[b]Orxan Ata: “Bozbash Pictures” həqiqəti əks etdirmir”[/b] - MÜSAHİBƏ

[b]Orxan Ata: “Bozbash Pictures” həqiqəti əks etdirmir”[/b] - MÜSAHİBƏ
21 sentyabr 2017
# 15:12

Kulis.az Amerikada yaşayan azərbaycanlı aktyor və rejissor Orxan Ata ilə müsahibəni təqdim edir.

- Orxan, gəl əvvəl aktyorluq fəaliyyətindən danışaq.

- Kamera qarşısında ilk professional aktyorluq təcrübəm Türkiyənin “Arka sokaklar” serialında olub. 200-cü seriyada qonaq aktyor qismində iştirak etmişəm. Arxasıyca LiderTV-də yayımlanan (səhv eləmirəmsə həmin serialı hələ də verirlər) “Cavanlıq”da 50 seriya baş rol oynamışam. Hiss və əhval davamlılığının nə olduğunu praktiki olaraq bu setdə öyrənmişəm. Serialdan sonra Moskvanın məhşur GİTİS-ə (Rusiya Teatr İncəsənəti İnstitutu) universitetinə qəbul oldum və serialın 2-ci sezonunda oynamaqdan imtina edərək Rusiyaya köçdüm. Bu səbəbdən serial dayandı. Universitetdə keçirdiyim 1 semestr boyunca ancaq danışıq sənəti üzrə təhsilimi inkişaf etdirdim. Bu perioddan sonra qarşımdakı insanın kimliyi və sosial nüfuzundan asılı olmayaraq istənilən insanın fikrini öz üzərimdə cəmləmək qabiliyyətini öyrəndim.

Bir semestr sonra təhsilimi yarımçıq qoyub Sankt-Peterburga köçdüm. Orada Ru Hasanov adlı azərbaycanlı rejissorla “Şimala qarşı” layihəsini hazırladıq. Ru sonradan bu layihəni nüfuzlu prodüser Sergey Selyanova təqdim etdi və Selyanov büdcə ayıracağını söyləyərək Runun qarışısına filmin 15 səhnəsini çəkib ona gətirmək şərtini qoydu. Buna görə biz yenə Ru ilə bir araya gələrək “Şimala qarşı”nın bəzi səhnələrini ekranlaşdırdıq. Nəticədə layihə alınmadı. Bu dəqiqənin özündə Ru ikinci uzun metraj filmini bitirib və montaj prosesindədi. Fürsətdən istifadə edib ona uğur diləyirəm.

- Yarımçıq qalan layihələr sənətçiyə necə təsir edir?

- Təbii ki, pis. Kim istəyər işi yarımçıq qalsın? Bir neçə il əvvəl İlkin Hasaninin mənim də içində yer aldığım "Danışır Bakı" adlı televiziya layihəsi var idi və mənim bilmədiyim bəzi səbəblərə görə yarımçıq qaldı. Hətta 3 seriyalıq demo belə hazırlamışdıq. 3 ilə yaxın bir müddət “Babylon Group”un sponsorluğu ilə öz istədiyim filmləri çəkib oynadım. Bu filmlərdən “Zərdüşt belə dedi”, “Sudan” və “3otaq” Youtubdakı “Lavash Group” kanalımızda var.

Reper Xpertlə ortaq layihəmiz olan “Bir şans daha” qısa filmi isə “SynapsProduction” Youtube kanalındadı. İstəyən buyurub izləyə bilər. İzlədiyiniz filmlərin şərh bölməsinə professional, yəni əsaslı tənqid yazsanız çox sevinərəm.

2015- ci ildə “Babylon Group”la olan əməkdaşlığımıza müddəti ara verib Danimarkaya aktyorluq oxumağa getdim. Burda bir çox filmdə rol aldım. “Danimarkaya xoş gəlmisən” (Welcome to Denmark) və “Yeni il ağacı” (Christmas tree) qısa filmlərində baş rol oynadım. Filmlərdən birincisi xeyli uğur qazandı. Odense film festivalının tənqidçilərindən, performansımla bağlı məktublar aldım. Hal-hazırda filmin uzun metraj variantı yazılır. Bitəndə yenidən Danimarkaya getməli olacam. Filmdə Danimarka üzərindən İsveçə keçmək istəyən suriyalı bir mühaciri canlandırıram. Ssenarinin hədəfi Danimarkada mühacirlərə qarşı sərt reaksiya göstərən yerli əhalinin, əslində İkinci Dünya müharibəsi vaxtı yəhudiləri nasistlərə satan adamlardan o qədər də fərqli olmadıqlarını göstərməkdi. Hekayə olmuş hadisədən təsirlənib.

Mən universitetdə təhsil aldığım vaxt aktyorlara vörkşop keçmək üçün rejissor Chris Waitt (Bafta və Sundance film festivallarının qalibi) dəvət olunmuşdu. 3 gün birlikdə işlədik və Woody Allen-in “Annie Hall” filmindən bəzi səhnələri canlandırdıq. Təhsil ilinin sonuna doğru aktyorluq müəlliməm məni çağırıb dedi ki, Chris səninlə danışmaq istəyir. Nəticədə rejissorun sonuncu uzun metraj filmində baş rol oynamaq təklifi aldım. Bu film aktyorluq baxımından həyatımın ən zəngin təcrübəsi sayılır. İlk dəfə olaraq uzun metraj filmdə rol aldım, film ingilis dilindədi. Danimarkada rol aldığım bütün filmlərdə ingilis dilində performans göstərirəm.

- Azərbaycandan təklif gəlsə oynayarsan?

- Əlbəttə. Yaxşı ssenari gəlsə sevə-sevə oynayaram.

- Yaxşı ssenari nəyə deyirsən?

- İçində lazımı mesajlar daşıyan və sosial ağırlığı olan ssenariyə. Məsələni sadə dillə izah etsək, “Oğlan evi” və “Bozbaş Pictures”in filmləri məni bir aktyor kimi cəzb etmir. Səbəbi isə çox sadədir. Çünki bu tip filmlər həqiqəti əks etdirmir. Həyatda çox nadir hadisələr xoşbəxt sonluqla bitir.

- Sosial mesaj daşıyan komediya filmləri deyərkən hansıları nəzərdə tutursan, nümunə gətirə bilrəsən?

- Danelyanın “Afonya”sı, Ryazanovun “İki nəfər üçün vağzal”ı, Çaplinin bütün filmləri. İndi ağlıma bunlar gəlir.

- Nəyə görə bu növ filmlərə maraq göstərirsən?

- Bayaq da dediyim kimi, həqiqət sənət üçün çox önəmli nüansdır. Dünyada elə bir sənət əsəri tapa bilməzsən ki, xoşbəxtlik içində yaşayıb-ölən varlı bir adamın həyatından bəhs etsin. “Don Kixot”, “Səfillər”, “Torpağın bərəkəti” və başqa əsərlər məhz bu səbəbdən hələ də oxunur və oxunacaq. Müharibələrdən, sərkərdələrdən, padşahlardan və onların gözəlçə həyat yoldaşlarından bəhs edən tarixi əsərlər, tarixin sadəcə 20 faizini əks etdirir. Mənə isə bazarda işləyən, hər gün ictimai nəqliyyatdan istifadə edən, kənd məktəbində dərs deyən, bostan əkən və mal-qara otaran adamın həyatı maraqlıdı. Makedoniyalı İsgəndərin viran qoyduğu şəhərlərdə meyvə və ya balıq satan adamların aqibəti bizə hələ də məlum deyil.

- Bu mövzuda filmlərin çox olmağı nəyə xeyirdi?

- İctimai fərqindəliyin artmasına. Bu gün Suriyanın hansısa şəhərinə bomba düşür və bizə maraqlı gələn ilk şey o şəhərin icra başçısının həyatı yox, balaca körpələrinin meyitinə sarılmış adamın iztirabıdı. Buna görə də döyüş bölgələrinə gedib ordan bizə xəbər ötürən insanlara minnətdarıq. 50 il əvvəllə müqayisədə müharibəni və kütləvi ölümləri qınayan, bunun üçün ciddi işlər görən insan daha çoxdur. Çünki sadə vətəndaşın iztirabını görməyəndə insan avtomatik olaraq kütlənin ölümünə haqq qazandırmağa çalışır, bəzən də buna can atır.

- Azərbaycan kinematoqrafiyasının vəziyəti səni qane edirmi?

- Doxsanıncı, ikimininci illərlə müqayisədə vəziyyət ürəkaçan və sevindiricidir. Bu gün Azərbaycanda film var və bu iki yerə bölünür. Kommersiya və sənət filmləri. Kommersiya filmlərinə bayaq bir neçə misal verdik. Əsasən kütləyə hesablanmış və səthi mövzulardan ibarət komediya və dramalardır. Sənət filmləri də iki yerə ayrılır. 1) Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının maliyələşdirdiyi filmlər. 2) Rejissorların öz hesabına çəkdikləri rejissorları filmlər. Bu gün kinostudiyanın çəkdiyi filmlər, reputasiya baxımından azad rejissorların çəkdiyi filmlərdən çox qabaqdadı. Azad rejissorlar öz filmlərini festivallara aparıb çıxarmağa çox əziyyət çəkirlər. Həm maddi imkanları yetmir, həm də Mədəniyyət və Turizm Nazirliyində olan əlaqələr bunlarda yoxdu.

- Nə məsləhət görürsən? Rejissorlar bu problemi aradan qaldırmaq üçün nə edə bilərlər?

- Təkəbbürü bir kənara qoyub kinostudiya ilə işləyə bilərlər. Düzdü, kinostudiya montaj prosesinə ciddi təsir göstərir, amma bütün büdcəni onların ayırdığını nəzərə alsaq bu, təbii haldır.

- Deyək ki, büdcə var. Bəs o zaman dünyada uğur qazanan film çəkə bilmirik?

- Təcrübə etmədiyimiz mövzuları işləməyə can atırıq, ola bilsin səhvimiz budur. Sonra da deyirik cəmiyyət buna hazır deyildi. Xeyr! Birinci elə o sözü deyən insan buna hazır deyil. Ümumiyyətlə kimisə günahlandırmaq çox asandı. Sənət, insanın həyatını istifadə edir, insan həyatı sənəti yox. Ona görə də mənəvi güclü insan daha qalıcı əsər yaradır. Çünki, öz həyatını milyonların gözü önünə sərməyə qorxmur.

- Azərbaycan aktyorlarından kimlərlə işləmək istərdin?

- Ağaxan Salmanlı elə oynayır ki, insan kameranın varlığını unudur. Zaur Şəfiyev çox energetikdir və tərəf müqabilinin əhvalına güclü təsir göstərə bilir. Həmçinin Abbas Qəhrəman. İlham Hüseynov da istedadlı aktyordu, amma rejissordan diqqət və qayğı tələb edir. “3otaq”dakı tərəf müqabilim Samir Abbasov obrazına yeniliklər qazandırmaqdan çəkinmir.

Fuad Poladovla işləmək istəyirəm. Gənc nəsil aktyorlardan Taleh Yüzbəyov və Əlixan Rəcəbovu izləyirəm. İlkin Həsəninin yadda qalan ciddi obraz yarada biləcək potensialı olduğuna inanıram. “Bozbash Pictures”də "Ağsaqqal" obrazını canlandıran Azər Baxşıyev də bəyəndiyim aktyorlardandı.

- Ancaq bayaq “Bozbash Pictures”ii tənqid edirdin.

- Xeyr! Eyni fikirdəyəm. Amma bu o demək deyil ki, performansını bəyəndiyim sənətçiləri bir bucaqdan dəyərləndirməliyəm. Ancaq sırf kinoteatra film çəkən bir çox insanla şəxsi münasibətim var. İlkin Həsəni və Dj Fateh bu insanların başında gəlir. Bir sənətçi kimi onların etdiyi hər şey mənə maraqlıdı və izləyirəm. Bəyənmədiyim nəsə olanda da tənqid etməkdən çəkinmirəm. Sənətin şəxsi münasibətimizə heç bir dəxli yoxdur.

Fikrimcə İlkin Həsəni gələcəkdə başqa obrazlar yaratmasa, Moşu obrazı Valeh Kərimovun üzərinə çökən kimi Şəmi obrazı da İlkinin üstünə çökəcək və yaddaşlarda Şəmi kimi qalacaq.

- Bir nəfər də olsun aktrisa adı çəkmədin. Nəyə görə?

- Azərbaycan aktrisaları öz üzərlərinə belə yük götürüblər ki, guya səhnədə Azərbaycan qadınını təmsil edirlər. Misal üçün, “İdiot” əsərində Nastasya Filipovnanı oynayır, həm də azərbaycanlılığını qorumağa çalışır. Çox absurd haldı. Hiss edirəm ki, danışdıqca özüm də batıram. Aktrisaların özlərinə yüklədikləri bu qəlib, onlarla kommunikasiyanı çətinləşdirir. O aktrisalarla danışdıqca hiss edirsən ki, özlərinə nə qədər lazımsız mənəvi divar hörüblər. Halbuki sənətçinin divarları yox, dəyərləri olmalıdır. Çünki dəyərləri zədələmək mümkün deyil, amma divar zədələndikcə təzəsini hörürsən. Aktrisalardan ən bəyəndiyim performans “Cavanlıq” serialındakı tərəf müqabilim Umnisə Hacıyevanın olub. Çox rahat və su kimi formasızdı.

- Bunların olmaması üçün sənətçi nə etməlidir?

- Özünü tapmalıdır. Bu da daxili spiritual axtarışdan keçir. İnsan daxilindəki aclığı doydursa, materiyaya qarşı marağı azalacaq və dəbdəbəyə əvvəlki tək can atmayacaq. İnsanın materiyada axtardığı hər şeyin səbəbi həqiqətən də daxilindəki boşluğu tamamlama istəyidi.

- Dünyaca məşhur aktyor və rejissorlardan kimlərlə işləmək istərdin?

- Təbii ki, mənim üçün reputasiya baxımından çox gözəl olardı. Joahim Trier, Chris Waittlə yenidən, Emir Kusturiça, Fatih Akın kimi rejissorlar, Cate Blanchett, Kate Winslet, Roberto Benini, Vincent Cassell, Tim Roth kimi aktyorlarla işləyərdim.

- Bizim yazarlardan kimləri oxuyursan?

- Son zamanlar ancaq Seymur Baycanın hekayələrini oxuyuram.

- Son olaraq nə demək istəyirsən?

- Heç nə (gülür.)

# 4116 dəfə oxunub

Müəllifin son yazıları

# # #