Mircəfər Bağırovun ölümdən xilas etdiyi şair - İlk sərbəst şeirin müəllifi kimdir?

Mircəfər Bağırovun ölümdən xilas etdiyi şair - İlk sərbəst şeirin müəllifi kimdir?
25 aprel 2025
# 12:00

Bu gün görkəmli alim, şair Mikayıl Rəfilinin doğum günüdür.
Kulis.az müəllifin həyat və yaradıcılığı haqqında maraqlı məqamları və onun seçilmiş şeirlərini təqdim edir.

Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun Borsunlu kəndində zəngin bir ailədə dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini isə Gəncədə alan Mikayıl Rəfili ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdi.

***

Mülkədar oğlu olduğu üçün daim təqiblərə məruz qalan böyük alimin başından bəlalar əskik olmur. 1937-ci il aprelin 19-da Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin iclasında daşnak Levon Arustamov adlı birinin məlumatı əsasında Mikayıl Rəfili Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən, Nizami adına Ədəbiyyat İnstitutundan və dərs dediyi Pedaqoji İnstitutdan xaric edilir.

***

İdarə Heyətinin iclasında Mikayıl Rəfilini rus qadının döşlərinə əl atmaqda günahlandırırlar. İclasda iştirak edən yalançı şahidlər, o cümlədən mənzil sahibəsi Tatyana Medvedeva Rəfilinin üzünə durur: “Bu müsavatist qoçu mənə əl atdı. Arustamov yoldaş gəlməsəydi, məni zorlayacaqdı.”

***

Bütün bunlar azmış kimi, yenə də Mikayıl Rəfilidən əl çəkmirlər. “Ədəbiyyat qəzeti”ndə onun haqqında qurama, saxta ittihamlarla dolu yazılar dərc edilir. Onu gah “mülkədar oğlu”, gah da “sovet yazıçıları sırasına soxulan bir cani”, “ictimai mənsubiyyətcə yabançı”, “əksinqilabi təşkilatın üzvü” kimi qələmə verirlər.

Repressiyaların qızğın çağında Mikayıl üstünə atılan bütün böhtanlardan xilas olsa da qardaşı Rəfi həbs olunur.

***

1937-ci ilin payızında Mikayıl Rəfili məcbur qalıb Mir Cəfər Bağırova məktub göndərir, üzləşdiyi haqsızlıqdan, daxili imkanlarından, yaradıcılığından və görə biləcəyi işlərdən söz açır. Məktubla tanış olan M.Bağırov onu baxılmaq üçün Azərbaycan Yazıçılar İttifaqına göndərir. Oradan alınan cavab isə yenə də mənfi olur. 1937-ci ilin dekabrında o, Mərkəzi Komitənin rəhbərinə ikinci məktubu yazır. Bağırov “mülkədar oğlu” tənəsi ilə üzləşən Mikayıl Rəfilini müdafiə edir və o, 1938-ci ilin yayında işinə bərpa olunur.

***

Nizami Gəncəvi, Füzuli, Xaqani, Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Abbasqulu ağa Bakıxanov və başqaları haqqında tədqiqatlar apardığı üçün qara qüvvələr tərəfindən təqiblərə məruz qalıb.

***

M.Rəfili Moskvada oxuduğu illərdə böyük türk şairi Nazim Hikmətlə tanış olur. 1927-ci ildə ilk dəfə Azərbaycana gələn Nazim Hikmətin Bakıda "Günəşi içənlərin şərqisi” adlı şeirlər kitabı nəşr olunur. Mikayıl Rəfili Nazim Hikmətin tanış olduğu ilk azərbaycanlı şair-alim idi. Sonralar bu tanışlıq dostluğa çevrilir. Hətta onların arasında keçən bir dialoqda Nazim Hikmət Rəfiliyə, "Şair ola bilərdin, professor oldun” deyib.

***

Mikayıl Rəfili rəssamlıqdan, musiqidən yaхşı baş çıхarar, pianоda çalan, şəkil çəkər, filatеliya ilə məşğul оlarmış.

***

Eyni zamanda, texnikaya böyük maraq göstərən M.Rəfili mahir sürücü idi. Ölümündən bir az əvvəl təzə “Vоlqa” maşını alsa da, bu maşını sürmək оna qismət оlmadı.

***

1929-cu ildə Azərbaycan sərbəst şeirinin manifestini yazmışdı. O, moden şieirmizin banisi sayıla bilər. Ancaq sonra repressiyalarının qorxusundan “burjua ənənəsi” olan modern şeir yazmaqdan əl çəkdi, tənqidlə məşğul oldu.

***

Azərbaycanda Nizami barədə ilk kitabın müəllifi idi.

Təqiblər, hücumlar, başına açılan bəlalar onun səhhətin təsir göstərmişdi. Bir neçə xəstəliklə mübarizə aparan Mikayıl Rəfili cəmi 53 il yaşadı. Doğulduğu ayda, eyni gündə dünyasını dəyişən böyük alim haqqında qələmə aldığı “Həqiqət olduğu kimi” kitabında tədqiqatçı Teyyub Qurban yazır: “1958-ci ilin aprel ayının 25-də onun 53 yaşı tamam oldu. Axşam xudmani süfrə arxasında doğmaları əyləşmişdi: gözlərinin işığını itirmiş 84 yaşlı anası Həyat xanım, 46 yaşlı arvadı Zoya xanım və 10 yaşlı qızı Selcan. Qızı, sədaqətli ömür-gün yoldaşı Mikayıl Rəfılini bərk-bərk qucaqlayıb öpdülər, o isə diz çöküb ağbirçək anasının nurunu itirmiş gözlərindən öpdü.

***

Axşam

Qarlı orman,
Qarlı zəmi,
Qarlı, uzaq bir axşam...
Dərin, dalğın,
Sərin - yalqız,
Qırmızıraq bir axşam...

Yollar geniş,
Üfüqlər uzaq,
Rüzgar sərxoş,
Mən sərsəri,
Axşam - dəli...

Axşam, yenə axşam...

...Axşam, yenə axşam...
Ey yasəmən türküsü axşam!
Dərdim Bayronun dərdidir, bəlkə...
O qızla mən, ikimiz də biriz,
Qəlbim dəniz,
O qız gəmidən qalan bir iz:
Baxıram gözlərinə
Kimsənin görmədiyi bir göz yaşı var,
Dodaqlarım o gözlərlə pıçıldaşar:
Ah, ey qızlıqdan dul qalan qadın,
Bilirəm adın fahişədir, amma
O göz yaşları tanış mənə,
Gəl dərdini,
Başqasına danışmasan, danış mənə!

Nazim Hikmətə

Qarşımda əksin...
Əlimdə sadə bir qələm...
Gözlərimdə Mоskvada kеçən gəncliyimizin
sоlmayan yarpaqları.

Sən Nazim hikmətsən
Mən - sadə bir tələbən... Gеcə saat оn iki...
Yadımdakı sən də mən,
Bir də çılpaq və narın bir aхşam,
Bir də ucsuz-bucaqsız qarlı bir mеşə
Bir də Tvеrskоy bulvardakı
Ümid və şеrlə saslənən balaca bir guşə.
Gеçə saat оn iki. Yağış yağır. Külək əsir.
Хatirələr bir balıq kimi titrədir
paslanan qarmaqları.

Ah, nə əcəb bir gеcədir.
Bakının bu payız gеcəsi...
Aһ, nə əcəb insandır Sülеyman...
və оnun titrəyən qəhqəһəsi...

Bakı, 1957

***

Oturmuş yorğun və sarı bir axşam çarpayımın başında,
Dinlət – xəfif yel əsməsinə gizli-gizli gülən durğun
sular kibi qəlbimin döyünməsini.

Dostlar etmiş qəlbimdən baxan sərzənişli gözlərə vida,
Dinlərim bir gecəlik sevgilim olan çocuk gərdanlı
bir kadın kibi saçlarımı oxşayan
bu axşamın duyumlu nəğməsini…

Mən onu dinlərəm,
O məni dinlər...
Qəlbimin səsi, axşamın nəğməsi dolaşır sərxoş
ayaqları kibi bir-birinə

Bir bit kibi qaçır yasdığımdan ruhumun
qoxumuş cənazəsi,
Mazinin qəlbimdə dəlinmiş məzarından bir ölü
rüzgar əsir...
Xatırlaram belə bir axşam xülyalarım küçələrin
daşlarında parçalandı,
Qanadlarımın tükləri bir quruşluq kibritə yandı...
Xülyalarım küçələrin daşlarında parçalandı
Qanadlarım bir quruşluq kibritə yandı...
Duymadı kimsə qəlbimin divarsız buzxanalarında gəzən qədərini
Qarlı rüzgar əydi ömrün şumal sərvini...

Belə bir axşam...
Bəlkə, bir axşam bir sərv yenə ucaldı,
Çiynindən cındır kibi sallanan rüzgarlaran öc aldı...
Elə bir axşam… bölünməzdim belə yarı,
İlk sevgimin bəyaz cənazəsini gətirsələr
diz çöküb hörmətlə öpərdim o əziz çürümüş dodaqları...

Qızıl durnalar

Gəldim
Uzaq,
sıcaq bir eldən,
Sıcaq cənub elindən
Uzaq, soyuq şimala...

Gəldim
Bir xəstə cocuq kimi
Daşıyaraq qəlbimi...
Daşıyaraq, o bir xəstə cocuq kimi qəlbimi!..
Dərin dərə dibində
Uzaq dırnaqlı barmaqlarımı
Soxaraq göz bəbəklərimə,
Cənazələr
“Dinlə” deyirdi, “saqqallı mazilərin
Saqqal telli sazında
inləyən türküsünü...”
Çıxdım
Dərin dərə dibindən;
çıxdım çətin bir yola!
Zənn etmə uçacağam
Qanatlı buludların
Yumşaq qucağında..!

# 540 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #