Xoruzun oğlu - “Ən yaxşı hekayəmiz”

Xoruzun oğlu - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
25 may 2016
# 21:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Rəhim Əliyev “Xoruzun oğlu” hekayəsini təqdim edirik.

Dikdirdəki evin pəncərəsindən dəniz görünürdü. Tanya yataqdan qalxıb yarımçılpaq, bircə qara nimdaş gecə köynəyində pəncərənin qabağına gəldi. Çəhrayı lifçiyi əlində dənizə baxdı. Üfüqdə narın payız dumanı səyriyirdi, ada sarıda isə göyün dənizlə birləşdiyi yer işıqlı idi. Yağış iki saat əvvəl kəsilmişdi. Həyətdə heyva ağacının yarpaqlarında hələ yağış damcıları görünürdü.

Tanya lifçiyini geyinə-geyinə hissiz – ifadəsiz səslə deyirdi:

- Axşam çiməndə tvoy çoban menya razqlyadoval.

- Ola bilməz, – Qəni enli döşəyin üstündə bardaş qurub oturdu, Tanyaya Elnurun gözləri ilə baxmaq istədi. Qadının gün yandırmış ətli baldırlarında tək-tək göy damarlar görsənirdi, amma baldırdan yuxarı dərisi tarım, parlaq idi.

Qırx üç yaşlı Tanya dənizdə batmış balıqçı Ponkrotovun dul arvadı idi. Səhərlər və axşamlar Qəninin ev işlərinə baxır, paltar yuyub yır-yığış edirdi. Qəsəbədəki fabrik bağlanmasa da, orda iş yox idi. Hər gün işə dəyib evə gəlirdi. Axşamüstü Qəninin həyətində əl-ayaq eləmək üçün ya piyada, ya da Qəninin motosikletinin yan oturacağında həyətə baş çəkirdi. Qəni onu gecə saxlamaq istəməyəndə hava qaralandan sonra qab-qacağı yuyub gedirdi.

- Elnur çimsin, sonra sən də çim, - Qəni belə deyəndə qadın gecələr öz evinə getmirdi. Boyu orta, gözləri gömgöy idi. Üzünün, əllərinin dərisini gün yandırsa da, yumurta kimi dolu bədənli idi.

Həyata qulluqçu-köməkçi adı ilə gələn bu qadının qoxusu Qəninin xoşuna gəlirdi. Onun yaşı əllini keçmişdi, adamları çox vaxt iyinə görə aid edirdi. Hündür, arıq, qayışbaldır, sarı tüklü kişi idi. Qırx baş keçi saxlayırdı. Elnur beş il əvvəl evləndirdiyi bircə oğlunun qaynı idi. Axır üç ildə onunla bir evdə yaşayır, dənizin qırağındakı qayalıqlarda keçi sürüsünü otarırdı. Elnurun danışığında qəribəliklər olsa da, Qəniyə ata kimi baxır, bir sözünü iki eləmirdi.

- Hamamda axı pərdə var, ola bilməz – Qəni təzədən uzanıb fikrə getdi, yanına bir həftə əvvəl gəlmiş çağırış vərəqəsi düşdü.

- Zanaveskada özü dırka eləyib…

- Beş-altı gün keçiləri otara bilərsən, - Qəni qadının cavabını eşitmədi, öz qırx baş keçisinin hayında idi.

- Yox-yox, tı şto suma soşol, zaçem tebe eto…

- Elnur iki gündən sonra əsgərliyə getməli idi – Qəni fikirli idi. O, gedəndən sonra bu qədər heyvanı kim otaracaqdı?

- Oy bednıy! Qarabağa gedir?

Qəni arvadın səsini eşidirdi, amma heç nə başa düşmürdü. İndiyəcən onun keçilərini Elnurdan yaxşı heç kəs otarmamışdı. Sürünü tapşırılan yerlərdə otarır, başqaları kimi dalda yer tapıb yatmırdı.

Onun bircə qüsuru vardı: demək olar ki, hər gün sürü ilə qayıdanda nəsə bir çöl heyvanının ya ölüsünü, ya da dirisini tapıb gətirirdi. Bir dəfə də gürzəni öldürüb başını gətirmişdi siqaret qutusunda. Zəhərini çıxarmaq istəyirdi. Kimdənsə eşitmişdi ki, zəhəri bahadır. Onda Qəni uşağı danladı, qorxdu ki, zəhərdən toyuqlar qırılar.

- Sled doljen bıt, – Tanya geyinmişdi, həyətə hamamın pəncərəsinin qabağına gəldi. Balaca, tünd göy rənglənmiş pəncərənin içəridən qalın boz parçadan pərdəsi vardı. Sağ tərəfdə şüşəsiz gözün qırağından pəndədə yumurta boyda deşik açılmışdı. Pəncərənin altında Elnurun ağır ayaqqabısının izi də sezilirdi.

Tanya evə gələndə Qəni iz haqda onun dediklərinə yenə qulaq asmadı. Elə uzandığı yerdə uşağın tarixçəsini danışmağa başladı.

Elnurun ata-anası yaxındakı kənddən idilər. Atası on beş il Murmanskda yatıb qırx yaşında qayıtmışdı. Taksidə işləyən kiçik qardaşı qıraq kənddən Xoruz üçün (Elnurun atasına kənd içində belə deyirdilər) on altı yaşında, balıq kimi arıq, qara, uşaq üzlü arvad aldı. Xoruz balıqçılıq edir, səhərdən axşamacan şirin çaxır içir, yay-qış rezin sapokda, bircə pencəkdə gəzirdi. Mehriban, güzərüz bir kişi idi. Bütün günü kəndin içində vurnuxurdu. Düz doqquz aydan sonra arıq gəlin qız doğdu və bir az da arıqladı. Sonra bir oğlan – Elnuru doğdu, sonra isə yenə üç qızı oldu. Axırıncı qızın qırxı çıxmamış xoruz səhər tezdən tükanın qabağında əlində çaxır şüşəsi, ağız-burnundan qan fışqırıb keçindi.

Arvadı xəstəxanaya, uşaqları isə yetimxanaya apardılar. Onda böyük qızın altı yaşı var idi. Doqquz ildən sonra xoruzun qızı kəndə evlərinə yekə qız kimi qayıtdı. On altı yaşı tamam olan kimi ordan buraxmışdılar yataqxanaya. Qız ordan kəndlərinə – öz evlərinə qayıtmışdı. Qəni ilə uzaq qohum idilər. Qız arıq, hündür, ağ qız idi. Onların kəndində ağlıq yaraşıq sayılırdı. Heç bir ay keçməmiş Qəni qızı oğluna aldı. Qızın heç bir cehizi yox idi, amma Qəninin fikrində xərci də yox idi. Həm də oğlu qızgilin ata evində qaldı. Bir il sonra, Elnurun on altı yaşı tamam olan kimi o da yetimxanadan ata evinə gəldi. Amma Qəni uşağı dəniz qırağındakı həyətinə gətirdi. Peşman da olmadı.

- Paydyom na sled bax… - Qəni söhbətə fasilə verən kimi Tanya dilləndi. – Na zanoveske dırka sdelal…

- Uşaq davaya gedir, davaya nə dırka!

Qəni qalxıb geyinməyə başladı.

- Çayı qoymusan?

- Tebe ne obidno, çto Elnur na menya smotrel? -Tanya suala sualla cavab verdi.

- Gözünü bərəltmə, o heyif uşaqdı, – başını buladı – yanbuzuva xətəl dəymədi ki, həm də küsdüyünü bildirdi.

Axır üç ildə Elnur Qəniyə nə qədər xeyir vermişdi. Ayağı bərəkətli idi. O həyətə gələn kimi qaçqın çobanı qovub keçiləri Elnura tapşırdı. Əvvəlki çoban on beş şirvan maaş alırdı, həyətdən oğurluq da edirdi. Üstəlik keçiləri otarmaq əvəzinə kölgə bir yerdə yatırıb mürgüləyir, axşam sürüb həyətə gətirirdi. Elnurun oğurluqla, bir də yeməklə arası yox idi. Qabağına yemək qoyulmasa, üç gün yadına düşməzdi. Bu Qəninin xoşuna gəlirdi. O Elnura öz oğlu kimi baxırdı. Evdəki balaca otaqda ona dəmir çarpayı ayırmışdı.

Tanya qalanda axşamlar Elnur çimib evə gələndən sonra hamama girirdi. Soyuq havalarda, hərdən Qəniynən birgə çimirdilər. Onlar hamamdan evə gələndə bütün günü ayaq üstə olan Elnur yatırdı. Onlar əncir riçalı ilə tünd çay içib öz otaqlarında yatırdılar. Qəni səhər bazara gedəndə Tanyanı piyada qabağa buraxırdı, sonra isə qəsəbənin ortasında motosiklə mindirib evlərinə aparır, düşürəndə isə onun üçün qoyduğu payları – bazar nemətlərini qoltuğuna verib işə, bazara gedirdi, bir də axşam qayıdırdı. Elnurun onlarla maraqlanmağını Qəni heç ağlına da gətirmirdi.

Elnurun çağırış vərəqəsi gələndə Qənini ildırım vurdu, iki günə birtəhər özünü toxdadı. Keçilər üçün təzə çoban lazım idi. Onun isə çoban tayfasına bələdliyi çox idi. Soraqladığı çobanların hamısı qaçqındı, onlar da kəndin örüşünə bələd deyildilər, həm də əməkhaqqı istəyirdilər. Qəninin isə verimlə arası yox idi.

Tanya qabları yuyub qayıdanda Qəni fikirli-fikirli mətbəxdə oturub siqaret tüstülədirdi.

- Znayeş etot, çto skazal? – Tanyanın səsi qəzəbli idi, Qəninin qısqanmamağı ona toxunmuşdu.

- Az… dura – Qəni onun sözünü kəsdi – on umryot na voyne… On ispolnitelnıy. Çto prikajut – vsyo budet delot. İdi na pulyu – poydyot…

Ölüm söhbətini eşidəndə Tanya duruxdu. Fikirləşdi ki, yaxşıdı Qəni onun sözünü kəsdi, yoxsa qəzəbindən özünü də gözdən salacaqdı. Bir ay əvvəl kilgə gəmisində işləyən motros – hərdən onun üçün təzə balıq götürüb gecə yanında qalırdı – ona demişdi ki, Elnur fermanın arxasındakı bağa ayaq açıb. Orada qoca rus qadını və onun hər gün kefli olan elə Tanya yaşında qızı yaşayırdı. Guya Elnuru ora başqa bir uşaq – babasının inəklərini otaran elə o yaşda ləzgi balası dadandırmışdı.

Tanya fikirləşdi ki, yaxşıdı heç nə deyə bilmədi Qəniyə – onsuz da vecinə almayacaqdı – üstəlik motrosun adını eşidəndə qəzəblənəcəkdi. Qəzəblənəndə isə Qəni arvadın ərzağını kəsirdi, bu cür hikkə iki həftə çəkə bilərdi.

- Nado spasti rebyonka, – Tanya kişinin qılığına girməyi qərara aldı, – jalka, poqibnet.

- Pul lazımdı, o da yoxdu məndə…

- Vı voenkomate znakomıx net?

- Belə işə – ancaq pul. Nə znakomu… Ora ancaq belə sahibsizləri aparırlar…

- Xotya bı provodı sdelat… Vı pamyatı ostanetsya…

- Bəlkə Allah saxlayacaq… - Qəni söhbəti qonaqlıqdan uzaqlaşdırdı, – provod məncə rasxoddı. Hardandı mənimçün… Amma nəsə eləməliyəm uşaqçün… Ata yox, ana yox…

- A çto mojno sdelat? – Tanyanın da səsinin kövrəldiyi hiss olunurdu… - U neqo ne kto ne ostanetsya… kak vızvat?

- Bircə bacısı var, o da yadına düşmür – Qəni Tanyanın üzünə baxanda onun gözlərinin dolduğunu gördü – özü də heyifdi… Nə görüb həyatda… Yenə sən onunçün bir şey eliyə bilərsən…

- A çto ya moqu? U tebya denqi net, a u menya otkuda?

- Zaçem denqi? - Qəni düz Tanyanın gözünün içinə baxdı, sol gözündən bir damcı yaş yanağında qalmışdı – zavtra u neqo poslednıy noç doma. Pospi s nim. Uşağın yadında qalar…

- Qani, tı suma soşol… - Tanya qalxıb pəncərədən dənizə, orada təkəm-seyrək uçan qağayılara baxa-baxa səssiz ağlamağa başladı – ya toje rosla bez otça… Prosti u menya serdçe bolit… A tı duratskiye veşi qovoriş…

- Əgər onun yetimliyinə yazığın gəlirsə…

Qəni daha arvadın üzünə baxmırdı – analıq elə ona…

Tanya qapını çırpıb ağlaya-ağlaya evdən çıxdı. Sonra Qəni küçə qapısının səsini eşitdi.

Tanya çıxan kimi Qəni öz keçilərini fikirləşməyə başladı. Sabah səhərdən təzə çoban lazım idi. Həm də Elnuru Biləcəriyə yola salmalı idi…

…Axşam həyətə girəndə evin qapısını açıq gördü. Elnur keçiləri götürməmişdi hələ. Evə girəndə gördüyündən pərt oldu. Tanya mətbəxdəki pəncərənin qabağında durub yenə dənizə baxırdı. Göy yerli, iri ağ güllü təmiz bayırlıq paltarı geymişdi. Saçında da daraq izi vardı. Dodaqlarına boya çəkmişdi.

Qəninin pərtlikdən boğazı qurudu, udqunub fikirləşdi. «Ay…»

Amma özünü sındırmadı. Qadının sifətinə baxmadan səhər Elnuru yola salmaq üçün aldığı konservaları, iki-üç paçka ülgücü, köhnə əsgər torbasını stolun üstünə yığdı.

- Yığırsan veşmeşoka… - Sonra Elnur yatan otağa keçdi. Yükdən ağır mitilsiz döşəyi götürüb yerə sərdi, Mətbəxə qayıdıb əlavə elədi – orda yatarsız… Təmiz prostin götürərsən… Qəni istəmədi ki, onlar onun otağında yatsınlar, ona görə Elnurun yatdığı otaqda döşək saldı. Tanya susurdu, dənizə baxırdı, elə bil Qəni yox idi.

Kişi kandardan çıxanda qadın soruşdu:

- A tı qde budeş…

- Menya ne budet, utrom sem çasov priyedu… - Qəni kandardan həyətə üç-dörd addım atandan sonra dayandı, geri dönüb pəncərədən Tanyanın üzünün ifadəsinə baxmaq istədi. Heç nə görmədi. Yoğun, amiranə səsi ilə vəziyyətin sahibi özü olduğunu bildirən sözlərini dedi:

- Birdən dirənsə, istəməsə, deginən mən tapşırmışam.

Sonra Qəninin motosikletinin səsi həyətdən uşaqlaşdı. Tanya yemək hazırladı, süfrə düzəltdiyi yerdə Elnur gündən ağarmış çirkli əsgər paltarında içəri girdi:

- Arağı kim alıb? – Elnur bilirdi ki, Qəni içmir və evə içki gətirmir.

- Mən gətirdim, – Tanya Elnurun atıq hündür boyuna, üstü çat-çat olub qaralmış iri əllərinə, nazik, uzunsov, qapqara sifətinə, lampa kimi işıq saçan iri, sarışın gözlərinə baxdı:

- Zavtra v armiyu…

- Sabah gedirən Qarabağa…

- İskupaysa, budem s vodkoy ujenat…

- Qəni əmi görüb qışqıracaq.

- İdi iskupaysa. On utrom budet. İdi…

Səhər Qəni səkkizin yarısında həyətə gərəndə Elnur əsgər çantası çiynində onu gözləyirdi. Qəni uşağa beş şirvan cib xərci verdi, sonra evə keçdi. Tanya mətbəxdə Qəninin həmişə oturduğu iri stulda oturmuşdu.

- Sən işivi qurtardın, dur get evə… - O qadının üzünə baxmırdı.

- Qani, izveni da, ya ne moqu…

- Nöş ne mojeş? Başqa şey mojeş…

- Mne ujasno bolno. Pojalyusta, otvedi menya domoy…

- Haron ağrıyır ay qancıq? – Qəni Elnurun xətrinə dəyməmək üçün astadan dedi, amma qəzəbini güclə saxlayırdı.

- Ne moqu xodit…

Tanya birtəhər qalxıb ayaqlarını bir-birindən aralı qoya-qoya ufultu ilə motosiklin yan yerinə pərçimləndi.

İki həftə sonra Tanya Qənidən soruşdu:

- Zaçem Elnur ne pişet?..

- Yazıb-oxuya bilmir, dura… – Qəni bir lomba tüpürdü.

# 1522 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #