Günay Həsənli: “Elçinin müsahibəsini oxuyanda utandım”

<b><span style="color:red;">Günay Həsənli:  “Elçinin müsahibəsini oxuyanda utandım”</b>
16 avqust 2017
# 09:00

Kulis.Az gənc şair Günay Həsənli ilə müsahibəni təqdim edir.

- Günay xanım, ədəbiyyata gəlişiniz necə oldu? Hiss edirəm ki, gecikmisiniz bir az...

- Yox, gecikmişəm deməzdim. Çünki mən 12 yaşımdan şeirlər yazmağa başlamışam və elə həmin dönəmlərdə çap olunmuşam. Təxminən 2002-2003-cü illərdə. Ancaq 7 il müddətində fasilə vermişdim. Ailə həyatımla bağlı...

- Ailə həyatı deyəndə nəyi nəzərdə tutursunuz?

- Ailə qurmuşam yəni. Buna görə bir neçə il fasilə vermişəm, tamamilə ədəbi mühitdən uzaq düşmüşəm.

- Ailə qurmaq nəyə maneə oldu ki?

- Yazmaq üçün şərait olmurdu. Tədbirlərə qatıla bilmirdim.

- Tovuzdansınız.

- Bəli.

- Maşallah, istedadlı adamların torpağından çıxmısınız.

- Çox sağ olun.

- Bəs sizi nə vaxt istedadlı biri kimi tanıdılar? Çap olunmağınız, oxunub sevilməyiniz...

- İlk çap olunmağım... Bayaq da dediyim kimi, 2002-2003-cü illərdə “İslahat”, “Kompas”, "Dövlət və qanun" qəzetlərində... Sonra “Yeni Azərbaycan” qəzetində. Bir müddət çap olunmağa fasilə verdim. Bir az keçəndən sonra isə yazılarımın çapına yenidən start verdim. Bununla da hər bir jurnal, qəzet, almanax qapısı üzümə açıq oldu. “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı...

- “Azərbaycan”...

- Yox, yox, orda çap olunmamışam. Tanıdığınız əksər mətbuat orqanlarında yazılarım çıxıb. Bəzən söz-söhbətlər gəzir ki, bəzi gənc yazarlar müxtəlif qəzetlərdə, almanaxlarda, jurnallarda çap olunmaq üçün pul ödəyirlər.

- Belə jurnal-qəzetlər var həqiqətən?

- Var, təbii ki var.

- Siz pul ödəmisiniz çap olunmaq üçün?

- Yox, mən çap olunmaq üçün pul verməmişəm. Amma belə mətbuat orqanları var. Pulu verirsən və səni çap edirlər. Mən lap ilk çap olunduğum vaxtlarda, yəni 13-14 yaşımda düşünürdüm ki, yaradıcılığıma görə heç vaxt pul xərcləməyəcəm. Nə efirə çıxmaq üçün, nə çap olunmaq üçün... Əksinə, qazanmışam. Qonorar filan.

- Neçə kitabınız çıxıb?

- Bir kitabım var. 2015-ci ildə çap olunub. Adı “Eşq haqqı”dır. Ön sözün müəllifi İbrahim İlyaslıdır. Bakı Slavyan Universitetinin konfrans zalında möhtəşəm təqdimat keçirildi. Bu təqdimatda Azərbaycan ədəbiyyatının öndə olan nümayəndələri kitab haqqında öz ürək sözlərini söylədilər.

- Məşhur olmaq... Belə bir istəyiniz var?

- Məşhur olmaq xəyal qurmaqla olmur. Məşhur olmaq üçün nələrsə etmək lazımdır.

- Elçin Əfəndiyev Kulisə verdiyi müsahibədə sizin adınızı çəkmişdi... Məşhurluğun bir addımlığındasınız artıq.

- Elçin müəllimin adımı çəkməyini mənə demişdilər. Sözün düzü, müsahibə çox böyük olduğu üçün hamısını oxumamışdım. Əkbər Qoşalı yazmışdı mənə ki, Elçin müəllim müsahibəsində gənclər sırasında sənin adını çəkib. Mən doğrusu təəccübləndim. Elçin müəllimlə şəxsi tanışlığımız yoxdur, qarşı-qarşıya iki kəlmə söhbət etməmişik. Sonra güman elədim ki, şeirlərim hardasa qarşısına çıxıb, oxuyub və bəyənib.

- Ümumiyyətlə, yaşlı nəslə münasibətiniz necədir? Onların dediyinə inanırsınız?

- Yaşlı nəslə təbii ki, münasibətim hörmət olaraq, dəyər olaraq çox yaxşıdır. Bir binanın xımı, fundamenti olmasa, o binada heç vaxt mərtəbələr ucala bilməz. Hər kəs bu fikrin tərəfdarıdır. Mən yaşlı nəslə böyük hörmət göstərirəm, dəyər verirəm onlara, vaxtım olduqca əsərlərini oxuyuram. Hətta sizə deyim ki, Elçin Əfəndiyevin həmin müsahibəsini oxuyanda özümdən utandım.

- Niyə?

- Çünki mən Azərbaycan yazıçı və şairlərini orta məktəb dövründə oxuyurdum. Həmin dönəm daha həvəsli idim və vaxtım da çox olurdu. Elçin Əfəndiyevi də həmin dövrlər oxumuşdum. Ancaq Elçin Əfəndiyevin müsahibəsini oxuyandan sonra fərqinə vardım ki, həm onun, həm də yaşlı nəslin əsərlərini az oxuyuram. İşin çoxluğundanmı, ya tənbəllikdənmi, hər nəsə, oxuya bilmirəm. Utandım. Ona görə ki, Elçin müəllim o qədər işin içində gəncləri oxuyur, onları dəyərləndirməyi bacarır, ancaq mən daha çox oxuya bilmirəm.

- Bəs ən çox sevdiyiniz kimdir yaşlı nəsildən?

- Ən çox sevdiyim şair Ramiz Rövşəndir. Şəxsiyyətini tanımıram, şəxsi tanışlığımız yoxdur, ancaq şeirlərini çox sevirəm.

- Təsirlənmisiniz ondan?

- Mən ümumiyyətlə təsirlənə bilmirəm.

- Əslində çox yaxşı haldır...

- Doğrudur, yaxşıdır. Təsirlənmə olmur məndə. Mənim şeirlərim tam fərqli tərzdədir. Hətta şeirlərimi oxuyanlar deyirlər ki, bu şeirlər milyon şeirin içində olsa da biz sənin yazdığını bilərik.

- Tovuzdansınız. Heç qoşma, gəraylınız yoxdur?

- Mən qoşma, gəraylını 13-14 yaşlarımda yazmışam. İndi isə daha çox sərbəst yazıram.

- Günay xanım, Bakıda Gənclər Forumu keçirildi. Xarici yazarlarla görüş oldu. Siz və Şahanə Müşfiq Azərbaycanı təmsil edirdiniz...

- Mənə Facebookda Formun təşkilatçı rəhbərlərindən biri olan Aytən xanım yazmışdı. Sonra o xanımla əlaqə saxladım. Xanım dedi ki, Bakıda forum keçiriləcək və Azərbaycan təmsilçisi də sizsiniz. Forum barədə məlumat verdi, dedi ki, xaricdən qonaqlar olacaq, onları qarşılayacağıq. Mən səhəri gün razılığımı verdim. Xaricdən gələn qonaqları qarşıladıq, Bakının görməli yerlərinə apardıq onları. Forum 3 gün davam elədi.

- O xanımlarla dostlaşa bildiniz?

- Bəli, bəli. Çox mehriban, gülərüz qızlar idi. İnandırım sizi, mən qonaqlarla bir yerdə olanda onların hansı millətdən, dindən, irqdən olduğunu unutmuşdum. Doğmalaşmışdıq. İndi də vatsaplaşırıq, Facebookda yazışırıq, münasibətlərimiz davam edir.

- Ən çox hansı ilə ünsiyyətdə oldunuz?

- Gürcüstanlı xanım. Gvantsa Adamiya ilə. Çox şirin biri idi. Nə vaxt ona baxırdım, üzündə təbəssüm vardı. Türkiyəli xanım Emeç çox mehriban qız idi. İrandan gələn Həcər xanım da elə. Elə digərləri də...

- Yazıçılar Birliyinin üzvüsüz?

- Bəli. 2 ildir.

- Həm də işləyirsiniz orda...

- Aha. “Ulu Çinar” jurnalında. Bu jurnalda türk dünyası ədəbiyyatı çap olunur. Baş redaktoru Elxan Zaldır.

- Yeni kitab olacaq?

- Sizə bir şey deyim. İlk kitabımın çapı mənim yox, dostların təşəbbüsü olub. Fürsətdən istifadə edib hamısına təşəkkür edirəm. Mənim bir qəpik pulum da çıxmamışdı. Düşünürəm ki, şairin yaradıcılığında cəmi bir kitab olar. Həmin kitabı da ömrünün sonlarına yaxın çap elətdirər. Əgər alınmasa, şairin ölümündən sonra ona dəyər verənlər kitabını çıxararlar. Mənə görə şair budur.

# 3938 dəfə oxunub

Müəllifin son yazıları

# # #