Nizami haqda NKVD-nin xüsusi arayışı - ARAŞDIRMA

Nizami haqda NKVD-nin xüsusi arayışı - ARAŞDIRMA
12 dekabr 2016
# 11:40

Nizami Gəncəvi əsərlərinin, xüsusən “Xəmsə”yə daxil olan poemaların Azərbaycan dilinə tərcüməsi zaman-zaman müzakirə və mübahisə obyekti olub. Özü də çeşidli tənqidlər təkcə Nizami əsərlərinin poetik çevirmələrini deyil, sətri (filoloji) tərcümələrini də əhatə edib. Əldə olan sənədlər göstərir ki, həmin tərcümələrin keyfiyyəti ilə bağlı mübahisələr onların meydana çıxması ilə eyni vaxtda başlayıb.

Bu baxımdan keçmiş SSRİ-də, özəlliklə respublikamızda Nizaminin 800 illiyinə qızğın hazırlıq getdiyi dövrdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı (“NKVD” adı ilə məşhur olan qurumun rəhbəri) Stepan Yemelyanov tərəfindən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə göndərilmiş xüsusi arayış maraq doğurur. “Tam məxfi” qrifi ilə rus dilində hazırlanmış bu sənəd elə imzalandığı gün – 1939-cu il avqustun 17-də Mərkəzi Komitənin müvafiq şöbəsində 675 nömrə ilə qeydə alınıb.

Arayışda Nizaminin yubileyinə hazırlıqla bağlı şairin əsərlərinin Azərbaycan dilinə sətri və poetik tərcüməsi üzərində işin gedişi və vəziyyətindən bəhs olunur, ayrı-ayrı tərcüməçilərin bu sahədəki fəaliyyətinə qiymət verilir. Maraqlıdır ki, bundan öncə, tərcümələrin tekstoloji bazası ilə bağlı problemə də toxunulur.

Mövzunun bu gün də elmi-ədəbi dairələrdə müzakirə predmeti olduğunu nəzərə alıb arayışı ana dilimizə tərcümə etməyi lazım bildim. Arayışın məzmununa şərh vermədən bəzi zəruri izahlarla kifayətləndim.

Məsiağa Məhəmmədi

TAM MƏXFİ

XÜSUSİ ARAYIŞ № 1

Azərbaycan şairi Nizami Gəncəvi­nin yubileyinə hazırlıq haqqında


1941-ci ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin (Gəncə, indiki Kirovabad şəhərindən) anadan olmasının 800 illiyi ilə əlaqədar yubileyin keçirilməsi nəzərdə tutulur.

Nizami Gəncəvi yubileyinin nəhəng siyasi və ciddi elmi əhəmiyyətinə baxmayaraq, yubileyə hazırlıqla və şairin əsərlərinin Azərbaycan dilində nəşri ilə bağlı görülən işlərdə bir sıra mühüm nöqsanlar və çatışmazlıqlar müşahidə olunur.

Nizami Gəncəvi külliyyatının tam mətni Vəhidi Dəsti Kərdi1 adlı tərtibçi tərəfindən hazırlanmış və Tehranda “Ərməğan” [jurnalı] redaksiyasının nəşr etdiyi 7 cildlik toplu əsasında tərcümə olunur.

Bu nəşr elmi şəkildə hazırlanmamışdır, çoxsaylı səhvlər və təhrifləri ehtiva edir. Bundan əlavə, həmin kitabların hamısının üz qabığında “Bütün hüquqları tərtibçiyə məxsusdur” deyə bir qeyd vardır, yəni tərtibçinin müvafiq razılığı olmadan elmi tədqiq və ya tərcümə üçün bir növ toxunulmaz elan olunmuşdur.

Tərcümələr üçün Kərdinin həmin toplularından istifadə edilməsi, əvvəla, Nizami Gəncəvi yaradıcılığının düzgün dərk olunması sahəsində əməlli-başlı qarışıqlıq yaradacaqdır, çünki onların tərtibçisinə tam inanmaq olmaz; ikincisi isə bu, siyasi qalmaqala səbəb ola bilər, belə ki, mövcud “müəllif hüququ”na əsasən, Kərdi öz hökuməti vasitəsilə onun nəşrindən istifadəyə görə iddia qaldıra və bir neçə milyon rubl məbləğində qonorar tələb edə bilər (Azərbaycan dilinə sətri tərcümələr əsasında Nizami Gəncəvi əsərlərinin bütün qardaş respublikalarda nəşr ediləcəyi təqdirdə ümumi tirajı nəzərə alınır).

Nizami Gəncəvi [əsərlərinin] qədim əlyazmaları və ayrı-ayrı nəşrləri çoxdan mövcuddur. Bu qiymətli əlyazmaların və nəşrlərin bir qismi (həm əsli, həm də valyuta müqabilində xaricdən alınmış fotosurətləri) [SSRİ] Elmlər Akademiyasının Azərbaycan Filialında, eləcə də Moskva və Leninqrad şəhərlərindəki digər elmi müəssisələrində saxlanmaqdadır. Nizami Gəncəvi əsərlərinin tam, daha düzgün və elmi mətnini tərtib etmək üçün həmin əlyazma və nəşrlərin tutuşdurulması tələb olunur, lakin buna açıq-aşkar məhəl qoyulmur. Həmin işin Kərdi nəşrinin hazır mətnləri əsasında sətri tərcümələr bitdikdən sonra görülməsi nəzərdə tutulur, bu da labüd şəkildə çoxsaylı dəyişiklik və düzəlişlərin edilməsi ilə müşayiət olunacaq, üstəlik, istər sətri tərcümələrin, istərsə də artıq xeyli hissəsi edilmiş poetik tərcümələrin dəyişdirilməsi üçün əlavə vəsait və vaxt sərf olunmasına gətirib çıxaracaq.

Yubileyə hazırlıq işi üzərində möhkəm elmi-siyasi və maliyyə nəzarəti yoxdur, şəxsi qazanc naminə Nizami Gəncəvi yaradıcılığı ilə möhtəkirliyə çevrilən inhisarçılıq və açıq-aşkar mənfəətpərəstlik meylləri özünü göstərir.

Nizami [adına Ədəbiyyat və Dil] İnstitutunda2 (direktor müavini – Dadaşzadə Arif3, bitərəf, ordenli; Ədəbiyyat şöbəsinin müdiri – Araslı Həmid4, bitərəf) sətri tərcümə və redaktə işi əsasən 4 nəfər arasında bölüşdürülmüşdür, halbuki bunun üçün Şərqi, Nizami dövrünün dilini və ruhunu bilən əməkdaşlardan ibarət briqada-kollektiv yaradılmalı idi. Bu azmış kimi, bölgü zamanı həmin işçilərin fars dilini [necə] bilməsi, qabiliyyətləri və elmi keyfiyyətləri, eləcə də iş yükü nəzərə alınmamışdır. Belə ki, asan qazanc mənbəyi olaraq, Araslı Həmid ümumilikdə azı 60 min misradan ibarət olan üç poemanın redaktəsini öz üzərinə götürmüşdür, halbuki o, fars dilində düzgün oxumağı bacarmır.

Abdulla Şaiq5, İbrahim Tahir6, Rzaqulu Zadə7 və s. tərcüməçi və redaktorlarla bağlı da eyni vəziyyət müşahidə olunur.

Bu işə (heç olmasa mətbuat vasitəsilə) səriştəli ziyalıların, Nizami Gəncəvi həvəskarı və pərəstişkarlarının geniş dairələrinin cəlb olunmasına maneçilik törədilməsi meylləri də özünü göstərir. Belə ki, məsələn, əldə olan məlumatlara görə, Hökumət Komissiyasının Nizami Gəncəvi yaradıcılığına dair məsələləri zəif bilən məsul katibi, bitərəf Rəfili Mikayıl8 bəzən insanların təşəbbüsünü boğur, faydalı təklifləri və çox vaxt hətta gözəl fikirləri qulaqardına vurur. Bəzi mütəxəssislər arasında o, pis ad çıxarmışdır və onlar deyirlər ki, “Mikayıl Rəfilinin “nəzarəti” durduqca, heç nə yazmayacaqlar”.

Bir çox tərcüməçilər fars dilini lazımi səviyyədə bilməmək və səriştəsizlik ucbatından tərcümələrdə yanlışlıqlara yol vermiş, fikirləri təhrif etmiş, ayrı-ayrı misraların məzmununu dəqiq çatdırmamışlar və s. İşdə açıq-aşkar “xaltura” və primitivlik əlamətləri özünü göstərməkdədir.

Bir sıra işçilərdə (Babayev Fazil9 – ÜİK(b)P10 üzvü, Əliyev Mübariz11 – bitərəf) Nizami Gəncəvi əsərlərinin tərcümələrindəki səhv və təhriflərin dərəcəsini göstərən faktlardan ibarət geniş həcmli icmallar vardır.

İşin aşağı keyfiyyəti xüsusən poetik tərcümələrdə əyani şəkildə müşahidə olunur. Şair Səməd Vurğunun12 və qismən də Məmməd Rahimin13 tərcümələri istisna olmaqla, qalan poetik tərcümələr aşağı səviyyəlidir və onlar, bizdə olan məlumatlara görə, Nizami Gəncəvi əsərlərinə karikaturadan başqa bir şey deyildir. Onlarda bədiilik, möhtəşəmlik yoxdur, Nizami Gəncəvinin dühası və əzəməti hiss olunmur. Nəhəng klassik və dahi şair Nizami Gəncəvi bu tərcümələrdə çox vaxt ən pis və adi nasir təsiri bağışlayır (məsələn, “İsgəndərnamə”, “Həft peykər”14 poemaları və s.).

Sadalanan faktların çoxu barədə Nizami [adına Ədəbiyyat və Dil] İnstitutunun direktoru, ÜİK(b)P üzvü Hüseynov Heydərə15 siqnallar daxil olmuşdur, lakin o, bu barədə rəhbər orqanlara məlumat verməmişdir.

Azərbaycan SSR Xalq Daxİlİ İşlər Komİssarı,
Dövlət Təhlükəsİzlİyİ Baş Mayoru (Yemelyanov)16

17 avqust 1939-cu il

Bakı şəh.

İcraçı: Mustafayev

___________________________

İzahlar:

1. Əslində Vəhid Dəstgerdi (1879-1942) – İran alimi və şairi, iyirmi ildən artıq nəşr olunan “Ərməğan” ədəbi jurnalının təsisçisi. 1934-1938-ci illərdə XIV-XVII əsrlərə aid 30 əlyazma əsasında Nizami Gəncəvi əsərlərinin tam külliyyatını (“Xəmsə” + lirika) 7 kitab halında nəşr etdirmişdir.

2. Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutu. O zaman yeni yaranmış İnstitut cəmi 3 şöbədən (ədəbiyyat, dil və folklor) ibarət idi.

3. Akademik Məmməd Arif Dadaşzadə (1904-1975). Arayışın yazılmasından təqribən bir ay sonra – 1939-cu il sentyabr ayının 25-də Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdi.

4. Akademik Həmid Araslı (1909-1983). Sonralar Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin (1960-1968) və AMEA Şərqşünaslıq İnstitutunun (1970-1983) direktoru olmuşdur.

5. Abdulla Şaiq (1881-1959) Nizaminin “İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsini Azərbaycan dilinə poetik tərcümə etmişdir.

6. İbrahim Tahir Musayev (1869-1943) – şair və tərcüməçi. Həmin dövrdə Nizaminin “Sirlər xəzinəsi” poemasını sətri tərcümə etmişdi.

7. Mikayıl Rzaquluzadə (1905-1984) Nizaminin “İsgəndərnamə”sinə daxil olan “İqbalnamə”ni Azərbaycan dilinə poetik tərcümə etmişdir.

8. Mikayıl Rəfili (1905-1958) – şair, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor. “Nizami – dövrü, həyatı, yaradıcılığı” (1941), “Nizami Gəncəvi və onun yaradıcılığı” (1947) kimi kitabların müəllifidir.

9. Fazil Babayev – filologiya elmləri namizədi. Nizaminin “Leyli və Məcnun” poemasının elmi-tənqidi mətninin tərtibçilərindən biri olmuşdur. Həmin mətn onun vəfatından sonra – 1965-ci ildə Moskvada nəşr edilmişdir.

10. ÜİK(b)P – Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası. Sovet İttifaqı Kommunist Partiyası 1925-1952-ci illərdə belə adlanmışdır.

11. Mübariz Əlizadə (1911-1994) – şərqşünas-alim və tərcüməçi, filologiya elmləri doktoru, professor. Həmin dövrdə Nizami adına Ədəbiyyat və Dil institutunun elmi işçisi olmuşdur. Nizaminin “Leyli və Məcnun” poemasının və lirikasının Azərbaycan dilinə filoloji tərcüməsinin müəllifidir.

12. Səməd Vurğun (1906-1956) Nizaminin “Leyli və Məcnun” poemasını Azərbaycan dilinə poetik tərcümə etmişdir.

13. Məmməd Rahim (1907-1977) Nizaminin “Yeddi gözəl” poemasını Azərbaycan dilinə poetik tərcümə etmişdir.

14. “Yeddi gözəl” poemasının orijinaldakı adı.

15. Akademik Heydər Hüseynov (1908-1950). İxtisasca filosof olmasına və o dövrdə Elmlər Akademiyasının Ensiklopediya və Lüğətlər İnstitutuna rəhbərlik etməsinə baxmayaraq, 1939-cu ilin yanvar-sentyabr aylarında Nizami adına Ədəbiyyat və Dil İnstitutunun yarımştat direktoru olmuşdur.

16. Stepan Fyodoroviç Yemelyanov (1902-1988) – general-mayor. 1939-1953-cü illərdə Azərbaycan SSR-in təhlükəsizlik orqanlarına rəhbərlik etmişdir.

# 1280 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #