7 il nişanlı qaldı, tələbəsi ona aşiq oldu, rus qızına görə oğlunu evdən qovdu – Xalq yazıçısından 10 maraqlı fakt

7 il nişanlı qaldı, tələbəsi ona aşiq oldu, rus qızına görə oğlunu evdən qovdu – Xalq yazıçısından 10 maraqlı fakt
27 iyul 2021
# 15:30

Kulis.az Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı 10 maraqlı faktı təqdim edir.


1. İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim və zadəgan ailəsində anadan olub. Bu səbəbdən də ömrü boyu təqiblərə məruz qalıb.

İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Böyük Vətən Müharibəsi İsmayıl Şıxlının həyatına pozulmaz izlər qoyub. Onun bu barədə çoxlu yazıları, eyni zamanda xatirələri var. Qələbə günün müjdəsini xatırlayan yazıçı yazır: “Katerin radiosundan Levitanın səsini eşitdim: ”Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü”.

2. 1937-ci ildə qohumu Ümidə xanımla nişanlansa da, yalnız 7 il sonra ailə həyatı qura bilir. Baxmayaraq ki, qohumdurlar. Nəsilləri arasına qan davası düşübmüş. Sonralar barışıblar. İşmayıl Şıxlının bu evlilikdən Elçin və Fərrux adında iki oğlu dünyaya gəlir.

3. İ.Şıxlının nəşr olunan ilk şeiri “Quşlar”dır, 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub. Həmin gün şair deyib: “Mən həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ki, şeirim çıxıb. Kədərlənirəm ki, bir də şeir yazmayacam”.

Yazıçının ən sevilən əsərlərindən olan “Dəli Kür” romanı 9 ilə ərsəyə gəlib. 1969-cu ildə yazıçının ssenarisi əsasında “Dəli Kür” filmi çəkilib. Lakin filmə qarşı SSRİ-də təzyiqlər olması səbəbi ilə bəzi səhnələr kəsilib. Yalnız təsadüf nəticəsində yandırılmayan filmin finalı müstəqillik illərində bərpa olunub.

4. "Azərbaycan" jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir. Ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. Deyir, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. İntriqalar səhhətinə də pis təsir edirmiş. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3-cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının baş redaktorluğundan öz ərizəsi ilə getmişdi.

5. Hüseyn Arifdən ən maraqlı lətifələri o qələmə alıb. Lakin bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. O lətifələr ki, şair tirajlanmasını istəməyib İsmayıl Şıxlı onları nəinki qələmə alıb, heç danışmayıb da! Hətta ən yaxın adamlarına belə. Hətta dəfələrlə ona üz vuranlara belə.

6. İsmayıl Şıxlı zahirən çox yaraşıqlı kişi idi və toylarda inanılmaz gözəlliklə rəqs edirdi. Daha çox “Ruhani” havasına oynayardı.

7. Elçin Şıxlı yaradıcılıq evlərinin birində tanış olduğu rus qızı ilə evlənmək istəyirmiş. İsmayıl Şıxlı onun qərarında qəti olduğunu görüb sakit səslə deyir: “Özün bilərsən, həyat sənindi, amma əgər o qızla evlənsən, bir daha mən olan evə ayaq qoymayacaqsan!”. Bundan sonra Elçin Şıxlı fikrindən daşınır.

Qəribədir ki, “Urus Əhməd” İsmayıl Şıxlının “Dəli Kür” romanının sevimli obrazı idi. Cahandar ağanın qızı da ona vurulmuşdu. Amma həyatda...

8. İsmayıl Şıxlı Bakıya gələndə ilk düşdüyü ev gələcək qayınatasının evi olub. Qohum kimi gəlib. O bina sonralar Yazıçılar İttifaqına verilib və İsmayıl müəllim Azərbaycan Yazıçılar İttifaqının sədri olanda həmin kabinetdə oturub. İndi həmin otaq AYB sədri Anarın iş otağıdır.

9. Bir tələbəsi ona dəlicəsinə vurulmuşdu. Həyat yoldaşı da bilirdi.

10. Şəkər xəstəliyindən gözləri tutulub, sonuncu əsəri olan “Ölən dünyam”ı diktə edib. Həyat yoldaşı yazıb. Sonra bir dəfə də üzünə oxutdurub qulaq asıb və deyib: “Hə, indi rahat ölə bilərəm”.
Ölüm ayağında heç bir vəsiyyət etməyib, amma övladlarına son sözü bu olub: “Adam olun, kişi kimi yaşayın!”.

# 10322 dəfə oxunub

Müəllifin son yazıları

# # #