Azərbaycandan borc istəyən Atatürkün məktubu - Nadir fakt

Azərbaycandan borc istəyən Atatürkün məktubu - Nadir fakt
14 aprel 2021
# 12:05

Bu gün - 14 aprel Azərbaycanın ictimai-siyasi xadimi, yazıçı Nəriman Nərimanovun doğum günüdür. Kulis.az bu münasibətlə onun xidmətləri siyahısında olan bir tarixi faktı təqdim edir.

1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”. Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi.

Azərbaycandan Türkiyəyə qardaş əli 1921-ci ildə, Nərimanovun şəxsi əmriylə uzanıb. Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik” yazıb və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərdiyini bildiririb. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəçiliyi götürmüşdü.

Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılmış, o isə dərhal 500 kq qızıl göndərmişdi. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi. Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya göndərmişdi. Bu yardımlar sayəsində döyüş içində olan ölkənin vəziyyəti xeyli düzəlmişdi. 1921-ci il mart ayının 23-də Azərbaycan hökuməti könüllü şəkildə Türkiyəyə Azərbaycan xalqının hədiyyəsi olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərdi. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilib.

Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”.

# 3291 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #