Stalin müharibə xəbərini eşidəndə niyə qaçdı?

Stalin müharibə xəbərini eşidəndə niyə qaçdı?
5 noyabr 2019
# 21:00

Müəmmalı, vəhşi və qarlı ölkənin

Üçüncü hökmdarı məni qorxudur.

Bu hökmdar öz məsləkdaşlarını öldürtdürür.

O dünyada onun yeri yalnız cəhənnəmdir.

Nostradamus

Bəli, düz başa düşdüz bu dəfəki mövzum İosif Vissarionovoç Cuqaşvili – Stalindi. Stalin haqda çoxları yazıb, çoxları danışıb, amma düşünürəm ki, oxuduqlarımdan seçdiyim hissələri paylaşsam bir çox insan onunla bağlı bilmədiyi məlumatlara yiyələnəcək.

Kobanın atası çəkməçi Vissarionun ayıq vaxtı olmurdu cümləsiylə başlamaq istəyirəm, amma bu çox banal səslənir. Gəlin sizə müharibənin qızğın vaxtlarından danışım.

Saat 03:40-da Jukov Stalinin bağının nömrəsini yığdı. Uzun müddət dəstəyi qaldıran olmadı. Nəhayət, Stalinin mühafizəçilərinin rəisi general Vlasikin səsi eşidildi. Jukov dedi

- Xahiş edirəm, məni təcili yoldaş Stalinlə calaşdırasız.

Gecənin bu vaxtı kiminsə Stalini oyatmağa cəsarət etdiyindən heyrətə düşmüş Vlasik bir müddət susdu, sonra dedi ki, yoldaş Stalin yatıb.

- Oyadın, almanlar şəhərlərimizi bombalayır!

Bir neçə dəqiqədən sonra telefona Stalin yaxınlaşdı, boğuq səslə dedi

- Eşidirəm.

- Yoldaş Stalin, alman aviasiyası Ukraynada, Belorusiyada və Pribaltikada bizim şəhərlərimizi bombalayır. Cavab zərbəsi endirmək üçün icazə istəyirik.

Stalin uzun müddət susdu, Jukov onun yalnız nəfəsini eşidirdi. Stalinin susması o qədər uzun çəkdi ki, onun yaxşı eşitmədiyini zənn edən Jukov soruşdu:

- Siz məni eşitdiniz?

Lakin dəstək susmaqda davam edirdi. Nəhayət Stalin soruşdu:

- Timoşenko hanı? (müdafiə naziri-red.)

- O, bu dəqiqə Kiyev hərbi dairəsi ilə danışır.

- Timoşenkonu da götürüb Kremlə gəlin, Poskrebışevə deyin ki, Siyasi Büronun üzvlərini də ora çağırsın.

- İyunun 22-də səhər saat 4:30-da Siyasi Büronun üzvləri Stalinin kabinetinə yığışdılar. Jukov və Timoşenko qəbul otağında gözləyirdilər. Tezliklə onları da kabinetə dəvət etdilər. Stalin üzünü Molotova tutub dedi

- Təcili olaraq, alman səfirliyinə zəng etmək lazımdır.

Molotov dəstəyi qaldırıb, nömrəni yığdı. Söhbət uzun çəkmədi. Molotov dəstəyi yerinə qoyub dedi:

- Səfir qraf fon Şulenberq təcili məlumat üçün onu qəbul etməyimi xahiş edir.

Hamı başa düşdü ki, müharibə başlayıb.

(Vladimir Karpov, “Marşal Jukov”)

Stalin mənən tam sarsılmışdı. O eynən belə bir bəyanat verdi: “Müharibə başlandı, hadisələr bizim üçün fəlakətli şəkildə cərəyan edir. Lenin bizim üçün proletar Sovet dövləti qoyub getdi, bizsə onun içinə ...! “. Beləcə də dedi. Sonra qayıtdı ki, mən rəhbərlikdən imtina edirəm. Və çıxıb getdi. Maşınına oturub Kuntsevadakı bağına yollandı.

Biz qaldıq. İndi nə edək? Bir neçə saat keçdi. Mən, Molotov, Kaqanoviç, Voroşilov məsləhətləşib, belə qərara gəldik ki, gedib Stalini gətirək, ölkənin müdafiəsini təşkil eləsin. Maşınlara minib getdik. Biz bağa gəlib çatanda, Stalinin sifətinin ifadəsindən gördüm ki, o bizim gəlişimizdən qorxub, elə bilib ki, rəhbərlikdən imtina etdiyi üçün onu həbs etməyə gəlmişik.

( N. S. Xruşşov, “Xatirələrim”, müharibədən sonra Beriyayla söhbətlərdən)

Bu anda Stalinə baxmaq belə dəhşətli idi. Qəfildən o danışmağa başladı, həmişəkindən də ləng, daha kəskin gürcü aksenti ilə özü haqqında üçüncü şəxsdə danışırdı:

- “Yoldaş Stalin satqın deyil! Yoldaş Stalin vəziyyəti düzəltmək üçün əlindən gələni əsirgəməyəcək. Yoldaş Stalin heç vaxt satqın olmayıb! Yoldaş Stalin səhvini düzəldəcək.“

Biz vahimə içində donmuşduq.

( N.S.Xruşşov)

* * *

Qızıl Meydanda hərbi parad

Stalin noyabrın 1-də Jukovla məsləhətləşdikdən sonra noyabrın 7-də Qızıl Meydanda ənənəvi hərbi parad keçirmək qərarına gəldi. Bu olduqca təhlükəli addım idi. Alman ordusu şəhərin 60-70 kilometrliyində idi. İşdir, almanlar bundan xəbər tutsaydılar, qüvvələrini bir yerə cəmləyərək, dəhlizi yarıb birbaşa Qızıl Meydana daxil ola bilərdilər.

Parada hazırlıq gizli saxlanılırdı, alman kəşfiyyatı vaxtında bundan xəbər tuta bilməmişdi. Yalnız parad başlayanda sovet radiosu bu mərasimi translyasiya etməyə başladı. Əlbəttə bunu Berlində eşitdilər, lakin bu barədə Hitlerə məlumat verməyə heç kəs cəsarət etmədi.

Führer özü bundan, təsadüfən, radioda eşitdikdən sonra xəbər tutdu. Cəld telefona əl atdı. O, başa düşürdü ki, Kəşfiyyat İdarəsini və Baş Qərargahı söyməyin faydası yoxdur, onlar əsaslı tədbir görməyə macal tapmayacaqlar. Buna görə birbaşa Mərkəz ordu birləşməsinin qərargahına zəng vurub özünü təqdim etdikdən sonra onu yaxındakı bombardman diviziyasının komandanı ilə calaşdırmağı əmr etdi.

Dəstəkdə həyəcanlı bir səs eşidildi:

- Hanı Führer, mən onu eşitmirəm axı?

- Mən burdayam, - Hitler dedi, - Danışan kimdi?

- On ikinci bombardman diviziyasının komandiri general...

- Siz general deyil, eşşəksiniz! Qulağınızın dibində ruslar parad təşkil ediblər, sizsə donuz kimi yatmısınız!

- Mənim Führerim... hava... uçmaq... qeyri-mümkündür... qar... – generalın səsi titrəyirdi.

- Yaxşı təyyarəçilər istənilən havada uçurlar və mən bunu sizə sübut edərəm! Diviziyanızın ən yaxşı təyyarəçisini telefona çağırın!

- Ober - leytenant Şranqe Sizi eşidir, Mənim Führerim!

Hitler qəzəbini boğaraq mülayim səslə danışmağa başlayır. Ümumiyyətlə o, yalnız ali rütbəli rəislərə divan tutur, orta və kiçik rütbəli zabitlərə isə həmişə mehriban davranırdı.

- Mənim əziz Şranqem, siz artıq Ober-leytenant deyil, kapitansınız, hətta kapitan da deyil, mayorsunuz! Təcili havaya qalxın və Qızıl Meydanı bombalayın!

- Bu dəqiqə havaya qalxıram, mənim Führerim!

Şranqe bunu deyib, qapıya tərəf qaçdı. Təzəcə mayor olmuş Şranqe bir neçə dəqiqədən sonra artıq havada idi...

(V. Karpov )

# 7390 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #