Məşhur aktrisa ilə eşq yaşadı, atasının ölümünü ondan gizlətdilər, xəstəlikdən tanınmaz hala düşdü – Hamlet Qurbanovdan 10 maraqlı fakt

Məşhur aktrisa ilə eşq yaşadı, atasının ölümünü ondan gizlətdilər, xəstəlikdən tanınmaz hala düşdü – Hamlet Qurbanovdan 10 maraqlı fakt
13 oktyabr 2021
# 12:20

Bu gün kino və teatr sənətinin ən məşhur simalarından biri, böyük aktyor Hamlet Qurbanovun doğum günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında on maraqlı faktı təqdim edir.

1. Hamlet Qurbanov aktyor Ağadadaş Qurbanov və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub. Onun bir yaşı olanda valideynləri ayrılmalı olur. Anası Gülxar xanım ərini xəyanətdə ittiham edərək bir yaşlı oğlunu da götürüb evindən həmişəlik çıxır. Həmin məqamda Ağadadaş Qurbanov evdə yatılı olur.

2. Hamlet İncəsənət İnstitutunu rejissor Mehdi Məmmədovun kursunu bitirəndən sonra Azərbaycan Milli Dram Teatrında işə başlayır. Mehdi Məmmədovun quruluşunda Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırlanan doktor Lalbyüz rolu ona çox böyük məşhurluq qazandırır.


Soldan: Hamlet Xanızadə, Hamlet Qurbanov

3. Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da bir-birləri ilə küsülü olublar. Amma bu küsülülük ailə məsələlərinə görə yox, teatrdakı problemlərlə bağlı olub.

4. Atası rəhmətə gedən ərəfədə isə Hamlet Qurbanov anası ilə birgə Moskvaya gedir. Hamlet rejissorluq ixtisasından imtahan verir. İkinci imtahanı verən zaman Gülxar xanıma Ağadadaş Qurbanovun ölüm xəbərini çatdırırlar. Xəbəri eşidən aktrisa ağlayır, Hamlet anasının səsini eşidib gələndə, o, ərinin ölümünü ondan gizlədir. Ölənin başqa aktyor olduğunu deyir, özü isə ertəsi gün Bakıya qayıdır. Lakin, elə ertəsi gün rejissor Eldar Quliyev bu xəbəri Hamletə çatdırır. Hamlet anasına zəng vurub ağlaya-ağlaya deyir: “Ana, axı sən niyə belə elə elədin? İndi mən atamla həmişəlik küsülü qaldım. Heç olmasa son dəfə gəlib onu yola salardım”.


"Babamın babasının babası" filmindən kadr

5. Hamlet Qurbanov ana tərəfdən qohumu olan Cəmilə adlı xanımla evlənir. Bu evlilikdən onların Səlim adlı oğlu olur. Lakin, ailə bir müddət sonra uğursuzluq yaşayır, 33 yaşlı Hamlet xanımından ayrılıb tək yaşamağı seçir. Lakin, sonralar xəstəliyinin şiddətlənən dövrlərində aktyora Cəmilə xanım qulluq göstərir.


"Qapalı orbit" tamaşasından kadr

6. Sənət yoldaşlarının və yaxınlarının dediyinə görə Hamlet Qurbanov olduqca qapalı, ünsiyyətə o qədər də meylli deyilmiş. Hamletlə birgə çalışmış iş yoldaşları onu belə xarakterizə edirlər: “Onun öz dünyası var idi, həmişə xəyallarda olar, həmişə fikirli görünərdi. Hətta küçədə gəzəndə belə onu gözləyə bilən təhlükənin fərqində olmurdu. Kollektivlə qastrol səfərlərinə gedəndə, kino çəkilişləri ilə bağlı rayonlarda olanda təkliyə qapanar, heç kimlə deyib-gülməzdi”.


Soldan: Ramiz Məlik, Məlik Dadaşov, Hamlet Qurbanov, Ağasadıq Gəraybəyli

7. Hamlet Qurbanov səhnədə xoşbəxt aktyor olmasına baxmayaraq, şəxsi həyatında xoşbəxt deyildi. Ailəsindən ayrılan Hamlet hər zaman qovuşa bilmədiyi sevgisinə sadiq qalmışdı. O, məşhur bir aktrisa ilə eşq yaşasa da, həmin aktrisa ona xəyanət edərək başqası ilə evlənmişdi. Anası Gülxar xanım müsahibələrinin birində deyir ki, həmin aktrisa oğlu Hamletə saysız-hesabsız sevgi məktubları yazıbmış. Amma aktrisa ərə gedən gün Hamlet bütün məktubları yandırıb.

8. Deyilənə görə, çoxdan xalq artisti adına layiq olan aktyorun əməkdar artist adını almasına günlər qalmış adı siyahıdan silinir. Bu da azmış kimi səhhətində müəyyən narahatlıqlar hiss edən aktyor bir gün həkim müayinəsindən keçən zaman öyrənir ki, illərlə onu narahat edən mədə xorası xəstəliyi xərçəngə çevrilib. İlk cərrahiyyə əməliyyatından sonra yaşayacağına ümid edir. Xəstə yatdığı günlərdə əhvalını soruşan həkimlərlə mehriban cavablar verir. Qocalıq haqqında söz düşəndə isə “ölüm gələr, ölərik" cavabını verir.


Hamlet Qurbanov

9. Aktyorluqdan başqa heç bir gəlir yeri olmayan Hamlet və onun anası Gülxar xanım ikinci dəfə müəyyən adamların qayğısıyla Moskvaya müalicəyə gedirlər. Üçüncü dəfə isə əməliyyat üçün pul tapılmır. Bu müddət ərzində anası neçə idarəni ayaqdan salsa da, yeganə övladının müalicəsi üçün lazım olan məbləği tapa bilmir. Bir müddət sonra isə həkimlər ona daha gecdir cavabını verirlər.

10. Heç bir fəxri adı olmayan Hamlet Qurbanovun vəziyyəti günü-gündən pisləşir. Ömrünün son günlərində onu görənlər gözlərinə inanmırlar. Xəstəliyin şiddətindən tanınmaz hala düşən Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat edir. Hamlet öləndə anasına iki şeyi vəsiyyət edir. Bir heç vaxt ağlamamağı, bir də onu atasının yanında dəfn etməsini. Bəzi rəsmi məsələlər isə Hamletin vəsiyyətinə mane olur. O, Yasamal qəbiristanlığında basdırılır.

# 14532 dəfə oxunub

Müəllifin son yazıları

# # #