Ölümünə qol çəkənlər - ARAŞDIRMA

Ölümünə qol çəkənlər - <span style="color:red;">ARAŞDIRMA
21 aprel 2015
# 13:30

Kulis Sitarə Quliyevanın “Evtanaziya nədir?” məqaləsini təqdim edir.

Düşüncə tərzindən, yaşadığı ölkənin qanunvericiliyindən, inam göstərdiyi dinindən asılı olaraq insanlar tərəfindən “mərhəmətli ölüm”, “xoş ölüm”, “intihara yardım” və ya sadəcə “intihar” kimi adlandırılan evtanaizya tibbi bir anlayış olaraq, sağalmaz bir xəstəlik səbəbi ilə, dözülməz ağrılar çəkən xəstəyə tətbiq edilən ağrısız ölüm mənasını ifadə edir.

Qədim yunan dilindən «eu» (yaxşı) və «thanatos» (ölüm) deməkdir. Tarixdə isə bu söz ilk dəfə ingilis alim və filosofu Francis Bacon tərəfindən 17-ci əsrdə istifadə edilib.

Həmçinin tarixdə daha çox yalnız bəzi xüsusi şərtlər altında qədim Yunan və Romada fərdlərin ölümünə icazə verildiyini müşahidə etmiş olur. Belə ki, həmin dövrlərdə sözügedən şəhərlərdə həkimin sağalmaz bir xəstəliyi müalicə etməsi və buna çox böyük vaxtını sərf etməsi həkimin imicini korlayan fəaliyyət kimi qiymətləndirilmişdir. Bu səbəbdən həkimlər ya xəstənin müalicəsindən imtina edir, ya da evtanaziya üsulunu tətbiq edirdilər.

Qədim yunan şəhər dövləti Spartada fiziki cəhətdən sağlamlıqları və güclərindən əksik doğulan uşaqlara qarşı da bu üsulun istifadəsi geniş yayılmışdır.

Babil və Assuriyada isə xəstənin öləcəyi və ya yaxşılaşa bilməyəcəyi təqdirdə həkim müdaxiləsi qadağan edilmişdir.

Mesopotamiyada müalicəsi mümkün olmayan xəstələrin çaya atılaraq öldürüldüyü bilinir.

Qədim Romada böyüklərə qarşı müxtəlif üsulların istifadə edilməsinə baxmayaraq uşaqları təbii hallarına buraxılaraq öldürüldüyü qeyd edilir.

Afinada həkimlər ölmək arzusu ilə müraciət edən xəstələrə müxtəlif zəhərlərin hazırlanması ilə evtanaziyanın ilkin üsullarını icra etmişlər. Bunun üçün xəstənin senata bir səbəb göstərməsi və icazə sənədi alması kifayət idi. Bütün bunlarla yanaşı dini cəhətdən düzgün qəbul edilməyən bu fəaliyyət cəmiyyətdə çox da xoş qarşılanmamışdır.

Bütün bunlarla yanaşı qədim dövrlərdə evtanaziyanın fəaliyyəti ilə bağlı bir-birinə zidd olan bəzi fikirlər də mövcuddur. Belə ki, bəziləri Hippokrat andına sadiq olaraq evtanaziyanın fəaliyyətinin yalnız orta əsrlərdə başladığını iddia etdiyi halda, digər bir qrup tədqiqatçılar tərəfindən Aristotel və ya Zenon kimi filosofların müalicəsi olmayan xəstələrə bir başa ölümə və ya sadəcə öz halına buraxılmasını təklif etdiklərini iddia edilir. Sokrat və Platon da bəzi xüsusi hallarda evtanaziyanın bir sıra formalarını təsdiqlədiyi bildirilir.

Xristianlığın inkişaf mərhələsində daha çox Tanrının verdiyi canı almaq kimi qiymətləndirilən bu üsul çoxlu halda psilənir və qəbul edilmirdi. Lakin bununla yanaşı evtanaziyanın və ya insanların ölüm seçmə hüququnun olduğunu müdafiə edən insanlar da olmuşdur. Həmçinin dövrün tanınmış yazarlarından olan Michel de Montaigne fərqli bir düşüncə tərziylə “yaşamağın bizi ölümdən daha ağır vəziyyətə salması ilə Tanrı özü könüllü ölümə icazə vermiş və könüllü şəkildə reallaşan ölüm ən yaxşısıdır” deyə qeyd etmişdir.

Evtanaziya sözündən ilk istifadə edən ingilis filosofu Francais Bacon həmçinin həkimlərin ölümü rahatlaşdıracaq bilgi və bacarığa sahib olmaqlarının lazımlılığından da yazmışdır.

Bunlardan əlavə John Dryden ve Charles Blount kimi ingilis yazarları da məhəbbət ağrısı, qürur, namus və ya səfalətdən dolayı intiharı dəstəkləyənlər sırasındadırlar.

Bu mövzuda ən gözə çarpan isimlərdən biri də məşhur filosof David Hume olmuşdur. Araşdırmaları nəticəsində insanların səfil bir həyatı məhz yaradıcısını xoşbəxt etmək üçün davam etdirməyə məcbur olan dini düşüncələrə qarşı çıxmış və insanların iradə azadlıqlarına xüsusi önəm vermişdir.

David Humenin fikirlərinin böyük dəstəkçiləri olmasına baxmayaraq İmmanuel Kant kimi filosoflar da mövcud olmuşdur ki, onlar intiharın bütün şərtlərdə düzgün olmadığını vurğulamış və əxlaq teoriyasına görə bunu rədd etmişdir.

Bundan əlavə Darvinizmin 19-cu əsrdə inkişafı ilə birlikdə “müqəddəs yaşam” anlamı böyük bir zərbə almış, həkimlər tərəfindən həyata keçirilən evtanaziyanın tərəfdarlarının sayı artmışdır. Eyni zaman da, arzu edilməyən və sağalma şansı az olan müəyyən xəstə qruplarına da evtanaziyanın tətbiq edilməsi mövzusu da Darvinizmin inkişafı ilə bərabər yüksək səviyyəyə qalxmışdır.

1868-ci ildə Ernst Haeckel Almaniyada fiziki və əqli olaraq müalicə edilə bilməyəcək insanların ağrısız bir halda öldürülməyini müdafiə etmişdir.

Evtanaziyanın icra üsulları

Evtnaziya üçün müraciət edən xəstənin mövcud vəziyyətindən asılı olaraq bu proses, ağrısız və ya az ağrılı iynə, yüksək dozada dərman verərək və ya xəstəni süni tənəffüs aparatından ayıraraq həyata keçirilə bilir. Bununla yanaşı evtanaziyanın reallaşmasının digər formaları da mövcuddur. Bu sinifləndirməyə əsasən evtanaziyanın icrası aktiv və passiv olaraq iki qrupa bölünür.

Aktif evtanaziya - bir başa olaraq, xəstənin müraciəti və ya xüsusi istəyi ilə yuxarıda qeyd etdiyimiz vasitələrlə ölümün reallaşdırılmasıdır.

Passiv evtanaziya - xəstənin ağrılarının azaldılmasından ziyadə heç bir müalicə üsulunun istifadə edilməməsidir. Bu, yalnız xəstənin yaşamını uzadan müalicənin tətbiqidir.

Haqqında danışdığımız evtanaziyanın bu iki fəaliyyət üsulu məqsəd və nəticə baxımından eyni olsa da müxtəlif cəmiyyətlərdə və müxtəlif hüquq sistemlərində onlara yanaşma da müxtəlifdir. Belə ki, bu iki evtanaziya üsulu arasında həqiqətən fərqlərin mövcudluğu, onların yaxşılıq dərəcələri və əgər biri digərindən daha yaxşıdırsa bunun passiv yoxsa aktiv evtanaziya olub-olmaması etnik və fəlsəfi nöqteyi nəzərdən müzakirəyə çıxarıla vacib suallardan biridir. Hazırda passiv evtanaziya daha yaxşı olduğu iddiası ilə bir çox ölkə və cəmiyyətlərdə xoş qarşılanır və hətta bəzi dinlərdə istifadəsi qəbul edilir. Lakin fəlsəfi nöqteyi nəzərdən isə passiv evtanaziyanın aktiv evtanaziyadan sadəcə hüquqi cəhətdən daha yaxşı ola biləcəyinə, praktikada isə əksinə olacağı iddia edilir. Eyni zamanda bəzi fikirlərə görə əxlaq çərçivəsində müzakirə edildikdə vacib olan evtanaziyanın necə deyil, hansı səbəbdən istifadə edilməsidir. Bu fikirə əsasən həkimin aktiv və ya passiv evtanaziya həyata keçirməsi arasında heç bir fərq yoxdur. Belə ki, passiv evtanaziya zamanı həkimin xəstəyə heç bir müalicə tətbiq etməməsinin özü də bir onu ölümə tərk etmək kimi qiymətləndirildiyindən, bununla xəstəni öldürmək qərarı arasında heç bir fərq görülmür.

Bir xəstənin ağrılarının dindirilməsi cəhdi belə, eyni məqsədlə yerinə yetirilməsə belə, yaşam müddətini qısaltma riski daşıdığı halda “dolayı evtanaziya” adlanır. Belə ki, həkimin yalnız ağrını azalmaq məqsədilə tətbiq etdiyi müalicə zamanı xəstənin həyatına son qoyularsa bu artıq “dolayı evtanaziya” kimi qiymətləndirilir.

Həmçinin evtanaziya ilə yanaşı işlədilən başqa bir ifadə isə həkim dəstəyi ilə ölümdür. Bu üsulun evtanaziyadan əsas fərqi isə ondan ibarətdir ki, bu proses zamanı ölümü reallaşdıracaq şəxs xəstənin özü olur. Belə ki, həkim xəstənin müraciəti və ya istəyi üzrə lazımı şəraiti yaradır. Lakin son mərhələdə ölümün icrası xəstənin öz üzərinə düşür. Bu üsulun evtanaziyadan ziyadə intihara daha yaxın olduğu düşüncəsi dünya ölkələrində bu üsul pislənərək daha az istifadə edilir.

Bütün bunlarla yanaşı evtanaziya xəstənin istəyindən və mövcud vəziyyətindən də asılı olaraq könüllü və məcburi olaraq da iki qrupa bölünür.

Könüllü eftanaziya zamanı xəstə -

- Dözülməz ağrılardan əziyyət çəkdiyi səbəbilə yaxın günlərdə həyatına son verilməsi üçün müraciət edir.

- Xəstəliyin son mərhələsində müalicədən imtina edir.

- Ağrıları kəsməklə bərabər ölümü tezləşdirən başqa bir müalicə üsuluna müraciət edir.

Məcburi eftanaziya zamanı isə xəstə

- Fiziki və əqli bacarıqsızlığı səbəbilə könüllü evtanaziyaya müraciət edə bilmir.

- Onun üçün faydalı hesab edilən müalicədən imtina edərək, təbii ölümünü gözləyir.

Həmçinin bir sıra hallarda xəstənin əqli və ya fiziki vəziyyətinin imkan vermədiyi təqdirdə yaxınları və ya müalicə edən həkimi tərəfindən xəstənin razılığı olmadan həyata keçirilən ölüm fəaliyyəti də məcburi evtanaziya olaraq qiymətləndirilir. Lakin mövcud vəziyyətin suiqəsd və ya həqiqətən evtanaziya olması isə hələ də müzakirəyə açıq bir məsələ olaraq qalmaqdadır.

Evtanaziya nə zaman həyata keçirilə bilər

Ümumi olaraq evtanaziyanın icrası üçün bir çox müxtəlif səbəblər ola biləcəyi halda müəyyən bir qrup halında əsas şərtlərini müəyyənləşdirmək mümkündür.

- Əvvəla, evtanaziyadan bəhs etmək üçün ilkin olaraq xəstənin olması gərəklidir. Burada xəstəlik anlayışı geniş mənada götürülmüşdür. Belə ki, əsas olaraq xəstəliyin növünü, müəyyənləşdirmək gərəklidir.

- Xəstəlik müalicəsi olmayan bir vəziyyətdə olmalıdır.

- Xəstəlik əzab verici dərəcədə olmalıdır.

- Qəsdli ölüm olaraq həyata keçirilməli, qəza olaraq reallaşmamalıdır.

- 3-cü bir şəxs tərəfindən həyata keçirilməlidir. Evtanaziya deyildikdə əsas icraçı kimi hüquqi nöqteyindən həkim nəzərdə tutulur.

- Ölüm məhz xəstənin mənfəətini nəzərə alınaraq icra edilməlidir.

- Evtanaziyanın icrası ağrısız şərtlər alrında həyata keçirilməlidir.

- Bütün hallarda xəstə evtanaziya istəmədiyi təqdirdə fəaliyyət icra edilməməlidir. Ən ağır xəstələrin belə yaşama arzularına hörmət edilməlidir.

Dinlər çərçivəsində evtanaziya

Ölüm bütün dinlərdə xüsusi müzakirə edilən və müəyyən qərarların qəbul edildiyi vacib mövzuladan biridir. Hər bir dinin insana və onun həyatına yanaşması müxtəlif olduğundan evtanaziya, yəni insan həyatının sonlandırılması mövzusu da müxtəlif olaraq qiymətləndirilir.

İslamda bildirilir: “Heç kim ölüm vaxtınız tezləşdirə və ya gecikdirə bilməz. Ölüm Tanrının iradəsindədir.” Bu səbəbdən aktiv evtanaziya hüquqi (şəriət) cəhətdən qadağandır. Bu, əzab çəkən xəstəni öz xahişi ilə ağrılardan uzaqlaşdırmaq üçün edilsə belə həkim üçün cinayət kimi qiymətləndirilir. Şəriətə görə həkim xəstə üçün ona həyat verən və onu lazımı şəraitdə yenidən alan Tanrıdan daha mərhəmətli ola bilməz. Yeganə çıxış yolu xəstənin təbii yolla ölümünə izavə verilməsidir. Passiv evtanaziyada isə müsəlman hüquqşünasların xəstənin tibbi müalicəni ona yaşam ümidi verə bilcəyi halda belə qəbul etmədiyi təqdirdə qadağan deyil. Onlar hesab edirlər ki, müalicə icazə veriləndir (mübah), lakin mütləq deyil.

Xristianlar üçün isə ümumilikdə aktiv evtanaziya qəbul edilməz olduğu halda ona münasibət hər bir məzhəbdə fərqli qiymətləndirilir.

Provoslav xristianlar (ortodoks) üçün evtanaizyanın iştirakçısı olmaq cinayət hesab edilir. Evtanaziyanı seçən xəstə bir insan bir bir intihara cəhd etmiş kimi qiymətləndirilir.

Bununla yanaşı 11 fevral 2009-cu ildə məhkəmə «bəzi şərtlər altında» rus pravoslavlarının 17 illik koma halında olan italyan gənc Eluana Englaro üçün Vatikana müraciət etməsindən sonra , ailəsinin də tələbləri ilə qida ötürülməsini və süni oksigen qəbulunun dayanması ilə bağlı qərar qəbul etmişdi.

Protestantlar üçün isə eftanaziyanı müalicəvi şiddət kimi qəbul edirlər və buna qəti olaraq icazə verilmir. Bəziləri düşünür ki, ölüm üçün müraciət etməyin özü belə döyüşmək kimidir.

Katoliklər üçün əlil, xəstə və ya can çəkişən insanların həyatlarına son verilmə kimi qiymətləndirlən eftanaziya qəbul edilməzdir . Katolik kilsəsi müalicəvi şiddətə bütövlükdə qarşıdır. Onlar oksigen asılılığını müalicəvi şiddət olaraq qiymətləndirmədiyindən passiv evtanaziya qəbul ediləndir.

İudaizmdə bildirilir: “O, ölümü tezləşdirməyi qadağan edir. Eyni zaman biz onun çox böyük əzab çəkdiyini görürük və ölümün onun üçün şirin ola biləcəyini bilirik, buna baxmayaraq ölümə tələsmək bizim üçün qadağandır: dünya və bütün hər şey Tanrıya məxsusdur və onun iradəsindədir”.

Bu ifadəni əsas tutaraq aktiv evtanaziyanı qadağan edən yəhudilər tərəfindən tibbi proseslərdən imtina (passiv evtanaziya) qəbul ediləndir.

Buddizmdə ölüm insan ruhunun sonu demək deyil. Ümumi anlamda isə buddizmdə həyatın qəsdən sonlandırılmasını mənfi bir fəaliyyət kimi qiymətləndirilir.

Kalou Rinpoche və ya Dilgo Khyentse Rincpoche kimi Tibet buddistlərinin böyük düşünürləri passiv evtanaziyaya qarşı deyillər, evtanaziyanı bu həyatın çətinliklərindən qaçış kimi izah edən və gələcək həyatımızda daha ağır şərtlər altında eyni çətinliklərlə qarşıla bilmək riskini nəzərə alan 14-cü Dalay Lama (buddizmdə ruhani liderə verilən titul red) aktiv evtanaziyaya təmamilə qarşıdır.

Teravada Buddizmində də oxşar bir hal özünü göstərir. Monastr (Vinaya) məcəlləsinə görə aktiv evtanaziya və ya intihara yardım böyük anlamda yalnışdır. Lakin passiv evtanaziya isə kiçik bir yanlışlıq kimi qiymətləndirilir.

Milli qanunvericiliklərdə evtanaziya

Bir çox dünya dövlətlərində qəti olaraq qadağan edilən evtanaziya Hollandıya, İsveçrə, Danimarka və Belçika kimi dövlətlərin hüquq sistemlərində bəzi şərtlər altında qanuni akt kimi qəbul edilir. Bununla yanaşı Danimarka qanunlarına görə 16 yaşlı gənc yardımlı intihar edə bilər. 12-16 yaş arasında yeniyetmələr valideynlərinin razılığı əsasında evtanaziyada istifadə edə bilər. Eyni zamanda əhalisinin 92 faizinin razı olduğu Danimarka Anti Evtanaziya Həkimlər Birliyinin rəhbəri Pieter Hildering “qanunvericilikdəki dözülməz ağrının nə olduğu tibb dünyası üçün geniş bir fərqlilik yaradır. Bizim əsas narahatçılığımız buna hansı həkimin və hansı şərtlərdə qərar verəcəyidir.” deyərək buna qarşı çıxmışdır.

1 sentyabr 1939-cu ildə Nasist rejimi tərəfindən 200.000 sağalmaz xəstələr, əqli zəiflərə və fiziki cəhətdən düzgün formalaşmayan uşaqlar üçün «mərhəmətli ölüm» adlı qərar qəbul edir. Hələ 1939-cu ilin əvvəlində evtanaziya əmaliyyatı çərçivəsində əqli çatışmazlıqdan əziyyət çəkən almanlar üçün istifadə edilən qaz bombalarında 70 000-dən çox qurban həyatını itirmişdir. Bu gün isə Almaniyada evtanaziya müəyyən şərtlər çərçivəsində qəbul edilməkdədir.

ABŞ-da hələ 20-ci əsrin əvvəllərində müzakirəyə çıxarılan bu məsələ ilə bağlı 1906-cı ildə Ohayo (Amerikada ştat-red.) Parlamenti növbəti bir qərar qəbul etdi: “sağalmaz xəstəliklərdən əziyyət çəkən insanların xüsusi təşkil edilmiş və minimum 4 nəfərdən ibarət komissiyalara müraciət edə bilər və komissiyanın qərarı ilə əzablı həyatlarına son qoya bilərlər.” Qanun yüksək məhkəmə tərəfindən rədd edildi.

Yenidən 2008-ci ilin noyabr referendumunda təsdiqlənmiş və Vaşinqton hökumətinin 6 mart 2009-cu il qanununa əsasən son mərhələdə intihara yardıma icazə verir. Həmçinin qanuna daxilində xəstələrə altı ay içərisində « tibbi yardımla ölüm üçün həkimə müraciət » icazə verilir. Oreqon və Montana kimi iki digər ştatlar da eyni proseduranı qəbul etmişdir.

Lüksemburqda isə mövcud qanun 2009-cu ilin 17 martından eftanaizya və intihara yardım qanuniləşdirilmişdir.

Kanadada könüllü evtanaziyanı 2015-ci ilin 6 fevral tarixindən etibarən cinayət məsuliyyəti kimi qiymətləndirilməkdən imtina edilib. İnsanlar xəstəliyin sonuncu mərhələsində ölüm üçün tibbi yardıma müraciət edə bilər.

Avropa İnsan Hüquqları Məhkəməsinin evtanaziyaya qarşı münasibəti də xoş deyil. Xüsusilə bunu 29 aprel 2002-ci ildə Birləşmiş Krallıqda Diane Prettynin işi zamanı Məhkəmənin AİHM-nin 2ci maddəsinə yəni yaşam hüquna əsasən « ölüm hüqunu» dan imtina etməsilə də görə bilərik.

Rusiya isə bu məsələ ilk dəfə hələ 1922-ci ildə, mərhəmət cinayəti adı altında, cinayəti ölənin öz istəyi ilə icra etdiklərini sübut edə bilən bir çox məhkuma azadlıq verilməsi olaraq gündəmə gətirilmiş. Lakin bu qərar yalnız bir neçə ay qüvvədə qala bilir. Günümüzdə isə Rusiya Federasiyasında evtanaziya hələ də müzakirə mövzusu olaraq qalmaqdadır.

Türkiyədə isə aktiv evtanaziya qadağan edilməklə yanaşı bunu həyata keçirən şəxs ömürlük həbslə cəzalandırılır.

“Pasiyentin hüquqları haqqında” qanuna əsasən, Azərbaycanda da evtanaziya qadağandır. Belə ki, qanuna görə, tibb işçilərinin ölümün tezləşdirilməsi haqqında (evtanaziya) pasiyentin özünün, onun qohumlarının və ya maraqlarını təmsil edən digər şəxslərin xahişini yerinə yetirməsinə icazə verilmir. Yalnız beyin ölümü faktının konstatasiyası zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilməlidir.

# 8801 dəfə oxunub

Müəllifin son yazıları

# # #