Qohumu onu öldürmək istədi, güllə ayaqqabısına dəydi, çörək verdiyi küçə uşaqları evini soydu – Xalq artistinin film kimi həyatı

Qohumu onu öldürmək istədi, güllə ayaqqabısına dəydi, çörək verdiyi küçə uşaqları evini soydu – Xalq artistinin film kimi həyatı
7 aprel 2020
# 15:18

Bu gün Azərbaycanın ilk balerinası, pedaqoq, Xalq artisti Qəmər Almaszadənin anım günüdür. Kulis.az bu münasibətlə balerina haqqında maraqlı faktları təqdim edir.

Qəmər Almaszadə 10 mart 1915-ci ildə Bakıda anadan olub. Atası Qəmər Hacı Ağa ayaqqabı mağazasının sahibi, anası Məryəm xanım isə həkim idi. 6 yaşlı Qəmərdə rəqslərə sevgi və həvəs qonşuluqda yaşayan Şura adlı qızın vasitəsi ilə yaranıb.

***

Şura ona rəqsə getdiyini, orada balet öyrəndiyini deyib. Həmin vaxt məşğələlərin qiyməti 7 rubl imiş, Qəmərin isə 6 rublu olub. O, pedaqoqun yanına gəlib və deyib ki, mənim pulum bu qədərdir. Müəllimə isə çox təccüblənir ki, azərbaycanlı, müsəlman qız balet öyrənmək istəyir. Deyib, buyur, 6 rubla gəl.

Gallery

Anası və atası onu çox seviblər. Atası onu “mənim sarışınım” çağırırmış. Ailədə 4 uşaq olublar. Qardaşı Mürsəl İkinci Dünya Müharibəsində həlak olub. Bacısı Ədilə xanım da balerina olub. 28 yaşında vərəm xəstəliyindən vəfat edib. Hər iki bacı məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyub.

Gallery

İlk dərslərdən sonra aydın oldu ki, Qəmərin istedadı var və qızı böyük bir gələcək gözləyir. Populyarlıq isə tez gəlir. Qəmərin pərəstişkarları çoxalmağa başlayır. Onlar Qəməri sözün əsl mənasında gül-çiçəyə qərq edirdilər. Lakin bu uğurun arxa tərəfi də vardı. Qəmərin arxasında yersiz söz-söhbət gəzməyə başlayır. Bir gün isə Qəmərə görə onun ailəsindən üz döndərən qohumlarından biri qəmərə qarşı sui-qəsd törədir. Silahdan ona atəş açır. Lakin xoşbəxtlikdən güllə yalnız onun ayaqqabısının dabanına dəyir.

Gallery

"Hər şeyin "günahkarı" anamdır!" deyən aktrisa xatirələrinin birində deyir: "Ta uşaqlıqdan musiqini eşidərək, rəqs etməyə başlayırdım və illər ötdükcə bu elə yaxşı alınırdı ki, anam atamdan xəlvətcə məni özəl rəqs studiyasına göndərdi. Beləcə, biz bir neçə il atama "gəzməyə gedirik" deyərək, rəqs məktəbinə dərslərə gedirdik. Bütün bunlar böyük məhəbbət bəslədiyim atamdan gizlincə baş verirdi. Mömin müsəlman Hacı Ağa doğma qızını həddən artıq yüngül, hətta açıq-saçıq balet kostyumu geyinmiş səhnədə heç təsəvvür edə bilməzdi. Bu olduqca uzun müddət davam etdi. Lakin zamanla atama, hətta kənar şəxslər, sadəcə tanışlar və xəbərdar etməyi unutduğumuz qonşular, ya da sadəcə özlərini saxlaya bilməyənlər təbriklərlə yaxınlaşmağa başladılar. "O, təbrikləri sevinclə qarşıladığını göstərirdi, amma hiddətlənirdi, qəzəblənirdi, anamla qızğın mübahisələr salırdı".

Gallery

Həmin vaxt Qəmərin 30 yaşı vardı, ümumittifaq şöhrəti qazanmışdı və hətta Bakıda dərs deyirdi, teatrda isə ancaq baş rolları alırdı.

***

Balerina o günləri belə xatırlayır: Atam zaman-zaman evdəkiləri yığar, onları sıraya düzər və soruşardı ki, nə üçün onlar hamısı bir nəfər kimi bu teatrın dəlisi olublar. O, mədəni insanların mühitində olmaqdan çox utanırdı, həm də çox istəyirdi ki, onu tanımasınlar. Lakin bir gün çəkməçi Hacı Ağa heç vaxt getmədiyi teatra getməyə hazırlaşır, ən axırıncı sırada bilet alır. Bizim bilet yoxlayan qızlar bu haqda mənə deyəndə, qorxdum ki, o səhnəyə cumacaq və dəhşətli qalmaqal yaradacaq. Amma yox, o, bütün tamaşaya baxdı. Qəhrəman Gülyanaq, daha doğrusu, mən qalanın başından dənizə atılanda, o elə hönkürüb ki, heç nədən xəbərsiz qonşularımız bunun səhnə oyunu olduğunu əmin edərək, onu sakitləşdirməyə başlayıblar. Bunu öyrənəndə, tamaşadan sonra evə getməyə qorxurdum. Amma yenə də ayağımı evin kandarına qoyanda atam üstümə cumub məni qucaqladı: "Sən necə də gözəl artistsən!"

Gallery

Günlərin birində Qəmər konservatoriyanın tələbəsi, gələcək bəstəkar Əfrasiyab Bədəlbəyli ilə rastlaşır. Onda Qəmərin 16 yaşı olub. Əfrasiyab özündən 7 yaş kiçik olan Qəmərin gözəlliyinə heyran olur və qayğı göstərməyə başlayır. Bir gün dərslərdən sonra o, qızı evə ötürməyi təklif edir. Onlar evə çataçatda Qəmər atası ilə qarşılaşır. Qəmər atasından utanıb pis vəziyyətdə qalır və Əfrasiyabın qarşısında məsələni qəti qoyur. Tezliklə Əfrasiyabın valideynləri ona elçi düşüb ailənin böyük qızı Qəməri nişanlayırlar. Bundan sonra o, həyat yoldaşı bəstəkar Əfrasiyab Bədəlbəyli ilə birlikdə Sankt-Peterburqa təhsil almağa gedir. Qəmər xanım A.Vakanova adına Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur, Əfrasiyab bəy isə konservatoriyanın bəstəkarlıq şöbəsində təhsil alır. 1936-cı ildə ali məktəbi bitirib, Bakıya qayıdırlar.

***

Əfrasiyab bəy “Qız qalası” baletini Qəmər xanıma həsr edib. Əsas partiyanın ilk ifaçısı da Qəmər xanım olub.

Gallery

Qəmər xanımın birinci hamiləliyi uğurlu olmayıb. Bundan sonra daha uşaq istəməyib. Əfrasiyab bəy isə əksinə, uşaq istəyirmiş. Yəqin ki, ailənin dağılmasına səbəb bu olub. Əfrasiyab bəy Qəmər xanımdan sonra Yevgeniya adlı bir qadınla evlənir. Buna baxmayaraq, Qəmər xanımla son günə qədər əlaqəsini kəsməyib. Onlar bir-birlərinin evinə qonaq gedir, nəyisə müzakirə ediblər.

Gallery

Boşanandan sonra da Qəməri sevənlər az olmayıb, amma o, bir daha heç kimlə ciddi münasibətlər qurmaq istəməyib. Şəxsi həyatın olmaması onun işinə səmərəli təsir göstərib. 1953-cü ildə o, M. F. Axundov adına Azərbaycan opera və balet teatrının əsas baletmeysteri olur. Təkcə SSRİ məkanında deyil, onun hüdudlarından kənarda da məşhurlaşır. Qəmər öz truppası ilə Fransa, Hindistan və Nepala qastrol edib. 1970-ci ildə İraqın mədəniyyət nazirliyinin dəvətilə Bağdadda olaraq, orada İraq xalq rəqsləri ansamblının əsasını qoyub.

***

Balerina ərəb dilini bilirmiş. Özünə lazım olan qeydlərini ərəb dilində yazıb.O, tək İraqda deyil, Nepalda da rəqsin, baletin inkişafına kömək etmişdi. Ona orada medal veriblər.

Gallery

O, qəşəng geyinməyi çox sevirmiş. Fransız dərzisi olub. Ona ən son materialları, modaları sifariş verirmiş. O, evdə həmişə hündürdaban çəkmələrdə gəzib. Hətta qonaq gedəndə də özü ilə geyinməyə hündürdaban nəsə götürüb. Gözəlliyinə həmişə qiymət verib. Ən bahalı ətirləri alıb. Bir dəfə hansısa ölkədə satıcı deyib ki, bu ətir sizin üçün çox bahalıdır. Cavabında Qəmər xanım bildirib ki, onun üçün bahalı ətir yoxdur, neçəyə satsalar, alacaq.

***

Balerina həm də gözəl ev xanımı olub, qonaq çağırmağı çox sevib. Teatrda həmişə şampanı, kürüsü, yaxşı konfetləri olub. Teatrın axrıncı mərtəbəsində kabineti olub. Bu kabinetdə Arkadi Raykin, Vitali Vulf onun qonaqları olublar. Niyazi, Bülbül ilə bir ailə kimi olublar… Maya Plisetskaya Qəmər xanım rəhmətə gedəndə teleqram göndərib.

Gallery

Hamı Almaszadəni iradəli və ciddi bir qadın kimi xatırlayır. O, gözəl müəllim idi, şagirdləri ondan oddan qorxan kimi qorxurdular, bununla belə, o, Moskvada, Sankt-Peterburqda, Avropa şəhərlərində məşhur olan xoreoqrafiya ustalarının tam bir pleyadasını yetişdirib. Məsələn, 1969-70-ci illərdə Parisdə balet kollektivlərinin hər il keçirilən festivalında başda Qəmər Almaszadə olmaqla Azərbaycan truppası qran-priyə layiq görülmüşdü. Azərbaycan Opera və balet teatrının səhnəsində «Qu gölü», «Raymonda», «Baxçasaray fontanı», «Dоn-Kixot», «Qırmızı lalə»də baş rolu məhz Almaszadə ifa edib. Və onun bütün çıxışları tamaşaçılar tərəfindən «ura» ilə qarşılanırdı.

Gallery

Qəmər səhnədən vaxtında gedib, 35 yaşı vardı. Dramatik aktrisadan fərqli olaraq, balerina üçün bu artıq ciddi yaşdır. "Qoy, tamaşaçılar məni cavan xatırlasınlar!" - o, bununla, bağlı deyirdi. “Hələki formada idim və hamı bəyənirdi, mən rəqs edirdim. Lakin mənə çətin olduğunu hiss edən kimi heç kim məni qalmağa inandıra bilmədi. Əmin idim ki, düz edirəm".

***

Qocalmaqda olan Qəmər xanımda skleroz başlayır. O, çox xeyirxah və açıqürəkli qadın idi, tez-tez həyətin ac uşaqlarına yemək verirıdi ki, onlar sonradan Qəmər xanımın xəstəliyindən istifadə edib, onun olan-qalanını oğurlamışdılar.

Gallery

Qəmər xanımın həyatının son illərində onunla yalnız qardaşı Ənvər və xanımı Маhirə, qardaşı oğlu Çingiz olublar. O öz sevinc və təsəllisini məhz qardaşı oğlunda tapmışdı, çünki qadının öz övladı yox idi. Balerina 7 aprel 2006-cı ildə vəfat etmiş və Bakıda Fəxri xiyabanda dəfn olunub. Azərbaycanın ilk balerinasının xatirəsinə neçə- neçə film çəkilmiş, son illər isə «Dünyaya pəncərə. Qəmər Almaszadə» və «Qəmər Almaszadə» səhnəyə qoyulub.

# 36156 dəfə oxunub

Müəllifin son yazıları

# # #