Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?
30 iyul 2026
# 12:00

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda xidmət etmiş azərbaycanlı general-mayor Firudin bəy Vəzirovun anım günüdür.

Kulis.az "Tarixin kulisi" layihəsindən onun haqqında materialı təqdim edir.

Layihənin əvvəlki məqaləsi burada

Atası məhkəmə iclasçısı Camal bəy, anası isə evdar qadın Əsmət xanım idi. 1850-ci ilin aprelində Tiflisdə, zadəgan ailəsində doğulan Firidun bəy ilk təhsilini elə bu şəhərdəki klassik gimnaziyada alıb. Hərb sənətinə olan marağı onu 1868-ci ildə Kropivnitskidəki (keçmiş Yelizavetqrad) yunkerlər məktəbinə aparıb və o, oranı əla qiymətlərlə başa vurub. Hərbi xidmətə yeddinci Belarus qusar alayında, unter-zabit kimi başlayıb.

İllər keçdikcə rütbələr də ard-arda gəlib: 1870-də kornet, 1872-də leytenant, daha sonra ştabs-kapitan və kapitan... Firidun bəy həyat yoldaşı Zeynəb xanımla (əslən Litva tatarı olan Zinayda Kriçinskaya sonradan İslamı qəbul edərək Zeynəb adını almışdı) birlikdə 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində də iştirak edib. Onun komandiri olduğu dördüncü eskadron Odessa yaxınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü kimi bir sıra kəndləri düşməndən təmizləyib.

Əlaçı və bacarıqlı zabit kimi tanınan Firidun bəy sonradan Qafqaz Hərbi Dairə Məhkəməsinin hakimlərindən biri təyin edilib, xidmətdə fərqlənməyə görə vaxtından əvvəl polkovnik rütbəsi alıb. Nəhayət, 1906-cı ilin aprelində general-mayor rütbəsinə yüksəlib və yaş həddinə görə fəxri forma ilə təqaüdə çıxaraq doğma Tiflisə – Mixaylovsk prospektindəki 111 saylı mülkünə qayıdıb. Beləliklə, o, Nigar və Səfiyyə adlı iki qızı ilə dinc, ahıl ömrünü yaşamağa başlayıb.

***

Amma tale onun üçün sakit qocalıq yazmamışdı. 1919-cu ilin mayında Tiflisdəki o sakit mülkə Bakıdan, Azərbaycan Demokratik Cümhuriyyətindən bir məktub gəlir. Baş Qərargahın rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşı yazırdı:

“Çox hörmətli Firudin bəy cənabları, Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı milli ordudan, şübhəsiz ki, xəbərdarsınız. Xalqımızın sərkərdə oğlu kimi, yəqin ki, bu şad xəbərə siz də sevindiniz. Yeni yaranan orduda xidmət etmək üçün sizin kimi bacarıqlı və təcrübəli sərkərdələrə çox böyük ehtiyacımız var. Onu da xatırladım ki, könüllülər hesabına ordumuzun sayı gündən-günə artır. Ağır şəraitdə də olsa, baş qərargah yaradılmasına nail olduq. Qərargahın nəzdində ümumi şöbə, növbətçi general şöbəsi, suvari şöbəsi, mətbuat və başqa şöbələr artıq fəaliyyətdədir. Azərbaycan höküməti ordu üçün dövlət büdcəsindən xeyli vəsait ayırmışdır. Hazır ki vaxtda hərbi ləvazimatla yanaşı, yeni zabit heyətinin hazırlığında da çətinliklərimiz çoxdur. İnanırıq ki, Azərbaycanın müstəqillik qaazandığı vaxtda gənc Azərbaycan ordusunun sıralarında xidmət edən oğullarımız üçün siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də çox xahiş edirəm, baş qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz.”

Bu səmimi dəvət qoca generalın ürəyinə yol tapır. O, ailəsini də götürüb Bakıya köçür. Hərbi nazir Səməd bəy Mehmandarovun 1919-cu il 7 avqust tarixli əmri ilə general-mayor Firidun bəy Vəzirov Bakı şəhərinin komendantı təyin olunur.

Mehmandarov Səməd bəy - Uşaq Bilik Portalı

Səməd bəy Mehmandarov

***

1920-ci ilin qanlı apreli... Azərbaycan bolşeviklər tərəfindən işğal edilir. Hökumət dəyişsə də, Firidun bəy əvvəlcə Çingiz İldırımın qərargahında ehtiyat zabiti, daha sonra Əliheydər Qarayevin yanında xüsusi tapşırıqlar üzrə əməkdaş kimi fəaliyyətini davam etdirir.

Lakin sistem öz işini görürdü. 1921-ci ilin iyununda general AzÇK tərəfindən həbs olunur. İttiham isə tamamilə absurd idi: guya o, "İslam" partiyasının agenti imiş. Əslində, bolşeviklər onu keçmişinə – çar ordusundakı xidmətlərinə, Tiflisdəki mülkünə və "Müsavat" dövründəki komendantlıq fəaliyyətinə (xüsusən Gəncə üsyanı ərəfəsindəki mövqeyinə) görə cəzalandırmaq istəyirdilər.

Əliheydər Qarayev

İstintaq zamanı general ləyaqətini qoruyaraq özünü belə müdafiə edib:

"Müsavat" liderləri ilə elə bir yaxınlığım olmayıb, onları dövlət başçısı kimi tanıyırdım. Azərbaycanda, Bakıda olan vaxt həmişə hərbi xidmətlə məşğul idim. Heç bir partiyanın, təşkilatın üzvü deyildim. Təkrar edirəm, mən hərbçiyəm, hərbi nizamnaməyə tabe olan süvari-kavaleriya generalıyam. Sizin dediyiniz "İttihadi-islam" və "Turanın böyük islamı" partiyaları haqqında heç nə eşitməmişəm, heç nə bilmirəm".

"Özümü heç nədə, heç bir hadisədə günahkar bilmirəm...".

O zaman Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov dərhal müdaxilə edərək generalın köməyinə çatır. Onun birbaşa orderi ilə Firidun bəy həbsdən azad edilir. Lakin bu, sadəcə qısa bir fasilə idi.

Nəriman Nərimanov

1925-ci ildə bolşeviklərin orqanı olan "Qızıl əsgər" jurnalında "Dağlı Əli Hüseyn" imzalı bir yazı dərc olunur. Müəllif 1920-ci ilin aprelində bolşeviklərin Bakıya zəfər yürüşünü xatırlayır və Firidun bəyin bolşeviklərə “Bu gündən sonra bizlər mövqe komandiri olacağıq” dediyini vurğulayır. Bu bircə cümləlik epizod qoca generalın ölüm fərmanına çevrilir. O, yenidən həbs olunur. Bu dəfə isə Nəriman Nərimanov artıq vəfat etmişdi və arxasında duracaq, ədaləti bərpa edəcək kimsə yox idi.

1925-ci il iyunun 30-da general Firidun bəy Vəzirov güllələnir. Həyatla vidalaşarkən onun 75 yaşı var idi.

***

Bu gün general-mayor Firidun bəy Vəzirovun arxivindən bizə qalan sənədlər arasında hərbi nizamnamələr, rütbə əmrləri ilə yanaşı, məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin topladığı, Firidun bəyin isə öz əliylə incəliklə rusçaya tərcümə etdiyi o doğma bayatılar və beşik mahnıları qalıb. Uzun illər Rusiyanın ayrı-ayrı şəhərlərində, yad mühitdə general mundiri gəzdirən bu adam içində həmişə isti, kövrək bir vətən sevgisi daşıyıb. O, ana dilini yad ellərdə yaşatdı, amma öz qanını və canını o dilin danışıldığı doğma torpaqda, amansız bir güllənin qarşısında qoyub getdi.

# 235 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər