Qara gözə mavi linzalar kimi - Xanım Aydının yeni şeirləri

Xanım Aydın

Xanım Aydın

13 iyun 2022
# 17:00

Kulis.az şair Xanım Aydının yeni şeirlərini təqdim edir.

Sənə sevgimin rəngi
AĞdır!
AĞappaq, qar bəyazlığı.
Darıxıram, AĞ edirəm,
Bu qədər darıxmaq olmaz.
Hissimə göz AĞardıram –
Bu qədər alışmaq olmaz.
Yox, qorxmuram kül olmaqdan
Külün öz rəngi də AĞdır.
Sənə alışmaqdan qorxuram.
Duyğumun AĞ ipin çəkirəm,
O da üzümə AĞ olur.
Baxmır AĞına-bozuna,
Ruhum düşüb küçə-küçə,
Ulduzları düzə-düzə,
Sənlə mən arasında
Yolları da AĞardıbdı,
Lap AĞını çıxarıbdı...
Sənə sevgimin rəngi
AĞdır...
AĞappaq, qar bəyazlığı.


And olsun…

And olsun sübhün dan yeri sökülən çağına,
“O”nun altı günün içində yaratdıqlarına,
Min illər boyu yaşatdıqlarına…
Və and olsun
And olun səcdəyə alın qoyulan torpaqlarına!
Dodağımda sübh duamsan,
Tanrımla pıçıltımsan...
SƏN...


Səni gözləmək…

Səni gözləmək qiyaməti gözləmək kimidir –
Ya həyat verəcək,
Ya ömür alacaqsan.
Səni sevmək odla oynamaq kimidir –
Ya gəlib isidəcək,
Ya da gəlməyib yandıracaqsan.
Sənə toxunmaq ilğıma toxunmaq kimidir –
Ya toxunmayıb öləcəm,
Ya sən toxunub yox olacaqsan.
Sənə yar olmaq
bütün dünyanı gözündə öldürmək kimidir –
Ya mən sənə yar olacam,
Ya sən mənə yar olacaqsan...


Səndən ötrü burnumun ucu göynədi

"Səndən ötrü burnumun ucu göynədi" –
deyəcəkdim, demədim.
Nə ölçüdə, nə həddə darıxmışam –
heç özüm də bilmədim...
Susdum!
Ən doğrusu susmaq idi.
Dodaqlarımı,
Kirpiklərimi
Bir-birinə möhkəm sıxdım,
Ağlamadım...
Danışmadım...
Sözümü də, hissimi də
Ən doğrusu udmaq idi...
Susdum…


Torpaq kimiyəm

Mən torpaq kimiyəm –
Bəzən tapdayıb keçərsən,
Bəzən müqəddəs bilərsən.
Daim sən olan yerdəyəm,
Başlanğıcın, son nöqtənəm.
Getsən, sənə çevrilərəm,
Sən də mənə dönərsən.
Mən torpaq kimiyəm…

İtirmişəm…

Gülüşümü hansısa döngədə, hansısa yolda,
Bəlkə, yeraltı, bəlkə, yerüstü,
Hansısa keçiddə salıb itirmişəm?..
Harda? Necə? Kimlə?
Mən də bilmirəm...
Bir uşaq taparaq qaçıb arxamca
"Bağışlayın, xanım, gülüşünüz düşüb,
Buyurun götürün!" – deməyib mənə.
Başqa gülüşlərsə gəlmir üzümə...
Qara gözə mavi linzalar kimi
Süni təbəssüm taxıram dodaqlarıma,
Taxıram,
Süzülür kirpiklərimdən...

Sevdim səni

Ömrünü bir nəfəsə yaşamış qocanın
Yeniyətməyə vurulduğutək
Ümidsizcə sevdim səni...
Ovucdan kəpənəklənib uzaqlaşan səadəttək,
Böyük dənizdə islanmış kağız qayıqtək
Hüzünlü sevdim səni...
Üfüqdə səmanın ümmanla birləşdiyi xəttək
Düz və dürüst...
Sevdim səni...

Açıklama yok.

# 3880 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #