Atatürk dahi memarın qəbrini niyə açdırdı? - Araşdırma

Atatürk dahi memarın qəbrini niyə açdırdı? - <span style="color:red;">Araşdırma
17 sentyabr 2019
# 21:00

Kulis.az Orta Əsrlərdə yaşamış Memar Sinan haqqında maraqlı araşdırmanı təqdim edir.

1935-ci il, avqust 1-də Atatürkün əmri ilə Memar Sinanın Süleymaniyyə məscidi yanındakı məzarı Türk Tarix Qurumundan olan bir heyətin müşayiəti ilə açılır. “Cümhuriyyet” qəzeti 5 avqust 1935-ci ildə bu haqda belə bir məlumat verir: “ Süleymaniyyədə böyük türk memarı Sinanın məzarında araşdırmalar aparılaraq kəllə skeleti çıxarılmışdır. Böyük dahinin kəllə sümüyü üzərində aparılan araşdırmalar memarın yalnız mədəniyyət etibarilə deyil, həm də irq baxımından da türk olduğunu göstərmişdir. Türklər irq etibarıyla brakisefal, yəni yastı yuvarlaq kəlləyə sahibdirlər.

Memar Sinanın kəllə skeletinin müayinəsi zamanı brakisefal olduğu ortaya çıxmışdır. Memar Sinanın kəllə skeleti Antropologiya Muzeyində qorunacaqdır”.

Səhərisi gün “Axşam”qəzetində isə qəbirlərdən toplanan türk kəllə skeleti nümunələrinin İstanbulda Türk İslam Əsərləri muzeyində saxlanılacağı və Antropologiya Muzeyi açıldığında isə ora köçürüləcəyi yazılır. Lakin nə muzey qurulur, nə də Memar Sinanın kəllə skeletinin hara qeyb olduğu haqda məlumat verilir.

Ümumiyyətlə, kəllə sümüyünün ölçülməsi İsmət İnönünün baş nazir olduğu dövrdə, Atatürkün mənəvi qızı, eyni zamanda Türk Tarix Qurumunun yaradıcısı Afət İnan tərəfindən təkcə Memar Sinanın deyil, 60.000-dən çox insanın üzərində də aparılmışdır. Türkiyə on bölgəyə ayrılır və on heyət tərəfindən kəllə skeleti ölçülməsi prosesi həyata keçirilir. Bu hadisə elə doktor Afət İnanın xatirələrində də öz əksini tapır: ”1936-cı ildə bütün ölkədə böyük bir antropologiya anketi yaratmaq arzumu Atatürkə anlatdım. Bunu münasib bildilər və məni təşviq edərək hökumətə müraciət etməyimi əmr etdilər. Bunu o vaxtkı baş nazir İsmət İnönüdən xahiş etdim”.

Afət İnan xatirələrində olayların gedişatını daha sonra belə təsvir edir: ”On heyət üçün İsveçrədən ölçüalətləri gətirildi. Araşdırma üçün xəzinədən bir miqdar pul da ayrıldı. On ay davam edən araşdırmalar zamanı Anodolu və Rumelidən 64.000 adamın kəllə sümüyü ölçüldü. 20 min qadın və 40 min kişi üzərində ölçmə işləri aparılmaqla bərabər, bəzi məzarlar da açılaraq iki min kəllə skeleti çıxarıldı. Memar Sinanın kəllə skeleti də çıxarılanlar arasındaydı”.

Memarın məzarı təxminən 350 il sonra açılmışdı (Memar Sinan 1588-ci ildə, 99 yaşında ölmüşdü), cəsəd tamamilə çürüsə də kəllə skeleti hələ də sağlam idi. Ancaq Afət İnan yenə kitabında yazır:” ...Fəqət daha sonra kəllə skeleti yoxa çıxdı”.

Kəllə skeletinin hansı səbəbdən yoxa çıxması bu gün də müəmma olaraq qalır.

Təbii, bu qədər zəhmətin çəkilməsində xüsusi bir məqsəd var idi. Onlardan bir neçəsini sadalayaq:

Türkiyə Qurtuluş Savaşında qalib gəlsə də Qərbin gözündə türklər ikinci dərəcəli millət olaraq görülürdü. Qərb dərs kitablarında Anadolu insanı monqoloid olaraq təsvir edilirdi. Bu isə Qərbin qəbul etmədiyi insan tipi idi. Atatürkün bu antropoloji təcrübənin həyata keçirilməsində məqsədi Qərbə “Biz də sizdənik” demək idi. Çünki avropalıların kəllə skeleti də brakisefaldır.

Digər ehtimallardan biri də Afət İnanın apardığı bu təcrübənin məqsədinin Türkiyədə türk olmayanların, yəni kürdlərin faizinin hesablanması olub. Belə ki, təcrübə zamanı İstanbulun bu anketdən kənarda buraxılması sözügedən fərziyyəyə az da olsa, reallıq çaları verir.

Mərmərə Universiteti professoru Səlcuq Mülayimin məlum hadisəyə münasibətə belədir: ”Qərbdə o dövrdə belə bir fikir mövcud idi. Ağ irqdən olmayan heç kim mədəniyyət tarixində yüksək bir mərtəbəyə çata bilməzdi. Avropa ölkələrində o ərəfələrdə dünyanın ən böyük memarı olaraq qəbul edilən Memar Sinan barədə deyirdilər ki, guya türk deyil. Bu haqda onlarla kitab var. Memar Sinanı avstriyalı, macar, serb, yəni avropalı olaraq qələmə verirdilər”.

Ola bilsin, Orta Əsrlərin böyük memarının kəllə sümüyünün araşdırılmasının başqa səbəbləri də varmış. Nə bilmək olar? Bəlkə elə buna görə də sonradan böyük memarın kəllə sümüyü yoxa çıxıb?

Aytən Nəsibəyli

# 8191 dəfə oxunub

Müəllifin son yazıları

# # #