“Qadınları aldatmaq olmur...” - REPORTAJ

“Qadınları aldatmaq olmur...” - <span style="color:red;">REPORTAJ
14 iyul 2015
# 10:58

“Ukrayna kruqu”nun yuxarısında bir pinəçi yaşayır. Ağ saçlı, arıq, uzun bir kişidir, adı Tahir. İçəri girəndə əlində qadın ayaqqabısı iş başında olduğunu görürəm. Buraların ən məşhur pinəçisidir. Məhəllədə kimdən soruşsan yerini göstərəcək. Mən onu ilk dəfə görəndə, nədənsə, yadıma Robinzon Kruzo gəldi. Sanki o da uzaq adaların birinə düşmüş səyyah idi. Dörd tərəfi isə dənizlə deyil, divarlar və ayaqqabı, tikiş maşını, cürbəcür dərilər, parçalarla doludur.

- Dayı haralısız?

- Mən? Şəkiliyəm.

- Bakıya nə vaxt köçmüsünüz?

- Bakıya Rusiyadan köçmüşəm. 1996-cı ildə. 20 il orda işləmişəm. Sənəti Şəkidə öyrənmişəm.

- Siz neçənci ildənsiniz?

- 1956-cı il.

- Cavansız...

- Sağ ol. – gülür.

“Mənim adım məşhur olub”

Səkkizinci sinifdə oxuyurmuş, günlərin birində əmisi oğlu deyib ki, gəl sənə ayaqqabı tikməyi öyrədim. Yeniyetmə bir uşaq, hər gün evdən məktəbə, məktəbdən evə yol ölçən Tahirə bu iş maraqlı gəlir. Əmisi oğlunun yanına gedib onun ayaqqabı tikməsinə baxır. Ustad ona sənətin bütün incəliklərini öyrədir. Ayaqqabı onun həyatında başqa bir cığır açır. Tətillərdə baş çəkib maraqla öyrəndiyi pinəçilik ucbatından məktəbi buraxmalı olur. Necə deyərlər, bir ayaqqabı onun gələcək arzularının istiqamətini dəyişir. Universitetdə oxumaq, qalstuk taxıb hansısa masanın kənarında oturmaq artıq Tahir üçün maraqsız, mənasız, boz görünür. Ayaqqabının içindən dünya tamam başqa, cazibədar, sehrli, təkrarolunmaz mənzərə açır. Başqalarının yırtılmış, sökük ayaqqabısına “can verən” Tahir dayının bu marağı onun gələcək işinə, peşəsinə çevrilir. Şəkidə hamı onu tanıyır, qəfil məşhurlaşır. Pinəçinin qapısını döyən adamların sayı artır, iş yerindəki cırıq-sökük ayaqqabı tayları talesiz, bəxtsiz, köməksiz insanlar kimi ondan mədəd umur, qaranlıqdan işığa çıxmaq istəyir.

- Mənim adım məşhur olub, prastoy adam olmamışam. – deyir Tahir dayı.

- Pinəçiliyin tarixi nə vaxtdan başlayır?

- Yox, deyə bilmərəm. Gözəl sualdır, amma tapmaq lazımdı. Mənə maraqlı gəldi.

- Heç olubmu kiməsə demisiniz nə olmaq istəyirsən? O da deyib, pinəçi...

- Yox ee... O vaxt biz bu sənəti pul verib öyrənirdik, indi deyirəm, gəlsinlər pulsuz öyrədim, gələn, öyrənmək istəyən yoxdur. Heç kimin valideyni gəlib demir, oğlumu öyrət.

- Pulsuz öyrədərsiniz?

- Hə, təki gəlsin. Gələn olur, üç gün durur, sonra çıxıb gedir, dözə bilmir, otura bilmir. Yaxşı pinəçi otura bilməlidir.

- Çətindi?

- Yox, asandı... Ancaq otura biləsən gərək.

- Günə nə qədər müştəri gəlir?

- Baxır da... Qışda çox olur, yazda az...

- Tanışlar olur müştərilər?

- Bəziləri var ki, onlardan pul almıram. Məsələn, hamı bilir ki, əsgərdən heç vaxt pul almaram. Sonra pensiyaçıların 25-30 faizini tanıyıram, onlara da pulsuz eləyirəm.

- Qadın ayaqqabıları çox gəlir, yoxsa kişi?

- Qadın da olur, kişi də. Qadınlar daha ciddi yanaşırlar. Diqqətli olurlar. Həm də qadınları aldatmaq olmur bu məsələdə. – gülür.

Aldanılma hekayəsi

- Heç sizi aldadan olubmu?

- Olur, niyə olmur? Atanlar, aldadanlar nə çox... – gülür.

Bir dəfə məhəllədən bir uşaq gəlir ki, bəs deməzsənmi, futbol oynayanda ayaqqabım yırtılıb, sən tik, mən pulu gətirəcəm. İki “şirvan” beş “məmməd” borclu qalır pinəçiyə. Üstündən xeyli vaxt keçir, iki ildir adamdan xəbər-ətər yox, görən, harda itib-batdığını bilən olmur. Tahir dayı yorğun günlərin birində işdən çıxıb evə gedir, təzəcə yeməyini “nuşi-can” edir ki, qapı döyülür.

Gülümsünə-gülümsünə arxasını danışır: “Sən demə, bu poçtda işə düzəlib. Qapımız döyüldü, açıb baxıram ki, bu. Dedim, sən nə təhər adamsan. O da dedi, dayı, mən teleqrama paylayıram, səhv düşdüm. Borcun var deyirəm, niyə qaçırsan. Denən ki, yoxumdu. Görürsən, Allah necə çıxarır sənin kimiləri mənim qabağıma?

- Bəs nə oldu axırı?

- Heç... Verdi pulumu...

- Bəs olub ki, siz aldatmısınız?

- Mən? Heç vaxt... Bacarmıram...

- Haqqından çox aldığınız olmayıb?

- Yox, elə bir şey olmayıb. Mən artıq qiymət deyə bilmirəm. Mən üzüyola ustayam. Məsələn, mən ayaqqabını düzəldəndə keyfiyyətli, təzə dəri ilə düzəldirəm. Köhnəni çıxarıb xaraba yamamıram.

“Bunu Lider TV çəkib”

- Bəzi pinəçilər dermantinə dəri deyir...

- Bu dəqiqə... – deyib qarşısındakı qara parçanı alışqanla yandırır.

- Bax bu dermantindir. Görürsən, necə yanır?

Əlindəki yanan kibrit dənəsi kimi sönüb tüstü buraxır. Sonra başqa birisini yandırır.

- Bax bu dəridir. Görürsən, kabab iyi gəlir. Yanmır. - qoxlayıram, doğurdan da burnuma kabab iyi gəlir. Pinəçi gülümsünür:

- Bunu Lider TV də çəkib.

İlk baxışdan məhəbbət

- Ailəniz haqda danışarsız?

- Evdə dörd qardaş, iki bacı olmuşuq. Onlar tamam başqa sənətlə məşğul olub. 1981-ci ildə evlənmişəm. İki uşağım var.

- Necə tanış olmusunuz xanımınızla?

Bir gün qonşusu onu öz toyuna dəvət edib. Şəkidə adla çağırılan, məşhur-cahan adam, sayılıb-seçilir, hörməti bol... Hamı belə bir adamın öz xoş günündə iştirak etməsini istəyər. Tahir dayı da üz-üzdən utanar düşüncəsi ilə toya gedir. Onu vəzifəli, hörmətli şəxs kimi yaxşı qarşılayır, başda oturdurlar. Onda Tahir cavan-cantaraq, 25 yaşında hündür, yaraşıqlı bir oğlan olub. Ancaq yaşına baxmayaraq, camaat onu ovuc içində saxlayır, bir dediyini “iki” eləmirdi. Toyda diqqət mərkəzində olan cavan Tahirin gözü hərlənib-fırlanıb bir qızın üstündə dayanır...

- O da mənə baxırdı. Xeyli baxışdıq. Necə deyərlər, ilk baxışdan məhəbbət. Sonra bu qızla maraqlandım. Atam-anam elçi getdi. Toy tutduq. Evlənəndən sonra getdim Rusiyaya, orda 20 il yaşadıq.

- Uşaqlarınızın marağı var bu peşəyə?

- Oğullarımın heç biri məşğul olmaq istəmir bu sənətlə. İndi hamı kompüterin qabağında oturub qazanmaq istəyir. Heç kim sənətkar olmaq istəmir. Hamı istəyir rahat kabinetdə oturub kef çəksin. Bilirəm ki, mən öləndən sonra sənətim də öləcək.

Məzəli əhvalat

Meyvə-tərəvəzdə işləyən Eldar adlı bir oğlandan danışır Tahir dayı. Bir dəfə bu cavan yaxşı bazarlıq eləyib harasa qonaqlığa gedirmiş. Bahalı konyak, araq alıb yığıb çantasına. Sonra qaça-qaça gəlib ki, Tahir dayı, ala bu sumkanı saxla, səndən başqasına güvənim yoxdur. Pinəçi açıb baxanda görür ki, hamısı “yimax-içmax”dır. Çantadakıları boşaldıb kənara qoyur, kirli ayaqqabıları doldurur içinə. Bir az keçəndən sonra üzündə güllər açan Eldar gəlib çıxır. Tahir dayı çantanı oğlana verir. Sonrasını özü danışır:

- Qonaqlığa gedib, hamı kolbasa, yemək-içmək gözləyir, sumkanı açanda görüblər ki, kirli ayaqqabılar.

- Sonra nə oldu?

- Sonra heç... Gecə 12-də düşüb bazarlıq eləmişəm.

“Səni kinoya çəkirlər?”

Bir kök kişi girir içəri, teatr aktyorları kimi bir tonda deyir ki, sizin tapşırığı yerinə yetirdim. Bu vaxt pinəçiyə zəng gəlir. Kişi maraqla, aydan gəlmiş adam kimi məni süzür.

- Get, sonra gələrsən. – Tahir dayı telefondakı danışığını yekunlaşdırıb kök kişiyə deyir. - Görmürsən, məni sorğu-suala tutublar?

Sonra dəftərin arasından çıxardığı 10 manatı ona uzadır.

- Nə çəkilişidir? Səni kinoya çəkirlər? – kök kişi soruşur.

- Nə bilim, radiodur deyəsən. – pinəçi cavab verir, gülüşümü boğub ona baxıram.

“Burda sənətkara qiymət yoxdur”

- Əsgərlikdə Ukraynada olmuşam. Düz iki il, iki ay. Daxili qoşunlar idi. Rus dilini də əsgərlikdə öyrənmişəm. Rusiyada iki il işlədim, Şəkiyə getdim, sonra əsgərliyə... Ayaqqabı tikməyə görə Rusiyaya çağırdılar məni. Dedilər, lazımsan, gəl. Moskvadan zəng gəldi ki, Həştərxana sənətkarlar lazımdır.

- Bəs bura nə vaxt açılıb?

- 1994-cü ildə.

- Burda necədir vəziyyət?

- Vallah, burda sənətkara qiymət yoxdur. Sənətkar var, gözü çıxardılası, sənətkar da var əli öpüləsi. Rusiyada isə sənətkara hörmət vardı, qiymət qoyurdular. Sovet dağılandan sonra Rusiyadan qayıtmışam. İndi də çağırırlar ora, amma gedə bilmirəm.

- Soveti çox sevirsiz, ya indini?

- Sovet vaxtı yaşayış ayrı idi, indi ayrı.

- Hansını daha çox sevirsiniz?

- Kitayın yolunu bağlasan indi yaxşıdır. Kağızdan düzələn şeylər iki dəqiqəyə zay olur.

- Sizin üçün yaxşı deyil bu? Müştəri çoxalır... – zarafat etməyə çalışıram.

- Yox, onu demirəm. Zay məhsullara görə dedim... – gülür.

- Gənclər daha çox gəlir, yoxsa yaşlılar?

- Gənclər istəyir ki, qəşəng ayaqqabı olsun. Onlara da dəridən eləyəndə çox pis çıxır.

- Bəs necə olur axırı?

- Gedib dermantin alırlar... – gülür.

Son

Atası kolxozda işləyib Tahir dayının, bələdiyyəyə seçilib sonra... Pinəçinin dediyinə görə, balaca boy, dolu bir kişi imiş, sözünün gerisini də, irəlisini də bilən, ağayana ailə başçısı olub.

- Darıxırsız onun üçün?

- Hə, arada olur. Tez də ötüb keçir.

- Bəs ananız?

- O, evdar qadın olub.

- Şəkidən neçə ildə çıxmısınız?

- 1974-cü ildən.

- Gedirsiz ora?

- Hə, evim var orda. Qohum-əqrəba, bacılarım ordadır.

Pinəçini cırıq-sökük, yırtılmış ayaqqabı və tikiş maşını ilə baş-başa qoyub uzaqlaşır və öz-özümə düşünürəm: həyat seçdiklərimizdən ibarətdir, çətin olan bu seçimlə yaşamaqdır.

Ayxan Ayvaz

# 1588 dəfə oxunub

Müəllifin son yazıları

# # #