Berdyayev Lenin barədə

Berdyayev Lenin barədə
5 oktyabr 2013
# 07:45

Kulis.az görkəmli rus filosofu Nikolay Aleksandroviç Berdyayevin 1937-ci ildə işıq üzü görmüş “Rus kommunizminin qaynaqları və mənası” kitabından parçaları təqdim edir. Əsərdən parçalar “Yunost” jurnalının 1989-cu ildə çap olunmuş 11-ci nömrəsində işıq üzü görüb. 1990-cı ildə “Xəzər” jurnalı o parçaları tərcümə edib.

Yazının birinci hissəsi:

Dahi rus filosof ruslar haqqında

Lenin rus inqilabının orijinal, milli özünəməxsus xarakterinə ekstrakt verirdi. O, həmişə deyirdi ki, rus inqilabı marksizm doktrinaçıların təsəvvür etdiyi kimi olmayacaq. Bununla o, həmişə marksizmə düzəliş verirdi. Həm də o, rus inqilabının nəzəriyyə və taktikasını yaradır, onu həyata keçirirdi. O, menşevikləri marksizmə pedantcasına əməl etməkdə və onun prinsiplərinin rus zəmininə mücərrəd köçürülməsində müqəssir hesab edirdi. Lenin Plexanov təki marksizm nəzəriyyəçisi deyil, inqilab nəzəriyyəçisi idi. Onun yazdıqları yalnız inqilab nəzəriyyə və praktikasının tədqiqi idi. O heç vaxt proqramlar hazırlamamış, yalnız bir mövzuyla, rus inqilabçılarını hər şeydən az maraqlandıran mövzuyla hakimiyyətin ələ keçirilməsi, bunun üçün qüvvələrin birləşməsi barədə maraqlanmışdır. Elə buna görə də o qalib gəldi. Leninin bütün dünya görüşü inqilabi mübarizənin texnikasına uyğunlaşmaqda idi. O, təkbaşına, əvvəlcədən inqilaba qədər, hakimiyyət ələ keçdikdən sonra nə olacağı, hakimiyyətin necə təşkil olunacağı barədə düşünmüşdü. Lenin – anarxist yox, imperialist idi . Onun bütün təfəkkürü imperialist müstəvi idi. Onun dünya görünüşünün aydınlığı, məhdudluğu, fikrinin bir nöqtədə birləşməsi, kasıblığı və tərki – dünyalığı, iradəyə müraciət edən şüarlarının bəsliyi bununla bağlıdı. Leninin mədəniyyət tipi aşağı idi və çox şey ona anlaşılmaz və naməlum idi. Fikrin və mənəvi həyatın hər cür zərifliyi onu iyrəndirirdi. O , çox oxuyur , çox öyrənirdi , lakin onun biliyi , böyük əqli mədəniyyəti yoxdu . O, müəyyən məqsəd üçün, mübarizə və hərəkət üçün bilik əldə etmişdi. Onun düşüncə qabiliyyəti yoxdu. O, marksizmi yaxşı bilirdi, bir sıra iqtisadi biliklərə yiyələnmişdi. Fəlsəfəni o, müstəsna dərəcədə mübarizə üçün marksizmdə hədyan və təmayüllərlə haqq hesabı yekunlaşdırmaq üçün oxuyurdu.

Boqdanov və Lunaçarskinin haqqında şövqlə danışdığı Max və Avenariusun ifşası üçün Lenin bütün fəlsəfi ədəbiyyat oxumuşdur. Amma onun fəlsəfi mədəniyyəti aşağı , Plexanovdan az olmuşdur. O, bütün həyatı boyu mübarizə üçün zəruri olan, inqilabi enerjinin birləşdirməli olan bütöv, totalitar dünya görüşü üçün vuruşmuşdu. Bu totalitar sistemdən bir kərpicin belə çıxarılmasına imkan verməmiş , hər şeyi bütöv halda qəbul etməyi tələb etmişdir. Və öz baxışında haqlı idi. O haqlı idi ki , Avenariusa və Maxa və yaxud Nitşeyə vurğunluq bolşevik dünya görüşünün bütövlüyünü pozur və mübarizədə zəiflik yaradır. O, natamam doqmatik məzhəbli ortodokssuz mümkün olmayan mübarizədə bütövlük və ardıcıllıq uğrunda vuruşurdu . O, hər cür kortəbiiliyə qarşı mübarizədə şüurluluq və mütəşəkkillik tələb edirdi . Bu, onun əsas dəlili idi, həm də o mübarizə üçün, inqilabi məqsədin əldə olunması üçün hər cür vəsait buraxır, ona mane olan hər şeyi şər hesab edirdi. Leninin inqilabçılığı əxlaqi qaynağa malikdir, o ədalətsizliyə, zülmə, istismara dözə bilmirdi . Amma maksimalist inqilabi ideyalara mübtəla olaraq, ən nəhayət, xeyirlə şər arasındakı vasitəsiz fərqi itirdi, hiyləyə, yalana, zora, qəddarlığa imkan verərək canlı adamlara münasibətdə səmimi münasibəti itirdi . Lenin axmaq adam deyildi, onun yaxşı cəhətləri də vardı . O, ideyalar mütləq sadiq olan təmənnasız adam idi, o hətta, elə şöhrətpərəst və hakimiyyətpərəst adam da deyildi, özü barədə az düşünürdü. Lakin bir ideyaya qeyri – adi dərəcədə mübtəla olmaq tamamilə qeyri - əxlaqi vasitələrin istifadə olunmasına gətirib çıxartdı. Lenin tale adamı idi, qəzavü – qədər adamı idi onun gücü bundadır.

Lenin məhz ona görə təpədən dırnağa inqilabçı idi ki, bütün ömrü boyu bütöv totalitar dünya görünüşünə etiqad göstərib onu müdafiə etmiş, bütövlüyün pozulması üçün heç bir səhvə yol verməmişdir. Onun marksist ortodoksiyasındakı, ilk baxışda aydın olmayan kiçik təmayüllərə qarşı mübarizəsindəki ehtiras və qəzəb də buradandır . Özünü marksist hesab edən, sosial inqilaba xidmət etmək istəyən hər bir kəsdən dünya görüşün totalitarlığı ilə razılaşma, yəni idraka, materiyaya, dialektikaya və i .a . inqilabi baxış tələb edirdi. Əgər siz dialektik materialist deyilsinizsə, əgər siz təmiz fəlsəfi, qinesioloji məsələlərdə Maxın baxışlarını daha üstün tutursunuzsa onda siz totalitar, bütöv inqilabçılığa xəyanət edirsiniz və kənar edilməlisiniz. Lunaçarski allahaxtarıcılıq və allahquruculuq haqqında danışmaq fikrinə düşəndə baxmayaraq ki, bu tamamilə ateist xarakter daşıyırdı, Lenin qəzəblə bolşeviklər fraksiyasına mənsub olan Lunaçarskiyə hücüm çəkmişdi. Lunaçarski bütöv marksist dünyagörüşünə mürəkkəblik gətirmişdi, o, dialektik materialist deyildi; bu onun uzaqlaşdırılması üçün kifayət etdi. Qoy menşeviklər də həmin son ideala malik olsunlar, fəqət onlarda bütövlük yoxdu, onlar inqilaba öz münasibətlərində totaitar deyildir. Onlar bu fikri Rusiyaya əvvəlcə burjua inqilabı lazımdır, sosializmin yalnız kapitalist inkişafı mərhələsindən sonra həyata keçirmək olar, fəhlə sinfinin şüurunun inkişafını gözləmək lazımdı, kəndli sinfi irticaçıdır və i.a söhbətləri ilə qəlizləşdirdilər. Bütün bunlar inqilabi iradəni zəiflədirdi. Lenin üçün marksizim hər şeydən əvvəl proletar diktaturası haqda təlimdir. Menşeviklər isə proletar diktaturasını kənd təsərrüfatı, kəndli ölkəsində qeyri – mümkün hesab edirdilər. Menşeviklər demokrat olmaq istəyir, bolşeviklərə söykənmək istəyirdilər. Lenin demokrat deyil, o, çoxluğun prinsipini deyil seçilmiş azlığın prinsipini təsdiq edir. Bunun üçün onu tez - tez blankizmdə məzəmmət edirdilər. O, qüdrətli fəhlə kütləsinin şüurunun inkişafına və obyektiv iqtisadi prosesə qətiyyən arxalanmadan inqilab planını, hakimiyyətin inqilabi yolla ələ keçirilməsi planını qururdu. Diktatura Leninin öz dünya görünüşündən irəli gəlirdi, o, hətta öz dünyagörüşünü diktaturaya tətbiq zəminində qururdu. O, hətta dialektik materializmin fikir üzərində diktaturasını tələb edərək fəlsəfədə də diktaturanı təsdiq edirdi.

Leninin qeyri – adi ardıcıllıqla izlədiyi məqsəd, bütöv inqilabi – marksist dünya görüşünə əsaslanaraq yaxşı təşkil olunmuş və dəmir intizamlı azlıqdan yaranmış güclü partiya yaratmaqdan ibarət idi. Partiya onda heç nəyi dəyişdirməyən doktrinaya malik olmalı və o, həyatın bütün dolğunluğu üzərində diktatura hazırlamalıdır. İfrat mərkəzləşdirilmiş partiya təşkilatı artıq kiçik miqyasda diktatura idi.

Partiyanın hər bir üzvü mərkəzin diktaturasına tabe idi. Leninin uzun illər ərzində təşkil etdiyi bolşevik partiyası Rusiyanın bütün təşkilatlarına örnək idi. Və Rusiya həqiqətən bolşevik partiyası təşkilatının nümunəsi üzrə təşəkkül tapdı. Bütün Rusiya, bütün rus xalqı nəinki kommunist partiyası diktaturası və onun mərkəzi orqanına, habelə öz fikir və vicdanında kommunist diktatorunun doktrinasına tabe edildi. Lenin partiyadaxili azadlığı inkar etdi və bu fikir Rusiyaya aid edildi. Bu isə Leninin hazırladığı dünyagörünüşünün diktaturası idi. Lenin bunu yalnız özündə iki ənənəni birləşdirdiyi üçün edə bildi – özünün daha çox maksimalist cərəyanındakı rus inqilabçısı ziyalıların ənənəsini və özünün daha çox despotik təzahüründə ifadə olunan rus tarixi hakimiyyətin ənənəsini sosial – demokratlar, menşeviklər və inqilabçı sosialistlər yalnız birinci ənənədə, həm də yumşalmış formada qaldılar. Lenin XIX əsrin ölüm-dirim ədavəti və mübarizəsindəki iki ənənəni özündə birləşdirərək kommunizm dövlətinin təşkili planını çəkib onu həyata keçirə bildi. Bu nə qədər paradoksal səslənsə də, bolşevizm rus velikohakimiyyətinin, rus imperializminin üçüncü təzahürüdür – birinci təzahür Moskva çarlığı, ikinci hadisə Pyotr imperiyası idi. Bolşevizm – güclü, mərkəzləşdirilmiş dövlət tərəfdarıdır. Sosial həqiqət hökmünün dövlət qüdrəti hökmü ilə birləşdirməsi baş verdi və ikinci arzu daha çox güclü çıxdı. Bolşevizm yüksək səviyyəli hərbilədirilmiş güc kimi rus həyatına daxil oldu. Ancaq qədim rus dövlətləri həmişə hərbiləşdirilmiş olurdu. Hakimiyyət problemi əsasən Lenin və onun ardıcıllarına məxsus olmuşdu. Bu, bolşevikləri bütün digər inqilabçılarından fərqləndirirdi. Və onlar idarə vasitəsinə görə qədim rus dövlətlərinə oxşarı çox olan polis dövləti yaratdılar. Lakin hakimiyyət yaratmaq, fəhlə - kəndli kütlələrini özünə tabe etmək təkcə silah gücünə, zor işlətməklə mümkün deyildir. Bütöv doktrina, bütöv dünyagörüşü gərəkdir, möhkəmləndirici simvollar gərəkdir. Moskva çarlığında və imperiyada xalq dini etiqadların vəhdətinə arxalanırdı. Xalq kütlələri üçün yeni vahid din , bəsit simvollarla ifadə olunmalıdır. Rusca transformasiya olunmuş Marks bunun üçün çox yararlı oldu . Kommunist partiyasının diktaturasından ibarət proletar diktaturasına hazırlığının anlaşılması üçün Leninin 1902-ci ildə, hələ bolşevik və menşeviklərin parçalanma olmadığı bir vaxtda, inqilabı polemikanın parlaq nümunəsindən ibarət “ Nə etməli“ əsəri hədsiz maraq doğurur. Lenin həmin əsərdə əsasən “ekonomizm“ ilə və inqilaba hazırlığın kortəbiiliyi ilə vuruşurdu. Ekonomizm bütöv inqilabi dünya görüşün və inqilabi fəaliyyətin inkarı idi. Lenin kor təbiiliyi ictimai proses üzərində hökmranlığa iqtidarı olan, inqilabi azlığın şüurluluğuna zidd hesab edirdi. O, təşkilatı aşağıdan yox, yuxarıdan tələb edir, yəni demokratik yox, diktatorial tipli təşkilat tələb edir. Lenin hər şeyi ictimai – kortəbii inkişafdan uman marksistləri ələ salırdı. O, Rusiyada olduqca zəif olar empirik proletariatın diktaturasını yox, ola bilsin ki, cüzi azlığın nüfuz etdiyi proletariat ideyası diktaturasını təsdiq edirdi. Lenin həmişə təkamülün əleyhinə olan və mahiyyətcə demokratiya əleyhinə olan adamdır ki, bu da gənc kommunist fəlsəfəsinə təsir edirdi . Materialist olan Lenin qətiyyən relyativist deyildir, relyativizmə və skeptizmə burjua ruhunun təzahüru kimi nifrət edirdi. Lenin – mütləqiyyət tərəfdarıdır, o, mütləq həqiqətə inanır. Mütləq həqiqəti mümkün hesab edən materializm üçün idrak nəzəriyyəsini yaratmaq olduqca çətindir, lakin bu Lenini narahat etmir. Fəlsəfədə onun qeyri – adi sadəlövhlüyü bütün inqilabi əzmi ilə müəyyən olunur. Mütləq həqiqəti idrak yox, təfəkkür yox, gərgin inqilabi iradə təsdiq edir. Və o, bu gərgin inqilabi iradənin adamlarını seçmək istəyir. Totalitar marksizm dialektiv marksizm mütləq həqiqətdir. Bu mütləq həqiqət inqilabın aləti və diktaturanı seçmək istəyir. Totalitar marksizm mütləq həqiqətdir. Bu mütləq həqiqət inqilabın aləti və diktaturanın təşkilatıdır. Lakin totalitar doktrinaya əsaslanan, həyatın bütün dolğunluğunu – təkcə siyasət və iqtisadiyyatı yox, həm fikri, həm şüuru yox, həm də bütün mədəniyyət yaradıcılığını əhatə edən təlim yalnız etiqad predmeti ola bilər.

Rus ziyalılarının bütün tarixi, kommunizmi hazırlamışdır. Kommunizmə tanış cəhətlər daxil olub: sosial ədalətə və bərabərliyə coşqun həvəs, əməkçi siniflərin ali insan tipi kimi qəbul olunması, kapitalizmə və burjuaziyaya nifrət, bütöv dünya görüşünə və həyata bütöv baxışa cəhd, sektant dözməzliyi, mədəni elitaya şübhəçi və ədalətli münasibət, qeyri – adi dərəcədə ruhun və mənəvi sərvətin inkarı, materializmə, az qala teoloji səciyyənin verilməsi . Bütün bu cəhətlər rus inqilabçılığının, hətta sadəcə radikal ziyalılara xas cəhətlərdir. Köhnə inqilabçı ziyalı hakimiyyəti ələ alandan sonra onun necə olacağı barədə sadəcə olaraq düşünmürdü, özünü aciz və məzlum hesab etməyə alışmışdı, hökmranlıq və zülm ona tamamilə başqa, yad tipinin məhsulu kimi görünürdü, özü də eyni zamanda, bir növ onların məhsulu idi. Rus ziyalılarının aqibətinin paradoksu, qalibiyyətli inqilabdan sonra onun cildini dəyişməsi bundadır. Onun bir qismi kommunistlərə çevrildi və öz psixikasını yeni şəraitə uyğunlaşdırdı, digər qismi isə öz keçmişini unudaraq sosialist inqilabını qəbul etmədi. Artıq müharibə yeni ruhi tip, hərbi metodları həyatı yer üzündən silməyə meyllənən, metodik zorakılığı praktikaya keçirtməyə hazır olan hakimiyyətpərəst və qüvvətə səcdə edən tiperatdır. Bu, cahanşümul hadisədir, lakin kommunizm və faşizmdə üzə çıxdı. Rusiyada yeni antropoloji tip , sifətin yeni ifadəsi meydana gəldi. Bu tip adamlarda köhnə ziyalılardan fərqli olaraq başqa cür hərəkət, başqa cür jestlər var. ( ... )

Lenin marksist idi və proletariatın qeyri – adi vəzifəsinə inanırdı. Lakin o, rus idi və inqilabi Rusiyada, tamamilə özünəməxsus bir ölkədə etmişdir. Onun tarixi vəziyyətə qeyri – adi bir həssaslığı vardır. O, hiss etdi ki, onun saatı gəlib yetişib, köhnə dünyanın çürüntüləri üstündən ötüb küçən müharibə sayəsində gəlib yetişib. Kəndli ölkəsində dünyada ilk dəfə olaraq proletar inqilab etmək lazımdır. Və o, özünü marksist menşeviklərin boğaza yığdığı hər cür marksist doktrinaçılığından azad hesab etdi. O , fəhlə - kəndli respublikasını elan etdi. O, kəndlilərdən proletar inqilabı üçün istifadə etməyi qərara aldı, bu işə çaşmış marksist doktrinaçılar qədər nail oldu. Lenin xalqçı sosialistlərin əvvəldən təsdiq etdikləri kimi, çox şeydən istifadə edərək hər şeydən öncə aqrar inqilab etdi. İnqilabi xalqçılığın və buntarçılığın ünsürləri şəkli dəyişmiş formada leninizmə daxildir. Köhnə ənənənin nümayəndələri olan inqilabçı sosialistlər gərəkçi oldular və sıxışdırılıb çıxarıldılar. Lenin hər şeyi yaxşı sürətlə və daha radikal şəkildə həll etdi daha çox şey verdi. Bu yeni pisixi tipə və yeni şəraitə uyğun olan yeni inqilabi əxlaqın elanı ilə müşayiət olunurdu. O, artıq köhnə inqilabçı ziyalılardan fərqli olaraq, heç bir qəddarlıqdan utanmayaraq daha az humanist qaydada baş verdi. Lenin anti-demokrat olduğu kimi də anti-humanistdir. Bu cəhətdən o, yeni dövrün, təkcə kommunizm dövrünün yox, həm də faşist çevrilişi dövrünün adamıdır. Leninizm yeni tipli vojdizmdir, o, diktator hakimiyyətindən pay verilmiş kütlə rəhbərini irəli sürür. Mussolini və Hitler bunun bəhrəsi olacaq. Stalin diktator – rəhbərin bitkin tipi olacaq. Əlbəttə, leninizm faşizm deyil, amma stalinizm artıq faşizmə çox bənzəyir.

Lenin 1917 – ci ildə yəni “ Nə etməli?“ kitabından on beş il sonra özünün yazdıqları içərisində ola bilsin ki, ən maraqlısı olan “Dövlət və inqilab “ kitabını yazır. Bu kitabda Lenin uzun müddət üçün nəzərdə tutulmuş plan, inqilabın təşkili və inqilabi hakimiyyətin təşkili planını çəkdi. Onun bu planı çəkməsi qəribə deyil, qəribə orasıdır ki, o, bunu həyata keçirdi, hansı yolla gediləcəyini əvvəlcədən gördü. Bu kitabda Lenin kapitalizmdən kommunizmə keçid mərhələsində, hansı ki, çox və ya az davam edə bilər, dövlətin rolu haqda nəzəriyyəsini yaradır. Marksın özünün belə nəzəzriyyəsi yoxdur, kommunizmin necə həyata keçdiyini, proletariat diktaturasının hansı formalar qazanacağını əvvəlcədən konkret şəkildə görə bilməmişdi. Biz gördük ki, Lenin üçün marksizm hər şeydən əvvəl proletariat diktaturasının nəzəriyyə və praktikasıdır. Marksdan dövləti tamamilə inkar edən anarxik nəticələr əldə etmək olardı. Lenin inqilabi hakimiyyətin təşkili üçün, proletarit diktaturası üçün aşkarca əlverişsiz olan bu anarxik nəticələrə qarşı qətiyyətlə etiraz edir. Gələcəkdə dövlət həqiqətən gərəksiz olduğu üçün rolu aradan çıxmalıdı, amma keçid mərhələsində dövlətin rolu hələ xeyli yüksəlməlidir.

Proletariat diktaturası yəni kommunist partiyasının diktaturası burjua dövlətlərində olduğundan dövlət hakimiyyətini daha güclü və despotik göstərir. Marksist nəzəriyyəyə görə, dövlət həmişə hakim sinfin təşkilatı olmuş, hakim sinfin məzlum və istismar olunan sinif üzərində diktaturası olmuşdur. Dövlət siniflərin yoxa çıxmasından sonra ölüb aradan çıxır və mütəşəkkil cəmiyyətlə qəti şəkildə əvəz olunur. Nə qədər ki, siniflər mövcuddur, dövlət də mövcuddur. Lakin dövlətin tamamilə yox olması inqilabı proletariatın qələbəsindən sonra tezliklə baş vermir. Lenin heç də düşünmürdü ki, oktyabr inqilabından sonra Rusiyada kommunizm cəmiyyəti qəti sürətdə həyata keçiriləcək. Hələ qarşıda hazırlıq prosesi və amansız mübarizə durur. Cəmiyyətin hələ tamamilə sinifsiz cəmiyyətə çevrildiyi bu hazırlıq mərhələsində güclü hərbiləşdirilmiş dövlət, proletariat burjua sinifləri üzərində onlara təzyiq üçün gərəkdir. Lenin deyir ki, burjua dövlətini zorakılıqla məhv etmək lazımdır, yenidən təşkil olunmuş “ proletar “ dövləti tədricən sinifsiz kommunizm cəmiyyətinin həyata keçirilməsi daxilində ölüb aradan çıxır. Keçmişdə burjazia proletariatı sıxırdı ,diktaturanın idarə etdiyi proletariat dövlətinin keçid mərhələsində proletariatın burjuaziyaya təzyiqi baş verməlidir. Bu mərhələdə məmurlar fəhlələrin əmrlərini icra edəcəklər. Lenin öz kitabında əsasən Engelsə istinad edir və ondan iqtibas gətirir. Engels 1875 – ci ildə Bebelə yazırdı ki , “nə qədər ki , proletariat dövlətə möhtacdır, o dövlətdə azadlıq marağına yox, öz əleyhdarlarını əzmək marağına ehtiyac duyur”. Burada Engels Leninin aşkar sələfi hesab olunur. Leninə görə proletariat üçün, kommunizmin həyata keçirilməsi üçün demokratiya qətiyyən lazım deyildir. O, proletar inqilabına gedən yol deyildir. Burjua demokratiyası kommunizmə doğru təkamül ola bilməz, burjua demokratik dövləti kommunizmin həyata keçməsi üçün məhv edilməlidir. Və demokratiya proletar inqilabının qələbəsindən sonra gərək deyil və zərərlidir, çünki diktaturanın ziddinədir. Demokratik azadlıqlar kommunizm hökranlığının həyata keçirilməsinə mane olur. Heç Lenin də demokratik azadlıqların real mövcudluğuna inanmırdı, onlar burjuaziya və onun ağalığını yalnız ört – basdır edir.

Burjua demokratiyasında da diktatura mövcuddur, kapital, pul diktaturası. Və bunda, mübahisəsiz həqiqət əlaməti var. Sosializmdə hər cür demokratiya ölüb gedir. Kommunizmin həyata keçirilməsinin birinci fazasında azadlıq və bərabərlik ola bilməz. Lenin bunu birbaşa deyirdi. Proletariat diktaturası qəddar, zorakılıq və qeyri – bərabərlik olacaq. Marksizmi doktrinaçı anlamağın əksinə olaraq Lenin siyasətin iqtisadiyyat üzərində mütləqiyyət aşkar üstünlüyünü təsdiq edirdi. Güclü hakimiyyət problemi onun üçün əsasdır. Menşeviklərin doktrinaçı marksizminin əksinə olaraq Lenin Rusiyasının siyasi və iqtisadi geriliyində sosial inqilabın həyata keçməsi üçün üstünlük görürdü. Vətəndaşın hüquq və azadlığını adət etməyən mütləqiyyət monarxiyasında proletar diktaturasını həyata keçirmək Qərb demokratiyasını həyata keçirməkdən daha asandır. Bu, mübahisəsiz doğrudur. İtaətin əsirlərdən gələn instinqlərindən proletar dövləti üçün istifadə etmək lazımdır. Bunu K. Leontyev əvvəldən görürdü. Kapitalizmin az inkişaf etdiyi, sənayenin geri qaldığı ölkədə iqtisadi həyatı kommunizm planına müvafiq təşkil etmək asan olacaq. Burada Lenin sosiazlimin rus xalqçılığı ənənələri tərəfindədir, o təsdiq edir ki , inqilab Rusiyada Qərbdə olduğu kimi yox, mahiyyətcə Marksın dediyi kimi yox, Marksın doktrinaçı anlayışına müvafiq yox, orijinal şəkildə baş verəcək. Amma hər şey Marksın adı ilə baş verəcək.

Kommunizmə keçid mərhələsinin, proletar diktaturasının xarakterizə olunduğu zorakılığa, cəbrə, hər cür azadlığın olmamasına necə və nə üçün son qoymaq? Leninin cavabı sadə, həddindən artıq sadədir. Əvvəlcə qaba və sərt hərbi təlim vasitəsilə zorakılıq vasitəsilə, yuxarıdan dəmir diktatura vasitəsilə keçib getmək lazımdır. Zorakılıq yalnız köhnə burjuaziyanın qalığına münasibətdə deyil, fəhlə - kəndli kütləsinə münasibətdə də diktator elan olunan proletariatın özünə münasibətdə də tətbiq olunacaq. Lenin deyir ki, sonra adamlar ictimaiyyətin adi şəraitinə əməl etməyə alışarlar, yeni şəraitə alışarlar, o vaxt adamlar üzərində zorakılıq məhv olar, dövlət ölüb gedər, diktatura başa çatar. Burada biz olduqca maraqlı hadisə ilə qarşılaşırıq. Lenin insana inanmırdı, onda heç bir daxili başlanğıcı qəbul etmir, ruha və ruhun azadlığına inanmırdı. Lakin o, insanın ictimai qaba və sərt hərbi təliminə hədsiz dərəcədə inanırdı, inanırdı ki, zorakı ictimai təşkilat lazım olan səviyyədə yeni insan, bir daha zorakılığa ehtiyac duymayacaq bitkin sosial insan yarada bilər. Marks da inanırdı ki, yeni insan fabriklərdə istehsal olunur. Leninin upotizmi, lakin həyata keçən və həyata keçirilmiş upotizmi bunda idi. O, bir şeyi görmürdü. O görmürdü ki, sinfi zorakılıq kapitalizmdən tamamilə fərqli olan yeni formalar qəbul edə bilər. Proletar diktaturası dövlət hakimiyyətini gücləndirərək hörümçək toru kimi bütün ölkəni və özünə tabe etdirdiyi hər şeyi bürümüş nəhəng bürokratiyanı inkişaf etdirir. Bu, çar bürokratiyasından daha güclü yeni sovet bürokratiyasıdır, xalq kütləsinin qəddarcasına istismar edə bilən yeni imtiyazlı sinifdir. Elə buda baş verir. Adi fəhlə ayda 75 manat pul alır, sosial məmuru mütəxəssis isə - ayda 1500 manat. Və bu qəribə qeyri – bərabərlik kommunizm dövlətində baş verir. Sovet Rusiyası xüsusi kapitalizmdən az istismar etməyən dövlət kapitalizmdir. Keçid mərhələsi sonsuzluğa qədər uzana bilər. Onda hökmranlıq edənlər hakimiyyətin tamını dadır, kommunizmin qəti şəkildə həyata keçməsi üçün zəruri olan dəyişiklikləri istəmir. Hakimiyyət əzmi müstəqil olur və onun uğurunda - vasitə uğurunda olduğunda kimi yox məqsəd uğurunda olduğu kimi vuruşurlar. Bütün bunlar hamısı Leninin səviyyəsindən kənar idi. Burada o, xüsusilə utopik, olduqca sadəlövhdür. Sovet dövləti digər despot dövlətlərdən birinə çevrildi; o da həmin vasitələrlə yalan və zorakılıqla hərəkət edir. Bu, hər şeydən əvvəl hərbi – polis dövlətidir. Bu beynəlxalq siyasətdir, iki damcı kimi burjua dövlətin diplomatiyasını xatırladır. Kommunizm inqilabı orijinal rus inqilabı idi, lakin yeni həyatın doğum və möcüzəsi yaranmadı, qocalıb əldən düşmüş Adəm öz şəkilini dəyişməklə fəaliyyət göstərməkdə davam edir. Rus inqilabı özündə köhnə ənənələri yaşadan xalqçı sosializm yox, marksizm – leninizm rəmzi altında baş verdi. Amma inqilabi ana qədər xalqçı sosializm Rusiyada öz bütövlüyünü və inqilabi enerjisini itirdi, onun nəfəsi təngidi. O, qətiyyətsiz idi, o, fevral inqilabında, ziyalılar inqilabında, hələlik burjua inqilabında rol oynaya bilərdi; demokratiya prinsiplərini sosializm prinsiplərindən daha çox qiymətləndirdiyi üçün o, artıq Oktyabr inqilabında, yəni tamamilə yetişmiş, xəlqi, sosialist inqilabında rol oynaya bilməz. Marksizm – leninizm xalqçı sosializmi bütün zəruri ünsürlərini mənimsəmişdi, lakin onun böyük bəşəriliyini, hakimiyyəti ələ keçirməkdə bir əngəl kimi yaranacaq ehtiyatlılığını atmışdır. O, qədim müstəbid hakimiyyətin əxlaqına daha çox yaxınlaşmışdı . ( ... )

( ... ) Qərbin çox adamlarını heyrətə salan beşillik plan, olduqca adi və maraqsız şeydir. Rusiya – sənaye cəhətdən geridə qalmış ölkədir. Nə olursa olsun onun sənayeləşdirilməsi zəruridir. Qərbdə bu kapitalizm şüarı altında baş verirdi, Marksa görə belə də olmalıdır. Lakin Rusiyada sənayeləşmə kommunizm şüarı altında baş verməlidir. Kommunizm şəraitində bunu yalnız sənayeləşmənin entuziazmını yaratmaqla, onun nəsrdən poeziyaya, ayıq reallıqdan mistikaya çevirməklə, beşillik haqqında mif yaratmaqla etmək mümkündür. Amma bütün bunlar entuziazm, poeziya, mistika və mif yaradıcılığı ilə deyil, həm də QPU – nun terror yolu ilə baş verir. Xalq dövlətə münasibətdə təhkimçi kəndli vəziyyətinə düşür. Rusiyanın kommunizm üsul idarəsi altında sənayeləşdirilməsi üçün əməyin yeni şərtləri, yeni psixi qurum lazımdır ki, yeni kollektiv adam təzahür etsin. Bu yeni psixi qurumun və yeni insanın yaraması üçün rus kommunizmi əlindən gələn çox şeyi elədi. O , psixoloji sahədə iqtisadi cəhətdən daha çox qazandı. Özünü entuziazmla beşillik planın həyata keçməsinə həsr etməyə qadir olan, iqtisadi inkişafın tapşırıqlarını şəxsi maraq kimi deyil, sosial xidmət kimi anlayan yeni cavanlar nəsli yarandı. Bunu Rusiyada etmək burjua psixologiyası və kapitalist sivilizasiyasının dərin kök atdığı Qərb ölkələrində etməkdən daha asan idi. Bunu hətta köhnə üsul - idarənin qeyri – təmiz yolla dövlətlənib milyonlar yığmış rus taciri də günah hesab etməyə meylli idi, o, bu günaha dua edir və başqa həyat haqda, məsələn, gəzərgilik və rahiblik həyatı barədə işıqlı anlar arzu edirdi. Buna görə hətta bu tacir də Qərbi Avropa tipli burjuaziyanın təşkili üçün pis material idi. Hətta ola bilsin ki, burjuaziyaçılıq Rusiyada məhz kommunizm inqilabından sonra meydana gəlsin. Rus xalqı heç vaxt burjua ləyaqəti və normalarına təzim etməmişdir. Lakin burjualaşma təhlükəsi sovet Rusiyasında çox güclüdür. Kommunizm gənclərinin sosializm quruluşu entuziazmına rus xalqının dini qətiyyəti əlavə olundu. Əgər bu dini qətiyyət tükənərsə, entuziazmda tükənər, qənimətçilik yaranır; hətta ola bilsin ki, kommunizmin özündə belə.

Amma bununla belə, beşillik plan sosializmin hökmdarlığını yox, dövlət kapitalizmini həyata keçirir. Ən qiymətli sərvət fəhlənin mənafeyi deyil, insan və insan əməyi deyil, dövlətin gücü, onun iqtisadi qüdrəti hesab olunur. Stalinizm mərhələsində kommunizm düzgün olaraq böyük Pyotr işinin davamı kimi təsəvvür oluna bilər. Sovet hakimiyyəti təkcə sosial həqiqəti həyata keçirmək iddiasında olan Kommunist Partiyasının hakimiyyəti deyil, həm də dövlətdir, hər bir dövlətin mənsub olduğu obyektiv təbiətə malikdir; o, dövlətin qorunmasında maraqlıdır, hansı ki, bunsuz dövlət məhv ola bilər. Hər dövlətə başlıca məqsəd ola bilən özünü mühafizə xasdır. Stalin Şərq, Asiya tipli dövlətçidir. Stalinizm, yəni öz quruculuğu mərhələsində kommunizm, hiss olunmadan yenidən dirilmiş, özünəməxsus rus faşizmidir. Ona faşizmin bütün xüsusiyyətləri xasdır; totalitar dövlət kapitalizmi, millətçilik, vojdizm və bazis kimi – hərbiləşdirilmiş gənclik. Lenin sözün müasir mənasında hələ diktator deyildir, Stalin müasir mənada artıq rəhbər – diktatordur. Baş verən proses, özünü obyektiv mənasına görə inteqrasiya prosesi, rus xalqının kommunizm bayrağı altına toplaşması prosesidir.

İdeoloji cəhətdən mən sovet hakimiyyətinə mənfi münasibət bəsləyirəm. Bu hakimiyyət özünün qəddarlığı və qeyri – bəşəriliyi ilə ləkələnmiş və tamam qana bələnmişdir, o, xalqı dəhşətli məngənədə saxlayır. Lakin indiki halda bu Rusiyanı qorxudan təhlükədən hər necə olsa da, müdafiə edən yeganə hakimiyyətdir. Hakimiyyətə əks – inqilab üçün deyil, inqilabın sosial nəticələrindən doğaraq yaradıcılıq inkişafı üçün gəlməyə qadir mütəşəkkil qüvvələrin olmamağı ucbatından Sovet hakimiyyətinin gözlənilmədən yıxılması Rusiya üçün təhlükə hesab olunar və onu anarxiya ilə qorxuzardı. Bunu monarxiya avtokratiyası haqqında olduğu kimi sovet avtokratiyası haqqında da demək gərəkdir. Rusiyada təkcə kommunizm vətənpərvərliyi deyil, sadəcə rus vətənpərvərliyi olan sovet vətənpərvərliyi də inkişaf edir. Amma böyük xalqın vətənpərvərliyi bu xalqın böyük və cahanşümul vəzifəsinə sədaqətli olmalıdır, yoxsa bu bəsit qapalı və dünya perspektivindən təcrid olunmuş əyalət millətçiliyi olacaq. Rus xalqının vəzifəsi sosial həqiqətin bəşər cəmiyyətində, təkcə Rusiyada deyil, bütün dünyada həyata keçirilməsi kimi başa düşülür. Və bu, rus ənənəsinə müvafiqdir. Lakin dəhşətlidir ki, sosial həqiqətin həyata keçirilməsi təcrübəsi zorakılıqla cinayətkarlıqla, qəddarlıq və yalanla, qorxunc yamanla assosiasiya edilir .

Ardı var...

Hazırladı: Türkan Almuradova

# 3866 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #