Uçuş - Sülhiyyə Şirinovanın hekayəsi

Uçuş -  Sülhiyyə Şirinovanın hekayəsi
10 aprel 2026
# 12:40

Kulis.az Sülhiyyə Şirinovanın "Uçuş" hekayəsini təqdim edir.


Günorta qızım ailəvi vatsap qrupumuza yazdı:
— Möhkəm olun, sizə bəd xəbərim var. Ağ ördəyimiz uçub gedib…
İlk mən cavab verdim:
— Demişdim, uçub gedəcək. Dedim axı, gəlin qanadını kəsək.
Ördəyin uçub getməsinə bu qədər pis olacağımı gözləmirdim.
Həyat yoldaşım bir az gec yazdı:
— Getməz. Qayıdıb gələr.
Ördəkləri keçən yay almışdıq. On dənəydilər. İkisi balaca vaxtı öldü. Qalanları böyüdü, yeməli oldular, yumurtaya düşdülər. Kəsib yeməyə qıymırdıq. Ağ ördək içlərində ən qəşəngi idi. O biri ördəklərə baxanda arıq, amma hərəkətli. Son vaxtlar həyətin bu başından o başına uçurdu. Zarafatla deyirdik ki, yəqin çöl ördəyinin yumurtasından çıxıb.
— Elçin, ora bax, gölün üstündə ördək uçur. Gəl tutaq.
— Dəymə, qonşunundur.
— Nə qonşu? Qapı ördəyi belə uça bilməz.
— Dəymə!
— Mən gedirəm…
Elçin başını belə çevirmədi.
Ördək gölün üstündə dövrə vurdu, sonra suyun üzərinə endi. Qanadlarını elə oynadırdı ki, elə bil havada rəqs edirdi. Elçinin ruhu sanki bədənindən çıxıb onunla birlikdə uçurdu.
— Elçin! — anasının səsi onu xəyaldan ayırdı. — Gəl çörəyini ye.
Axşam işdən qayıdanda ağ ördək həyətdə idi. Toranlıqda dərhal seçilirdi.
— Dedim axı, qayıdacaq…
Mən isə fikrimdə qalırdım: bir gün evin yolunu itirəcək, ya da gölün yanında kimsəyə qurban gedəcək. Səhər qanadlarını kəsmək istədik.
Qayçını qanadına yaxınlaşdıranda ikimiz də duruxduq. Gözlərində yaş vardı.
— Burax getsin…
Qanadlandı, tez də yerə endi. Həmin gün həyətdən çıxmadı. Sonrakı iki gün də. Üçüncü gün qızım yazdı:
— Yenə uçub gedib. Görək qayıdacaqmı.
Bu dəfə cavab yazmadım. Artıq bilirdim: qayıtsa da, bir gün gedəcək. Payız yaxınlaşırdı.
— Yenə gəldi! — Elçinin səsi həyətə yayıldı.
Bu dəfə ördəyi lap yaxından gördü. Qanadlarında nazik qara xətlər vardı. Ağlığına xələl gətirmirdi. Gölün üstündə süzürdü. Elçin ayaqlarının yerdən üzüldüyünü hiss edirdi. Günlərdir onu gözləyirdi. Niyə bir ördəyin uçuşu onu bu qədər həyəcanlandırırdı, bilmirdi.
O, illərdir bu gölün kənarında yaşayırdı. Quşlar görmüşdü. Amma heç biri onu bu ağ ördək qədər təsirləndirməmişdi.
“Ördəyimiz qayıtdı. Muştuluq” — qızım yazmışdı. Əvvəl iki-üç gündən bir günortaları yoxa çıxıb axşamı gələn ördəyimiz, indi hər gün günortanı gedib axşam biz dönməmiş həyətə qayıdırdı. Onun yoxa çıxıb qayıtmasına vərdişkar olmuşduq. Qanadını kəsmək fikrindən də tamamilə daşınmışdıq. Yarpaqlar yavaş-yavaş tökülürdü.
Bir gün qızım vatsap qrupuna video atdı:
— Gözünüz aydın, ördəyimiz tik-toka çıxıb. Baxın, evimizin arxasındakı göl, uçan da bizim ördək.
Video Elçin22 adlı hesabdan paylaşılmışdı. Altında yazılmışdı:
“Bir ördək qədər də azad olmadıq.”
Əvvəlki gün paylaşılan videoda isə ördək göldə üzürdü, altında bircə söz vardı: “Gözəllik.”
Hesabı izləməyə aldım. Düşündüm: uçub getsə də, heç olmazsa burdan videosunu izləyərik. Qəfil darıxdım. Gedənin yolunu gözləmək ağrılıdır. Hər gün dönən, bir gün dönmür.
— Elçin, neçə vaxtdır fikrin hardadır? — anası dedi. — Xalan soruşurdu toyu nə vaxt edirsiniz.
— Ana, xalama ümid vermə. Mən buralarda qalmayacağam. Sıxılıram.
— Hara gedirsən? Bu göl bizim çörəyimizdir. Atanın əziyyəti var burda. Müdir də dedi ki, işi Elçinə yaxşı öyrət.
— Mən gedəcəm, ana!
Otaqdan çıxdı. Pəncərədən ağ ördəyi görmüşdü.
Bir axşam ördək Elçinin yaxınlığına qondu. Elçin dəni yerə tökdü. Sonra qanadlarına toxundu. Bədənindən bir istilik keçdi. Elə bildi bu dəqiqə uçsa, bacaracaq. Sanki bütün qapılar açıldı.
Evə qaçdı.
— Mən gedirəm, — dedi. — Daha qala bilmirəm.
Anası ağladı. Atası susdu. Sonra cibindən pul çıxardı.
— Sabah get, bilet al.
Bu axşam ördək həyətə qayıtmadı.
— Yəqin sabah gələr…
— Bu dəfə gəlməyəcək, — həyat yoldaşım dedi. — Bir dəstə quş bayaq evin üstündən uçdu.
Süfrənin arxasında heç birimiz danışmırdıq.
Telefonu əlimə aldım. Elçin22 yeni video paylaşmışdı. Ağ ördək gölün üstündə süzürdü. Altında yazılmışdı:
“Sabah bu vaxtı Daşkənddə olacam. Salamat qalın!”

# 195 dəfə oxunub

Oxşar xəbərlər

"Yaddaş məğlub edə bilməyəcəyimiz yeganə düşmən ordusudur" - Serb yazıçıdan sitatlar

"Yaddaş məğlub edə bilməyəcəyimiz yeganə düşmən ordusudur" - Serb yazıçıdan sitatlar

17:10 9 aprel 2026
Damdakı adam - Sara İbrahimin yeni hekayəsi

Damdakı adam - Sara İbrahimin yeni hekayəsi

14:30 8 aprel 2026
Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi

Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi

12:00 7 aprel 2026
Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

Körpə və kürən pişik balası - Çingiz Abdullayevin hekayəsi

10:10 7 aprel 2026
Gizli duyğu - Ayzek Azimovun hekayəsi

Gizli duyğu - Ayzek Azimovun hekayəsi

10:10 6 aprel 2026
Yadplanetli - Günel Mehrinin hekayəsi

Yadplanetli - Günel Mehrinin hekayəsi

13:23 4 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər