Oğluna görə şəkər xəstəliyi tapan Xalq şairi

Oğluna görə şəkər xəstəliyi tapan Xalq şairi
2 iyul 2018
# 09:00

Kulis.az “Maraqlı adamlar” layihəsindən Xalq şairi Bəxtiyar Vahabzadə haqda fakt və əhvalatları təqdim edir.

Bəxtiyar Vahabzadə 20 Yanvarda general Dubinyakın üzünə tüpürüb. Bu hadisə o vaxt heyrətlə qarşılanmışdı. O gün Bəxtiyar Vahabzadənin nəinki həbs olunması, hətta öldürülməsi də mümkün ola bilərdi.

***

O, ilk şeirini Səməd Vurğun olan məclisdə oxuyanda çox həyəcanlı imiş. Şeir bitəndə Səməd Vurğun ayağa qalxır və “Bu cavan oğlan məndən də yaxşı yazır” – deyir. Ondan sonra az vaxt ərzində Bəxtiyar Vahabzadə məşhur şairə çevrilir.

***

Onun elmi işi "Səməd Vurğunun lirikası” idi. Ancaq şeirdə tam olaraq onun yolunu davam etdirmədi. O, şeirə publisistik xarakter gətirdi.

Image result for bəxtiyar vahabzadə

***

Bəxtiyar Vahabzadənin müxtəlif addımları ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı. Lakin onun qəfil etdiyi etirafların orijinallığını heç kim dana bilməzdi. Misal üçün, müasiri olduğu şair Əli Kərim haqqında yazmışdı:

Gec doğub tez sönən ulduzlar kimi

İşığın sonradan çatacaq bizə...

***

90-cı illərin ağır, kəşməkeşli vaxtlarında şeir gözdən çox düşmüşdü. Birdən-birə sovet şairlərinin və sovet şeirinin saxtalığı ortaya çıxmışdı. Çoxları düşünür ki, belə ağır vaxtlarda Bəxtiyar Vahabzadə olmasaydı “Azərbaycan şairi” obrazı yerlə bir olardı. O, şeiri və şairi ucalıqlardan küçələrə enməyə qoymadı.

***

Bəxtiyar Vahabzadə həm də Azərbaycanda olan biri-birinə zidd müxtəlif və fərqli hakimiyyətlərin hamısı ilə münasibət qurmağı bacarmışdı. Çoxu düşünür ki, bu, bir şair kimi onun qüsuru idi. Ancaq bunu Bəxtiyar Vahabzadənin böyüklüyünə, şəxsiyyətinin gücünə yozanlar da var.

***

Image result for bəxtiyar vahabzadə

Onun Bakı Dövlət Universitetində dərs dediyi vaxtlar Azərbaycan dilinin qorunması və inkişafı uğrunda danılmaz xidmətləri olub. Müsahibələrində, məqalələrində, hətta şeirlərindəı də Azərbaycan dilinə sonsuz sevgisini bəyana gətirirdi. O, bu mövzuda yazdığı bir şeirdə Azərbaycan dilinin rus dilinin təsiri ilə sıxışdırılmasını nəzərə alaraq deyirdi:

Qanunlu, möhürlü idarələrdən

Daxmalar küncünə qovulan dilim...

***

Bir televiziya çıxışında isə “Cırtdan” uşaq studiyasının adının “Djırtdan” yazılmasına açıq etiraz etmişdi. Məşhur cümləsi isə belə idi: “Gül kimi “Cırtdan”ı niyə “Djırtdan” eləmisiniz, buna necə ürəyiniz gəlib?”

***

Çoxu elə bilir ki, B.Vahabzadə həmişə mükafat və titullar alıb. Həqiqətən də onun titulları çoxdur: Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Dövlət mükafatı laureatı, M.F.Axundov adına ədəbi mükafatın laureatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, millət vəkili, "Qırmızı Əmək Bayrağı" və “İstiqlal” ordenli və s.

Lakin o, cəzalandırılıb da! 1962-ci ildə millətçi damğası ilə Azərbaycan Dövlət Universitetindən qovulub. Yalnız 2 ildən sonra işinə bərpa olunub. Onu universitetdən tamam uzaqlaşdırmaq böyük ajiotaj yaradardı. Ona görə, bu qovulmanın adını elmi ezamiyyət qoymuşdular.

***

Image result for bəxtiyar vahabzadə

O, Nəsimini məşhur misrasına qəribə düzəlişi ilə də yadda qaldı. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrasını daha rahat izah etmək üçün “Məndə sığar ikən cahan...” kimi deyirdi...

***

Sevgi şeirlərinin ən məşhuru olan “Bir salama dəymədi” şeiri ünvanlıdır. Doğrudan da ayrıldığı xanım beş il sonra rastlaşanda onun salamını almayıb. Bəxtiyar Vahabzadə buna görə bu şeiri çox sevirmiş və məclislərdə tez-tez deyirmiş. Bir gün Əminə Yusifqızının ifasında o şeirə qulaq asır, necə valeh olursa bir daha nə özü bu şeiri deyir, nə də başqalarının deməsinə razı olur.

***

O, uzun müddət Milli Məclisin deputatı oldu. Bir dəfə məclisin spikeri Murtuz Ələsgərov iclaslara qatılmaması ilə bağlı irad bildirəndə Bəxtiyar müəllimin cavabı qəribə olur:

- Bunun sənə dəxli yoxdur!

***

Müharibədən qayıtmayan qardaşının adını oğluna vermişdi: İsfəndiyar. Oğlu uzaqda işlədiyinə görə tez-tez narahat olurmuş. Zəng edirmiş həmişə ona. Və İsfəndiyar da hər dəfə bu zənglərdən həyəcanlanarmış. Bir dəfə soruşanda ki, ata, nolub, niyə zəng etmisən? Bəxtiyar Vahabzadə oğlunu sakitləşdirib: “Heç nə olmayıb, a bala, təzə şeir yazmışam, qulaq as, gör necədi”.

***

Oğlu Əfqanıstanda olanda Bəxtiyar Vahabzadə ona zəng edib. Telefonda deyiblər ki, oğlunun işlədiyi korporasiya dağıdılıb, partladılıb. Dəstək Bəxtiyar Vahabzadənin əlində qalıb. Və ondan da şəkər xəstəliyi tapıb.

***

Bir dəfə oğlu İranda olanda buna bənzər hadisə baş verib. Oğlunun dəstəsindən beş-altı adamı öldürüblərmiş. Xəbərdən 7 ay sonra evinə qayıdan oğlunu görən Bəxtiyar Vahabzadə heyrət edib. Ayağa durub, amma addım ata bilməyib. Ayaqları tutulubmuş...

***

Bəxtiyar Vahabzadə Türkiyədə müayinə olunanda həkim şoka düşüb. Rentgendən keçəndən sonra üzünü şairə tutub:

- Ola bilməz! Bəxtiyar müəllim, sizin ürəyiniz yoxdur.

Bəxtiyar Vahabzadə gülümsünüb:

- Ürəyim var, ancaq sağdadır.

***

Onun ürəyi doğrudan da sağda idi.

Image result for bəxtiyar vahabzadə

# 12606 dəfə oxunub

Müəllifin son yazıları

# # #