Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi

Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
11 avqust 2020
# 13:11

Kulis.az tamaşaçıların daha çox “Nəsimi” filmindəki Şəms obrazı ilə tanıdıqları aktrisa Almaz Əsgərova haqqında maraqlı faktları təqdim edir.

Almaz Balabəy qızı Əsgərova 1949-cu il yanvarın 23-də Bakıda anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbində təhsil alır, gözəl rəsmlər çəkir. Bir gün heç kimin gözləmədiyi halda o rəssamlıq məktəbini atıb sənədlərini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə verir və qəbul olunur.

***

Universitetdə oxuyarkən tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur. Azər Moskvada kinorejissorluğu bitirib Bakıya qayıtmışdı. Təsadüfən tanış olduğu Almaza aktrisa olmağı o məsləhət görür. Kinostudiyada Adil İsgəndərovun kursuna daxil olan Almaza ustadı “Sən gözəl aktrisa olacaqsan”, - deyir.

Bu evlilikdən onların İlham adlı bir oğulları olur.

Gallery

Lakin Şeyx Əbdül onların tanış olması haqda yayılan məlumatları inkar edərək bu cür nəql edir:

"Azər Süleymanov da bizim işçimiz idi. İkinci rejissor işləyirdi. "Qanun naminə" filmində Azər Süleymanov assistent-rejissor işləyirdi. Almaz da orda kiçik bir rola çəkilirdi. Orda tanımışdılar bir-birini. Ona qədər Almazın böyük bir həyatı vardı. Oxumuşdu, filmlərə çəkilirdi. Azər onu artıq ikinci mərhələdə, filmlərə çəkilməyə başlayarkən görmüşdü. Onlar 1970-ci ildə ailə qurdular. O ailə o qədər uğursuz alındı ki, Almazın bütün həyatı məhv oldu. Azər evin bir oğlu idi, rəhmətlik anası onu tək böyütmüşdü, ona görə də oğlunu çox qısqanırdı, Almazı heç yola vermirdi. Neçə dəfə getdik, danışdıq, yola gətirməyə çalışdıq, amma alınmadı. Həmin problemlər ucbatından çox keçmədən onlar ayrıldılar. Hətta qaynanası onları boşadandan sonra Azərə özünün bacısı qızını almışdı. Azərin o evlilikdən bir qızı da var. Çox qəribədir ki, o, ögey ana yanında böyümüşdü, elə sonradan da taleyi çox acınacaqlı oldu. Onun ögey bacıları ilə ailəvi problemləri vardı, ev məsələləri vardı. Biz bu problemlərin içərisində idik, Almaza əlimizdən gəldiyi qədər kömək etməyə çalışırdıq”.

***

Deyilənə görə həyat yoldaşından ayrılandan sonra Almaz xanım oğlu ilə birgə yaşayır. Sonradan kinostudiyadan bir nəfərlə də münasibətləri yaranır, ailə qurmaq istəyirlər, amma o da alınmır, evlənə bilmirlər.

Gallery

Almaz kinoda bir-birinin ardınca maraqlı obrazlar yaradır. “Qanun naminə”də Salamatovun xanımı, “Mən ki gözəl deyildim”də Elmira, “Ulduzlar sönmür” də Fatimə. Daha sonra “Bir cənub şəhərində”, “Məhəbbət, məhəbbət”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi” filmlərinə çəkilir.

***

Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayır. Lakin, İsgəndərovun ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa “Tacikfilm”də “Rüstəm və Söhrab” filmində baş rola çəkilir. Nəhayət, Almaz həyatın diktəsi ilə kinoda ən yaddaqalan son obrazına həyat verir – “Nəsimi” filmindəki Şəmsə. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi.

***

1983-cü ildə Azər iş üçün Moskvaya yollanır və geriyə tabutda qayıdır. Azərin Moskvada vəfat etməsi Almaz Əsgərovanı sarsıdır. O dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır. Milli Dram Teatrına dəvət edilsə də, bu təklifi qəbul etmir. “Mən sənətdən getmişəm”, - deyə cavab verib.

Gallery

Almazın bacısı Səmayə xatırlayır ki, Azərlə Almaz bir-birilərini əfsanəvi məhəbbətlə sevirdilər, yeganə övladları, İlham, hər ikisinin canı idi. Bütün çəkilişlərə bir yerdə gedirlərmiş. Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asarmış. Hər yerdə həmişə birlikdə olublar.

***

Qapalı həyatı isə onu məhvə sürükləyir. 11 ayın içində amansız xəstəliyə düçar olan Almaz Əsgərovanın gözləri 1988-ci ilin qızmar avqustunda dünyaya əbədi qapanır.

***

Onun vəfatı haqqında da müxtəlif fikirlər var. Şeyx Əbdül Mahmudbəyov həmin günləri belə xatırlayır:

"Almaz xanımın ölümü də çox müəmmalı oldu. Mən onda Moskvada oxuyurdum. Mənə xəbər gəldi ki, Almaz xanım rəhmətə gedib. Ürəyi dözmədi, öldü, ya intihar elədi, bilinmədi. Moskvadan qayıdandan sonra onun oğlunu çox axtardım, amma tapa bilmədim. İndi də bilmirəm ki, hardadır, nə işlə məşğuldur.

# 10180 dəfə oxunub

Müəllifin son yazıları

# # #