Xaql artisti Səfurə İbrahimova: [b]“Həkimlər demişdi övladın olmayacaq”[/b] - MÜSAHİBƏ

Xaql artisti Səfurə İbrahimova: [b]“Həkimlər demişdi övladın olmayacaq”[/b] - MÜSAHİBƏ
10 noyabr 2017
# 11:23

Kulis.az Xalq artisti Səfurə İbrahimovanın Milli.Az-a müsahibəsini təqdim edir.

- Səfurə xanım, uzun zamandır hamıdan uzaqlaşmısınız. Cəmiyyətdən uzaqlaşmağınıza səbəb nədir?

- Uzaqlaşmısan deyəndə ki, mən həmişə belə olmuşam. Təkliyə alışmışam, təklikdən qorxmuram. Nə qədər desəm də qorxmuram, amma qorxduğum məqamlar da olur. Bəzən gecələr gözümün önünə kimsə gəlir. Hiss edirəm ki, məni qara basır. İşığı yandırıb, səhərə kimi oyaq qalıram. Səhərə yaxın yatıram, ona görə də yuxudan gec oyanıram. Uzun illərdir ki, bu rejimlə yaşayıram.

- Tək darıxmırsınız?

- Xeyr, artıq alışmışam. Mən teatrda işləyən vaxtı da tək idim. Həyat yoldaşım Ukraynaya getdi, gəlmədi. O vaxtdan bu vaxta kimi tək yaşayıram.

- Maraqlıdır, Səfurə xanım hansı verilişləri izləyir?

- Mənim evimdə cəmi 3 telekanal - AZTV, İctimai və Mədəniyyət kanalı göstərir. Nədənsə digər telekanallar proqramdan silinib. Buna görə də bu kanalların verilişlərinə baxıram.

- Öz çəkildiyiniz filmlərə baxa bilirsiniz?

- Filmlərimə baxanda özüm özümü tənqid edirəm. İnanın Allaha, elə filmlərim var baxanda əsəbləşirəm ki, kaş təzədən oynayardım. Amma bu səhvləri tamaşaçı hiss etmir. Yalnız biz görürük.

- Həyatınızda yaşadığınız hansı illəri unuda bilmirsiniz?

- Tələbəlik və məktəb illərim üçün çox darıxıram. Bizim kursumuzdan Tariyel Qasımov, Şahmar Ələkbərov, Nurəngiz Gün kimi sənətkarlar çıxıb. Tariyel mənim xətrini çox istədiyim tələbə yoldaşım olub. Heç vaxt ondan artıq-əskik hərəkət görməmişəm. Bu onun təbiətindən, xarakterindən irəli gəlir. Mən səhnəyə ayaq basanda ilk təbriki ondan almışam. Hərçənd ki, biz bir neçə ildir ki, danışmırıq, amma bütün yazıları saxlamışam. Onlar mənim üçün böyük sənəddir.

- Sonuncu dəfə hansı sənət yoldaşınız ziyarətinizə gəlib?

- Kurs yoldaşım, aktrisa Sona Babayeva oğluyla yanıma gəlmişdi. Elə qapı arxasından onu yola saldım. Çünki bərk xəstələnmişdim. Dedim ki, Sona başqa vaxt görüşərik. Sözün düzü, teatra gedəcəkdim, qış idi deyə gec sağaldım. Həm də qorxurdum ki, yıxılaram. Çünki bir dəfə teatra gedəndə maşın yolunda yıxılmışdım. Elə oldu ki, ayağım sındı. Yolun ortasında çarəsiz qalmışdım. Yoldan keçən biri telefonu götürüb təcili yardıma zəng etdi. Nədənsə təcili yardım gəlmədi. O biri oğlan telefonu götürüb dedi ki, "Xalq artistidir, tez gəlin". Üstündən 5 dəqiqə keçmədi ki, özlərini çatdırdılar.

- Teatrı vaxtından əvvəl tərk etdiyinizə görə peşmansınız?

- Xeyr, həyatımda heç nəyə görə peşman deyiləm. Vaxtında mənə qarşı bu teatrda çox haqsızlıqlar olub. Həm rəhbərlik tərəfindən, həm də həmkarlarımdan. Səhnəyə çıxırdım, az qalırdılar ki, qaranlıqda itələyib məni yıxsınlar. Amma mənim həmişə həmkarlarıma münasibətim yaxşı olub. Səməndər Rzayev yeni ailə həyatı qurmuşdu, qalmağa yeri yox idi. Öz evimi ona verib anamın yanına köçdüm. Bu cür yaxşılıqlar çox etmişəm. Bütün bu haqsızlıqlardan bezib ərizəmi yazıb özüm teatrı tərk etdim. Heç kimin yerini dar etmək istəmədim.

- Gənc sənətçiləri bəyənirsiniz?

- Bəli, sənətimiz əmin əllərdədir. Bu günlərdə gənclərin iştirakı ilə baxdığım bir film mənim fikrimi daha da qətiləşdirdi. Mən teatrda çox gənclərə dəstək olmuşam, insan gərək yaxşıya hər zaman qiymət versin.

- Davamçınız olaraq kimləri görürsünüz?

- Vallah, hamısı çox yaxşı oynayır. Münəvvər Əliyevanın oyun tərzini çox bəyənirəm. Vaxtilə onu mən Həsən Turabova tərifləmişdim.

- Bu gün hansı rolu oynamaq istəyirsiniz?

- Mən düz danışan insanam. Bilirəm ki, oynamayacağam yalandan niyə deyim ki, oynamaq istəyirəm?

- Heç dəvətlər olubmu?

- Xeyr, çünki mən həmişə rolu alanda ciddiləşirəm. Bütün fikrimi rol ətrafında toplayıram. Hal-hazırda o halda deyiləm.

- Səfurə xanım, bacınızın oğlunu götürüb saxladığınız haqda şayələr yayılmışdı. Həqiqətənmi bacınızın oğluna analıq etmisiniz?

- Xeyr, belə bir şey olmayıb. Bacımın bir oğlu var, o da özü üçün. Mən xalayam, o məni xala kimi qəbul edir.

- Niyə övlad götürüb saxlamadınız?

- Həkimlər mənə demişdi ki, sənin heç vaxt övladın olmayacaq. İstəmədim ki, başqasının övladına analıq edim. İnsan götürüb saxladığı uşağı öz əzizi kimi çox istəmir.

- Qohumlardan kimlər gəlir yanınıza?

- Vaxtları olanda gəlirlər.

- Məncə bu vaxtla bağlı problem deyil. Deyirlər ki, heç kimə qapı açmırsınız.

- Xeyr, bu yalan sözdür. Sözsüz ki, mən hər insana qapı aça bilmərəm. Amma təmiz niyyətlə gələn insanlara qapım həmişə açıqdır.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum can sağlığıdır. Özümə və tamaşaçılarıma. Başa düşən tamaşaçılara.

# 1474 dəfə oxunub

Müəllifin son yazıları

# # #