Qəşəm Nəcəfzadə və qeyri-səlis məntiq

Qəşəm Nəcəfzadə və qeyri-səlis məntiq
31 mart 2015
# 08:00

Kulis Zakir Məmmədin şair Qəşəm Nəcəfzadə haqqında yazdığı “Şeirə aid” məqaləsini təqdim edir.

(Qəşəm Nəcəfzadə haqqında)

Yazıya aid

Yaşadığımız dünya az müddətdə elə sürətlə dəyişib ki, bir qədər əvvəl dildə çox işlənən “inteqrasiya” və bu kimi leksikanın istinad etdiyi ictimai təfəkkürün yeri daralmaqdadır və ya bu gün mediada inteqrasiyadan danışan yoxdur. Çünki bizim şüurumuz daha geniş auditoriyanı fəhm etmək zorundadır. Milli çərçivədən qırağa çıxmaq, kürəsəl dəyərlərə ürcah olmaq üçün gedib əcnəbi diyarda yaşamağa ehtiyac qalmayıb. Dünyanın başlanğıc və çıxış nöqtələri indi məsafə ilə ölçülmür. Dünya rəngli informasiyalardan hörülmüş bir tora bənzəyir. Həmin tora “düşmək”üçün “gəzməyə” də lüzum yox. O sosial torun üstündə əl-ələ tutub ekvator və meridianlar boyu gəzib-dolaşmaq hər kəsin üzərinə qoyulan vəzifə deyil, məşğuliyyətdir. Bu, çağdaş insanın yaşam tərzidir. Bu həyata alışqanlıq hər şeydən sonra baş verənlərin nəticəsidir. Deməli, biz postmodernist bir cəmiyyətdə yaşayırıq və ya yaşamalıyıq. Belə bir müqayisə aparırlar ki, “Facebook” sosial şəbəkəsi əhalisinin sayına görə dünyanın üçüncü ən böyük ölkəsinə bərabər tutula bilər. İnternet ona qədər mövcud olmuş bütün kütləvi informasiya vasitələrinə nisbətdə ən sürətlə yayılanıdır. Belə bir intellektual həyatın parçası olduğumuza görə fövqəladə şüur hadisəsi sayılmağa layiq olan poeziya yaradıcılığının məzmun və mahiyyətinin, onun forma və üslub elementlərinin yeniləşdirilməsi yazıçı və şairin gördüyü və ya görəcəyi işin tərkib hissəsinə çevrilir..

İnternet resursları, o cümlədən milli internet məzmun və kəmiyyətcə hər an dəyişir. Müasir rabitə və informasiya texnologiyalarının tətbiqi sahəsində yeni media adı ilə daha geniş auditoriyanı araya alan sosial şəbəkələrdə, digər internet mediasında keçən yazı və mətnlərin müxtəlif üslub və cərəyanlara mənsubluğu, görülən digər işlər, əldə olunan təcrübə göz qabağındadır. Yer kürəsinin üçdə iki hissəsini tutan “ərazi sularını” indi müasir nüvə silahları ilə dalğalandırmaq mümkün deyil. İndi bütün baş verənləri nöqtə-vergülünəcən yazmaq dəbdədir. Suda, quruda deyil, insan şüurunda fırtına və təlatümlər yaradan bu yazıların yayılmasında yasaq və məhdudiyyətlər də yoxdur. İnternet kimi nəhəng infrastrukturda gedən proseslər nəticəsində qələm, o cümlədən, şair və yazıçının qələmi ən faydalı, həm də ən təhlükəli texniki cihaza çevrilibdir. Bu ümumi fikirləri hərləyib-fırlayıb o yerə gətirib çıxarmaq istəyirəm ki, ədəbiyyatın meydanı bu gün onu daha sürətlə dəyişdirməyi bacaranlarındır. Belə bir inqilabi şəraitdə qələmin harasından oldu, tutub meydana atılanların nə sayı bilinir, nə də ictimai mənsubiyyəti. Ədəbiyyatın yuxarı və aşağı məhəlləsində qulaqbatırıcı səslə bir-birinə müraciət edənlər qulaqda səslə onun (ədəbiyyatın) sağlamlığı haqqında düşünə bilməzlər. Belə bir çağda başını aşağı salıb, öz işilə məşğul olmaq hər kişinin işi deyil. Bu cür yazıçı, şair “çoxluğunda” yaxşı ki, diqqəti cəlb edib orada, yəni bugünkü Azərbaycan poeziya almanaxında adı, imzası ilə nüfuz qazanan söz biliciləri çalışıb işləyirlər. Söz və fikir azadlığının təntənəsi üçün ədəbi azadlıq deyilən bir mühitin bərqərar olması da çox vacibdir. Amma azadlıq deyiləndə bəzi hallarda müxalif siyasi fikrin ədəbiyyata gətirilməsi başa düşülür. Ədəbiyyata nəyin gətirilməsi və oradan nəyin çıxarılması ayrıca geniş bir mövzudur. Hərhal daha geniş auditoriyanı əhatə edən ədəbiyyatın azad və sərbəst davranışları onu yaradanların siyasi mənsubiyyəti ilə deyil, yaradıcı zəkası və ürəyi ilə bağlıdır. Tarix boyunca cəmiyyətə alternativ, müxalif mesajlar yazıçı imzası ilə ötürülmüşdür. Qələmindən ədəbiyyatın, poeziyanın xeyrinə istifadə edən yazıçı və şairin yazı texnologiyası, onların mövzu və janr seçimi, həyata, dünyaya münasibəti həmişə maraq doğurur. Belə ədiblərdən biri “adı Qəşəm”(sonuncu kitabı belə adlanır) olan şairimizdir. Şeir yazmaq üçün nəyin lazım olub-olmadığı barədə müxtəlif fikirlər deyilə bilər. Məsələn, kimisi deyir, istedad lazımdır, bəziləri də istedad kəlməsinə ironik münasibət ifadə edərək belə bir halı inkar edirlər. İlhamı, təbi də bu sıralamaya aid edə bilərik. Əlbəttə, bütün bu cür mülahizələrin şeir faktı üçün mühüm əhəmiyyət kəsb etmədiyini hamı bilir. Əhəmiyyətli olan şeirin hər hansı bir üsulla yazılıb meydana çıxarılmasıdır. Mühüm olan əsas şərt şeirin onu oxuyanın düşüncəsində hadisəyə, şübhəsiz, poetik hadisəyə çevrilə bilməsidir. İndi zaman və məkan bir-birinə nisbətdə elə yerləşir ki, tamaşaçı kimi oxucunu da heyrətləndirmək çətin olub. İnformasiyanın bolluğu və çoxçeşidliyi, qeyri-adi fakt və sosial qəzalar elə səviyyədə və elə sürətlə interpretasiya olunmaqdadır ki, bəzən ən yaxşı şairin ən mükəmməl bir üsul və priyomlarla yazıb başa gətirdiyi mətn diqqəti cəlb edə bilmir. Elə buna görə də müasir sənətə müştəri cəlb etmək üçün dizayn və tərtibat axtarışları davamlı olmalıdır.

Vətənə aid

Onun bir “yanıqlı” şeiri də adamı lap çox düşündürür və mütəəssir edir. Şeir “Sənin sağlığına yanıram, vətən” adlanır. Dağılmış vətən, para-para olmuş ərazilər, o yerlərdə vaxtilə yaşayan, indi cəlayi-vətən olmuş yurddaşların ağrı və kədərini millətin duyğusuna, yaddaşına, düşüncəsinə nəql etmək lazım gəlir. “Hamı baxa-baxa yandırdı özünü, Anası ölmüş oynadı öz alovuyla, Öz tüstüsüylə”. Göründüyü kimi, mövzu aktualdır. Son dövr Azərbaycan cəmiyyətində tez-tez baş verən ürəkağrıdıcı, tükürpərdici olayları hamı eşidir və bilir. Şeirdə, nəzəri dillə desək, başdan-başa dərin sarkazmdan istifadə olunub. Şəhərin içində özünü yandıran adama dövlət məmurlarının necə amansızcasına yanaşdığını kim bilmir ki!? “Şəhəri yanıq iyi bürüyər deyə Polislər yüyürdü bu adamı söndürməyə”. Özünü yandırıb, ya yandırmayıb intihar edənlərə dəhşətli bir nifrət bəsləndiyini “milli” televiziyalarımızın hazırladığı xəbər lentlərindən görmək olur. Necə deyərlər, çarəsiz insanın son intihar şansını da ona “qıymırlar”. “Kimdi bu adamın sahibi, çıxsın irəli? Heç kim. Elə yerindəcə donur adamlar. Deyəsən, qürbətə gedibdi vətən, Vətən həsrətilə yanır adamlar... Sən niyə yandırdın özünü vətəni ölmüş...” Çox ustalıqla “yanmağın müxtəlif variantlarından” istifadə olunur. İlk baxışda adi məişət dili təsəvvürü yaradan nitq misradan misraya yeni məna çaları kəsb edərək mətnin hissələri arasından kəskin və dərin mənalı frazeoloji libasa bürünmüş halda boy verməyə başlayır. Şəhərin tən ortasında yanan adama yaxın duran yoxdursa, güvənə biləcəyin heç nə yoxdu, vətən də yoxdu. Yəni adam yoxdu, əvəzində vətən adlandıra biləcəyimiz bu torpağın ağacı, buludu, küləyi..., nəhayət, quş lələyi var. Tükü (lələyi) yandırıb, bəlkə, vətəni xəbərdar etmək olar, insandan dışarıda olan vətəni... Şeirdə canına qürbət havası çökmüş ölkə və ölkə vətəndaşı ilə birgə hazırda insan ayağı dəyməyən torpaqlarımız da simvolizə olunur. “Yox, söndürməyin onu, əliniz yanar, qoy onunla bir quş lələyi yansın”. Dünya dağılsa da, hər kəs özünü qorumağa, necə deyərlər, özünü sığortalamağa çalışır. “Əliniz yanar” həm də bu mənanı ifadə edir. “Vətən qürbətdən gəlincə yansın...” İnsana sahib çıxan tapılana qədər “yanmaq” qaçılmaz reallıq olaraq qəbul edilməlidir. “Anası ölmüş”dən “vətəni ölmüş”ə, sonra da “yurdu dağılmış”acan işarələnmiş ölkə vətəndaşının halı yamandır. Vətənin sağlığına hələ də badə qaldıranların nəzərinə həmin sağlığa yanmağın daha sərfəli olduğu çatdırılır.

Qeyri-səlis məntiq

Postmodernizmin yaranma tarixindən danışarkən ədəbi təhlilçilər dünyada baş vermiş ictimai hadisələri, kəşf və ixtiraları da səbəb kimi göstərirlər. Məsələn, neft erasının başlanğıcını əfkari-ümumiyyənin modernist hala gəlməsi üçün ciddi faktor kimi dəyərləndirmək olar. Zənnimcə, azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin kəşfi bu baxımdan daha böyük əhəmiyyətə malikdir. Elmdə baş verən bu fundamental yenilik də bədii yazı mədəniyyətinin tərəqqisində baza sayıla bilər. Bu boyda texnogen mobilizasiyadan sonra yarana biləcək yeni şəraitdə yazardan “söz xiridarı olmaq” da tələb olunmur. Yetər ki, qafiyənin, ya nəyinsə xatirinə sözün başına ip salıb ucuzluğa getməyəsən. Məsələ burasındadır ki, qeyri-səlis məntiq barədəki elmi bilik ədəbi üslublar arasında gedən mübahisələrə birdəfəlik son qoya bilir. Ədəbiyyatda mövzu planlaşdırılması(sovet ədəbiyyatı belə işləyirdi), şablon və stereotip, forma, janr qayğıları və s. köhnəliyin əlaməti kimi indi daha qabarıq görsənir. Kibernetikanın indiki səviyyədə inkişafı, çoxqiymətli məntiqlə işləməyin reallıqları cəmiyyətin bütün sferalarında öz devrimçi missiyasını yerinə yetirməkdədir. Fikrimi qoy ədəbi çevrədə, Qəşəm bəyin misraları ilə təsdiq edim. “Adam başqasını gedib sevər də, Adam sevdiyini ata bilər də”. İki misrasını yazdığım bu şeirin qəhrəmanı birmənalı obraz deyil, aləmin özü kimi çox yönlü, çoxqütblüdür. Klassik poeziyada adam sevdiyini atmamalıdır, gedib başqasını sevməməlidir. İndiki durumda vəziyyət tam fərqlidir. Yeni metodoloji konsepsiya şairdən mütəmadi artan, azalan cizgilərlə işləməyi tələb edir. “Təzə iş deyil ki, başıma gələn, Başına dönüm”. Həyat reallığı gözlənilmədən ağlabatan bir formada “əsaslandırılır”. Məna və yozum hər zaman Qəşəm bəyin istinad etdiyi əsas məqamlardan biridir. Başqa bir şeirindən misal gətirək. “Kişilik”dən danışmağın adama xeyri və zərəri barədə nəsə düşünüb-düşünməməyimizdən asılı olmayaraq, onun əks qütbündə “nakişilik” dayanır. Qəşəm bu “ağır” problemi belə çözür: “Mən kişi deyiləm, insanam”, yaxud “Mən həqiqət deyiləm, səhvəm”. Deməli, “kişi”dən “nakişi”yəcən olan müsbət çoxluqlardan söhbət gedir. “Həqiqət”dən “yalan”a birbaşa sıçrayış qəbuledilməzdir. Həqiqəti səhv əvəz edir. Şairin yazdığına görə həqiqət deyiləmsə, yalan da deyiləm, səhvəm. Yaxud kişi deyiləmsə, nakişi də deyiləm, insanam. Şairin mütləq təfəkkürlə işləmədiyini görməmək sadəlövhlük olardı. Yazdığı mətni, sonda, elə bil ki, həmin mətnin onlarla variantından biri kimi oxumağı bacaranlara təqdim etməli olur. Bəzən də adam elə zənn edir ki, şair ilk ağlına gələn cümləni kağıza köçürübdür. “Bu bağ evimizdən yaxşıdı, arvaddan irəlidi bu ağac. Min oğula dəyər quşlar, min gəlindən yaxşıdır çiçəklərin ağır-ağır tərpənməyi; Sular televizordu, damcılar rəqqasələr”. Cəmiyyətin halı ilə təbiətin “halı” arasındakı volyuntarist sərhədlər götürülür, təkmənalı, mütləq semantikadan imtina edilir, qeyri-səlis xətlər və illüstrasiyalardan istifadə edilir. Hər söz özündən sonrakı və ya əvvəlki ifadə üçün semasioloji keçid rolunu oynayır. “Gəlin”lə “çiçəklər” anlayışındakı ortaq məzmun əlaməti olan “tərpənmək” – “gəlinin tərpənməyi”ni diqqətə almağa yönəlmişdir. Bu frazanın əhatə dairəsində şeirin bütün “mənalı” hissələri bir-birinə bərkidilir. Qəşəmin şeirləri bir halda içəridən dağıdılmış mətn təsəvvürü yaradırsa, digər halda elektron yüklü hissəciklərdən ibarət olan onlarla elementin bir poetik çubuğun ucunda zəncirvari birləşməsini xatırladir. Onun “şəkillərini” S. Bəhlulzadənin bir-birinə qarışmış rəngləri ilə də müqayisə etmək olar. Şeirlərində şəffaf qafiyə olmadığı məqamlar olduğu kimi, qafiyədən birmənalı olaraq imtina edilməsi də göz qabağındadır, məzmun və cümlə səliqəsi vasvasılığı da yerli-dibli yoxdur. Yəni Qəşəm Nəcəfzadə “səliqəsiz” şairdir. Həmin şeirin sonrakı misralarındakı maraqlı, bir qədər də qeyri-adi bənzətmələrdən sonra, lap axırda yazır: “Bu bağda oğlumuz, qızımız olsun, Kirpiyin toxunsun üzümə mənim, Bu duyğu ən gözəl yazımız olsun”. Mən bu vaxtacan kirpiyi üzə toxunduran(hissə, duyğuya kirpiyi ilə toxunan) şair görməmişəm. Kirpiyi aşiqi yaralamaq üçün ya oxa bənzədiblər, ya üzü üzə, dodağı dodağa toxundurublar. Bu kirpik əhvalatı şairin detallarla nə qədər dəqiq işlədiyini də göstərir. Xoş duyğunun ömrün bahar fəsli ilə konqruent təşkil etməsi çox gözəldir. Qədim akkadlılardan üzü bəri tarixin hadisələri dilin forma və quruluşuna təsir göstərmiş, eyni zamanda böyük inqilablar, kəşflər şüurda, həyatda dilin, sözün iştirakı olmadan baş verə bilməmişdir. Canlı aləmdə gedən hər hansı təbii dəyişiklikləri eynən dilin təbii inkişafı və yeniləşməsi ilə müqayisə etmək olar. Yazı hər zaman elmin və mədəniyyətin inkişafı üçün açar rolunu yerinə yetirməklə özü də bir mədəniyyət hadisəsinə çevrilir. Texnika elmləri sahəsində görkəmli alim Rafiq Əliyev qeyri-səlis məntiqdən, müasir elmi tədqiqatların bir qolu adlandırdığı təbii dilin imkanlarından və yeni texnologiyalar vasitəsilə onu daha da genişləndirməkdən bəhs edərkən yazır: “Qeyri-səlis məntiqə əsaslanan yanaşmanın təbii dilin modelləşməsində və formalaşmasında istifadəsi biliklərin inikası üçün daha ifadəli dil və təfəkkür və hesablama üçün daha çoxtərəfli imkan təmin edir”. Lütfi Zadə əsaslandırdı ki, sıfırla bir arasındakı mövcudluq müəyyən həddə dəyişir, başqa sözlə, aləmin ümumi məzmunu və mahiyyəti sıfır və vahid arasında olan yüzlərlə çalarlardan ibarətdir. Məsələn, ağ ilə ağımtılın, al qırmızı ilə qırmızının sərhədləri səlis deyil, birindən digərinə keçid mütəmadidir. Bax fikirdə, məna və məzmunda, bunlara uyğun dil paradiqmalarında yumşaq, elastik keçidlər edilməsi dilin sintaqmatik dartılmasına geniş meydan açır, dil buxov və yasaqlardan xilas olur. Təbii, musiqili şirin ləhcəsi, xalq danışıq tərzinə xas cəlbedici intonasiyası olan Qəşəm Nəcəfzadənin poetik üslubunda mənaya, yozuma gedib çıxmaq üçün iç-içə qapılardan yox, sanki, bir-birini əvəz edən dağ yamaclarından keçib getməli olursan. İfadənin və ya söz qrupunun birinci mənasının alt yapısında ikinci, üçüncü məna çalarını aşkar etmək yönündə oxucunun başı qarışır. Məsələn, “Ən qəşəng ölüm” şeiri barədə bir neçə yöndə fikir söyləmək olar. “Baş verən” ölümün təfərrüatlarına varmalı olsaq, toplumda təqdir olunası ölüm Şuşa uğrunda ölməkdir. Bir də, şeirdə “məsləhət görülən” ölüm var. Nəticədə ölməyin iki başı olduğunu da düşünə bilərik. Ancaq ölmək adamların qismətində daha müxtəlif forma və məzmunda təyin edilə bilər. Aşağı dərəcəli, yuxarı statusa layiq ölümlərdən də söz açmaq olar. Konkret bu şeirdə, bəlkə, heç ölümdən bəhs edilmir? “Ən qəşəng ölüm” şeirində belə misra da var: “Canım çıxdı bir adama etibarımı sübut eləməkdən”. “Kərəmin yanan yerindən” yazmağı xoşlayan şairin daha sonra nə deyəcəyini elə bu bir misradan da fəhm etmək olur. Zatən, şeirdə problemin nədən ibarət olduğu aydın olur. Dünyada adamın ən müdhiş əzabı onun başa düşülməməsidir ki, şair bu əhvalı “Şuşa uğrunda ölməyib” gəlib “yekə kişi”lərin, “ağbirçək arvadların” əhatəsində “sadəcə ölmək”də görür. Misli-bərabəri olmayan bir kinayə ilə “ölüm”ün hərfi mənasına istinad edərək ölümdən betər bir həyatı sürdürməyin çətinliklərindən yazır. Şuşa demişkən, “ölürəm” ovqatı “Qarabağ şikəstəsi”ndə daha fərqli bir yaşantının nəticəsi kimi görsənir. “Ölürəm” üstündə yanıqlı nalə də çəkə bilərik, bir əhli-kef zümrəyə də çevrilə bilərik.

Yuxarıda şəkil çəkməkdən(həm də şəkil çəkdirməkdən) söz açmışdıq. Qəşəm Nəcəfzadə şeirlərini dəli kimi sevdiyi vaxtlar yazır. “Şeir yazmayın, gedin şəkil çəkdirin Tel yana əyiləndə. Lazım deyil ki, gedib Londonda, Moskvada muzeydə çəkdirəsiniz. Dəli kimi sevdiyiniz vaxt çəkdirin...bəsdi. Şəkil çəkdirərkən insanın təbiilik damarını onun sünilik pozisiyası əvəz edir. Bu tipik olaydan çıxış edib, şair şeir yazmağın qayda-qanunlarına diqqəti çəkmək istəyir. Adamlar necə şəkil çəkdirirlərsə, şeiri də şairlər elə yazırlar. Obyektivin qabağında necə dayanıbsansa, şəkildə o cür çıxacaqsan. “Yemək yeyəndə əlini ağzına gizli yolla aparırsan, vallah...” Gizli baxa, gizli addımlarla yol gedə, gizli təbəssümlə gülə bilərsən, nəhayət, nəyisə gizlədib yaza bilərsən. Amma şair olub səmimi olmamaq sənətin anasını ağlatmaqdır. Şair şəkildən bəhs edərkən ədəbiyyatda formanı deyil, qeyd etdiyim kimi, mahiyyəti, mənanı, doğruçuluğu, yəni səmimiyyəti nəzərdə tutur. Əgər formadan danışmalı olsaq, bu sahədə ən dağıdıcı (həm də bütövləşdirici) və ekstremist yazarlarımızdan biri Qəşəm Nəcəfzadədir. Bu işləri o, elə gözlənilmədən edir ki, kimsə belə şəraitdə öyüd-nəsihət vermək fikrinə düşməyə macal tapmaz. “Bulvarda əkilən ağaca bir qoz”. Belə deyim tərzi dilimizə xasdır və danışıqda aforistik pafosun gücünü artırmağa xidmət edir. Tək bu bircə misradan çıxış edib milli zəmində uzun-uzadı fikir mübadiləsinə rəvac vermək mümkündür. Məsələn, parkdakı ağacların başqa ölkədən gətirilməsi, ya da orada əkilən hər hansı ağacın təbiət qoynundan uzaq düşməsi reallıqları təbiət misalında ictimai haqsızlığı gündəmə gətirmək niyyəti güdür. Deməli, həmin bir cümlə hələ şeir deyil, şeirin giriş hissəsidir, əsas əhvalata keçiddir. Şeir problemi təfsilatı ilə meydana qoymaqdır. “Hələ göyərməyən budağa fındıq. Yaşmaqlı palmaya tikanlı iydə, Afrikalı ağaca kənddəki söyüd”. “Filan şeyə bir qoz” modeli nitqin digər sahəsinə tətbiq edildiyinə görə “fındıq”, “tikanlı iydə”, “kənddəki söyüd” “ayamaları” anlaşılmaz səslənmir, əksinə danışığa bədii çalar gətirir. “Çinarın başına dəysin Afrika” yazmaqla şairin nə demək istədiyini anlamaq çətin deyil. İlk baxışda lağlağı və zarafatla qələmə alındığı təəssüratı yaradan bu şeirdə çox dərin ictimai ideyası olan bir mövzuya yer ayrıldığını qəfil parıltı ilə yanıb sönən misralardakı fikirlərdən anlamaq asandır. “Bir milyona alınan ağaca sərçə, bir milyon ac qalan ağaca kölgə”. “Sərçə” yerli fauna və floranı, indiki halda milli məzmunu simvolizə edir. Dilimizin frazeoloji qatlarının az-az istifadə olunan nümunələri əsasında adlar, anlayışlar predikatlaşdırılır. “Yalın ayağına nə torpaq olur, nə də bu ağacın başına yuva”. Müəyyən bir çıxış nöqtəsindən poetik kəşfiyyata başlayıb silsilə obrazların içərisindən “gözlənilmədən” ayrı bir məqama keçid edilir. “Qəşəmin başına bir qız, Bir qızın başına Qəşəm”. İncə bir yumora büküb yan-yana düzdüyü söz sırasında insanın dünyayla, həyatın da insanla etdiyi acı zarafatları görüb, duyub, bir az “ağıllı” olmağa ümid yaranır. Ədəbiyyata fəhləlik etməklə məşğul olan Qəşəm Nəcəfzadənin dünyaya bu cür realist baxışlarında fərdiləşmiş qeyri-adi, sərbəst, bir qədər də eksperimentallığını hələ qoruyub saxlayan üslubun özəllikləri çoxdur. Xüsusilə onun məhəbbət aləmində baş verənlər daha maraqlıdır. Bu aləmə səyahəti başqa bir zamana saxlayaq.

Qəşəm Nəcəfzadəyə aid

Mən deyə bilmərəm, bu gün və dünən ölkəmizdə şairlər hansı nəzəri biliklərə yiyələniblər, ancaq Qəşəm Nəcəfzadə kimi şairləri oxuyanda mənə elə gəlir ki, postmodernizm nə vaxtsa Azərbaycanda da yaranıb və tarixi də keçən əsrlərə gedib çıxır. Şeirlərini “görüntülü” qələmə alan bu həssas söz adamından bir kiçik məqalə ilə bəhs edib işi tamam etdiyini düşünmək, səhvdir. Sözü kağıza köçürmək də zamanın ixtiyarındadır. “Meyli deyilməyən sözə olan” şair vaxtla, zamanla ilişgilər qurub yazılarında vaxtı əyləməyin yollarını da axtarmağa çox həvəs göstərir. Onun qələminin və şair vücudunun postmodernist tərkibli olduğunu “Üstündən xətt çəkilmiş sözləri mən yaxşı oxuyuram” misrası ilə də bilmək olur. Bildiklərini və yazdıqlarını zamana rəğmən saf-çürük edən şair bu misraları da yazır: “Zaman üstündən xətt çəkilmiş cümlələrdə gizlənir”. Qəşəmin bu cümləsində tekstologiya elmi sahəsində, bəşəri mücadilələrdə yazının, sözün yeri və əhəmiyyəti haqqında çox unikal fikir ifadə olunub. Bu anda Q.Nəcəfzadə kimi şairləri müəyyən dövr üçün üstündən xətt çəkilmiş şairlə müqayisə edəsi olsaq, bir qədər zaman gərək olur ki, həmin şairləri pozitiv anlamda altından xətt çəkilmiş cümləyə bənzədə bilək. Fikrimcə, yeni şeir uğrunda axtarışların başa çatdırılması ilə əlaqədar o zaman da gəlib yetişib və o zamanı kəşf edənlərdən biri də Qəşəm Nəcəfzadədir. Şairin söz və fikir axtarışlarına qatılaraq yazdığım bu məqalənin başa çatması təsadüfən onun doğum gününə düşdü. Qəşəm Nəcəfzadə aprelin 1-də dünyaya göz açıb. Bu münasibətlə onu təbrik etmək, məncə, yerinə düşər.

Az qala unutmuşdum, Qəşəm Nəcəfzadənin təsnifləri var və biri də payız haqqındadır. Həmin “Payız təsnifi” şeirinin xoşum gələn bir yeri belədir:

Arılar getdilər çiçəklərin dalınca

Hər birinin ayağında “z” səsi.

Ayağında “z” səsi olan arını mən gözümlə görmüşəm və bu iki misranı da, yəqin, elə buna görə daha çox bəyənirəm.

# 2402 dəfə oxunub

Müəllifin son yazıları

# # #