Məhərrəm Bədirzadə “Azdrama” truppasını necə aldatdı? – MƏZƏLİ ƏHVALATLAR

Məhərrəm Bədirzadə “Azdrama” truppasını necə aldatdı? – <span style="color:red;">MƏZƏLİ ƏHVALATLAR
23 fevral 2017
# 11:22

Kulis.Az professor İlham Rəhimlinin sənət adamları barədə toplayıb işlədiyi məzəli əhvalatları təqdim edir.

Məşq təxirə salınır

Rejissor Məhərrəm Bədirzadə televiziyada İlf və Petrovun “Ostap Benderin sərğüzəştləri” əsərini tamaşaya hazırlayırdı. Əsas iştirakçılar Gənc Tamaşaçılar Teatrının aktyorları Nizami Kazımov, Namiq Dadaşov, Kübra Dadaşova, Yasin Qarayev, Sadıq Cəlilov, Mübariz Həmidov, Loğman Kərimov və başqaları idi. Məhərrəm rolları paylayır, bir neçə dəfə məşq edir. Qərara alırlar ki, bazar günü trakt məşqi etsinlər. (Trakt, yəni son məşq. Tamaşa başdan-ayağa oynanılır, çəkiliş planları operatorla müəyyənləşdirilib dəqiqləşdirilir). Bazar ertəsi, yəni teatrın istirahət günü studiyada çəkiliş aparsınlar.

Namiq deyir:

– Məhərrəm müəllim, bazar günü teatrda həm gündüz, həm də axşam tamaşası var. Həftənin ikinci günü hamımız boşuq. Nə tamaşa var, nə məşq. Gəlin traktı bazar ertəsi edək, çəkilişi ikinci gün saat 11-də.

Razılaşırlar. Həmin dövrdə teatrda Nəbi Xəzrinin «Kiçik təpə» pyesinin məşqləri gedirdi. Tamaşaya rejissor Müharib Tağıyev təyin olunmuşdu. Dramaturqla rejissorun sözləri düz gəlmədiyi üçün əsərin məşqləri həftələrlə təxirə salınmışdı. Müharibin nəyə görəsə Məhərrəm Bədirzadə ilə arası yox idi. Fürsətdən istifadə edib ikinci gün saat 10-a məşq təyin edir. Elan yazılır və orada göstərilir ki, tamaşada məşğul olan bütün aktyorların iştirakı vacibdir. Truppa müdiri bazar günündən elanı teatrın inzibati girişindəki arakəsməli dəhlizdə bildiriş lövhəsindən asır.

Image result for məhərrəm bədirzadə

Aktyorlar elanı oxuyub dilxor olurlar. Məhərrəmə xəbər çatdırırlar ki, bəs çəkilişə gələ bilməyəcəklər, Müharib Tağıyev ikinci günə məşq təyin edib. Məhərrəm Bədirzadə əsəbiləşir və durub gəlir teatra. Müharibi tapıb başlayır yalvar-yapışa ki, bəs məşqi təxirə sal. Müharib də məmnunluqla özünü lap dartır.

– Sən nə danışırsan? Elə şey olar? Nəbi müəllim də gələcək məşqə. Görmürsən axşamın bu vaxtı evə də getməmişəm, məşq barədə aktyorlara bir-bir özüm xəbərdarlıq edirəm.

Naçar qalan Məhərrəm deyinə-deyinə qalxır yuxarı mərtəbəyə və gəlir direktor Bala Qasımovun kabinetinə. Direktor Bala Qasımov Məhərrəmin bibisi oğlu idi. Fikirləşər ki, onu dilə tutub razılığını alar, teatrın məşqini ayrı günə keçirərlər. Ancaq Məhərrəm nə qədər dil-ağız edirsə, Bala müəllim razı olmur.

– Məhərrəm, əzizim, bura teatrdır. Teatrın öz nizam-intizamı var. Mən rejissorun işinə qarışa bilmərəm.

Məhərrəm yalvara-yalvara deyir:

– Bala müəllim, aktyorlar axşam məşqə gəlməyə razıdırlar. Gündüz televiziyada çəkilişimizi aparaq, axşam da Müharib məşqini etsin.

Bala Qasımov qaş-qabağını tökür:

– Dedim ki, mümkün deyil... Məşqin televiziya çəkilişinə görə təxirə salınması xəbəri gedib nazirliyə çatsa, bilirsən nə həngamə qopar?.. Məhərrəm, bilirsən ki, xətrini istəyirəm, qohumuq... amma olmaz... qəti olmaz...

Məhərrəm bərk dilxor olub gedir evə. Birinci gün axşam yenə gəlir teatra ki, bəlkə ya rejissoru, ya direktoru görüb onları birtəhər razılığa gətirdi. Teatra daxil olur və gözü dəhlizdəki elan lövhəsinə sataşır. Başını bulaya-bulaya yaxınlaşıb elanı oxuyur. Sağa-sola nəzər yetirir görsün gəlib-gedən varmı. Heç kəs gözünə dəymir. Çantasından bir vərəq çıxarıb ədəb-ərkanla təzə elan yazır:

«ELAN

Aktyorların nəzərinə.

Həftənin ikinci günü saat 10-a təyin edilmiş Nəbi Xəzrinin «Kiçik təpə» pyesinin məşqi təxirə salınır. Məşqin günü barədə əlavə məlumat veriləcək.

Truppa müdiri»

Əvvəlki elanı çıxarır və özü yazdığını onun yerinə asır. Qayıdır telestudiyaya və operatorlara xəbər edir ki, sabah saat 11-də çəkilişimiz mütləq olacaq, teatrdan razılıq almışam. Ancaq aktyorlara heç nə demir.

Səhəri aktyorlardan biri saat 10-a işləmiş teatra gəlir. Teatrda da belə adət var ki, binaya gələn aktyor mütləq elan lövhəsini nəzərdən keçirir ki, bilsin nə var, nə yox. Çünki tamaşalar, qastrollar, məşqlər barədə xəbərlər ilk növbədə elan lövhəsindən asılır. Həmin aktyor elanı oxuyub sevinir. Tələsik yuxarı çıxıb otaqların birindən bu xəbəri telefonla əvvəlcə Məhərrəmə çatdırır. Sonra aktyorlara da xəbər verir. Özü tez gəlir telestudiyaya və yavaş-yavaş o biri aktyorlar da yığışırlar. Məhərrəm Bədirzadə rahatca çəkilişini aparır.

Müharib saat 10-a qalmış gəlir teatra. Qəsdən məşqi bir az da gec başlamaq istəyir. Saat 11-in yarısında qalxır məşq otağına. Görür, heç kəs yoxdur. Başılovlu gəlir direktorun yanına. Hay-küy qalxır. Direktor truppa müdirini çağırıb soruşur:

– Hanı aktyorlar? Niyə məşqə gəlməyiblər?

– Bilmirəm, Bala müəllim?

– Elan yazmışdınız?

– Əlbəttə, yazmışıq da, lövhədən asmışıq da.

– Get o elanı bura gətir.

Truppa müdiri çıxır və bir azdan əlində elan, sifətində təəccüb kabinetə daxil olur.

– Bala müəllim, kimsə elanı dəyişdirib.

Əlindəki elan kağızını ona verir.

Bir az qorxacaq olan Bala müəllim əsəbiləşir, rəngi-rufu qaçır. Siyirmədən validol çıxarıb içir.

– Bu biabırçılıqdır. Onu yazanı tapıb teatrdan qovmaq lazımdır. Qoy başqalarına da dərs olsun.

Sabah saat 11-ə bütün kollektivi teatra çağırın, ümumi iclas olacaq.

Müharib özünü qabağa verir:

– Bala müəllim, bu, televiziya tamaşasına getmək istəyənlərin işi olacaq. Mən onlara icazə vermədim. Məhərrəm Bədirzadə də xahiş elədi, dedim ki, mümkün deyil.

Bala müəllim tez dillənir:

– Düz deyirsən, Məhərrəm mənim də yanıma gəlmişdi. Dedim ki, teatrın işi vacibdir, onu təxirə salmaq olmaz. Müharib, televiziyaya çağırılanların siyahısını yaz, ver mənə.

– Baş üstə, Bala müəllim.

Bala müəllim üzünü truppa müdirinə tutur:

–Bütün aktyorları yox, ancaq çəkilişə gedənləri çağırarsan. Gözlə, indi Müharib onların siyahısını yazıb verəcək.

Səhəri direktorun otağında televiziyaya çağırılmış aktyorlarla iclas başlanır. Bala Qasımov əsib-coşur.

– Yoldaşlar, bu, biabırçılıqdır. Elanı kim dəyişibsə boynuna alsın, onun bir kvartallıq mükafatını kəsməklə cəzasını yüngülləşdirərik. Yoxsa özümüz tapıb işdən qovacayıq.

Kimi ayağa qaldırırlarsa, and-aman edib deyir xəbərim yoxdur. Bala Qasımov daxili telefonla kadrlar şöbəsinə tapşırır ki, filankəslərin şəxsi işlərini gətirsin direktorun otağına. Başlayır bir-bir şəxsi qovluqda işə daxil olmaq barədə yazılan ərizədəki və elandakı xəttləri tutuşdurmağa. Nizami Kazımovun xətti uyğun gəlir.

Direktor əsəbiləşir.

– Nizami Kazımov, qalx ayağa. Heç utanırsan? İşsiz idin, yalvarıb-yaxardın, yazığımız gəldi, səni teatra qəbul etdik. Bizə sağ ol deməyin budur?

Nizami and-aman edir ki, onun bu işdən xəbəri yoxdur. Xeyri olmur. Direktorun təkidi ilə elə oradaca işdən çıxmaq barədə ərizə yazır. Yazıb verir Bala müəllimə. O da baxır ki, ilan-qurbağa bir xətdir. Təəccüblə soruşur:

– Nizami, axı sənin iki-üç il əvvəl işə götürülmək barədə yazdığın ərizədə xəttin tamam başqadır. Əməlli-başlı oxunur. Amma indi yazdığını güclə oxudum.

Nizami Kazımov əhli-kef idi, həm də çox şeyə məsuliyyətsiz yanaşırdı. Yadına düşür ki, ərizənin onun əvəzinə Məhərrəm Bədirzadə yazıb. Başlayır özünü keyliyə qoymağa:

– Bala müəllim, teatra qəbul olunmaq barədə ərizəmi kimsə yazmışdı... amma yadımda deyil.

– Kim yazmışdı?

– Vallah yadımda deyil... Onda siz mənə dediniz ki, indi gecdi, iş qurtarıb, sabah gəl ərizə yaz, ver kadrlar şöbəsinə. Onlar əmr hazırlayıb ərizəylə birlikdə yanıma gətirəndə qol çəkərəm. Sevindim, teatrdan çıxanda dostlarımla getdik bu xəbəri qeyd eləməyə. Elə o məclisdə kimsə mənim əvəzimə ərizə yazdı.

– Onu başa düşdük. Bəs ərizəni kim yazdı?

Nizami yenə düzünü demir, başlayır «yazıq» obrazını oynamağa.

– Canım üçün yadımda deyil.

– Kimlər vardı sənin o məclisində?

Nizami özünü lap keyliyə vurur:

– Bala Əliyeviç, and olsun komsomol vicdanıma, o da yadımda deyil...

– Səndə heç vicdan var ki, onun da ya adisi ola, ya komsomolu?..

Beləcə, iclas qurtarır. Axtarış 10-15 gün davam eləsə də bir nəticə vermir.

Ancaq televiziya tamaşası efirdə göstəriləndə Məhərrəm Bədirzadəni ilk təbrik edənlərdən biri Müharib Tağıyev olur...

Səyavuş Aslan maşinisti ağacla niyə döydü? – MƏZƏLİ ƏHVALATLAR

# 1193 dəfə oxunub

Müəllifin son yazıları

# # #