ABŞ Üzeyir Hacıbəyli və Rəşid Behbudov markaları buraxdı – FOTO

ABŞ Üzeyir Hacıbəyli və Rəşid Behbudov markaları buraxdı – <span style="color:red;">FOTO
17 sentyabr 2015
# 10:18

Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da xüsusi poçt markaları buraxılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, markaların buraxılması konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markalarının üzərində hər iki musiqi xadiminin şəkillərinin müşayiəti ilə “Üzeyir Hacıbəyli (1885-1948): Azərbaycan klassik musiqisinin banisi, 130 il” və “Rəşid Behbudov (1915-1989): Əfsanəvi Azərbaycan müğənnisi, 100 il” sözləri yazılıb. U.Hacıbəyliyə həsr olunmuş markanın üzərində dahi bəstəkarın “Koroğlu” operasından notlar yerləşdirilib.

Qeyd olunub ki, bu, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Üzeyir Hacıbəyli və Rəşid Behbudov irsinin ABŞ-da tanıdılması məqsədilə bu il həyata keçirilən silsilə tədbirlərin bir tərkib hissəsidir. Belə ki, sentyabrın 19-da əfsanəvi "Arşın mal alan" filminin Hollivudda premyerası keçiriləcək. Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında nümayiş olunacaq.

Həmçinin, Kaliforniya ştatının tanınmış şəhərlərindən olan Santa Monika şəhəri bəyannamə qəbul edərək, sentyabr ayının 18-nin şəhərdə “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağını bəyan edib.

# 1022 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #