Cümhuriyyətin işğalına dəstək verən, “Allahsızlar cəmiyyəti”nin ideoloqu olan, “xalq düşməni” adı ilə güllələnən alim

Ruhulla Axundov, sovet dövlət xadimi, publisist, alim

Ruhulla Axundov, sovet dövlət xadimi, publisist, alim

21 aprel 2022
# 21:00

Bu gün azərbaycanlı sovet dövlət xadimi, publisist, alim Ruhulla Axundovun anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

***

Ruhulla Axundov 13 yanvar 1897-ci ildə Şüvəlanda anadan olub.

***
Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi olub. (1925-1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb, latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.

***

1916-cı ildən Bakı mətbəələrində korrektor və tərcüməçi işləyib. 1917-ci ildən "sol" eser qrupunun üzvü olsa da, 1918-ci ildə "sol" eserlərlə bolşeviklərin münasibətlərinin kəskinləşməsi, eləcə də eserlərə qarşı qırmızı terrorun başlaması onu öz siyasi mövqeyini dəyişməyə məcbur edib. Beləliklə R.Axundov 1919-cu ilin may ayında kommunist partiyasına üzv olaraq, bu vaxtdan etibarən fəal surətdə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı əks fəaliyyət göstərib.

***
1918-ci ildə "Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı"nın, 1919-cu ildə Azərbaycan dilində gizli şəkildə nəşr edilən bolşevik "Kommunist" qəzetinin ilk redaktoru, "Hürriyyət" qəzetinin redaktorlarından biri olub. O, XI ordunun işğalından sonra AK (b) PMK-də şöbə müdiri, AK (b) P Bakı Komitəsinin katibi, "Bakinski raboçi" və "Kommunist" qəzetlərinin redaktoru olub.

Gallery

Ruhulla Axundov Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna kömək etmək məqsədilə 1920-ci ilin yanvarında bir qrup kommunistlə Moskvaya gedərək, XI ordunun 27 aprel 1920-ci il işğalı zamanı düşmənə dəstək verib.

***

1921-ci ildə üç respublikanın Zaqafqaziya federasiyası şəklində birləşməsinə R.Axundov digər kommunistlərdən fərqli münasibət bəsləyərək, bunu vaxtı çatmamış kampaniya adlandırıb. Lakin o, sonradan mövqeyini dəyişərək ZSFSR və SSRİ-nin təşkilini müdafiə edib. R.Axundov 1924-1930-cu illərdə AK (b) P MK katibi, Azərbaycan SSR xalq maarif komissarı, Azərnəşrin direktoru vəzifəsində çalışıb.

***

1927-ci ilin noyabrında AK(b)P VIII qurultayı xalq maarif komissarı R.Axundovun məruzəsini dinləyərək ümumi ibtidai təhsilə keçmək üçün hazırlıq işlərinə başlamaq haqqında qərar qəbul edib. 1928-xi ildə R.Axundovun tapşırığı ilə "Kommunist" qəzeti gənc nəslin millət və din əleyhinə tərbiyə edilməsi üçün aşağıdakıları təklif etmişdi:
Millətçi müəllimlər məktəblərdən çıxarılmalıdır;
Müəllimlərin proletar sinfindən olmasına əhəmiyyət verilməlidir;
Komsomol və pioner dərnəkləri məktəblərdə kəndli fəaliyyətlərini artırmalı və millət əleyhinə proqramlarını çoxaltmalıdırlar;
Rusiyada başlamaq üzrə olduğu kimi Azərbaycanda da milli və dini bayramların tamamilə ləğv edilərək bunların yerinə inqilab bayramları qoyulmalıdır;
Məktəblərimizdə milli və dini təsirləri davam etdirən ən böyük amilin ailələrimiz olduğu inkar edilməz. Bununla da, sadə məktəb vasitəsilə mübarizə etmək qabil olmayacaqdır. Cocuqlarımızın ata-anaları arasında millət, din və s. ilə mübarizə işlərini qüvvətləndirmək üçün "Allahsızlar cəmiyyəti"nin işləri canlandırılmalıdır.

Gallery

Çarlz K.Mouzer "Zaqafqaziya haqqında qeydlər" kitabında yazırdı: "Azərbaycan revkomunun tərkibi son dərəcədə tipikdir. Revkomun sədri tatar doktor Nərimanov təhsilə və dünyagörüşə malik yeganə adamdır. 29 yaşlı xalq təhsili naziri Bünyadzadə öz adını yazmağı da bacarmır. 22 yaşlı xarici işlər naziri Mirzə Davud Hüseynov kifayət qədər ağıllı olsa da, ixtisasca dəmirçi köməkçisi idi. Əkinçilik nazirinin 25, xalq təsərrüfatı nazirinin 24 yaşı var - hər ikisi savadsız və səriştəsiz adamdır". R.Axundov haqqında isə bunları demək mümkün deyil. O, savadlı olmasına baxmayaraq, bu bacarığını öz xalqının milli dövlətçiliyinin inkişafına deyil, işğalçı kommunist rejiminin güclənməsinə sərf edib. Onun çatışmayan ən başlıca cəhəti kommunist ideologiyasına ürəkdən inanması və buna görə öz xalqına qarşı fəaliyyət göstərməsi idi.

***

R.Axundov da 1930-cu ildə respublikadan uzaqlaşdırılaraq ÜİK (b) P Zaqafqaziya Ölkə Komitəsinin katibi vəzifəsinə göndərildi.

Gallery

Dramaturq Firuz Mustafa Ruhulla Axundovun I katib vəzifəsindən azad edilməsinin qəribə tarixcəsi olduğunu iddia edir:
“Ruhulla Moskva-Xarkov qatarının vaqon restoranındakı pərdənin endirilməsinə etiraz edən sərnişini əzişdirmişdi. Milliyyətcə rus olan sərnişin hay-küy qaldırmış, vaqona milis çağırılmış, məsələyə aydınlıq gətirilmişdi. Sorğu-sual zamanı Ruhulla Axundov özünün MK katibi olduğunu təsdiq edən sənədi göstərmişdi. Tezliklə bu məsələ o vaxtkı mətbuatın gündəminə gəlmiş, “Pravda” qəzetində kəskin yazı dərc edilmişdi. Hətta, V.V. Mayakovski bu “insidenti” özünün məşhur “Pompadur” şeirində daha da qabartmışdı. Həmin şeirdə vəzifəli şəxsin adi vətəndaşı əzişdirməsi hiddətlə və şiddətlə tənqid edilmişdi”.

***

Lenini, Marksı dilimizə çevirən Axundov təbii ki, sosialoist, kommunist ideyalarını digər həmkarlarından daha yaxşı bilirdi. İdeologiyanı dəyişib “öz zövqünə uyğunlaşdıran” Stalinə isə savadlı, əsl sosializmin nə olduğunu yaxşı bilən Ruhulla Axundov sərf eləmirdi. Onun acı sonluğunu gətirən səbəblərdən birini də, ölkədə mənəvi-milli dəyərlərə qarşı aparılmış kəskin mübarizədə rəhbərlərdən biri olması ilə də əlaqələndirmək olar. Bağırov bu və digər işlərinə görə hakimiyyətə gələn kimi Ruhulla Axundov və onun silahdaşlarına qarşı mübarizəyə başladı.

Gallery

1937-ci il iyunun 8-də "Pravda" qəzetində Rıklinin imzası ilə "Düşmənin hiylələri" adlı məqalə dərc edilərək R.Axundova qarşı ağır ittiham irəli sürüldü. Məqalədə deyilirdi: "Trotskiçi və müsavatçı Ruhulla Axundov mədəniyyət cəbhəsində uzun zaman nəzarətsiz olaraq istədiyini edib. O, Elmlər Akademiyasının Azərbaycan filialının başçısı olmuş, incəsənət işləri komitəsinə rəhbərlik etmiş, yazıçılar ittifaqına ağalıq etmişdir. O, bütün təşkilat və idarələri öz adamları ilə, gizli və açıq düşmənlərlə "zibilləmişdir". Məqalədə gənc şairlər Səməd Vurğun və Süleyman Rüstəmin də ünvanına böhtanlar yağdırılmışdı.

***

1954-cü ildə M.Bağırov dindirilən vaxt R.Axundovun həbsinə Stalindən icazə istədiyini xatırlamışdır. Qeyd etmişdir ki, Stalin əvvəlcə Bağırovdan soruşur ki, onu əvəz edəcək, Azərbaycan dilini onun qədər mükəmməl bilən, tərcüməçi, redaktor, rəhbərlik təcrübəsi olan başqa adam varmı? Bağırov Stalini əmin edəndən sonra onun mühakimə qovluğu Moskvaya göndərilmiş və həbsinə razılıq alınmışdır.

Gallery

17 dekabr 1937-ci ildə səhər tezdən yaşadığı binanın qarşısında işə gedərkən tutulur. “Əksinqilabçı millətçi təşkilat”ın üzvü kimi həbs edilən R.Axundov “trotskçi” kimi mühakimə olunur, 1938-ci ildə güllələnir.

***

Təbii ki, bu gün Nərimanov kimi Ruhulla Axundovun da SSRİ-yə olan rəğbətini xəyanət yox, ən pis halda aldanış kimi təqdim edə bilərik.
Ruhulla Axundov da digər “xalq düşməni” adı ilə güllələnən şəxslər kimi Xruşovun hakimiyyəti dönəmində - 1956-cı ildə bəraət aldı.

# 18120 dəfə oxunub

Müəllifin son yazıları

# # #