"Stalin qızılgüldü, Lenin tər bənövşədi" BAYATILAR

"Stalin qızılgüldü, Lenin tər bənövşədi" BAYATILAR
30 iyul 2013
# 15:30

Anam həmişə danışırdı ki, Stalin öləndə kənddə bir ağlaşma, şin-şivən var idi ki, gəl görəsən. Kişilər başına döyürdü, arvadlar saçını yolurdu və s. O söhbətdə mənə ən maraqlı gələn o idi ki, kəndin arvadları Stalini bayatılar qoşub səsnən ağlayırmışlar. Lap ana öz oğluna ağlayan kimi. Anamın yaddaşında o bayatılardan cəmi biri qalıb:

İki meyid qoşadı,

Hər biri tamaşadı.
Stalin qızılgüldü,
Lenin tər bənövşədi.

Sözün doğrusu, bu bayatı mənə çox maraqlı və çox da qəribə gəlirdi. Bu günlərdə elmi işimlə bağlı kitabxanada “İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalını vərəqləyərkən jurnalın 1942-ci il nömrələrinin birində Leninin ölümünə qoşulmuş bayatılardan bir neçəsi qəfildən qarşıma çıxdı. Bunu bir dostuma oxudum və dostum dedi ki, bayatı xalq yaradıcılığıdır, bunları yəqin ki, həmin dövrün yaltaq şairləri xalqın adından qoşublar. Mən Stalin öləndə kənd arvadlarının qoşduğu bayatıları xatırlatdım və dostumu bunun məhz xalq yaradıcılığı olduğuna inandırdım. Siz də inanın....

Mən aşıq duran hanı?

Saatı quran hanı?
Zalım fələk, bir danış,
Dünyanı quran hanı?

Mən aşığam ağ olsun,

Ətraf bağça-bağ olsun,
Lenin də bizimlədir,
Stalinimiz sağ olsun!

Eləmi naşı qardaş,

Atmışıq daşı, qardaş.
Leninin sayəsində
Mehriban yaşa, qardaş.

Mən aşığam bu bağda,

Bülbül oxur bu bağda.
Lenin ölməyib, sağdır –
Şəkli bizim otaqda.

Bu sular nə sərindi,

Yu yaylığın, sər indi.
Dünya bağbanı, Lenin,
Bu meyvələr sənindi.

Mən aşığam boyunca,

Bel nazikdir, boy uca.
Qəbrini bir görəydim,
Leninin mən doyunca.

Mən aşığam yar yetir,

Bağbanısan, bar yetir.
Lenin qurduğu yolu,
Stalin, başa var yetir.

Mən aşığam dərində,

Üzüm dərim sərində.
Rahat yat, əziz Lenin,
Stalindir yerində.

Bülbül yenə bağdadı,

Gözü gül budaqdadı.
Sənin sayəndə, Lenin,
Ellər keyf-damağdadı.

Mən aşıq hanı Lenin?

Qurdun dövranı, Lenin!
Gərək sən yaşayaydın –
Ulduzun sanı, Lenin!

Ələmdar Cabbarlı

Modern.az

# 2954 dəfə oxunub

Müəllifin son yazıları

# # #