"Yaxşı olar ki, hekayələri üç-üç, beş-beş yazın..." - Roberto Bolanyonun yazarlara 12 məsləhəti

"Yaxşı olar ki, hekayələri üç-üç, beş-beş yazın..." - Roberto Bolanyonun yazarlara 12 məsləhəti
28 oktyabr 2023
# 15:00

Kulis.az görkəmli yazıçı Roberto Bolanyonun yazarlara 12 məsləhətini təqdim edir.

Roberto Bolanyo 28 aprel 1953-cü ildə Çilinin paytaxtı Santyaqo şəhərində anadan olub. Anası müəllim, atası yük maşını sürücüsü, eyni zamanda boksçu olub. Bacısı ilə birlikdə uşaqlıq illərini Çilinin cənubunda keçirib. Özünün dediyinə görə, uşaqlıqda arıq, kitab qurdu, uzaqgörən: perspektivsiz uşaq olub. Disleksiyası olan yazıçı, məktəbdə tez-tez təhqir olunurdu, orada özünü yad hiss edirdi. O, aşağı-orta səviyyəli ailədən olub, anası bütün bestselləri oxusa da, onlar ziyalı ailəsi deyildilər. Uşaqlığının geri qalan böyük hissəsi Los Ancelesdə keçib.

1960-cı illərdə, gəncliyində ateist olan Bolanyo, trotskiçi və 1975-ci ildə kiçik poetik hərəkat olan İnfrarealizmin qurucu üzvü olub. 1968-ci ildə məktəbi yarımçıq qoyaraq ailəsi ilə birlikdə Meksikaya köçüb, solçu siyasi fəaliyyətlə başlamaqla birlikdə jurnalist kimi çalışmağa start verib.

1973-cü ildə qısamüddətli olaraq Çiliyə qayıdır, amma oradakı həyatı, siyasiləri, yazıçıları daim tənqdi edən yazıçı orada yaşaya bilməyərək 1974-cü ildə yenidən Çilidən Meksikaya qayıdıb.

Bolano 1977-ci ildə Avropaya köçüb və nəhayət, İspaniyaya yerləşərək, burada evlənib. Barselona yaxınlığındakı Aralıq dənizi sahilində, Kosta Bravada məskunlaşıb. Əvvəlcə, qabyuyan, düşərgə mühafizəçisi, zibilyığan kimi işlərdə çalışıb. Boş vaxtlarını yazmağa sərf edən yazıçı 80-ci illərdən ölümünə qədər Kataloniya sahilində kiçik Blanes şəhərində yaşayıb.

Təxminən, 40 yaşına qədər bədii ədəbiyyata keçməzdən əvvəl şeirlər yazıb. Özünün dediyinə görə, ailəsinin gələcək rifahı üçün məsuliyyət hiss edərək, bədii ədəbiyyatla məşğul olmağa başlayıb, çünki şeirdən heç vaxt normal qazanc əldə edə bilməyəcəyini bilirdi.

1999-cu ildə "Vəhşi detektivlər" ("Los detetives salvajes") romanına görə, Romulo Gallegos mükafatını qazanıb və 2008-ci ildə idarə heyətinin üzvü Marsela Valdes tərəfindən "2666" romanına görə, ölümündən sonra Milli kitab Tənqidçiləri Dərnəyinin Bədii Ədəbiyyat Mükafatına layiq görülüb. "Nyu-York Tayms" onu "öz nəslinin ən əhəmiyyətli Latın Amerikan ədəbi səsi" kimi təsvir edib.

Əsərləri ingilis, alman, italyan, litva və holland da daxil olmaqla, bir çox dillərə tərcümə edilib. Öldüyü il onun 10 ölkədə 37 nəşriyyatla müqaviləsi olub. Ən səs-küylü romanı olan "2666" 12 ölkədə 50 müqavilə əsasında 49 tərcümə ilə satışa təqdim edilib.

Roberto Bolanyo Xorxe Luis Borxes və Xulio Kortasar kimi yazıçılarla birgə XX əsrin böyük Latın Amerikası müəlliflərindən biri hesab olunur.

Bolanyo 2003-cü ildə uzun müddət davam edən xəstəlikdən sonra vəfat edib. O, qaraciyər çatışmazlığı yaşayırmış və vəfat edən zaman qaraciyər transplantasiyası gözləmə siyahısında üçüncü yerdə imiş.

Yazıçının hekayə yazarlara 12 tövsiyəsi;

1. Heç vaxt hekayələri bir-bir yazmayın. Bunu edən insan son nəfəsini verən günə qədər eyni hekayə ətrafında dolaşıb duracaq.

2. Yaxşı olar ki, hekayələri üç-üç, beş-beş yazın. Enerjinizə güvənirsinizsə, doqquz-doqquz, on beş-on beş yazın.

3. Diqqətli olun: onları iki-iki yazmaq istəyi bir-bir yazmaq cəhdi qədər təhlükəlidir, ikisi də içində əkiz aynaların eyni çirkli və inadkar oyununu gizləyir.

4. Orasio Kiroqa, Felisberto Ernandes, Borxesi oxumaq lazımdır. Rulfo, Monterrozu, Qarsia Markesi oxumaq lazımdır. Bu cür müəlliflərin əsərlərinə bir az da olsa, hörməti olan hekayə yazarı heç vaxt Kamilo Xose Sela, Fransisko Umbral oxumaz. Əlbəttə ki, o, əvəzində Kortasar, ya da Adolfo Bioy Kasaresi oxuyacaq, lakin Sela və Umbralı heç vaxt.

5. Tam başa düşülməyə bilər, deyə təkrarlayıram: Sela və Umbralın yanına belə yaxınlaşmayacaq.

6. Qısa hekayə yazarı ürəkli olmalıdır, etiraz etmək kədərlidir, amma bu, həqiqətdir.

7. Hekayə müəlliflərinin Petrus Boreli oxuduqları ilə öyünməsi adi haldır. Ancaq həqiqət budur ki, bir çox hekayə müəllifləri Petrus Boreli təqlid etməyə çalışırlar. Böyük səhvdir: Onlar əslində Petrus Borelin geyinmə tərzini təqlid etməli idilər! Açığı, onlar Petrus Borel haqqında demək olar ki, heç nə bilmirlər. Necə ki, Qotye və Nerval haqqında heç nə bilmirlər.

8. Gəlin, razılaşaq: Petrus Boreli oxuyun, Petrus Borel kimi geyinin, amma eyni zamanda Marsel Şvobu da, xüsusən, Şvobu oxuyun və sonra keçin Alfonso Reyesə, ondan da Borxesə.

9. Şübhəsiz ki, Edqar Allan Poda hamımızı qane edəcək qədər material var.

10. Doqquzuncu maddə haqqında düşünün. İnsan doqquzuncu maddə haqqında düşünməlidir; mümkünsə, diz çökərək.

11. Təkidlə tövsiyə olunacaq kitablar və müəlliflər: Lonqin Sotnikin "Müqəddəs haqqında" ("On the Sublime"); tərcümeyi-halı Lord Bruk tərəfindən yazılmış bədbəxt və cəsarətli Filio Sidneyin sonetləri; Edqar Li Masters tərəfindən "Qaşıq çayı antologiyası"; Enrike Vila-Matasın "Nümunəvi İntiharlar"ı.

12. Bu kitabları oxuyun, Çexov və Raymond Karveri oxuyun; ikisindən biri bu əsrin dünyaya bəxş etdiyi ən yaxşı hekayə yazıçısıdır.

Hazırladı: Nilufər Hacılı

# 1443 dəfə oxunub

Müəllifin son yazıları

# # #