Araz Əlizadə:“Ordubadi savadsız adam idi”

Araz Əlizadə:“Ordubadi savadsız adam idi”
8 iyun 2015
# 14:04

Bir neçə gün öncə Kulisdə “Nəriman Nərimanov millətçi idimi?” məqaləsi yayımlanmışdı. Məqalədə Məmməd Səid Ordubadi Nəriman Nərimanovu millətçi adlandırır. Məsələ ilə bağlı Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin fikirlərini öyrəndik.

- Nəriman Nərimanov millətçi idimi?

- Nərimanov millətçi deyildi. O, xalqını sevən, böyük vətənpərvər idi.

- Məmməd Səid Ordubadi xatirələrində onun millətçi olduğunu, Marks-Lenin dəyərlərindən uzaqlaşdığını yazırdı.

- Allah Məmməd Səid Ordubadiyə rəhmət eləsin, onun savadı az idi. O, tam başa düşə bilməz ki, Engels kim olub, Marks kim olub. Ordubadi ömür boyu deyirdi ki, ordubadlılar çox qəribə insanlardır. Onlara deyirdim deyin “qəmmunist”, onlarsa deyirdilər “qəmist”. Buna görə Ordubadinin Nərimanov haqqında dedikləri qeyri-ciddidir. Bəzi adamlar bir ara hamıdan çox millətçi olurlar, bir müddət sonra isə çevrilib beynəlmiləlçi olurlar. Sonra zaman keçir, təzədən dönüb millətçi olurlar.

Millətini sevmək millətçi olmaq demək deyil. Hər bir insan öz vətənini, öz xalqını sevməlidir. Nərimanov da belələrindən idi. Ona görə həmişə xatirələrdə qalacaq.

- Nərimanovun dinə münasibəti necə idi? Deyilənə görə o, məscidlərin təmirinə vəsait ayrılmasını, bayramlarda ərzaqla təmin olunmalarını təşkil edirdi.

- Mən dindar deyiləm. Amma xalqımın dininə dərin hörmətim var. Çünki, o mənim xalqımın adətidir, ənənəsidir. Xalqımın adət-ənənəsinə hörmət etmək isə mənim borcumdur. Bu mənim fikrimdir. Nərimanov da belə idi. Əgər dinə hörmət, ənənələrə hörmət edirsənsə bu heç də o demək deyil ki, sən dindarsan.

- Bu gün Nəriman Nərimanov nəyi ifadə edir?

- Nərimanov həm ədəbiyyatçı, həm də insan kimi Azərbaycanın qürurudur. Ən əsası da ona görə ki, Qarabağın o vaxtı Ermənistana verilməsinin qarşısını alan yeganə şəxs olub.

- Əvəzində Zəngəzur torpaqlarını verib. Hətta məşhur bir fikri var, Ermənistan SSRİ-nin yaranması şərəfinə qeyd olunan banketdə badə qaldıraraq deyib ki, Zəngəzur kimi xırda torpaqlar iki xalq arasında narazılığa səbəb ola bilməz.

- Zəngəzur torpaqlarını ermənilərə Nərimanov verməyib. Ümumiyyətlə indiki Ermənistan torpaqlarının ermənilərə verən Azərbaycan Demokratik Respublikasının baniləri olub. 1918-ci ildə Tiflisdə gürcülər müstəqilliklərini elan edərək Zaqafqaziya Seymindən çıxdılar. Azərbaycanlılar da müstəqilliklərini elan edib Gəncəni paytaxt elan etdilər. Bu vaxt ermənilərin ADR-ə məktubu oldu ki, paytaxt eləmək üçün yerimiz yoxdur. İcazə verin Yerevanı paytaxt elan edək. Onlar da icazə verdilər.

- Deməli Zəngəzur torpaqlarını Ermənistana ADR verdi.

- Təkcə Zəngəzur torpaqlarını yox, bütün Ermənistan torpaqlarını, yəni İrəvan xanlığını onlara verdilər. 1913-cü ildə Çar Rusiyasında aparılmış əhalinin siyahıyaalınması sənədlərində göstərilir ki, azərbaycanlılar indiki Ermənistan ərazisində çoxluq təşkil ediblər. Ermənilər Osmanlı torpaqlarından qovulduqdan sonra bu torpaqlara gəlib əhalini qırıb-çatıb, qovub burada məskunlaşıblar.

- Amma SSRİ yarananda bu torpaqların ermənilərə verilməsi sənədini Nərimanov imzalayıb.

- SSRİ yarananda artıq o torpaqlarda azərbaycanlılar yox idi. Bu məsələ ilə bağlı başıma gələn bir hadisəni danışım. Universiteti bitirəndən sonra Əfqanıstana tərcüməçi getmişdim. Oranın gömrüyündə gördüm bir elan asılıb; Əfqanıstandan bayıra qaraqul (dəri-red), xalça, fil, bir də dəmir çarpayı aparmaq olmaz. Bu siyahı mənə qəribə gəldi deyə məmurda sual verdim ki, yaxşı xalça ilə qaraqulu başa düşürəm, bu sizin gəlir əldə etdiyiniz məhsullardır. Bəs fillə çarpayı niyə olmaz? O da cavab verdi ki, çünki fillə çarpayı bizdə yoxdu.

İndi Zəngəzuru da itirəndən sonra istər o sənədi imzala, istər imzalama, heç nə dəyişməyəcək.

Buna görə də bu məsələdə Nərimanovu günahlandırmaq yersizdir. Nərimanov Azərbaycan xalqının böyük oğludur. Azərbaycan xalqı o cür oğlunun olması ilə fəxr etməlidir.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

# # #