İran inqilabının manifestini yazdı, Araz çayından meyiti tapıldı, qatili bilinmədi - Azərbaycanlı yazıçının müəmmalı sonu

İran inqilabının manifestini yazdı, Araz çayından meyiti tapıldı, qatili bilinmədi - Azərbaycanlı yazıçının müəmmalı sonu
6 iyul 2021
# 15:01

Kulis.az azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, yazıçı, dünyaca məşhur “Balaca qara balıq” hekayəsinin müəllifi Səməd Behrəngi haqqında maraqlı faktları təqdim edir.

Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Gerendab məhəlləsində yoxsul bir ailədə anadan olub. Səməd Behrənginin iki qardaşı və üç bacısı olub.

***

Atası çox erkən dünyasını dəyişib. İzzət kişi sadə zəhmət adamı -evlərə, mehmanxanalara, çayxana və idarələrə tuluqda su daşıyan tuluqçu, anası Sara xanım isə evdar qadın olub. İki qızı, üç oğlu içərisində kiçik Səmədi daha çox əzizləyərək "Qarabala” çağıran İzzət kişi o, doğulandan bir gün öncə ağası ilə dalaşdığına görə işdən çıxarılır. Haqsızlığa boyun əymək istəməyən qürurlu ata ağasına cavab qaytarmışdı.

***

Səmədin anası Sara xanım xatirələrində deyir:

“Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası ağa ilə dalaşdığı üçün işdən çıxarıldı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim, filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ağa ilə dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: “Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir”.

Səməd ilk təhsilini Təbriz şəhərindəki "Dəbristani-Tərbiyət və Daneşsərayi” kimi tanınan məşhur məktəbdə alır. Ailə çətinliklə dolandığından böyük qardaşı Əsəd kimi Səməd də təhsilini ali məktəblərdə deyil, Təbriz Pedaqoji Kollecində davam etdirir. Tələbəlik çağlarında o, boş vaxtlarını səmərəsiz keçirmir, bir neçə yoldaşı ilə birlikdə "Xənde” ("Gülüş”) adlı həftəlik divar qəzeti buraxmağa nail olur.

***

Texnikumu bitirəndən sonra Mamağana kənd məktəbinə müəllim işləməyə göndərilir. Hər bir sosial inkişafdan, yenilikdən geridə qalmış kəndi Səməd özünəməxsus şəkildə "Tanrının unutduğu yer” adlandırmışdı.

***

Mamağan kənd məktəbində dərs dediyi illərdə Səməd daim təhsilini davam etdirmək barədə düşünür. O, 1956-cı ildə Təbriz universitetinin filologiya fakültəsinin ingilis dili və ədəbiyyatı bölümünə qiyabi daxil olur, 1961-ci ildə universiteti bitirir və ingilis dili və ədəbiyyatı üzrə filoloq, eyni zamanda, ali dərəcəli müəllim ixtisasına yiyələnir.

***

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağılları yazıb. Səməd bir müddət qəzetlərdə məqalələrlə çıxış edib, o zaman Təbrizdə nəşr olunan "Mehdi Azadi" və "Adinə" qazetlərində yazılar yazıb. Sonra məqalələrini "Məcmueyi məqaleha" adlı kitabda çap edib.

Səməd Behrəngi həm də İran uşaq ədəbiyyatının banisi sayılır. Ona qədər, uşaq ədəbiyyatına aid kitablar yazan olsa da İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Səyyar müəllim” adlandırıblar.

***

Səməd boş vaxtlarında saatlarla kitab mağazalarının qarşısını kəsdirər, kitab seçməyə gələn yeniyetmələrə bilgilər verərdi. Dərs dediyi məktəbdə tələbələrlə əl-ələ verib gözəl bir kitab evi düzəltmişdi.

***

Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzib, burada Azərbaycan folkloruna aid nümunələr toplayıb. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirib.

***

Böyük şair Məftun Əmini yazırdı ki, o, uşaqlara atadan və anadan daha mehriban idi. Uşaqlar heç bir şeydə ondan çəkinmirdilər. Yəni, Səməd onların sirdaşı, dərddaşı, fikir ortağı olmağı da bacarmışdı.

Heç bir siyasi təşkilata bağlı olmayıb. Heç şah dövründə siyasi təşkilat da yox idi. Amma onun yoldaşları Behruz Dehqani, Əlirza Nabdil, Mənaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani və başqaları Səmədin ölümündən iki il sonra “Xalq Fədailəri" təşkilatını yaradıb, silahlı mübarizəyə qalxıblar. Behrənginin yazdığı “Balaca qara balıq” əsəri həm də İran inqilabının manifesti hesab edilir.

***

Bu əsər 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə, kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

***

Səməd yaxın dostları ilə birgə uşaqların anlaya biləcəyi sadə Azərbaycan dilində "Əlifba” kitabı yazmağı qərara alır. Lakin kitab hazır olandan sonra İranın rəsmi qurumları bu dərsliyin çapına icazə vermir və İslam-i İrşad idarəsi tərəfindən geri qaytarılır.

***

Səmədin sonralar qardaşı Əsədə yazırdı:

"Мən imzаmı хаlqın zehninə cəfəngiyat verən bir çox müəlliflər kimi kitabın üstünə yaza bilmərəm. Мən ömrümdə bircə dəfə də olsun "Ş” hərfini uşaqlara "Şah” sözü ilə öyrətməmişəm. "Şahbanu” və "Vəliəhd” sözlərinin üstündən atılıb keçmişəm. Мən kitabımın birinci səhifəsini onlara necə həsr edə bilərəm? Qoy evimizin damı uçsun. Мən "Ş” hərfini "Şah”, "Şahbanu” sözləri ilə, "ə” hərfini "Vəliəhd” kəlməsi ilə öyrədə bilmərəm. Bəli, qardaşım, onlar mənə bunu təklif edirdilər. De görüm, nə etməliyəm? Bütün həqiqətləri və şərəfimi bu kitabın yolundamı qoyum? Bəs onda şagirdlərimə, uşaqlara nə cavab verim?"

1968-ci ilin 31 avqustunda İranda, Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəkildə boğulan Səmədin cəsədi tapılır. 29 yaşında dünyasını dəyişən Səmədin fəaliyyətinə görə, dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək, bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar. Lakin bunu sübut edəcək bir dəlil indiyə qədər tapılmayıb.

***

O, Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.

***

Ölümündən sonra Səməd Behrənginin xatirəsinə şeirlər yazılıb, musiqilər bəstələnib. Dostu Əlirza Nabdil onun ölümündən sonra "Səməd könlümdədir" şeirini yazır daha sonra isə bu şeirə musiqi bəstələnir.

Səməd behrəngi haqqında müasir şairlərimiz də şeirlər yazıblar. Onlardan gözəl bir nümunəni - Səadət Cahangirin yazdığı şeiri təqdim edir.

Qarşıda iki sahil - iki yad bayraq durur,
Vətən Xudafərindən dağılmış bir tağ durur,
Bu qanlı hekayətin tarixi uzun, Səməd,
Şahid - Arazdan çıxan qara kağızın, Səməd.

Keçdi alın yazımız o yazının üstündən,
Xainlər körpü tikdi Arazının üstündən.
Budur tarixə keçmiş bir imzanın hədəsi,
Öndə düşmən əsgəri, keşikçi məntəqəsi.

Yaşanan ümidlərin keçmişi xarabalıq,
Yem oldu nəhənglərə "balaca qara balıq".
Üzündə qan rəngi var zaman ötmüş suların,
Hələ də bir savaşda azadlıq arzuların.

Hələ də sevdalılar bu yolda candan keçir,
Araz Xəzərə doğru Suqovuşandan keçir.
Hələ də fironlara hər dövrün Musası var,
Bu işlər belə getməz, bunun bir qisası var.

# 4063 dəfə oxunub

Müəllifin son yazıları

# # #