbəyliyə bəraət verilmişdir.

30. Salamzadə Əbdüləziz (1907-1937) – tənqidçi, tarixçi.

1907-ci ildə Nuxada anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 11 oktyabr 1937-ci ildə keçirilən səyyar Hərbi Kollegiyasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 28 noyabr 1956-cı il tarixli qərarı ilə Ə.Salamzadəyə bəraət verilmişdir.

31. Hüseynov Mikayıl Namaz oğlu – tənqidçi.

1900-cü ildə anadan olmuşdur. AK(b)P-nın təbliğat şöbəsinin müdiri vəzifəsində işləmişdir (1930-cu illər). SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 19 oktyabr 1937-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1 sentyabr 1956-cı il tarixli qərarı ilə M.N.Hüseynova bəraət verilmişdir.

32. Ağaməmməd Aslanov – publisist.

33. Nemanzadə Ömər Faiq – yazıçı, publisist.

1871-ci ildə Gürcüstanın Axaltsıx rayonu Azqur kəndində anadan olmuşdur.

1937-ci ilin 16 iyulunda Tbilisi şəhərində, Axaltsıx rayon prokuroru Odabaşyanın sanksiyası ilə o, növbəti dəfə həbs edilmiş və oktyabr ayının 19-da üçlüyün əmri ilə güllələnmişdir.

34. Trinç Əhməd Bedi oğlu – publisist.

1893-cü ildə anadan olmuşdur. Sovet hakimiyyətinə qarşı təbliğat aparmaqda ittiham olunaraq həbs edilmişdir. 8 iyul 1937-ci ildə Ə.Trinç saxlanıldığı kamerada intihar edərək, özünü asmışdır. 1930-cu illərdə «Azərnəşr»də direktor işləmişdir.

35. Samçızadə Əli Razi Yəhya oğlu – şair, publisist.

1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının 7 yanvar 1938-ci il tarixli hökmü ilə güllələnmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 13 may 1958-ci il tarixli qərarı ilə Ə.Y.Samçızadəyə bəraət verilmişdir.

36. Şamilov Seyfulla Əli oğlu – nasir, publisist.

1902-ci ildə Qazax rayonunun Tapılı kəndində anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 11 fevral 1943-cü ildə azadlığa buraxılmışdır. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 9 may 1955-ci il tarixli qərarı ilə Ə.Şamilova bəraət verilmişdir. 1974-cü il dekabrın 25-də Ə.Şamilov vəfat etmişdir.

37. İbrahimov Əlisəttar (1896-1937) – şair-publisist.

1896-cı ildə anadan olmuşdur. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 8 yanvar 1938-ci il tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 aprel 1956-cı il tarixli qərarı ilə Ə.İbrahimova bəraət verilmişdir.

38. Qədirbəyova Gülarə İbrahim Xəlil qızı – publisist, ictimai xadim.

1905-ci ildə anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 5 il müddətinə azadlıqdan məhrum edilmiş, Sibirə sürgün edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 30 oktyabr 1957-ci il tarixli qərarı ilə G.İ.Qədirbəyovaya bəraət verilmişdir.

39. Sadıxova (Rəsulzadə) Ümmülgülsüm Əbdüləziz qızı – şairə, nasir.

1900-cü ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 aprel 1938-ci il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Prokurorluğunun 14 mart 1990-cı il tarixli rəyinə əsasən Ü.Ə.Sadıxovaya bəraət verilmişdir.

40. Məmmədov Cabbar Abbas oğlu.

1882-ci ildə İrəvanda anadan olmuşdur. Xalq təsərrüfatı İnstitutunda Dilçilik kafedrasında müəllim işləmişdir (dilçi, pantürkist). SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 2 yanvar 1938-ci ildə keçirilən səyyar sessiyasının hökmü ilə güllələnməyə məhkum edilmişdir. Hökm 3 yanvar 1938-ci ildə yerinə yetirilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 25 iyul 1957-ci il tarixli qərarı ilə C.A.Məmmədova bəraət verilmişdir.

41. Cəfərov Əkrəm Səftər oğlu – dilçi.

1905-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. Filologiya elmləri namizədi, ADU Dilçilik kafedrasının dosenti işləmişdir. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 5 sentyabr 1942-ci il tarixli qərarı ilə islah-əmək düşərgəsində saxlanılmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğun 16 yanvar 1989-cu il tarixli rəyinə əsasən Ə.S.Cəfərova bəraət verilmişdir.

42. Həsənov İdris Məşədi Zaman oğlu – dilçi.

1897-ci ildə İrəvanda anadan olmuşdur. SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 aprel 1939-cu il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1949-cu il dekabrın 21-də yenidən həbs olunmuş, SSRİ DTN yanında Xüsusi Müşavirənin 8 aprel 1950-ci il tarixli qərarı ilə Krasnoyarsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 27 sentyabr 1957-ci il tarixi qərarı ilə İ.M.Həsənova bəraət verilmişdir.

43. Bağırov Qulam Kərimoğlu – dilçi.

1904-cü ildə İranın Mərənd rayonunun Dizə kəndində anadan olmuşdur.

21 iyul 1939-cu ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəmə kollegiyasının 18 aprel 1956-cı il tarixli qərarı ilə Q.K.Bağırova bəraət verilmişdir.

44. Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu.

1909-cu ildə Nuxa şəhərində anadan olmuşdur. 9 mart 1937-ci il tarixində Dəmirçizadə həbs edilib. İstintaq zamanı əməllərində cinayət tərkibi olmadığından Ə.Dəmirçizadə 8 iyul 1937-ci ildə azadlığa buraxılmışdır. Prof. Ə. Dəmirçizadənin 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi- metodik məqaləsi çap olunmuşdur.

45. Ələkbərov Ağadadaş («Dərviş» ləqəbli) Hənəfi oğlu.

1867-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın mərsiyəxan şairlərindən biri olub (dini təbliğ edən əsərlər yazdığına görə 16 dekabr 1937-ci il tarixində həbs edilib). Azərbaycan SSRİ DİXK üçlüyünün 31 dekabr 1937-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. 16 yanvar 1938-ci ildə hökm icra olunmuşdur. Azərbaycan SSRİ Ali Məhkəmə kollegiyasının 27 oktyabr 1958-ci il tarixli qərarı ilə A.H.Ələkbərova bəraət verilmişdir.

46. İsmayılzadə Cəfər Balaəmi oğlu – şair, ədəbiyyatşünas, tərcüməçi.

1905-ci ildə Bakı şəhərinin Mərdəkan kəndində anadan olmuşdur. 22 iyun 1935-ci ildə Azərbaycan SSR CM-nin 73-cü maddəsinə əsasən (sovet hakimiyyətinə qarşı təbliğat) 3 il müddətinə azadlıqdan məhrum edilmişdir.SSRİ DİXK yanında Xüsusi Müşavirənin 21 avqust 1943-cü il tarixli qərarı ilə Qazaxıstan SSR-nin Şimali Qazaxıstan vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının səyyar sessiyasının 7 iyul 1956-cı il tarixli qərarı ilə C.İsmayılzadəyə bəraət verilmişdir. 1985-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.

47. Qasımov Ənvər Yusif oğlu, tərcüməçi, publisist.

1914-cü ildə Yevlax şəhərində anadan olmuşdur. «Kommunist», «Kirovabad bolşeviki» qəzetləri redaksiyasında, 1937-ci ildən isə Azərbaycan SSR XKS-də tərcüməçi işləmişdir. SSRİ DİXK yanında Xüsusi Müşavirənin 25 sentyabr 1943-cü il tarixli qərarı ilə Qazaxıstan SSR-nin Şimali Qazaxıstan vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 20 yanvar 1955-ci il tarixli qərarı ilə Ə.Qasımova bəraət verilmişdir.

48. Nəcəfov Rzaqulu Ələkbər oğlu – ədəbiyyat işçisi, tərcüməçi, müəllim.

1885-ci ildə Naxçıvanda anadan olmuşdur. Azərbaycan SSR DİXK üçlüyünün 21 oktyabr 1937-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Hökm 29 noyabr 1937-ci ildə yerinə yetirilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının səyyar sessiyasının 18 avqust 1956-cı il tarixli qərarı ilə N.Rəcəbova bəraət verilmişdir.

49. Axundov Mirzə Məhəmməd – «Molla Nəsrəddin»çi, şair, alim, xalq müəllimi.

1875-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Fövqəladə Komissiyasının 17 dekabr 1920-ci ildə keçirilən iclasında alınmış qərara əsasən, müsavat hökuməti və partiyasına qulluq etdiyinə görə günahlandırılmış, cəzasını ağır işlər görülən düşərgədə çəkməklə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1923-cü ildə vəfat etmişdir.

50. Mir Cəfərov Mir Məhəmməd Kərim Mir Cəfər oğlu – tərcüməçi, yazıçı, jurnalist, Bakı qazısı.

1872-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Azərbaycan SSR DİXK üçlüyünün 2 mart 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 15 iyul 1960-cı il tarixli qərarı ilə M.M.Mir Cəfərova bəraət verilmişdir.

51. Abdullayev Zülfüqar Həsən oğlu – filoloq, «Azərnəşr»də tərcüməçi.

1898-ci ildə Şuşada anadan olub. Azərbaycan SSR DİN qoşunları Hərbi Tribunalının 22 sentyabr 1942-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 12 sentyabr 1966-cı il tarixli qərarı ilə Z.H.Abdullayevə bəraət verilmişdir.

52. Qafarov Hüseyn Cəfər oğlu – Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, filoloq.

1908-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan SSR DİN qoşunları Hərbi Tribunalının 22 sentyabr 1942-ci il tarixli qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.

53. Muradov Şirməmməd Əhməd oğlu – Nizami adına Ədəbiyyat İnstitutunda lüğətlər şöbəsinin müdiri.

1898-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan SSR DİN qoşunları Hərbi Tribunalının 22 sentyabr 1942-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 12 sentyabr 1966-cı il tarixli qərarı ilə Ş.Ə.Muradova bəraət verilmişdir.

54. İbrahimbəy Musabəyov – maarifçi, nasir.

1880-ci ildə Qəbələ (Qutqaşen) rayonunda anadan olmuş, 1937-ci ildə repressiyaya məruz qalmış, 1942-ci ildə Karaqandada həlak olmuşdur.

55. Teymur bəy Bayraməlibəyov – folklorşünas, tarixçi.

1862-ci ildə Masallıda anadan olmuş, 1937-ci ildə repressiyaya məruz qalmışdır. Folklorşünas və tarixçi kimi bir çox əsərlərin müəllifidir.

56. Əbasəlt Rizai (1902-1938) – şair-tərcüməçi.

1938-ci ildə güllələnmişdir.

57. Yusif Hacızadə (1909-1973) – şair, tərcüməçi.

1937-ci ildə Sibirə sürgün edilmişdir.

11.08. 2015

# 2459 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #