Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi
20 aprel 2024
# 15:00

Kulis.az Sara İbrahimin "Xəzəl vaxtı" hekayəsini təqdim edir.

- Bir həftədir səni çağırır, daha az qalıb, çox az, - qadın astadan, titrək səslə dedi.

Bu sözlər pəncərə qarşısında oturub gözünü bağda yenicə çiçəkləmiş ağaclara zilləyən qızın vecinə deyildi; anası hər gün eyni sözləri tutuquşu kimi təkrarlayıb dururdu.Qız hərdən fikirləşirdi ki, anası onun sözünü eşitməyəcəyini, can verən arvadın çağırışına getməyəcəyini bilir, sadəcə, bu sözləri qızına deməyi özünə borc bilir. Hər gün qarşısında aciz görkəm alıb ondan eyni şeyi xahiş edir. Anasının yazıq sifəti, titrək səsi onu özündən çıxarırdı. Hər dəfə danışmağa başlayanda ona səbirlə, sonadək qulaq asacağına, üstünə çımxırmayacağına özünə söz versə də, heç vaxt buna əməl edə bilmirdi. Bu gün də elə oldu.

- Dur, əl-üzünə su vur, çörəyini ye, bir azdan get ona dəy.Vallah, mən o adama səndən çox nifrət edirdim, amma axırda bağışladım. Kin saxlamaq yaxşı deyil, özün də yüngülləşəcəksən. Gör neçə il keçib.

Qız gözünü pəncərədən çəkib anasına baxdı. Anası elə bil hər gün, hər saat qocalırdı; gözünün ətrafı, ağzının kənarları sual işarəsinə oxşayan qırışlarla doluydu. Nazik, incə qırışlar hər gün bir az dərinləşirdi. Sanki torpağın üstündə arx qazıyırdılar; nazik, dayaz xətlər getdikcə bağçalarının içindən keçən arx kimi dərinləşir, anasının üzü ondan yanına getməyini israrla istədiyi Xəzəl arvadın sifətinə bənzəyirdi.

- Bir həftədir canıyla əlləşir, huşu özünə gələn kimi sayıqlayıb səni çağırır, - arvad nəfəsini içinə çəkib bir an susdu, sonra içinə çəkdiyi nəfəsini xırda dalğalarla onun üzünə üfürdü, - bu tərsliyinlə kimə çəkmisən, bilmirəm, adam böyüyünün sözünü eşidər, sənin yaxşılığın üçün deyirəm, vallah.

- Mənim yaxşılığımı istəmə, bunu səndən xahiş edən yoxdu, əl çək məndən, - yenə özünə verdiyi sözü unudub çımxırdı, - sən ona məndən çox nifrət etməlisən, anamsan axı, Allah qoymasa!

Sol gözünü örtən saçlarını geri atıb anasının üstünə yeridi.

- Bunu necə unutmaq, bağışlamaq olar? Xəzəl gündə min yol ölüb-dirilsə, yenə azdır! Allah ona layiq olduğunu yaşadır, hələ bundan betərini çəkəcək, görərsən!

Ana qızının sağ gözünün içinə baxdı, sonra başını bulayıb dodağının altda mızıldandı.

- Bundan betəri ola bilməz.Yatağında balıq kimi partlayır, dırnaqlarıyla bədənində, üz-gözündə cırmaqlamadığı salamat yer qalmayıb. Adam sifətindən çıxıb arvad, quleybanıya oxşayır.

Qız eşitdiklərindən məmnun halda nəşəylə qaqqıldadı. Əllərini belinə qoyub dəcəl uşaq kimi yerində fırlandı. Gözündə anasının heç vaxt görmədiyi parıltı vardı. Amma bu parıltıda qadını ürküdən, eyməndirən nəsə vardı:ona baxan gözün içindən işıqla birlikdə buz kimi soyuq bir hava da ortalığa dolmaqdaydı.

Buna bənzər gözü haçansa, hardasa görmüşdü, amma indi xatırlaya bilmirdi.

Qızı hələ də gülür, başını önünə əyib uzun saçlarını üzünə dağıdır, qəfildən geri qanrılıb onları kürəyinə aşırırdı. Qadın geri çevrilib qapıya tərəf getdi. Qız gülməyini kəsib arxadan ona səsləndi.

- Deyirsən, adam sifətindən çıxıb, quleybanıya oxşayır, hə?- yenidən gülməyə başlayanda qadın qapını örtüb çıxdı.

Qız küncdəki paltar dolabının iri güzgüsünə yaxınlaşıb diqqətlə özünə baxdı. Bir az əvvəlki gülüşün izləri hələ üzündən çəkilməmişdi, sağ gözü azca yaşarmışdı. Yəqin, ona görə yaşıla çalan qarışıq rəngli gözü pəncərədən içəri süzülən günəş şüalarının təsirindən daha da canlı, parlaq görünürdü. Balaca, dik burnuyla uyuşmayan qalın dodaqları onu yaşından böyük göstərirdi.

O, üzünü xəyalən iki yerə bölmüşdü. Ona görə üzünün yalnız bir tərəfi mövcuddu:güzgüdə sağ tərəfini görürdü, buna o qədər alışmışdı ki, sol tərəfinə baxmağı yadırğamışdı. Bəzən fikirləşdi ki, üzünün o biri tərəfini hardasa salıb itirib.

İllər əvvəl çəkilmiş şəkillərinə baxa bilmirdi; ona elə gəlirdi ki, fotolardan boylanan başqasıdır. Şəkildən baxan qız, o ola bilməzdi;həmin qız bütöv alınla, qaş-gözlə doğulmuşdu. Özünəinamlıydı, ürəkliydi, obyektivə zillənmiş meydan oxuyan gözləri deyirdi bunu. O, şəkildəki qıza baxmaqdan qorxurdu; niyə qorxduğunu anlamırdı, bircə onu bilirdi ki, şəkil onda qarışıq, anlaşılmaz hisslər oyadır. Şəklinə baxanda ürəyi sıxılırdı;ürəyinin hər nöqtəsində, künc-bucağında ilişib qalmış çözük, yandırıcı saplar yapışdıqları yerdən qopub birləşir, yumaq kimi sinəsinin üstündən basıb boğazına tərəf qalxır, orda tıxılıb qalır, onu boğurdu.

Uzun illərin vərdişiylə başının bir hərəkətiylə saçlarını sol gözünün üstünə dağıtdı.

“Quleybanıya oxşayır, adam sifətindən çıxıb daha”

Az əvvəl anasının dediyi sözləri xatırladı, baxışları açıq pəncərədən görünən alça ağacına zilləndi.
Qış yuxusundan yenicə oyanmış, sırayla əkilmiş alça, zoğal, şaftalı ağacları yaz günəşinin isitdiyi torpağın şirəsini canlarına çəkib tumurcuq tökməyə hazırlaşırdı. Pəncərədən içəri bağda qalanan ocağın tüstüsü qarışmış mülayim yaz havası axırdı.

Qurumuş xəzəlləri, otları yandırırdılar. Bağ-bostan işlərinə başlanılmışdı. Tezliklə təmizlənmiş xəzəllərin, qurumuş otların yerində yeni ağaclar əkib, bostan salacaqdılar.

“Xəzəlləri yandırırlar. Xəzəl də can verir, ölmək üzrədi, amma ölə bilmir, məni çağırır, hallalıq istəyir. Hansı üzlə, nə haqla, Xəzəl xanım?

Bağda yandırılan xəzəl kimi yanmağını, tüstülənməyini istəyirəm. İstəyirəm ki, alovun göylərə çatsın. Çək cəzanı, Xəzəl, atəşin bol olsun”.

Anası deyir ki, üz- gözü cırmaq- cırmaqdı, balıq kimi partlayır. Onun cırmaqlanmış üzünü, çuxura düşmüş gözlərini, ağrıdan necə əzab çəkdiyini görmək istərdi.

Xəzəlgillə onların bağlarını ayıran çəpərin taxta qapısı onun üçün Çin səddi kimi bir şeydi. O qapıdan on ildən çox idi ki ayağını içəri basmamışdı.

Birdən Xəzəli, onun əzablarını görmək üçün içində qarşısıalınmaz bir istək yarandı. Bu fürsəti niyə qaçırır axı? İllərdi bunu arzulamırdımı? Onun əzabla ölməyini istəmişdi həmişə. Budur, indi onun qarğışları yerini tutub;Xəzəl Əzrayılın pəncəsində çabalayır.

İçindən bir səs ona: “dur, elə indi get, öz gözünlə gör” deyirdi.

Alaqapıdan keçib Xəzəlin evinə aparan nazik cığırla irəlilədi.
Artıq qapıya çatıb. Qapının o biri üzündə həyatını alt-üst etmiş qadın canıyla əlləşir. Ruhunu təslim edə bilmir, köməyə çağırır, ondan imdad diləyir.

Xəzəl xəstə yatağına düşməmiş də ondan dəfələrlə əfv diləmişdi. Amma hər dəfə eşitdiyi qarğış, söyüş olmuşdu. İndi onu görsə, sevinəcək, elə biləcək hallalıq verməyə gəlib.Ümidin gözlərində necə öləziyib kül olduğunu görmək, əzablarıyla qoyub, üz çevirib getmək onu xoşbəxt edəcək, nifrətdən alışıb yanan ürəyinə su səpəcəkdi.

Qapını itələyib içəri girdi. Otaq yarıqaranlıq idi; gözünə heç kim dəymədi, bəlkə də, çox həyəcanlıydı, ona görə sağ tərəfdə divara bitişik qoyulmuş çarpayını görmədi.

İrəli üç-dörd addım atıb dayandı. Burdan yarıqaranlıq otaqda, sinəsinə qədər çəkilmiş ağ mələfənin arasında güclə nəzərə çarpan xəstəni görmək olurdu. Mələfənin arasında uşaq vücudu boyda bir skelet görünürdü. Bu skeletin göz yerində iki dərin çuxur əmələ gəlmişdi. Çuxurdan bir cüt ağarmış bəbək ona baxırdı. Nəfəs alıb-verdikcə üstündəki mələfə üflənən şar kimi qalxıb enirdi. Mələfənin üstündə qurumuş çubuğu andıran qollar görünürdü.

İçəridə Xəzəlin xışıltılı nəfəsindən başqa səs-səmir eşidilmirdi. Görünür, yaz işləriylə bağlı ev əhalisi bağ-bağçadaydı. Bəlkə də, onun bəxtindəniydi;xəstəyə qulluq edən gəlin də bir neçə dəqiqəlik harasa çıxmışdı.

O, içəri girəndə xəstə bayğın haldaydı, nəfəs almasaydı, deyərdin çoxdan canını tapşırıb. Amma bu səssizlik çox çəkmədi. Qəfildən yerində qıvrılıb çapalamağa, qorxunc səslər çıxarmağa başladı. Xəzəldən, gücsüzləşmiş skelet bədəninə rəğmən elə bir bağırtı qopdu ki, qız bir anlıq dönüb qaçmaq istədi. O, yatağında çevrilir, inləyir, əlləriylə üz-gözünü cırmaqlayır, saçlarını yolurdu.
Deyəsən, xəstə onu gördü. Çırpınan bədəni bir anda sustaldı, amma bir saniyədən sonra qurumuş qollarını ona doğru uzadıb xırıldamağa başladı. Ağzı köpüklənir, bəbəkləri pırtlayıb yerindən çıxmaq istəyirdi.

Qız əvvəl ondan qorxmuşdu, amma indi gözlərini bir an da olsun əzab çəkən xəstədən ayırmırdı. Xəstənin hərəkətlərini soyuqqanlılıqla izləyir, hər dəfə əllərini ona doğru uzadıb nəsə demək istəyən bu zavallıya ürəyində bir misqal da mərhəmət hiss etmirdi. Əksinə, fikirləşirdi ki, anası deyən qədər də çox əzab çəkmir.

Xəzəlin on il əvvəl, indi sümükləri görünən əlində yekə bir zopayla onu necə qabağına qatıb nəfəsini kəsməyini xatırladı.

Həmin gün o, Xəzəlgilin həyətindən keçib örüşə ötürdüyü quzularını gətirməyə gedirdi. Bircə bunu xatırlayırdı ki, bağdan həyətə keçən Xəzəl dəliyə dönüb əlinə keçən daş-kəsəyi ona tərəf yağdırırdı. Qız niyə daşlandığını anlamağa, soruşmağa macal tapmadı. Dəli danaya dönmüş arvad yerdən başı düyünlü zopanı götürüb üstünə gələndə başa düşdü ki, qaçmasa, qızmış kəl onu dizinin altına alacaq.

Geri dönüb evlərinə tərəf qaçdı. Qaça-qaça fikirləşirdi ki, anası, ya da nənəsi bu qızmış kəlin qarşısını kəsib onu əlindən alacaqlar.
Tərslikdən həyətdə, evdə heç kim yox idi. Xəzəllə aralarındakı məsafə elə də çox deyildi, amma o çatana qədər alça ağacına dırmaşa bildi.

Xəzəl alça ağacının altında dayanıb daş dəymiş ayı kimi donquldanır, qarğış, nifrin tökürdü. Qız hələ də hansı günahına görə arvadın qəzəbinə gəldiyini başa düşmürdü. Xəzəl hansısa fidanın kökündən çıxarılmasından danışıb odlanırdı.

Qızın dalınca ağaca dırmaşa bilməməyi onu lap dəli eləmişdi. Yerdən iri, hər tərəfi tikan kimi çıxıntılı daşı götürüb ağacın başına tolazladı. Daşın ona çatmayacağını düşünən qız yerindən qımzanmadı, heyrətlə aşağıdan ona tərəf uçan daşa baxırdı.

Tilişkəli, tısbağa çanağına bənzəyən daş düz hədəfə dəydi. Yerindən çıxmış qanlı göz alça ağacının ağ çiçəkləri arasından keçib torpağa düşdü, düz Xəzəlin ayaqları altına.

Xəzəlin atdığı daş təkcə gözünü kor eləməmuşdi: sol yanağının sümüyünü də xurd-xəşil etmişdi.

Hədsiz əsəbi, səbirsiz adam olduğunua adının əvvəlinə “cinli” ləqəbini boş yerə yapışdırmamışdılar. Xəzəl əri öləndən sonra bu günə düşmüşdü. Əri ehtiyatsızlıq edib ov tüfəngndən açdığı atəşlə həyatını bitirmişdi.

Sakit vaxtlarında olduqca xeyirxah bir adam olan “cinli” Xəzəl əsəbiləşəndə doğma övladlarına da rəhm etməzdi.

Bir dəfə oğlu qəzəbinə gəlmiş, onu qışın şaxtalı gecəsində kəndirlə ağaca sarımışdı. Uşağın bağırtısına gələn qonşuları nə qədər yalvardıqdan sonra oğlunu kəndirdən azad edib evə buraxmışdı.Yazıq uşaq bu hadisədən sonra iki ay sətəlcəmdən müalicə olundu.

Qızın ailəsi bir müddət sonra onu bağışladı. Xəzəl o hadisədən sonra ailənn köləsi oldi. Hamı bağışlasa da, gözünü tökdüyü qız onu bağışlamadı.

Çarpayıya yaxınlaşıb xəstənin üzünə doğru əyildi. Xəzəl onu yaxından görəndə at kimi fınxırıb çeçədi, öskürək tutdu. Çöp əlini uzadıb biləyindən yapışdı.

”Mmm....ahh..öhü” Xırıltı lap çoxalmışdı. Qız ondan yapışan əli geri itələmək istədi, amma çırpı kimi qollar biləyinə dolaşıb qopmaq istəmirdi. O, geri dartınıb bu qorxunc müqəvvadan uzaqlaşmaq istəyirdi, amma bacarmırdı. Bu, çubuğa oxşayan qollarda nə qədər güc varmış.

Xəzəlin biləyini tutmuş, sümükləri görünən əllərindən bədəninə buz kimi soyuq axırdı. Bu soyuqluq biləyindən qollarına, bütün bədəninə yayılır, dişi dişinə dəyirdi.

Xəstə onun əlini qəfil buraxıb süst düşdü. Gözlərini tavanda bir nöqtəyə zilləyib baxır, tərpənmirdi. Qız gözünü Xəzəlin açıla qalmış, mağaraya oxşayan ağzından çəkə bilmirdi. Ona elə gəldi ki, mağara ağızdan nəfəs yerinə ağ tüstü, duman çıxır. Duman getdikcə çoxalıb Xəzəli, otaqda nə vardısa, hər şeyi görünməz etdi. O, boşluğa yıxıldığını, bədəninin şəffaf, yuvarlaq bir şar kimi yuxarı yüksəldiyini gördü. Güçlü bir əl onu götürüb qarşıda görünən yarıaçıq qapıdan içəri atdı.

Qaranlıq, soyuq bir yerdəydi, hara gedəcəyini bilmirdi. Gözü qaranlığa öyrəşirdi.

Hər tərəf yavaş-yavaş işıqlandı və sağ tərəfində dayanan kölgənin Xəzəl olduğunu gördü. Xəzəl on il bundan əvvəlki kimiydi, bir az əvvəl gördüyü müqəvvadan əsər qalmamışdı.

Bayaqkı əl onu dayandığı yerdən yuxarıya qaldırdı, gözünün önündən qalın bir pərdə qalxdı, havadan asılı qalmış televizor ekranına bənzəyən monitorda özünü gördü.

Həyatı boyu yaşadıqlarını bir-bir ona göstərirdilər. Monitorda o da əvvəlki kimiydi; üzünün bir tərəfini itirməmişdi.

Özünü kənardan izləmək iztirablıydı; keçmişdə yaşadıqlarını yenidən yaşayırdı.
Budur, mələk üzlü qız qonşunun pişiyinin gözünü tökür, bu azmış kimi yaralı pişiyi zəncirdəki itin pəncələrinə atır. Yenicə yumurtadan çıxmış cücələrin başını bədənindən ayırıb qazdığı çalada basdırır.

Bundan sonrakı kadrlar daha ağrılıydı; ondan dərmanlarını içmək üçün su istəyən, ağrılar içində qıvrılan nənəsinə məhəl qoymur və arvad az sonra ürəktutmadan keçinir.

Nənəsi can verirdi, amma onun ağrılarını qız öz bədənndə hiss edirdi.

Bunlar onun etdiklərinin çox cüzi bir hissəsiydi.

Növbəti kadrı-qonşu məhəllədəki oğlanla gecəyarısı bağçalarında çıxardığı hoqqaları görəndə xəcalətindən üzünü yana çevirmək istədi, amma gözə görünməyən bir əl onun boynundan tutub ekrana tərəf döndərdi.

Necə iyrənc, rəzil görünürdü. Öz əməllərinə kənardan baxmaq, əgər gördüklərində yaxşı heç nə yoxdursa, ən ağır işgəncəymiş, bunu indi anladı.

Qısa, iyirmi səkkiz illik ömründə nə qədər günahlar eləmiş, qəlblər qırmışdı.

O, əziyyət verdiyi hər bir canlıdan, adamlardan əfv diləyir, onlara yalvarırdı. Əfv dilədiyi hər kəs bir kənarda başı önünə sallanmış Xəzəli ona göstərirdi.

Sonra hər şey yavaş-yavaş yox oldu, ətrafı yenidən ağ tüstü, duman bürüdü.

Xəzəlin çarpayısının ayaq tərəfində dayanmışdı. Qıza elə gəldi ki, boşluğa düşdüyü zamandan bu yana illər keçib. Bu qısa zaman kəsiyində bir ömür yaşamışdı sanki. Ruhu bədənindən ayrılıb, arınıb təkrar qayıtmışdı. Bədəni quş lələyi kimi yüngül idi; özünü heç vaxt bu qədər rahat hiss etməmişdi.

Xəzəl sakitləşmişdi; çalaya düşmüş gözləri ona zillənmişdi. Bir az əvvəl əzab çəkən adama oxşamırdı.

Qız fikirləşdi ki, özü də bir az əvvəlki adam deyil; o da Xəzələ bayaq baxdığı kimi baxmır. Gözlərindəki şəfqət, mərhəmət qığılcımları ağappaq işığa dönüb bu yarımqaranlıq otağı, Xəzəlin müqəvvaya dönmüş bədənini ağuşuna alırdı.

Xəstəyə yaxınlaşıb onu bağışladığını demək istədi, amma Xəzəl nəfəs almırdı. Üzündə sirli bir təbəssüm donub qalmışdı.

# 2125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #